21 Oktyabr 2014 16:44
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda bəzən tənqidlə təhqiri qarışdırırlar. Bu, tənqid deyil. Ev, ailə, böyük tərbiyəsi görməyən və ailəsindən bir foto belə paylaşa bilməyən şəxslər sosial şəbəkələrdə ağızlarını allah yoluna qoyurlar. Fərqində deyillər ki, bu yolla təkcə özlərinin deyil, ailələrinin və bütövlükdə nəsillərinin ədəb-ərkanını, tərbiyəsini nümayiş etdirirlər”.

Bunu Teleqraf.com-a müsahibəsində Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib. Müsahibəni təqdim edirik.

- Mirmahmud bəy, Sizin təşəbbüsünüzlə Demokratiya və İnsan Haqları Mərkəzi yaradılıb, bu qurumda ondan çox siyasi partiya təmsil olunur. Fəaliyyətdən razısınızmı, qurum özünü doğruldubmu?
- Bu qurum yaradılarkən nəzərdə tutuldu ki, bir araya gələn partiyalar funksional əməkdaşlıq etsin. Siyasi partiyalar, vətəndaş cəmiyyəti və qeyri hökumət təşkilatlarının həbs olunan üzvlərinin müdafiəsi ilə məşğul olsun. Kimin nə deməsindən asılı olmayaraq Demokratiya və İnsan Hüquqları Mərkəzi qarşısına qoyduğu bu məqsədə nail olub. İkincisi, bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Respublikanın baş prokuroruna, Ədliyyə nazirinə müraciətimiz olub. Müraciətdə həbs edilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi xahiş edilib, habelə onlarla görüşmək, müvafiq təşkilatların iştirakı ilə səhhətlərinin yoxlanılması məsələsi qaldırılıb. Eləcə də səhhətində ciddi problem olanlar barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ifadə edilib. Bundan başqa, həm də nəzərdə tutulub ki, Demokratiya və İnsan Hüquqları Mərkəzi ilə qeyri hökumət təşkilatları arasında görüş təşkil edilsin. Biz bu istiqamətlərdə də addımlar atmışıq, beynəlxalq qurumlara müraciətlərimiz olub. Mərkəzdə aparılan son müzakirələrdən sonra bu qurumda birləşən partiyalar parlament seçkilərinin proporsional və majoritar seçki sistemi üzrə keçirilməsini də məqbul hesab edib. Bu məqsədlə də Milli Məclisə, Mərkəzi Seçki Komissiyasına və Azərbaycan dövlət başçısına müraciətimiz olub. Təklif etmişik ki, bu qurumlar və dövlət başçısı öz səlahiyyətlərindən istifadə edərək referendum keçirilməsinə nail olsun. Əlbəttə, digər işlərimizi, cari məsələlərimizi görürük, başqa planlarımız da var. Bizim işlərimiz funksional əməkdaşlıqdan o yana keçmir. İmzaladığımız xartiyadada, qəbul etdiyimiz sənədlərdə də bu məqam öz əksini tapıb. Buna da uyğun olaraq hərəkət edirik.

- Bir neçə gün əvvəl xəbər yayılmışdı ki, Milli Şuranın mitinqindən sonra Demokratiya və İnsan Hüquqları Mərkəzi də etiraz aksiyası keçirmək haqda müzakirələrə başlayıb. Bir qərar verə bilmisinizmi?
- Sentyabrın 17-də bizim mərkəz respublika konfransı təşkil etdi. Həmin konfransda dediyiniz təklif səsləndirildi və sonradan da müzakirə olundu. Bu istiqamətdə bir sıra hazırlıqlar var. Ancaq bu, hələlik təklifdən o yana keçməyib. Bu istiqamətdə gələcəkdə addımlarımızı atacağıq.

- Demokratiya və İnsan Hüquqları Mərkəzinin belə bir aksiya keçirmək imkanı varmı, Milli Şurada hesab edirlər ki, onlardan savayı heç bir müxalifət qurumunun belə aksiya təşkil etmək potensialı və resursu yoxdur...
- Azərbaycan cəmiyyəti nəyə qadirdirsə, biz də ona qadirik. Mərkəzdə təmsil olunanlar da qeyri-adi və fövqəladə gücə malik insanlar deyil. Biz də cəmiyyətin tərkib hissəsiyik.

- Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olaraq Siz bu qurumun 12 oktyabrda keçirdiyi mitinqə qatılmışdınız?
- Biz partiya olaraq üzvlərimizə aksiyaya qatılıb-qatılmamaq məsələsində sərbəstlik vermişdik. Məndə olan məlumata görə, rəhbərliyə daxil olan bir sıra insanlarımız həmin tədbirdə iştirak edib. Ümumiyyətlə, Milli Şuranın mitinqində 100-dən artıq KXCP üzvü olub. Onların arasında rayonlardan gələn də var idi. Biz həmin formatda bu səviyyədə təmsil olunmuşuq.

- Hazırda Sizinlə Milli Şura arasında münasibətlər hansı səviyyədədir?
- Həmişə olduğu kimi.

- Ancaq sosial şəbəkələrdə daima tənqid olunursunuz...
- Azərbaycanda bəzən tənqidlə təhqiri qarışdırırlar. Bu, tənqid deyil. Ev, ailə, böyük tərbiyəsi görməyən və ailəsindən bir foto belə paylaşa bilməyən şəxslər sosial şəbəkələrdə ağızlarını Allah yoluna qoyurlar. Fərqində deyillər ki, bu yolla təkcə özlərinin deyil, ailələrinin və bütövlükdə nəsillərinin ədəb-ərkanını, tərbiyəsini nümayiş etdirirlər.

- Sizi niyə təhqir edirlər?
- Tərbiyələri bundan ibarətdir. Belə bacarırlar, belə edirlər.

- Ancaq Siz bu insanlarla 25 illik bir yol gəlmisiniz...
- Üzr istəyirəm, biz bu adamlarla deyil, onların böyükləri ilə yol gəlmişik. Onların böyükləri də, bu sözləri onlara dedizdirir.

- Demək istəyirsiniz ki, bu fərdi deyil, sifarişli fəaliyyətdir?
- Təbii ki, bunu hər kəs bilir. Bu haqda danışmağa da ehtiyac yoxdur. Odur ki, gəlin bu məsələyə yenidən qayıtmayaq. Onsuz da, bu insanlıq baxımından heç də yaxşı bir hal deyil.

- Əgər, Sizi sifarişli şəkildə sosial şəbəkələrdə təhqir edir, nüfuzunuzu zədələyirlərsə, nəyə görə, onlarla bir qurumda təmsil olunursunuz?
- Hər halda bizim də, onların da münasibəti ortadadır. Biz bu məsələlərə şərh verə bilmərik. Problemləri birlikdə həll etməkdən başqa çıxış yolu yoxdur. İkinci yol izah edilməyib ki, təkbaşına nəsə edəsən və ya uğur əldə edəsən, problemi yoluna qoyasan və s. Bu imkanlar mövcud deyil. Ona görə də, hamı bir yerdə olmaq məcburiyyətindədir.

- Sizi təhqir edənlərlə necə bir yerdə ola, müttəfiqlik edə bilərsiniz?
- Kimsə kimsəni təhqir etmək məcburiyyətində deyil. Əslində, bu səviyyə, tərbiyədir, əxlaq göstəricisidir. İndi biz neyləyək? Bizi kimsə söyür, üstümüzə şər atır deyə doğru yolumuzdan daşınaq? Onlar pis və murdar əməlindən əl çəkmirsə, biz doğru bildiyimizdən əl çəkməliyik? Biz bildiyimiz yolla gedəcəyik.

- Murdar dediyiniz adamlarlamı?
- Bizim getdiyimiz yol ortadadır. Və ya birlikdə nəsə etmək istəyimiz də ortadadır. Bu mövzuda çox danışmayaq.

- Nədən?
- Bu o qədər də xoşagələn mövzu deyil. Nə sizin, nə bizim, nə də oxucunun xoşuna gəlməyən məsələdir.

- Bələdiyyə seçkilərinə az müddət qalır. Siyasi partiyaların bu seçkilərə maraq göstərmədiyi açıq hiss edilir. KXCP bu haqda nə düşünür, hansı qərarı var?
- Bələdiyyə seçkilərində iştirakla bağlı ilkin qərarımız olub, bu məqsədlə zona müşavirələri keçirilib və başa çatdırılıb. Qanuna uyğun olaraq müvafiq addımlar atılacaq və üzvlərimiz bələdiyyə seçkilərində iştirak edəcək. Mövcud seçki qanunvericiliyinə görə, partiya olaraq bələdiyyə seçkilərində iştirak imkanı yoxdur, çünki sənədləşdirmə olduqca mürəkkəbdir. Ancaq buna baxmayaraq bizim tərəfimizdən nə lazımdırsa ediləcək və üzvlərimiz bələdiyyə seçkilərində iştirak edəcək.

- Bələdiyyə seçkilərində AMİP, ALP, Müsavat da iştirak etmək niyyətini açıqlayıb. Birgə iştirak mümkündürmü?
- Təbii ki, bu seçkidə hər kəs vətəndaş olaraq və siyasi mənsubiyyətini göstərməklə qanunun və hüququn imkan verdiyi formada iştirak edəcək. Blokun yaradılmasının özü də problemdir. Odur ki, təkbaşına iştirak etmək daha doğru və realdır.

- Ancaq daha çox namizəd irəli sürməklə efir vaxtı əldə etmək imkanları əldə edilə bilər...
- Bəli, məsələnin bu tərəfi də var. Amma müəyyən problemlərimiz var.

- Müsavat Partiyasının qurultayından sonra yaranan durumu necə qiymətləndirirsiniz?
- Müsavat Partiyası qurultayını keçirib, biz də görüşüb təbriklərimizi çatdırmışıq. Bununla da mövqeyimiz belə olub. Qalan məsələlər isə Müsavatın daxili işləridir, ona müdaxilə etməyimiz də doğru olmazdı.

- Ancaq parçalanma ehtimalı da var...
- Onların daxili işidir. Ona müdaxilə etmək, kimisə təkrarlamaq olardı. Ancaq bizim kimisə təkrarlamaq niyyətimiz yoxdur və bunu da özümüzə rəva görmürük.

- Suriya və İraqda baş verənlər, “İraq Şam İslam Dövləti” adlı qurumun ortaya atılması, Türkiyənin prosesə cəlb edilməsi müşahidə edilir. Siz vəziyyəti necə qiymətləndirirsiniz?
- İndi yaşananlar illər əvvəl Ərdoğan tərəfindən yürüdülən siyasətin məntiqi nəticəsidir. Əlbəttə, baş verənlər heç də yaxşı bir şeylər vəd eləmir. Bununla bağlı mövqeyimizi Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndə demişdik. Təəssüflər olsun ki, proqnozlarımız özünü doğrultdu. Konkret olaraq İŞİD deyilən quruma gəldikdə isə onlar nəinki İslamın, bütövlükdə insanlığın əleyhinədir. Onlar doğru yolda olmayan adamlardır. Əlbəttə, İŞİD-in arxasında duran güclər var. Bu da hər kəsə bəllidir.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər