17 Oktyabr 2014 19:54
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yusif Bağırzadə: “Mitinqlərin keçirilməsi üçün sosial sifariş yoxdur”

“Azərbaycan prezidentinin diplomatik hərəkətləri Ermənistan dövlətinin, onun başçısının manevr etmək imkanlarını məhdudlaşdırır. Bu gün həmin ittifaqa daxil olan dövlətlər də əslində Ermənistanı bu birlikdə görmək istəmirlər. Bu, həm də İlham Əliyevin kifayət qədər ağıllı diplomatik taktikasının nəticəsidir. Hazırda Ermənistana əsas maliyyə və digər yardım edən dövlətlər Rusiya, Fransa və İrandır. Neftin qiymətinin ucuzlaşması nəticəsində sözügedən dövlətlər Ermənistana yardımı kəsdikdən sonra bir ildən sonra yəqin ki, bu ölkədə müharibə dövrünün kartoçka sisteminə keçəcəklər”.

Bunu Teleqraf.com-a müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə deyib. Müsahibəni təqdim edirik.

- Yusif bəy, bu gün Azərbaycan tarixinin ən önəmli günlərindən biri – Dövlət Müstəqilliyi Günüdür. Bu günlə bağlı fikirlərinizi bilmək istərdik.
- Bilirsiniz ki, AMİP Azərbaycanın müstəqilliyinin tanınmasında xüsusi rolu olan bir partiyadır. Ümumiyyətlə, AMİP çoxpartiyalı sistemin əsasını qoyan bir təşkilat kimi fəaliyyəti ərzində, ələlxüsus 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyinin tanınması ilə əlaqədar xeyli iş görüb. Ona görə də biz bu bayram münasibətilə iqtidarlı, müxalifətli, bitərəfli bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik. Azərbaycan daim çox ciddi geopolitik məkanda yerləşib. Ölkəmiz həm özünün neft-qaz ehtiyatlarına, həm geosiyasi mövqeyinə, həm ərazisinin böyüklüyünə, həm də Cənubi Qafqazda iqtisadi cəhətdən ən güclü dövlət olmasına görə olduqca cəlbedicidir. İllər keçməsinə baxmayaraq hələ də Azərbaycana cürbəcür qurumlar, qonşuluğunda yerləşən böyük dövlətlər onun strateji seçimi ilə əlaqədar təsir və təzyiq göstərməyə çalışırlar. Etiraf etmək lazımdır ki, bir sıra hallarda onların ölkəmizə təsir etmək imkanları olur. Azərbaycan bu gün işğal olunmuş torpaqlarının ya sülh, ya da hərb yolu ilə azad olunması istiqamətində xeyli iş görməlidir və bu iş görülür. Bu məqsədə nail olunması istiqamətində Azərbaycanın apardığı xarici iqtisadi siyasət çox önəmlidir. Bu siyasət nəticəsində yaxın vaxtlarda həqiqətən də Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərimizin azad edilməsi ilə əlaqədar işartıların göründüyünü düşünürəm. Heç bir təşkilat və dövlət qarşısında öhdəlik götürmədən, heç bir dövlətdən asılı olmamaq və öz ərazisində heç bir dövlətin hərbi bazalarının yerləşdirilməməsi şərti ilə Azərbaycan torpaqlarının azad olunması istiqamətində hamımıza uğurlar diləyirəm.

- Bəzən, belə fikirlər səslənir ki, Azərbaycanın müstəqilliyi təbii bir prosesin nəticəsi olub. Yəni, SSRİ dağılıb və onun təşkil edən müttəfiq respublikalar, o cümlədən Azərbaycan müstəqillik əldə edib. Sizin bu məsələyə dair baxışınız nədən ibarətdir?
- Mən bu fikirlə razı deyiləm. Düzdür, ilk baxışda elə təəssürat yaranır ki, 15 müttəfiq respublika SSRİ dağılandan sonra müstəqillik əldə edib. Amma Azərbaycandakı xalq hərəkatı, Gürcüstandakı, Baltikyanı ölkələrdəki etirazlar, Bakıda, Tiflisdə, Vilnüsdə qırğınlar olmasaydı, bəlkə də geriyə doğru bir proses baş verərdi və SSRİ-nin bərpasında maraqlı olan qüvvələr, ələlxüsus Rusiyada və digər müttəfiq respublikalarda partiya rəhbərliyinə daxil olan şəxslər revanş götürə bilərdilər. Nəticədə SSRİ-nin dağılma prosesi durdurular və imperiyanın çöküşü baş verməzdi. Ancaq Rusiya Federasiyasında və digər müttəfiq respublikalarda müstəqillik tərəfdarı qüvvələr əzmlə mübarizə apardılar və partiya nomenklaturası başa düşdü ki, geriyə yol yoxdur. Başa düşdülər ki, SSRİ-ni saxlamağa çalışmaq böyük qırğınlara gətirib çıxaracaq. Bakıdakı qırğında şəhid olanlar da daxil olmaqla digər müttəfiq respublikaların paytaxtlarında baş verən qırğınlarda həlak olanların qanı olmasaydı, bəlkə də biz bu gün müstəqil respublikalarda yaşamazdıq.

- Gündəmdə olan məsələlərdən biri də tarixi İrəvan şəhərinin Azərbaycana qaytarılması məsələsidir. Tarixçilər bildirirlər ki, İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi barədə qərar ləğv edilməlidir və bu, hüquqi məsələdir. Siz hüquqşünas kimi bu məsələnin perspektivini necə görürsünüz; erməniləri daimi təzyiq altında saxlamaq üçün nələr etmək olar?
- Bu məsələdən çıxış edərək erməniləri təzyiq altında saxlamaq məsələsini qabartmaqla çox düz etdiniz. Əsas şərt bu işin hüquqi cəhətdən perspektivinin olub-olmaması deyil. Biz minimum məsələni həm siyasi, həm də hüquqi cəhətdən daim qaldırmalıyıq. İrəvan ermənilərə müddətli müqavilə əsasında verilib. Hüquqi cəhətdən götürdükdə bu gün biz həmin müqaviləni imzalamış tərəfin varisi olaraq çıxış edirik və bu məsələ ən azı gündəmdə qalmalıdır. Ermənilərin Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında ikinci dəfə dövlət yaratmaq iddiasından əl çəkməsindən ötrü bu məsələ gündəmdə olmalıdır. Hüquqi cəhətdən öz həllini tapması üçün Azərbaycan məsələni beynəlxalq müstəvidə qaldırmalıdır. Yəni, bu məsələ bir bəyanat səviyyəsində qalmalı deyil.

- Oktyabrın 16-da Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanı separatçılıqdan əziyyət çəkən ölkələr sırasına daxil edib. Belə bir müzakirənin keçirilməsinə münasibətiniz nə cürdür?
- Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə indiyədək BMT Təhlükəsizlik Şurası başda olmaqla bütün beynəlxalq təşkilatlar qətnamələr qəbul ediblər. Hamı bilir ki, ermənilər Azərbaycanın qarşısında heç kimdirlər. Onların böyük havadarları var. Sadəcə Azərbaycan torpaqları ermənilərin vasitəsilə zəbt olunub. Etiraf etmək lazımdır ki, şimal qonşumuz Rusiya bu problemi həll edə bilər. Çünki Rusiyanın Ermənistana təsir imkanları genişdir. Əsas məsələnin bu tərəfindən yapışmaqdır. Ancaq bu gün Ermənistan hətta, Rusiya üçün də maraqlı dövlət deyil. Çünki Ermənistan Rusiyanın indiki ağır vəziyyətində dotasiya ilə dolanan dövlətdir. Azərbaycan hazırda Rusiya üçün daha maraqlıdır. Çünki bizim Xəzərdə praktiki layihələrimiz var. Xəzər dənizinin statusunun müəyyənləşməsi məsələsində Rusiya bizimlə əməkdaşlıq edə, iqtisadi sahədə xeyli irəli gedə bilər. Eyni zamanda Moskva Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında obyektiv mövqe tutsa, Rusiyanın regionda və dünyada gücü daha da artar.

- Son günlər dünya birjalarında neftin qiymətinin enməsi müşahidə olunur. Bəzi ekspertlər neftin qiyməti ilə bağlı vəziyyətin dəyişməsini daha çox siyasi faktorlardan asılı olduğunu bildirirlər...
- Bildiyiniz kimi, Rusiyanın dövlət büdcəsinin 70-75 faizi neftin və qazın satışından əldə edilən gəlir hesabına formalaşır. Əlbəttə, neftin qiymətinin enməsi ABŞ-ın Rusiyaya qarşı təzyiq vasitəsidir. ABŞ və Kanada artıq böyük neft hasil edən dövlətlər sırasına daxil olub. Hər iki ölkə hasilatı orta səviyyədə saxlayırdılar. Yəni, ABŞ və Kanadanın hasilatı Səudiyyə Ərəbistanı və OPEK üzvü olan digər ölkələrin hasilatından yuxarı qalxmırdı. Ancaq indi hər iki ölkə hasilatı qaldırıb. Nəticədə dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Buna görə də biz deyə bilərik ki, neftin qiymətinin düşməsi siyasi məsələdir. Bu üsuldan ABŞ dövləti indiyədək bir neçə dəfə istifadə edib. Yada salmaq istəyirəm ki, az öncə bəhs etdiyimiz SSRİ-nin dağılması həm də neftin qiymətinin aşağı düşməsi yolu ilə olub. SSRİ-nin dağılması ilə bağlı ABŞ-ın proqram paketində neftin qiymətinin aşağı salınması da özünə yer almışdı. İndi də Rusiyanın Krımı ilhaq etməsinə görə ABŞ Moskvanı cəzalandırmaq üçün bu üsuldan istifadə edir. Neftin qiymətinin aşağı salınması nəinki Rusiyaya, eyni zamanda neft hasilatı ilə məşğul olan digər dövlətlərə də təsir edəcək. Yəni, büdcəsi əsasən neftdən gələn gəlirlər hesabına formalaşan ölkələrdə büdcə kəsirlərinin əmələ gəlməsinə səbəb olacaq. Yəqin ki, hökumət büdcə paketini hazırlayarkən büdcə kəsirinin yaranmasını nəzərə alacaq. Bizə də ciddi ziyan dəyə bilər. Yəni bu ciddi məsələdir və bununla əlaqədar Nazirlər Kabineti ortaya tədbirlər planı ortaya qoymalıdır. 53 milyardlıq valyuta ehtiyatına toxunmaq hələ ki, düzgün deyil.

- Bugünlərdə Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı sənədi imzaladı. Bu ölkənin həmin qurumda perspektivini necə görürsünüz?
- Azərbaycan prezidentinin diplomatik hərəkətləri Ermənistan dövlətinin, onun başçısının manevr etmək imkanlarını məhdudlaşdırır. Bu gün həmin ittifaqa daxil olan dövlətlər də əslində Ermənistanı bu birlikdə görmək istəmirlər. Bu, həm də İlham Əliyevin kifayət qədər ağıllı diplomatik taktikasının nəticəsidir. Hazırda Ermənistana əsas maliyyə və digər yardım edən dövlətlər Rusiya, Fransa və İrandır. Neftin qiymətinin ucuzlaşması nəticəsində sözügedən dövlətlər Ermənistana yardımı kəsdikdən sonra bir ildən sonra yəqin ki, bu ölkədə müharibə dövrünün kartoçka sisteminə keçəcəklər. Onların iqtisadi vəziyyəti çox pis olacaq. Bu isə təcavüzkar ölkədə qeyri-stabilliyə gətirib çıxaracaq.

- Oktyabrın 12-də müxalif Milli Şura Bakıda mitinq keçirdi. AMİP etiraz aksiyaları ilə bağlı mövqeyi nədən ibarətdir?
- Mitinq keçirmək hazırda gündəmimizdə dayanmır. Yəni, bu gün mitinqlərin keçirilməsi üçün sosial sifariş yoxdur. Gərək nəsə olsun ki, mitinq keçirəsən. Hazırda ölkədə fəaliyyət göstərən müxalif partiyalar xeyli zəif və gücsüzdürlər. Birləşmiş formada deyillər. Ona görə də AMİP mitinq taktikasını səhv addım hesab edir. Biz partiya olaraq bələdiyyə seçkisinə hazırlaşırıq və gələn ilki parlament seçkisinə getmək istəyirik. Bütün gücümüzü bu istiqamətdə səfərbər etmişik. Bu, partiyanın özünün hüququdur və mitinq keçirmək fikrimiz yoxdur. Biz seçkilərə gedirik və rayon təşkilatlarında müşavirələr keçiririk. Mən partiya sədri kimi bu müşavirələrdə iştirak etmək üçün intensiv olaraq rayonlara səfərlər edirəm. Partiya üzvlərini və bütövlükdə yerli təşkilatları bələdiyyə seçkilərində aktiv iştirak üçün fəallaşdırıram. Biz majoritar seçki sistemi ilə yanaşı proporsional seçki sisteminin bərpası istiqamətində müxalifət partiyalarının fəaliyyətlərini birləşdirmələrini istərdik. Ancaq yenə də qeyd etmək istəyirəm ki, sosial sifariş olmadığı üçün mitinqlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinin əleyhinəyik.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər