6 Noyabr 2014 17:14
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Faxralı məscidinin təmiri zamanı bir qrup pravoslav keşiş məscidin təmirinə etiraz etdi. Sonra böhran yaşandı və bu zaman Gürcüstandakı müsəlmanları parçaladılar. Konkret olaraq sünni və şiə məsələsini ortaya atdılar və Saakaşvilinin xeyir-duası ilə buradakı müsəlmanların dini rəhbərliyini Qafqaz Müsəlmanları Ruhani İdarəsinin əlindən aldılar. Sonradan Acarıstanda müsəlman qaçqınlar problemi ortaya çıxanda pravoslavlarla müsəlmanlar arasında münasibətlər korlandı. Milli Hərəkat Partiyası noyabrın 15-də mitinq keçirəcəyini elan edəndən sonra pravoslavlarla müsəlmanlar arasında yeni problemlər yarandı, pravoslavlar dedilər ki, siz niyə məscid tikirsiniz, mədrəsə açırsınız, buna ixtiyarınız yoxdur. Sonda Kabuleti də mədrəsə açmaq istəyəndə onun qapısına donuz başı yapışdırıldı”.

Bunu Teleqraf.com-a müsahibəsində Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev bildirib. Müsahibəni təqdim edirik:

- Əli müəllim, təmsil olunduğunuz hakim “Gürcü Arzusu” koalisiyasında nə baş verir?
- Digər ölkələrdə olduğu kimi Gürcüstanda da demokratik proseslər gedir. Ancaq bunu başqa formada təqdim etmək cəhdləri var. Söhbət ondan gedir ki, “Gürcü arzusu” siyasi blok idi, burada altı partiya birləşirdi. Bloka İvanişvili rəhbərlik edirdi və iki il əvvəl seçkiləri udaraq baş nazir oldu. Ancaq az sonra özü baş nazir postundan gedərək bu postu başqasına tapşırdı. Koalisiyadakı hər partiyanın öz xətti, ideologiyası var. Bu partiyaların da bir-biri ilə məsləhətləşməsində, mövqe birliyi məsələsində zəiflik var idi. Zəiflik də indi özünü büruzə verdi. Nəticədə Müdafiə naziri İrakli Alasaniyanın özü və Azad Demokratlar Partiyası koalisiyadan çıxdı. Bunun da səbəbi var. Müdafiə naziri vəzifədə olduğu müddətdə korrupsiya məsələsi var idi, təxminən 4 milyon dollarlıq büdcə pulu yeyilib. Müdafiə naziri də xaricdən Tiflisə gələndən sonra baş nazirlə söhbət elədi. Ancaq bunun nəticəsi olmadı. Sonda nazir və partiyası koalisiyadan çıxdı. Bu partiyanın parlamentdə 10 deputatı var. Onlar parlamentdəki çoxluqla bir yerdə olmaqdan da imtina edib. Hazırda vəziyyət normaldır, yeni müdafiə naziri təyin edilib. Siyasi proseslər gedir, televiziyalar bu məsələlərə geniş yer ayırıb. Demokratik proseslərdir.

- Ancaq xarici işlər naziri Maya Pancikidze də istefa verib. Bu, hakimiyyət böhranı deyilmi?
- Xarici işlər naziri Pancikidze hakim koalisiyanı tərk edən müdafiə naziri İrakli Alasaniyanın baldızı idi. Yəni istefa qohumluq üzrə baş verib. Həm də Maya Pancikidze müdafiə nazirinin sədri olduğu partiyanın üzvü idi. Onunla birlikdə üç müavini də istefaya gedib. Burada söhbət siyasi fikir ayrılığından deyil, qohumuna görə istefa verməsindən gedir. Həm də əgər partiya koalisiyadan çıxırsa, təbii ki, onun hakimiyyətdə təmsil olunan nümayəndələri də istefaya gedə bilər. Bu, təbii prosesdir. Çünki hakimiyyəti tərk edən partiyanın qərarı var. Mümkündür ki, başqa istefalar da olsun. Amma bu ümumilikdə hakimiyyət böhranı yarada bilməz.

- Bundan sonrakı proseslər necə davam edəcək?
- Sabiq prezident Mixail Saakaşvilinin sədri olduğu Milli Hərəkat Partiyası noyabrın 15-də Tiflisin mərkəzində mitinq keçirmək niyyətindədir. Belə xəbərlər gəzirdi ki, koalisiyanı tərk edən Azad Demokratlar Partiyası Saakaşvili ilə koalisiyaya gedəcək və müxalifətdə duracaq. Ancaq onlar bəyan etdilər ki, Saakaşvili ilə koalisiyaya getməyəcək, mitinqə qatılmayacaq, eləcə də “Gürcü arzusu” bloku ilə münasibətlərini qoruyub saxlayacaqlar. Koalisiyadan çıxan partiya elan edib ki, Gürcüstan parlamentində 10 deputatla fraksiya yaradacaq və fəaliyyətinə belə davam edəcək. Eləcə də 2016-cı ildə keçiriləcək parlament seçkilərinə ciddi hazırlaşıb hakimiyyətə gəlmək istiqamətində fəaliyyət quracaqlar.

- Gürcüstanda hər kəs deyir ki, bu ölkənin prezidenti və baş naziri postlarında formal oturur, əslində ölkəni Botanika bağında özünə iqamətgah tikdirən İvanişvili idarə edir...
- Siz məndən də yaxşı bilirsiniz ki, son 10 ildə Saakaşvili Gürcüstanda hansı əməllərə yol verdi, idarəçiliyi necə qurdu və bizim millətimizə münasibəti də necə oldu. Saakaşvilinin rejimi bu gün də ortadadır. İvanişvili isə “Gürcü arzusu”nun yaradıcısı, bu hərəkatın lideridir. Həm də məhz İvanişvilinin səyi və maddi dəstəyi nəticəsində Saakaşvilinin hakimiyyəti uzun sürmədi. Buna baxmayaraq, İvanişvili demokratik proseslərə qarşı getmədi. Bu gün də Saakaşvilinin Milli Hərəkat Partiyası Gürcüstanda ana müxalifətdədir, siyasi proseslərdə də aktiv iştirak edir. Konkret İvanaşviliyə gəldikdə, bu şəxs son iki ildə çox işlər edib. Hakim koalisiyada təmsil olunan hər bir partiya İvanişvili ilə məsləhətləşmə apara bilər. Burada qeyri-adi heç nə yoxdur. Gürcüstanın baş naziri İrakli Qaribaşvili də açıq-açığına deyir ki, İvanişvili ilə məsləhətləşir. Bu təbii ki, hökumətin idarə edilməsinə heç bir maneə yaratmır. Hökumət fəaliyyətini davam etdirir. Yəqin nəzərə alınır ki, sabiq prezident Saakaşvili xaricdə müxtəlif ölkələrə gedərək Gürcüstanın imicinə ziyan vurur, hakimiyyəti pisləyir, “Gürcü arzusu”na qarşı iddialarla çıxış edir. Reallıq belədir. İvanişvilinin məsləhət verməyə imkanı və səlahiyyəti var. Çünki hərəkatın lideri bu şəxsdir.

- Sizə elə gəlmirmi ki, “Gürcü arzusu”nda baş verən bu qarşıdurma səbəbindən növbəti seçkidə Milli Hərəkat Partiyası daha çox səs alacaq?
- Gürcüstan ictimaiyyətinin 90 faizinin Milli Hərəkat Partiyasına etimadı yoxdur. Bunun da səbəbi var. Bu gün Milli Hərəkat Partiyasının liderlərinin çoxu həbsdədir. Çünki korrupsiya və insan hüquqlarının pozulmasına görə cəza çəkirlər. Bunu da hər kəs bilir. Başqa sözlə, Gürcüstanda Saakaşvilinin lideri olduğu partiyanın reytinqi çox aşağıdır. Çünki son 10 ildə hakimiyyətdə olduqları zaman xalq onlara bələd olub. Bu partiyanın yenidən xalqdan səs alacağı, seçkilərdə qalib gələcəyi imkanları olduqca azdır. Gürcüstanın indiki hakimiyyəti respublikaya tam nəzarət edir, ölkədə ciddi inkişaf gedir. Kənd təsərrüfatı, sahibkarlıq istiqamətində ciddi addımlar atılıb, təhsil və səhiyyə məsələləri diqqətdə saxlanılır. Əlbəttə, burada kadr baxımından ciddi problemlər də özünü göstərir. Son 24 ildə dağıdılan Gürcüstan yenidən qurulur. Ümid edirik ki, növbəti ildə daha ciddi addımların şahidi olacağıq. Ona görə də, gürcü milləti də, burada yaşayan digər xalqlar da indiki hakimiyyətə, onun atdığı addımlara optimizmlə baxır, daha böyük işlərin görüləcəyinə inanır. Əlbəttə, səhv addımlar da var və onu da düzəltmək lazımdır. Bilirik ki, Milli Hərəkat Partiyasında təmsil olunan və xalqa ziyan vuran çoxlu sayda insan hazırda da hakimiyyətdədir, məmur postlarını tuturlar. Bu istiqamətdə çətinlik var və onlar maneçilik yaradırlar. Amma ictimaiyyət hakimiyyətin yanındadır və 2016-cı ildə keçiriləcək seçkiyə ümidlə yanaşılır. Həm də hakim koalisiya indidən seçkilərə hazırlaşır.

- Gürcüstan hakimiyyətində istefalar dalğası davam edə bilərmi?
- Mən biləni proseslər davam edəcək. Ola bilsin ki, yeni situasiya yaransın. Ancaq nəzərə almaq lazımdır ki, bu təbii proseslərdir, azad ölkədə belə demokratik hallar baş verir. Ancaq onu da unutmamalıyıq ki, hakimiyyət ictimaiyyəti birmənalı özünə tərəf çəkib və ciddi müdafiə olunur. Hakimiyyət ictimaiyyəti inandırmalıdır ki, doğrudan da, xalq hərəkatından gəlib, xalqı unutmur, onun xeyrinə olan addımlar atır. Bu xətt sona qədər aparılmalıdır.

- Bu yaxınlarda Gürcüstanda azərbaycanlıların məscidinin giriş qapısına donuz başı yapışdırılması ciddi rezonansa səbəb olub. Gürcüstanda azərbaycanlılara qarşı niyə bu cür addımlar atılır?
- Bu məsələni qaldırdığınız üçün çox sağ olun. Hələ Saakaşvilinin dövründən dini proseslərdə problemlər yaşanırdı. Əgər xatırlayırsınızsa, Faxralı məscidinin təmiri zamanı bir qrup pravoslav keşiş məscidin təmirinə etiraz etdi. Sonra böhran yaşandı və bu zaman Gürcüstandakı müsəlmanları parçaladılar. Konkret olaraq sünni və şiə məsələsini ortaya atdılar və Saakaşvilinin xeyir-duası ilə buradakı müsəlmanların dini rəhbərliyini Qafqaz Müsəlmanları Ruhani İdarəsinin əlindən aldılar. Sonradan Acarıstanda müsəlman qaçqınlar problemi ortaya çıxanda pravoslavlarla müsəlmanlar arasında münasibətlər korlandı. Milli Hərəkat Partiyası noyabrın 15-də mitinq keçirəcəyini elan edəndən sonra pravoslavlarla müsəlmanlar arasında yeni problemlər yarandı, pravoslavlar dedilər ki, siz niyə məscid tikirsiniz, mədrəsə açırsınız, buna ixtiyarınız yoxdur. Sonda Kabuleti də mədrəsə açmaq istəyəndə onun qapısına donuz başı yapışdırıldı. Yəni söhbət məsciddən deyil, mədrəsədən gedirdi. Biz Gürcüstan müsəlmanları olaraq buna kəskin etirazımızı bildirdik, bəyan etdik ki, bu sivil bir ölkəyə yaraşan hal deyil. Hökumət də bu məsələdə bizi dəstəklədi. Hesab edirəm ki, burada ən böyük səhv indiki hökumətindir. Çünki Saakaşvili zamanında olan bir çox kadrlar indiki idarəetməyə cəlb edilib. Onlar da prosesləri qızışdırır, müsəlman və pravoslavlar arasında münasibətləri kəskinləşdirir.

- Sizinlə “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli arasında hansı problemlər yaranıb, nədən soydaşlarımız eyni mövqedən çıxış edə bilmirlər?
- Mən Gürcüstan Azərbaycanlılarının Milli Konqresini təmsil edirəm. Heç kimlə də problemimiz yoxdur. Bizim tələbimiz odur ki, Gürcüstanda soydaşlarımızın hüquqları tapdalanır, mədəniyyətimizlə bağlı problemlər var. Biz hamını çağırmışıq ki, gəlin birlikdə bu məsələləri müzakirə edək. Ancaq problem odur ki, maliyyə tapan insanlar dərhal deyir ki, mən də varam, bunu mən edəcəyəm və s. Həm də problem olanda susurlar, nəsə olanda isə “mən də varam” deyirlər. Zəlimxan Məmmədlinin özü Borçalıdan deyil, Qarayazıdandır. İkincisi də, mən Bakıya gələndə ziyalılar görürəm ki, Borçalıya görə can yandırır, söz deyirlər. Bu saat həmin ziyalılar qıraqdadır. “Borçalı” Cəmiyyəti isə bir qrupun əlindədir. Mən də həmişə deyirəm ki, birləşin. Sizin birləşməyiniz bizim əleyhimizə deyil, xeyrimizədir. Bakıda borçalıların 5-6 qrupu var. Mən də onlara birləşmək məqsədilə müraciət etmişəm.

Nemət ORUCOV


Müəllif:

Oxşar xəbərlər