12 Noyabr 2014 17:02
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropada heç kəs Gürcüstanı gözləmir. NATO da heç vaxt Gürcüstanı müdafiə etməyəcək. Bu, sadə həqiqətdir. Rusiyanın nüvə silahı var və heç kim Gürcüstana görə Rusiya ilə müharibəyə getməz. Gürcüstanın siyasi elitası da bunu anlayaraq tədricən geriyə çəkilir. Bu zaman “Qərbə qurban olum” deyən qüvvələri tədricən sıxışdırırlar. Müdafiə nazirini, xarici işlər nazirini, avrointeqrasiya işləri üzrə naziri hakimiyyətdən uzaqlaşdırdılar. Çünki assosiativ saziş Rusiya ilə münasibətlərə mənfi təsir göstərir”.

Bunu Teleqraf.com-a müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib. Müsahibəni təqdim edirik.

- Zərdüşt bəy, İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri başlayıb. Səfəri necə qiymətləndirirsiniz, hansı gözləntilər var?
- Əvvəla, problemi olmayan dövlət yoxdur. Əgər dövlət varsa, onun qonşusu mövcuddursa, münasibətləri normaldırsa, yenə də hansısa mərhələdə problemlər yarana bilər. RNT kanalında Lukaşenkonu hər gün tənqid edirlər. Baxmayaraq ki, Rusiyaya ondan yaxın dövlət başçısı yoxdur. Amerika ilə Britaniya, Fransa ilə Almaniya arasında problemlər olur. Bu, təbii haldır. Problemlər həyatın mövcudluğunun əlamətidir. Azərbaycan və İran qonşudur, eyni din, mədəniyyət və tarixi paylaşır. Amma iki ölkə arasında da həllini gözləyən problemlər var. Məsələn, Xəzərin statusu, iqtisadi münasibətlər, diplomatik əlaqələr və s. İndi Həsən Ruhani bura gəlib. Nəzərə almalıyıq ki, belə səfərlər qəfil baş vermir. Səfirlər, xarici işlər nazirlikləri, mütəxəssislər bu səfəri öncədən hazırlayır, gündəlikdə olan məsələləri, sənədləri razılaşdırırlar. Prezidentlər o zaman səfər edir ki, bir çox məsələlər prinsipcə öz həllini tapır. Əminəm ki, səfər zamanı bir çox həllini gözləyən məsələlər haqda bəyanatlar olacaq, sənədlər imzalanacaq. Prezident Əhmədinejatın zamanında İran-Amerika münasibətləri gərgin idi. Həsən Ruhani bu münasibətləri bir qədər yumşaldıb. İlin sonuna qədər, bəlkə də, nüvə məsələsinə dair müqavilə imzalandı. Bu yaxınlarda Obama cənab Əli Xamneyiyə məktub yazıb. Qərb artıq Azərbaycan ərazisindən İrana qarşı istifadə etmək fikrindən daşınacaq. Bu da Azərbaycan-İran münasibətlərinə müsbət təsir göstərə bilər. Üstəlik Şimal-Cənub avtomobil yolu məsələsi də öz həllini tapır. Həmçinin beş Xəzər dövlətinin Aşqabadda görüşü olub, bəzi problemlər həll edilib. İran prezidentinin Azərbaycan səfəri müsbət hadisədir.

- Azərbaycan İranla Qərb arasında vasitəçi ola bilərmi?
- Prinsipcə mümkündür. Ancaq bunu real hesab etmirəm. Adətən, böyük dövlətlər vasitəçi olur. Fərz edək ki, İranla Qərb arasında diplomatik əlaqələr yoxdur. Ancaq İsveçrə kimi tarixi olan, neytral bir ölkə Amerikanın mənafeyini təmsil edir. Və ya Azərbaycan və Ermənistan münaqişə durumundadır. Bu iki ölkə arasında vasitəçiliyə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçü cəlb edilib. Ola bilər ki, Azərbaycan ərazisindən hansısa gizli danışıqlar üçün istifadə etsinlər. Mən vaxtilə sizə demişdim ki, İranla Qərb arasında hərbi qarşıdurma ehtimalı ola bilər. Ancaq o zaman Azərbaycan bəyan etdi ki, öz ərazimizdən dost və qonşu İrana qarşı istifadə etməyə imkan verməz. İran da bunu anlayır və minnətdarlığını ifadə edir. İndi İran-Qərb qarşıdurmasının aradan qalxması dünyada, ələlxüsus regionda gərginliyi azalda bilər. Bu da iqtisadi əməkdaşlıq üçün imkanları genişləndirə bilər.

- Azərbaycan İran münasibətlərinin yaxınlaşması Ermənistan-İran münasibətlərinə necə təsir edəcək?
- Bizim məsəlimiz var: malı, mala qatmayın. İranda da belə məsəl var, Mazandaran şəkəri də, Hindistan şəkəri də var. İkisi də yaxşıdır. Ancaq bu hara, o hara. İndi İran Ermənistanla qonşudur. Ermənistan və Azərbaycan İrandan asılı olmayaraq müharibə ediblər. Bundan İrana nə? İran münaqişənin dinc yolla həllini istədiyini elan edib. Azərbaycana da müsəlman dövlət kimi yardım edib, ilk dövrdə məcburi qaçqınları qəbul edib, hərbi və diplomatik kömək edib. İslam ölkələri konfransında Ermənistanın təcavüzkar olduğu elan etməyi İran təklif edib. Ancaq İran bizim əvəzimizə torpaqları azad edəsi deyil. İran həm Azərbaycanla, həm də Ermənistanla normal qonşuluq əlaqəsi qurub. İranın Ermənistanla normal münasibətlər qurması Azərbaycana xeyirdir. Bu göstərir ki, Ermənistan-Azərbaycan qarşıdurması islam-xristian qarşıdurması deyil. Çünki müsəlman İranın Ermənistanla gözəl münasibətləri var. Yəni bu ərazi iddiası, işğalçılıq, torpaq davasıdır, daha sivilizasiyaların, dinlərin və mədəniyyətlərin qarşıdurması deyil. Ermənistanın İranla münasibətlərinin ermənilərə nə verdiyini isə sabiq erməni prezident Ter Petrosyan açıq demişdi. Bildirmişdi ki, İranla münasibətlər Ermənistanın ən ağır dövründə bu ölkəyə nəfəs verib. Amma vaxtilə Azərbaycan prezidenti Elçibəy İranı parçalamaq haqda bəyanatlar verirdi, Azərbaycanın İrandakı səfiri Nəsib Nəsibli isə İran-Azərbaycan arasında güclü diplomatik münasibətlər qurmaq əvəzinə İranın parçalanmasından danışırdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra münasibətlər tədricən yaxşılaşmağa başladı, çünki o, dövlətçilik məsələsində daha təcrübəli idi. İndi münasibətlər təbii hala gəlib, əlbəttə, həll edilməyən problemlər var və vaxtı gələndə o da həll ediləcək.

- Ermənistan parlamentində Dağlıq Qarabağ məsələsini gündəliyə çıxarırlar, Qarabağın “müstəqilliyi”ni tanımaq haqda müzakirələr gözlənilir. Bu gediş nəyə hesablanıb?
- Raffi Ovanisiyan belə bir layihə təklif edib. Bu vaxtaşırı siyasi möhtəkirlikdir. Ovanisiyan nüfuzsuz, hörmətsiz bir siyasətçidir. Fərz edin ki, parlamentdə hansısa hörmətsiz deputat çıxıb nəsə təklif edir. Buna kim ciddi yanaşar? Ovanisiyan hakimiyyətin oyuncağıdır, vaxtaşırı suyu bulandırmaq üçün ortaya atırlar. Gah Azərbaycanla psixoloji müharibə aparmaq, gah da erməni müxalifətini bölmək məqsədilə ondan istifadə edirlər. Ona nə deyirlərsə, o da bunu səsləndirir. Məncə, ona ciddi yanaşmaq lazım deyil. Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması o deməkdir ki, Azərbaycanla danışıqlar kəsilir və müharibəyə gedilir. Bu isə nə Ermənistana, nə də Rusiyaya əl verir. Onlara lazımdır ki, vaxt uzadılsın.

- Son zamanlar Rusiya ilə Çin arasında yaxınlaşma müşahidə edilir. Daha çox Moskva Pekinlə diplomatik əlaqələri intensivləşdirir. Bu, hansı nəticələr yarada bilər?
- Bu, təbii haldır. Əgər Avropa və Qərblə münasibətlər pozulursa, Rusiya özünə yeni tərəf müqabili axtarır. Bu da dünyanın ikinci qüdrətli dövləti olan Çindir.

- Bu yaxınlaşmada Rusiyanın və Çinin uduşu nə olacaq?
- Əvvəla, bu balans siyasətidir. İkincisi, hər bir dövlət çalışır ki, özünün xarici siyasətində bir qütbdən asılı olmasın. Rusiya SSRİ zamanındakı kimi super güc deyil, regional dövlətdir. Üstəlik, iqtisadiyyatı, ordusu, bank sektoru, maliyyəsi zəifdir. Əlbəttə, Rusiyanın özü özünü bu hala salıb. İndi Rusiya Qərblə münasibətlərdə çətin vəziyyətə düşüb. Düzdür, Qərbin Şərqə doğru yürüşü Rusiya tərəfindən dayandırılıb. Ancaq özü də pis duruma düşüb. Avropa Rusiyanın qazının ən böyük alıcısı olduğundan istifadə edərək inhisarçı-istehlakçı olaraq Kremlə təzyiq edir. Kreml də cavab olaraq Çinə doğru iki nəhəng qaz kəməri çəkir. Bu kəmərlər çəkiləndən sonra Avropanın Rusiyaya təzyiq imkanı zəifləyəcək. Çin iqtisadiyyatı isə o qədər inkişaf edir ki, onun xammala, enerji resurslarına ehtiyacı var. Rusiyada ona sərfəli qiymətə qaz və neft təklif edir. Çin də bunu nədən almasın?

- Qonşu Gürcüstanda da siyasi böhran yaşanır, nazirlər, səfirlər istefaya gedir. İdarəçilikdə dayanıqlı qonşu kimi tanınan bu ölkədə baş verənlərin gerçək səbəbi nədir?
- Gürcüstan kiçik dövlətdir, orada böyük dövlətlərin geosiyasi mübarizəsi gedir. Saakaşvilinin zamanında Qərb üstünlük əldə etmiş, Gürcüstan birmənalı Amerikaya üz tutmuşdu. Sonda Saakaşvili getdi, İvanişvili və onun komandası iqtidara gəldi. Yeni komanda da xalqın ab-havasını nəzərə alaraq elan etdi ki, Gürcüstanın istiqaməti Qərbədir. Hətta Avropa Birliyi ilə assosiativ sazişi imzaladılar. Ancaq digər tərəfdən Avropada heç kəs Gürcüstanı gözləmir. NATO da heç vaxt Gürcüstanı müdafiə etməyəcək. Bu, sadə həqiqətdir. Rusiyanın nüvə silahı var və heç kim Gürcüstana görə Rusiya ilə müharibəyə getməz. Gürcüstanın siyasi elitası da bunu anlayaraq tədricən geriyə çəkilir. Bu zaman “Qərbə qurban olum” deyən qüvvələri tədricən sıxışdırırlar. Müdafiə nazirini, xarici işlər nazirini, avrointeqrasiya işləri üzrə naziri hakimiyyətdən uzaqlaşdırdılar. Çünki assosiativ saziş Rusiya ilə münasibətlərə mənfi təsir göstərir. Anlayırlar ki, Rusiya təhlükədir. Ukrayna təcrübəsi göz önündədir. İndi Gürcüstan çalışır ki, mümkün qədər Rusiyanı zərərsizləşdirsin. Bu məqsədlə də ifrat qərbpərəstləri hakimiyyətdən yığışdırır. Bu o demək deyil ki, sabah Tiflis özünü Rusiyanın qucağına atacaq. Çünki buna ehtiyac yoxdur, Rusiya tənəzzül edən, geri gedən ölkədir. Sadəcə Rusiya təhlükədir və ağıllı siyasətçilər bunu dərk edirlər.

- Avropada millətçi xəttin inkişafı nəzərə çarpır. Ötən il Almaniyada millətçilər ortaya çıxmışdı. İndi isə Varşavada millətçilər polislə toqquşmaya gedib, yüzlərlə insan xəsarət alıb. Sizə elə gəlmirmi ki, Avropada millətçi xətt getdikcə güclənir və bunun mənfi nəticələri olacaq?
- Millətçilik qayıtmır. Millətçilik bir xəstəlikdir. Cəmiyyətdə çətin müşküllər yarananda, bunun həlli tapılmayanda millətçi hərarət qalxır. Millətçilər də bu sayıqlamanın təzahürüdür. İstər Fransa da olsun, istərsə də Polşada. Ancaq bunlar aparıcı qüvvə deyil və ola da bilməz. Millətçilər qısa müddətdə problemi qaldıra bilərlər, ancaq onun həllinə qadir deyillər. Harada ki, millətçilər uzun müddət hakimiyyətdə olur, həmin millətin başına daş düşür. Necə ki, İraqda, Misirdə, Suriyada düşüb. Avropa bu etapı keçib, lakin siyasi həyatında belə qızdırmalar və sayıqlamalar olur. Bu da aparıcı meyl deyil. Aparıcı meyllər millətçilikdən uzaq oturuşmuş siyasi qüvvələrdir.

Nemət ORUCOV


Müəllif:

Oxşar xəbərlər