29 Oktyabr 2014 10:00
4 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təranə Şükürlü: “Zəngilan və ordakı məzarlıqlar 21 ildir ki, bir ziyarət istəyir”

Bu gün Zəngilan rayonunun işğal edilməsindən 21 il keçir. Erməni silahlı dəstələri Zəngilanı mühasirəyə alaraq ikinci Xocalı faciəsi yaratmaq planını həyata keçirməyə çalışırdı. Hər tərəfdən mühasirə olunan Zəngilanı vəziyyətdən çıxarmaq üçün mərhum prezident Heydər Əliyev İranla danışıqlar apardı, eləcədə Naxçıvanda Araz çaynın qarşısı kəsildi. Bundan sonra Zəngilan sakinləri Arazı keçərək İran yolu ilə Cəlilabad və Biləsuvara gəlib çıxdı. Zəngilanın işğal tarixində əslən bu rayondan olan filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürova suallarımızı cavablandırıb.

- Təranə xanım, Zəngilanın harasındansınız, eviniz qaldığınız məhəllənin bir qədər təsvir edərdiniz?
- Deyirlər, yaşa dolduqca insanı daha çox ömrün uşaqlıq çağı özünə çəkir. Zəngilanla bağlı bütün xatirələr uşaqlıq illərimə aiddir. Zəngilan rayonunun özündənəm. Rayonun mərkəzində yaşayırdıq. Məhəlləmizin yanında oxuduğumuz məktəb də yerləşərdi. Binamız İcra Hakimiyyətinin yaşayış binası idi. Yaxşı, mehriban qonşularımız idi. Baxıram ki, yaxşı qonşu elə Zəngilanda imiş. Məhəllədə o qədər maraqlı uşaqlıq illərimiz olub ki. İndi darıxıram o illərim üçün.

- Zəngilanda toy, yas, bayram adət ənənələri necə idi?
- Zəngilanda 2-3 gün toy olardı. Cümə və şənbə günləri qız toyu, şənbə günü axşam üstündən başlayaraq bazar günü gecəyə qədər oğlan toyu keçirilirdi. O zaman toyların kamera ilə çəkilişi yeni başlayırdı. Çox maraqlı toy adətimiz var idi. Toyxanaların bəzədilməsi uşaqların sevincinə səbəb olurdu. İndi düşünürəm ki, uşaq ikən niyə zamanı aşma üçün bu qədər tələsmişik. Bircə gün də olsa Zəngilanda keçən uşaqlıq illərimə qayıtmaq istərdim.
Zəngilanda yas mərasimi də çox ağır keçirdi. Qonaqlar yasda daha çox olur. Yasda qonaqları Bakı yaslarında olduğu kimi dəvət etmirlər. Yas xəbərini eşidən hər kəs başsağlığı vermək üçün yasa gedərdi.

- Təranə xanım, işğaldan sonra hansı tarixi abidələr ermənilərin əlinə keçdi?
- “Şərifan sərdabəsi” Zəngilanda orta əsr memarlıq abidələrindən biridir. XII-XIII əsrlərə aid edilir. AMEA-nın Tarix İnstitutu 1974-cü ildə burada tədqiqat aparıb. Aparılan qazıntılar zamanı “Şəhri-Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqları üzə çıxarılıb.
Zəngilan rayonun XIV əsrə aid olan Məmmədbəyli türbəsini memar Əli Məcdəddin olub. 1304-cü ildə ağ daşdan tikilib. Məmmədbəyli türbəsi Azərbaycan memarlığı üçün xarakterik olan səkkizguşəli türbələrin ən yaxşı nümunələrindəndir. Ağoyuq düzündə Koroğlu daşı, Hacallı bürcü və s. kimi tarixi abidələr Azərbaycan milli mədəniyyətinin tərkib hissəsidir. Zəngilanda həm də Qızqalasının oxşarı var.

- İşğaldan əvvəl son dəfə Zəngilanda nə zaman neçənci ildə olmuşunuz?
- 1993-cü ilin 27 oktyabrında. Zəngilandan hamı ilə bərabər Araza pənah gətirərək çıxdım. Bir gün öncədən bütün zəngilanlılar Mincivan qəsəbəsinə yığışmışdır. Son dəfə Mincivanda səhəri qarşıladıq. Ayrılıq səhərini. 20 ildən sonra zamanın kökünə və bütövlüyünə boylanıram. Yadlaşan illəri zaman alıb aparır.

- Müharibə vaxtı Zəngilanda hansı unudulmaz hadisələr yadda qalıb?
- Yadımda ancaq müharibənin törətdiyi fəsadlar qalıb. Ermənilərin rayonu atəşə tutduğu zaman necə zirzəmilərdə səhərə qədər gecələməyimiz yadımdan çıxmaz. Ən son evimizdən çıxarkən evimizin divarını öpmək indi mənə “hicranın yollarından xəbərdar imişəm” kəlməsini söylətdirir. Zəngilan işğalın son günündə çox itki verdi. Elə şəhidlərimiz oldu ki, onları aparıb məzarlıqda dəfn etməyə düşmən macal vermədi. Şəhidlər var idi ki, yaşadıqları evin həyətində sonuncu gün dəfn olundu.

- Zəngilan mətbəxti, özünəməxsus hansı yeməkləri var?
- Zəngilanlılar ən çox ətdən hazırlanan yeməkləri xoşlayırlar. Özəl yeməklərindən plovun növlərini deyə bilərəm. Göyərtilə hazırlanan plova “Çilav” deyirlər. Qatıqla yeyirdilər bunu. Çay maşı ( balaca lobya) ilə bilişrilən aşa “Maşlı aş” deyirdilər. Plovun dibinə də toyuq döşəyirdilər, çox dadlı olurdu. Həmin bu balaca maşdan ətsiz dolma da bişirənlər olurdu ki, bu xörəyin adı “Yalançı dolma” adlanırdı.

- Zəngilana qayıtmaq ümidiniz varmı?
- Ümid tarixin və zamanın çərçivəsində daima yaşayır. Ümidlər bizə “vaxt itirmədən elimizə-obamıza çıxmaq, yadlaşmayan ünvana dönmək” arzusu ilə səslənir. Çünki Zəngilan və ordakı məzarlıqlar 21 ildir ki, bir ziyarət istəyir. İyirmi bir ildə yaddaşa həsrətli bir zaman yazıldı. Bu gün bütün Zəngilan ictimaiyyəti bu ümidlə ayrılığın ötüb keçəcəyi, nisgillərin bitəcəyi bir günü gözləyir.

- Zəngilan sözünün mənşəyini bir dilçi kimi izah edərdiniz?
- Zəngilan tarixən türk tayfalarının yaşadığı ərazi olub. Rayonun adında qorunub saxlanılan etnos bunu təsdiq edir. Zəngilan sözü çoxsaylı boylardan olan “zəngi” tayfasının adı ilə bağlıdır. Zəngi çayı da öz adını Zəngi tayfasının adından götürmüşdür. Zəngilər Ağrı dağı vadisində yaşamışlar. Türküstan çöllərinə qədər yayılıblar.

Cavidan


Müəllif:

Oxşar xəbərlər