14 Noyabr 2014 10:57
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: “ADP on il təkbaşına mübarizə aparanda nə AXCP, nə də Müsavat var idi”

“Ötən dəfə Milli Şuranın mitinqində İŞİD-in bayraqları qaldırılıb. Bunun kim tərəfindən qaldırılmasının mənası yoxdur. Bu bir siqnaldır ki, kütləvi aksiyalar zamanı nəzarət olunmayan proseslər baş verə bilər. Bəlkə belə deyil? Onlar buyurub bunun əksinə olan arqumentlər deməlidirlər. Yoxsa, Sərdar Cəlaloğlu düz demir, yalan deyir və s. kimi fikirlər boş şeydir. Ötən dəfə sənin mitinqində İŞİD-in bayrağı qaldırılıb. Qanuna görə, sən mitinqə nəzarət etməlisən. Əgər hansısa bayraq qaldırılıbsa, deməli, sənin nəzarətin olmayıb. Yox, əgər bayraq qaldıran İŞİD-in üzvü olubsa, günah yenə də səndədir ki, aksiyana nəzarət edə bilmirsən”.

Bunu Teleqraf.com-a müsahibəsində ADP sədri Sərdar Cəlaloğlu bildirib. Müsahibəni təqdim edirik:

- Sərdar bəy, təmsil olunduğunuz Demokratiya və İnsan Haqları Mərkəzinin fəaliyyətindən razısınızmı?
- Bəli, razıyam. Strateji maraqlarla taktiki addımlarımızı nəzərə alsaq, bizim qurum ən ideal vəziyyətdədir.

- Ancaq fəaliyyət gözə dəymir...
- Fəaliyyət deyəndə mitinq keçirmək, meydana çıxmağı nəzərdə tutursunuzsa, bu yoxdur. Ancaq biz hər həftə toplaşırıq, ölkədəki vəziyyəti müzakirə edirik. Məhbuslarla bağlı hökumətə müraciət etmişik. Ədliyyə naziri qarşısında məsələ qaldırmışıq ki, məhbuslarla görüşümüzə şərait yaratsın. Beynəlxalq təşkilatlara müraciətimiz olub. Üç dəfə dəyirmi masa keçirərək problemləri gündəmə gətirmişik. Əgər siz bunun əhəmiyyətini lazımi qədər qiymətləndirə bilmir, habelə düşünürsünüzsə ki, siyasət yalnız mitinq keçirməkdən ibarətdir, bəli, bizim belə fəaliyyətimiz yoxdur.

- Bir ara mitinq məsələsi müzakirə olunurdu. Mitinq keçirmək ehtimalı varmı?
- Xeyr, yoxdur. Azərbaycanda mitinqlər keçirən zaman beynəlxalq konyunkturanı nəzərə almaq lazımdır. Bu gün Rusiya-Ukrayna müharibəsi gedirsə, İŞİD Suriya və İraqda qətliamlar törədirsə, Azərbaycan müharibə şəraitindədirsə, ölkəyə təhdidlər varsa, biz kimlərinsə arzusunu yerinə yetirə, hansısa orduların ölkəmizə ayaq açmasına imkan verə bilmərik.

- Mərkəzinizin bugünkü (dünənki-red) iclasında hansı məsələləri müzakirə etdiniz?
- Toplantıda bir sıra məsələləri müzakirə etdik. Eləcə də Bakı Şəhər İcra Hakimiyyətinə etiraz aksiyası keçirmək məqsədilə müraciət etdik. Eyni zamanda xarici səfirliklərlə bağlı komissiyamıza lazımi tapşırıqlar verildi. Həmçinin hökumətə dialoqla bağlı müraciətimiz oldu.

- Bələdiyyə seçkilərini müzakirə etmirsiniz, axı seçkilərə az müddət qalır...
- Müzakirə etdik. Müəyyən maneələrin olduğu vurğulandı. Həmçinin bələdiyyələrin statusunun geniş olmadığı səbəbindən bu seçkilərə marağın az olması haqda fikirlər səsləndi. Eləcə də seçkilərdə iştirakla bağlı bəyanat verdik. Bəzi partiyaların irəli sürdüyü namizədləri qeydə almırlar. Həmçinin bəzi namizədlərlə bağlı fikir mübadiləsi aparılıb.

- Mərkəzdə təmsil olunan partiyaların seçkilərdə birgə əməkdaşlığı və ya iştirakı ehtimalı nə dərəcədədir?
- Biz seçki prosesini müşahidə edəcəyik, sonda isə dəyərləndimə olacaq. Eyni zamanda seçkilərə qatılacaq üzvlərimizə dəstək verəcəyik.

- Siz “Qarabağ” bloku çərçivəsində Ümidlə müttəfiqlik edirsiniz, ancaq seçkilərə ayrı-ayrılıqda gedirsiniz. Bu, necə müttəfiqlikdir?
- Bəli, biz müttəfiqlik edirik. Ancaq partiyalarımızın maliyyə imkanları eyni səviyyədə deyil. Ümid Partiyası dövlət büdcəsindən maliyyələşir, onların seçkilərdə iştirakı üçün maliyyə imkanları var, bizdə isə yoxdur. Bu səbəbdən də seçkilərdə iştirak etmirik. Fərdi şəkildə də üzvlərimiz namizəd ola bilərlər.

- Müttəfiqlər arasında pul məsələsi düzgündürmü?
- Müttəfiqlik o deməkdir ki, hər kəs ortaya bərabər güc qoymalıdır. Bizim maliyyə imkanımız yoxdur. İndi nə etməliyik? İqbal Ağazadəyə deməliyik ki, bizim də əvəzimizə də pul qoy?

- Ancaq bir var seçkiyə tək gedəsən, bir də var müttəfiqinlə...
- Bu, artıq başqa məsələdir. Bu istiqamətdə də sualları mənə deyil, İqbala verin.

- Deyirsiniz müxalifətdə maliyyə məsələlərində ciddi simiclik hökm sürür?
- Simiclik deyil. Sadəcə müxalifət zəifləyib, iqtisadi və maliyyə problemi var. Pul olmayan yerdə isə siyasəti qurmaq mümkün deyil. Yəni çətinlik olur.

- Elə 2005-ci ildə “Azadlıq” blokunda da analoji problem yaranmışdı, ancaq müttəfiqləriniz pula görə, Sizdən imtina etmədilər...
- O zaman bir qədər fərqli idi. Məsələn, ianələr və qrantlarla bağlı qanun dəyişməmişdi. Eləcə də sahibkarların siyasətə marağı var idi. Partiyaların özlərinin də müəyyən qaynaqları, imkanlı üzvləri var idi. Həmin vaxtda da bizim maliyyə problemimiz var idi, Müsavatın isə yox idi. Müsavat da bizə kömək edirdi. İndi Müsavatın da, digərinin də problemi var. Mən də başqasına deyə bilmərəm ki, gəl, mənim yerimə də maliyyəni sən xərclə.

- “Azadlıq” qəzetində sizin haqqınızda məqalə yazılıb və Sizi “mitinqlərə ehtiyac yoxdur” ifadənizə görə kəskin tənqid edilibsiniz, hakimiyyət partiyası olduğunuz vurğulanıb...
- Əvvəla, mən deməmişəm ki, mitinqlərə ehtiyac yoxdur. Demişəm ki, bu mitinqlərlə siyasi nəticələrə nail olmaq olmaz. Həm də bəllidir ki, mitinqlər insanların konstitusion hüququdur, kim istəsə, təşkil və ya iştirak edə bilər. Həm də aksiyanı keçirən təşkilatçı tam nəzarət edə biləcəyini müəyyən edərsə, bu tədbir haqda qərar verə bilər. Mənim sözümü kim necə yozursa, öz işidir. Bu, məni maraqlandırmır.

- Deməmisiniz ki, bu mitinqlər demokratiyaya deyil, ölkədə qarşıdurmaya xidmət edir?
- Bütün bunlar mənə qarşı apardıqları qara piarın tərkib hissəsidir. Mətbuatda dediyim sözləri tapıb ortaya qoysunlar. Demişəm ki, mitinq keçirəndə dünyada baş verən prosesləri nəzərə almaq lazımdır. Ötən dəfə Milli Şuranın mitinqində İŞİD-in bayraqları qaldırılıb. Bunun kim tərəfindən qaldırılmasının mənası yoxdur. Bu bir siqnaldır ki, kütləvi aksiyalar zamanı nəzarət olunmayan proseslər baş verə bilər. Bəlkə belə deyil? Onlar buyurub bunun əksinə olan arqumentlər deməlidirlər. Yoxsa, Sərdar Cəlaloğlu düz demir, yalan deyir və s. kimi fikirlər boş şeydir. Ötən dəfə sənin mitinqində İŞİD-in bayrağı qaldırılıb. Qanuna görə, sən mitinqə nəzarət etməlisən. Əgər hansısa bayraq qaldırılıbsa, deməli, sənin nəzarətin olmayıb. Yox, əgər bayraq qaldıran İŞİD-in üzvü olubsa, günah yenə də səndədir ki, aksiyana nəzarət edə bilmirsən. Qanunda yazılıb ki, mitinqin təşkilatçıları təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməlidir. Yəni orada hər hansı bir təxribata görə, təşkilatçılarla asayişi qoruyanlar eyni dərəcədə məsuliyyət daşıyır. İndi kim necə anlayır özü bilər. AXCP-nin mənim haqqımda nə düşünməsi onların problemidir. Necə istəyirlər, düşünsünlər. Mən Azərbaycan xalqının və dövlətinin maraqlarını düşünürəm. Bu yaxınlarda məsəl çəkmişdim. Suriya müxalifətinin nümayəndəsi türk kanalında dedi ki, onlar heç ağıllarına gətirməzdilər ki, demokratiya uğrunda başlatdıqları mübarizə axırda Suriyanın Əfqanıstanın gününə düşməsinə gətirib çıxaracaq. İndi ola bilsin ki, sənin məqsədin səmimi olaraq demokratiyadır. Ancaq sən beynəlxalq və regional durumu nəzərə almasan, bunu hesablamasan, Azərbaycanı Suriyanın gününə gətirib çıxararsan. İndi mən bunu hiss edirəm və xalqı da xəbərdar edirəm. Bunu dediyimə görə, mən pis adam, amma Azərbaycanı Suriyanın gününə düşməsi üçün addım atanlar demokrat olacaq? Bu məsələlər məni maraqlandırmır, hər kəsin öz vicdanı var. Həm də gedib özləri alver edəndə, gizli işlər görəndə, deputat olanda demirdilər ki, ADP küçələrdə aylarla mübarizə aparır. O zaman heç bizim mitinqlərə dəstək vermirdilər. Biz də bunu onlara irad tutmurduq. 10 il ADP təkbaşına mübarizə aparıb. Onda ortada nə AXCP, nə də Müsavat Partiyası var idi. İndi Milli Şura 300 nəfərlik mitinq keçirib deyə, bunu başımıza qaxınc edəcəklər? Biz 1996-cı ilə qədər on minlərlə mitinq keçirəndə demirdik, AXCP, Müsavat, sən satılmısan, niyə mitinqlərə dəstək vermirsən. Sən dön bir arxana bax, ADP-nin küçə hərəkatı qədər hərəkat apar, bundan sonra gəl de ki, ADP belədir. Mən o vaxt mitinq keçirirdim, sən deyirdin ki, ADP hökumətə işləyir. İndi mitinq keçirmirəm yenə də deyirsən ki, ADP iqtidara işləyir. O vaxt mitinq keçirmirdin, amma deyirdin ki, biz əsl müxalifətik. İndi də mitinq keçirib deyirsən ki, real müxalifət bizik. Bəyəm, hər şey sənin əyninə biçilib? Bəyəm, sən etalonsan? Bir siyasətinə, apardığın oyunlara bax, bundan sonra kim olduğunu söylə.

- Bəs niyə ancaq Sizi tənqid edir, barənizdə belə fikirlər yayırlar?
- Ona görə ki, bəzi partiya sədrləri həqiqətləri bilsələr də, öz imicləri xətrinə həqiqəti mənim kimi çılpaq formada demirlər. İkincisi, açıq etiraf edim ki, Azərbaycanda strateji və qlobal düşünən insan azdır. Mən demokratiya haqda 500 səhifəlik kitab yazmışam, müasir inkişafla bağlı yeni yanaşmalar ortaya qoymuşam. İndi bunu biri başa düşmürsə, zənn edirsə ki, dünya ancaq Azərbaycanın sərhədlərindən ibarətdir, mən ona dərs deyəsi deyiləm. Nəzərə almaq lazımdır ki, insanlar həm də pisdən daha çox nümunə götürməyə meyllidir.

- Qarşıdan gələn parlament seçkiləri haqda nə düşünürsünüz?
- Seçkilərdə iştirak edəcəyik. Bələdiyyə seçkilərinin əhəmiyyəti yoxdur, lakin həddən artıq maliyyə tələb edir. Parlament seçkiləri bir qədər fərqlidir. Effektiv baxımdan parlament seçkilərinin xərci effektinə uyğundur.

- “Qarabağ” bloku son prezident seçkilərində vahid mövqe ortaya qoya bilmədi. İndi də bələdiyyə seçkilərində vahid mövqe ortaya qoya bilmir. Böyük ehtimalla parlament seçkilərində də vahid mövqeyiniz olmayacaq. Bu halda görüntü naminə belə bir bloka nə ehtiyac var?
- Blok seçki deyil, siyasi blokdur. Burada siyasi mövqelərin uzlaşması əsasdır. Seçkilərdə ona görə bir yerdə gedə bilmirik ki, imkanlarımız eyni deyil. Əlbəttə, maliyyə olsa, Ümid seçkiyə getməsə də, biz gedərik.
Nemət


Müəllif:

Oxşar xəbərlər