15 Oktyabr 2014 19:18
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Osman Kazımov: “İndiki mərhələdə getmək fərariliyə bərabərdir”

“Vurğun bəy, sən nüfuzlu şəxssən, Qubad İbadoğlunu müdafiə edirsən. İstefa verənlər də İbadoğlunu dəstəkləyən gənclərdir. Mən də deyirəm ki, sən niyə indiyə qədər susursan, əslində, sən öndə olmalısan, onların qarşısını kəsməlisən, sənin siyasi təcrübən var. Bizim tənqid deməyimiz o demək deyil ki, Vurğun Əyyubu kəsib atmışıq. Əksinə, mən istəyirəm ki, Vurğun Əyyub yüksək postda təmsil olunsun”.
Bunu Teleqraf.com-a müsahibəsində Müsavat Partiyası Məclisinin üzvü, vəkil Osman Kazımov bildirib. Müsahibəni təqdim edirik.

- Osman bəy, Müsavatın qurultayını, onun hazırlanmasını, başqan seçkilərini necə qiymətləndirirsiniz?
- Müsavatın qurultayı neçə illərdir yubanırdı, çünki müvafiq yer tapılmırdı. Deyirdilər ki, İsa Qəmbər başqanlıqdan getmək istəmir, bu səbəbdən də qurultayı ləngidir. Amma sonda göründü ki, belə deyil. Hətta biz Divanda məsələ qaldırdıq ki, nizamnamə dəyişilsin, lakin İsa Qəmbər bunun əleyhinə oldu. Sonra Təşkilat Komitəsi yaradıldı, qurultay keçirildi. Qurultayda başqan seçkiləri demokratik oldu, səslər medianın qarşısında sayıldı. Ancaq Qubad İbadoğlunun tərəfdarları saxtakarlıqdan danışır. İbadoğlunun özü saxtakarlıq olub demir. Bildirir ki, qurultaydan əvvəl ona qarşı ədalətsizlik olub. Sadəcə kabinədən kənar səsvermənin aparılmasını deyirlər. Bu da pozuntu deyil. Səsvermə gizliliyi o demək deyil ki, kabinələrdə səs verirsən. Gizli səsvermə insanın öz iradəsini təzyiq olmadan reallaşdırmasıdır. İnsanlar bəzən fərqinə varmadan belə fikirlər səsləndirirlər.

- Bəs onda qurultaydan sonra niyə belə vəziyyət yaranıb?
- Qurultaydan sonra Qubad İbadoğluna səs verənlər narazılığını bildirib. İbadoğlu da bu ayın 6-da narazılığını ifadə etdi, təkliflər irəli sürdü və vaxt verdi. Amma Qubad bəyin tərəfdarları iddia edirlər ki, qurultay qabağı ədalətsizliyə yol verilib. Bunu da onunla izah edirlər ki, Müsavatın icra strukturları Hacılının xeyrinə təbliğat aparıb, resurslardan istifadə ediblər. Müsavat Partiyasının hansı resursu var ki, kiminsə xeyrinə təbliğat aparsın və nəticə əldə olunsun? Bu absurd məsələdir. Vurğun Əyyub Divan üzvü idi və İbadoğlunun xeyrinə təbliğat aparırdı. MNTK-dan Əlövsət Talışxanlı açıq şəkildə təbliğat aparırdı. Əslində isə MNTK partiyanın məhkəmə strukturudur və bütün mübahisələr orada çözülür. Bu mənada MNTK tərəfsiz qalmalı idi. Qubad İbadoğlunun xeyrinə İsa Qəmbərin qardaşından bəyanat alınmışdı, İsa Qəmbərin qohumları İbadoğlunun seçki kampaniyasında açıq iştirak edirdilər. Qurultaya qədər və qurultay günü narazılıq ifadə eləməyən adamlar qurultaydan sonra narazılıq qaldırırlar və bu, anlaşılan deyil.

- Siz Məclisin oktyabrın 11-də keçirilən iclasında bəyan etmisiniz ki, Qabil Hüseynli, İbrahim İbrahimli, Sülhəddin Əkbər partiyadan istefa verəndə nə oldu ki, Qubad İbadoğlu da istefa versə nə olacaq...
- Xeyr. Belə fikir deməmişəm. Demişəm ki, vaxtilə Sülhəddin Əkbər də partiyadan getdi, amma Müsavat parçalanmadı. İndi də kimsə getsə nə olacaq ki? Bundan narahat olmaq lazım deyil. Çünki insanlar öz fikirlərini ifadə edirlər. Əlbəttə, biz kimlərinsə getməsinə təəssüf edirik. Ancaq onları saxlaya bilmərik. İnsanlar səbirsizdirlər. Ərəb məsəlinə görə, faciə zamanı səbirsiz olmaq faciənin özündən də ağır nəticələrə səbəb olur. İnsanlar öz əziyyətlərini qiymətləndirmir, üstəlik müəyyən təhrikedici fikirlər də səsləndirirlər. Gənclər də istefa verirlər. Narazılar 2-3 gün əvvələ qədər şikayət təqdim etməyiblər, ancaq bəyanat veriblər. Bəyanatlarla şikayət araşdırılmır. Partiya nizamnamə ilə fəaliyyət göstərir. İbadoğlu deyir ki, qurultaya qədər ona qarşı ədalətsizlik olub, amma onun tərəfdarı olan Əlövsət Talışxanlı MNTK nümayəndəsi kimi qurultayda hesabat verdi, hər hansı qanun pozuntusunun olduğunu qeyd etmədi. Onlar sadəcə Qubad İbadoğlunun qalib gələcəyini hesablamışdılar və bu səbəbdən də MNTK-nın hesabatında pozuntuya yol verilmədiyini bildirdilər. Əgər Qubad İbadoğlu qalib gəlsəydi, indi də deyəcəkdilər ki, hər şey ədalətli olub.

- İstefalar davam edir?
- Bu, bir ssenaridir. Gedənlər varsa, hamısı birdən getsin. Dünən biri sosial şəbəkədə yazıb ki, növbə filankəsindir.

- Səxavət Əlisoy bəyan edib ki, növbə Vurğun Əyyub və Ellada Məmmədovanındır...
- Vurğun Əyyubla, Ellada xanımla kimin nə işi var? Deyirlər insanlara qiymət verilmir. Əhliman Abbaslı Gənclər Təşkilatının sədri idi. Bir gəncə partiyada bundan artıq hansı post verilməlidir ki, fəaliyyətini nümayiş etdirsin? Ancaq o, fəaliyyət göstərmək əvəzinə istefa verir, sonra da bəyan edir ki, gənclər təşkilatı dağılır.

- Ellada Məmmədova, Vurğun Əyyub, İbrahim İbrahimli, Adil Qeybulla getsə necə olacaq?
- Ömrünü Müsavata sərf edən adam getməz. Bu adamlarla heç kəsin işi yoxdur. Vurğun Əyyub qiymətli şəxsdir. Tənqiddən inciyib qaçmaq lazım deyil. Kiminsə qaçmaq fikri varsa, demək tənqidi bəhanə gətirir. Ellada xanımın getmək niyyəti vardısa, niyə qadın təşkilatının sədri seçilirdi?

- Ancaq siz bu insanlara qarşı sərt tədbirlərin görülməsini tələb edirsiniz...
- Bəli. Mən nizamnamə çərçivəsində Müsavatın fəaliyyətinə böhtan atan, kölgə salan şəxslərin nizamnamə tələbi ilə cavablarının alınmasının vacibliyini qeyd etmişəm. Bu o demək deyil ki, kim ağzına nə gəlsə, təhqir və təhrikedici sözlər deyəcək. Üzvü olduğu partiyanı alçaltmağa çalışan şəxs nizamnamə çərçivəsində cavabını almalıdır. Mən demirəm ki, kimisə asıb-kəsmək lazımdır. Deyirəm ki, hər kəs fikirlərinə, danışığına diqqət etməlidir. Deyirlər ki, İsa Qəmbər başda olmaqla hamı saxtakarlığa yol verib. Mən də deyirəm ki, saxtakarlıq faktlarını ortaya qoyun. Bu mənada təhqiramiz fikirlərə görə cəza olmalıdır. Kim özünə qarşı səslənən təhqiramiz fikirləri qəbul edər?

- Ancaq görünən budur ki, qurultaydan narazı qalanları Facebook-dakı gizli qrupda təhqir edirlər. Gənclər də istefaya səbəb kimi bunu göstərirlər...
- Siz orada nəsə oxumusunuzmu, buna inanırsınızmı? Təhqiramiz fikirlərdən birini ortaya qoysunlar. Təhqir “saxtakardırlar” yazmaqdır. Həm də o nə gizli qrupdur ki, yazılanları hamı görür?

- Hətta deyirlər ki, gizli qrupun rəhbəri İsa Qəmbərdir.
- Siz inanırsınız ki, İsa Qəmbər belə fəaliyyət göstərsin? İsa Qəmbər sözünü açıq deyən adamdır. Elə ən böyük böhtanlardan da biri bu fikirləri yaymaq, yalandan belə iddialarla çıxış etməkdir. Gizli qrupda yazılanları da, qarşı tərəfin verdiyi açıqlamaları da götürüb təhlil edin və bundan sonra da nəticəyə gəlin. Bu daha yaxşıdır. Vurğun Əyyub deyir ki, gənclərin istefasından təəssüflənir. “Dədə Qorqud” filmində Alp Aruz deyir ki, dadına çatdım. Vurğun bəy, sən nüfuzlu şəxssən, Qubad İbadoğlunu müdafiə edirsən. İstefa verənlər də İbadoğlunu dəstəkləyən gənclərdir. Mən də deyirəm ki, sən niyə indiyə qədər susursan, əslində, sən öndə olmalısan, onların qarşısını kəsməlisən, sənin siyasi təcrübən var. Bizim tənqid deməyimiz o demək deyil ki, Vurğun Əyyubu kəsib atmışıq. Əksinə, mən istəyirəm ki, Vurğun Əyyub yüksək postda təmsil olunsun. Mən bilmirəm ki, Səxavət Əlisoy haradan götürüb yazıb ki, növbəti istefa Vurğun Əyyubdan olacaq.

- Müsavat Partiyasının yeni formalaşan Məclisinin sədri siz olacaqsınız?
- Bunu kim deyir, haradan götürmüsünüz?

- Dəhlizlərdə gəzən söhbətlərdən belə anlaşılır.
- Mənim belə bir fikirdən xəbərim yoxdur. Bilmirəm bunu kim haradan götürüb. Doğrudan da, məlumatsızam. Əgər belə bir şey olsaydı, fikrimi bildirərəm. Müxtəlif zamanlarda İsa Qəmbərə qarşı təhqiramiz fikirlər səsləndirirdilər. Müsavat rəhbərliyində olanlardan bəziləri də buna cavab vermək, münasibətlərini korlamaq istəmirdilər. Ancaq Arif Hacılı cavab verir, sinəsini qabağa verirdi. Necə olar, sən məni təhqir elə, heç kəs də sənə cavab verməsin. İsa Qəmbər haqda təhqir yazmışdılar. Qubad İbadoğlunu dəstəkləyən bir nəfər də bu fikirləri dəstəkləyərək sosial şəbəkələrdə paylaşmışdı. Qubad İbadoğluna da deyirlər ki, bu məsələyə münasibətini bildir, ancaq o susur. Əgər bunu Hacılının tərəfdarı etsəydi, onu tərəfdarlığından silərdi.

- Narazılar komanda şəklində Müsavat Partiyasını tərk etsələr necə olacaq?
- Lap 50-100 nəfər getsinlər. Müsavat batacaq? Bir müddət bu məsələni yazacaqlar. Lap gedib partiya da yaratsınlar. Kim getmək istəyirsə, yolu açıq və uğurlu olsun. Hər bir partiyanın enişi və yüksəlişi olur. Ola bilər ki, getsinlər. Özləri bilər. Bu bizim üçün faciə deyil. Həyat, fəaliyyət davam edir. İndiki mərhələdə getmək fərariliyə bərabərdir. Amma onlar bizim üçün əziz insanlardır. Biz onlardan incimirik. Həyatı hər kəs bir cürə qəbul edir. İndi gəncləri təhrik edən insanlar da var. Mən İsa Qəmbərin Məclisdəki çıxışından sonra Qubad İbadoğlunun reaksiyasına baxdım. Açığı ,belə lazım deyil. Əgər kimsə getmək istəyirsə, qapı açıqdır. Müsavatı ləkələməklə, böhtan atmaqla bunu etməyin nə mənası var? Çıxsınlar desinlər ki, biz bu qərara gəlmişik və gedirik. Bu daha doğru, daha səmimi olar. Görünür, müəyyən ssenari var. Mən qurultaydan əvvəl İsa Qəmbərə dedim ki, belə bir məlumat var, ehtimal olunur ki, bu proses getsin. Onlar da dedilər ki, gənclər mübarizdir, getməzlər. Həyat da göstərdi ki, mən haqlıyam.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər