Düşmən helikopterini bir atışla məhv edən İlkin Muradovdan “Azərbaycan Ordusu” qəzeti geniş müsahibə alıb.
Teleqraf.com həmin müsahibəni tam şəkildə oxuculara təqdim edir.
Noyabrın 12-də Ermənistan silahlı qüvvələri yenə təmas xəttində təhlükəli təxribat törətdi. Amma bu fitnəkarlığın qarşısını Vətən oğulları soyuqqanlılıqla almağı bacardılar. Həmin gün Ermənistan hərbi hava qüvvələrinin bir cüt Mi-24 tipli döyüş helikopteri qoşunlarımızın müdafiə rayonunda təxribat törətməyə cəhd etdi. Zenitçilərimizin cavabı isə operativ, sərt və yetərincə ağrılı oldu. Düşmən helikopterlərindən biri səngərlərimizin qarşısındakı köhnə üzümlükdə qanad salmağa məcbur oldu. Digərinin pilotları isə canlarını güc-bəla ilə qurtara bildilər.
Zenitçi İlkin Muradovun göstərdiyi şücaət ildırım sürətilə ölkəmizin hər yerinə yayıldı. Bu xəbər dünya agentlikllərinin operativ məlumatlarının önündə yer aldı. Məlumatı düşmən ölkədə də böyük həssaslıqla qarşıladılar. Helikopterin düşməsi İrəvanda soyuq duş effekti yaratdı və prezident Serj Sarkisyan işini-gücünü atıb başı alovlu Xankəndiyə tələsdi.
Biz isə daxili bir rahatlıqla təmas xəttinə - qəhrəman zenitçilərimizlə görüşə tələsirik. Gecə qatarından düşüb öncə Qarabağ dağlarından axan payız havasını səhərin alatoranında ciyərlərimizə çəkirik. Çoxdandı o dağlara, əzəli yurdlarımıza - Xankəndiyə, Şuşaya, Laçına, Kəlbəcərə, Xocalıya gedib gələ bilmirik. Amma ölkəmizdə görülən böyük işlər, ordumuzun qüdrətlənməsi bizə inam verir ki, o günü mütləq görəcəyik!
Azərbaycan Ordusu son illərdə çox geniş inkişaf yolu keçib. Həm təchizat və təminat baxımından, həm də döyüş qabiliyyətinin möhkəmləndirilməsinə görə. Görülən tədbirlər ordumuzun qayğı ilə əhatə olunduğundan, öz gücünü xeyli artırdığından xəbər verir. Bu gün hər birimiz iftixarla söyləyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var və güvənc yerimizdir.
Səhərin erkən çağından hərbi hissənin həyətində işgüzar ovqat vardı. Qərargahın qarşısında zabitlər yerbəyeri təzəcə keçirmişdilər. Hər yanda əsgərisayaq səliqə-sahman yaradılmışdı. Bir sözlə, adi xidmət gününün başlandığı göz qabağında idi. Hər şey günün nizam qaydalarına uyğun öz axarı ilə gedirdi.
- Bölmələrimiz gecə-gündüz demədən bizə həvalə olunmuş vəzifələri yerinə yetirir, - bizi mehribanlıqla qarşılayan zabit Etibar Əhmədov deyir. - Ön xətdəki bölmələrimiz həmişəki kimi döyüş növbəsi aparır. Arxada yerləşən bölmələrimiz döyüş dərslərinə cəlb olunublar, ixtisas bacarıqlarını artırırlar. Yəni, bizim üçün vərdiş etdiyimiz günlərdən biridir.
Hadisə baş verən gün arxadakı bölmələrdə döyüş hazırlığı məşğələləri keçirilirdi. Şəxsi heyət əl qumbaralarının atışı üzrə çalışmaları yerinə yetirirdi. Bu zaman düşmən helikopterlərinin çökəklikdən qəfil qalxıb mövqelərimizə yaxınlaşması barədə məlumat aldıq. Bacarıqlı zenitçilərimiz hədəfi vaxtında aşkar etmişdilər. Manqa komandiri "İqla" tipli zenit-raket qurğusunu döyüşə hazır vəziyyətə gətirmişdi. Düşmən açıq-aydın mövqelərimizə hücum etmişdi. Helikopterlər səngərlərimizə çatanda zenitçimiz İlkin Muradov soyuqqanlılıqla hədəfi vurdu.
Düşmən helikopterinin məhv edilməsi, təbii ki, hərbi hissədə əsgərdən tutmuş zabitə qədər hər kəsi sevincə qərq etmişdi. Zenitçilərimizin şücaətindən ən çox qürur hissi keçirənlərdən biri isə zabit Loğman Heybətov idi.
- Burada düşmənin hava hədəflərinin hücumunun qarşısını almaq üçün davamlı döyüş növbəsi təşkil edilib, - kapitan Loğman Heybətov deyir. - Ən müasir silahlarla silahlanmış şəxsi heyətimiz həmişə yüksək döyüş hazırlığı vəziyyətindədir. Cavabdeh olduğumuz ərazini daim nəzarətdə saxlayırıq. Hava hədəflərinin yüksək sürəti bunu tələb edir. Zenitçilərimiz düşmənin mümkün hava hədəflərinə dərhal atəş açmağa hazırdırlar. Bunu məlum hadisə də göstərdi.
Biz qərargahda çox ləngiməyib zabitlərdən Çingiz Mehdiyev və Loğman Heybətovla ön xəttə yola düşürük. Bir qədər keçmir ki, bizi aparan maşın asfaltdan çıxıb torpaq yolla səngərlərə doğru irəliləyir. Yolboyu hərbi hissənin cəsur mühəndis-istehkamçılarının fədakar əməyindən söhbət salırıq. Doğrudan da, onlar gecə-gündüz demədən burada dərin tranşeylər qazıblar. İndi hərbi texnikamız tranşeyin içilə ön xəttə qədər təhlükəsiz gedə bilir.
Zabit Çingiz Mehdiyevi çoxdan hazırlıqlı, qabiliyyətli və peşəkar hərbçi kimi tanıyıram. Hələ başqa hərbi hissələrdə xidmət etdiyi vaxtlarda onun işinə necə vicdanla yanaşdığının, özünə və şəxsi heyətə qarşı tələbkarlığının şahidi olmuşam.
- Döyüşçü sinəsində Vətəni sevən böyük ürək gəzdirməklə yanaşı, öz silahını mükəmməl öyrənməli, ondan sərrast atəş açmağı bacarmalıdır, - zabit Mehdiyev deyir. - Silah və texnikanı mükəmməl bilməyən hərbçidən yüksək mənəvi-psixoloji hazırlıq, döyüş ruhu gözləmək sadəlövhlük olardı. Son hadisə göstərdi ki, döyüşçülərimiz həm yüksək döyüş hazırlığına malikdirlər, həm də qəlbən doğma Azərbaycanımıza bağlıdırlar. Çavuş İlkin Muradov hadisə zamanı peşəkarlıq, soyuqqanlılıq göstərərək tələsməyib və məqamında sərrast atəş açmağı bacarıb. Belə Vətən oğulları ilə fəxr etməyə dəyər.
Budur, çox keçməmiş dolanbac tranşeydən sağa burulur və zenitçilərimizin yanına çatırıq. Hündürboylu, suyuşirin manqa komandiri əsgəri qaydada komandirinə vəziyyət barədə raport verir.
- Günümüzün qəhrəmanı çavuş İlkin Muradov budur, - zabit Çingiz Mehdiyev deyir. - Onu da qeyd edim ki, son hadisəyə qədər müddətdən artıq hərbi qulluqçu İlkin Muradov əsgər olub. Göstərdiyi şücaətə görə, dərhal yuxarı komandanlıq ona çavuş hərbi rütbəsi verib və qiymətli hədiyyə ilə mükafatlandırıb. Necə deyərlər, adi Vətən oğullarından biridir. Amma adi Vətən oğlu içində bu torpağın odunu-alovunu gəzdirir.
- Valideynlərim sadə kənd adamlarıdır, atam təsərrüfat işlərilə məşğuldur, - İlkin özü barədə sualımı cavablandırır.
O, iki bacının tək qardaşıdır. Bacıları İlkindən kiçik olsa da, artıq ailə qurublar. Əsgər kimi 2008-2010-cu illərdə xidmət edib. 2014-cü ildə yenidən hərbi xidmətə gəlib.
- Məndə hələ əsgər kimi xidmət etdiyim müddətdə ordumuza sevgi, rəgbət yaranmışdı, - deyir müsahibim.
- Məni hərbi xidmətə gətirən Azərbaycan əsgərinin geyiminə sevgim olub. Hələ 2012-ci ildən orduya qayıtmaq fikrim vardı. Ancaq atam xəstə olduğuna və sənədləri vaxtında düzəldib təqdim edə bilmədiyimə görə o vaxt mümkün olmadı.
Nəhayət, 2014-cü ildə İlkin Muradov xidmətə müddətdən artıq hərbi qulluqçu kimi götürülməsi barədə yenidən komandanlığa müraciət edib. İki ay kurs keçdikdən sonra zenitçi ixtisasına yiyələnmiş neftçalalı balası hərbi xidmətini bu hərbi hissədə iyuldan davam etdirir. Artıq beş aydır ki, xidmət edən çavuş Muradov sevdiyi silahını mükəmməl öyrənməyi bacarıb.
- Biz həmişəki kimi burada xidmət aparırdıq, ön mövqeləri müşahidə edirdik, - manqa komandiri gülümsünür. - Bilirdik ki, erməni
birləşmələri qarşımızdakı təpələrin arxasında hərbi təlim keçirlər. Onların uçuş istiqamətlərini öyrənmişdik. Və həmin istiqaməti daim nəzarətdə saxlayırdıq.
Zenitçilərimiz hələ üç gün əvvəl də düşmənin bir helikopterini binoklla müşahidə ediblərmiş. Onda helikopter bizim mövqelərdən çox uzaqda uçub. Qarşıdakı dağın ətəyindən hərbi texnika düşmənin təlim mərkəzinə gedib və sonra qayıdıb. Noyabrın 12-də isə helikopterlər düz səngərlərimizə doğru yönəliblər.
- Mən start mövqeyində hazır vəziyyətdə dayanmışdım, - İlkin xatırlayır. - Uzaqdan əvvəlcə düşmən helikopterlərinin səsini eşitdik. Sonra hədəflərin qaraltılarını nöqtə kimi binoklda müşahidə etdik. Gördük iki Mİ-24 tipli helikopter düz üstümüzə gəlir. Dərhal bu barədə komanda məntəqəsinə məlumat verdik. Göstəriş aldıq ki, əgər bizim hərbi hissənin müdafiə rayonuna daxil olsalar, hava məkanını pozsalar, hədəfləri məhv edək.
Helikopterlər səngərlərimizin üzərinə sürətlə yaxınlaşaraq mövqelərimizi atəşə tutdular və postlarımıza zərbə endirdilər. Ön xətdəki döyüşçülərimiz də avtomat və pulemyotlardan düşmənin texnikalarını atəşə tutdular və bu zaman onlar sola istiqamət götürdülər. Mən dərhal arxada uçan helikopteri nişan alıb tətiyi basdım.
Biz döyüş postuna gedib həmin döyüşçülərimizlə də görüşdük. Ön xətdə döyüş növbəsi aparan əsgərlərimizin manqa komandiri Talıb Alımərdanov da düşmən helikopterlərinin döyüş postunun düz üstündən uçduğunu söylədi:
"Hələ helikopterlər yaxınlaşanda biz artıq tam heyətlə səngərdə yerimizi tutmuşduq. Hər ikisi hərbi səhra formasında rənglənmiş helikopter idi. Doğrusu, gözləmirdik ki, düşmən helikopterləri bu qədər bizə yaxınlaşalar. Ona görə əlimizdəki silahlardan onlara cavab atəşi açdıq. Bu vaxt fısıltı ilə uçan raket arxadakı helikopterə çırpıldı və o alışaraq səngərlərimizin qarşısına düşdü. O biri helikopter isə dərhal geriyə qayıtdı və alçaqdan uçaraq gözdən itdi".
Raket düşmən helikopterini alışdıranda döyüşçülərimizin sevincdən uçmağa qanadı yox idi. Zenitçilərimiz bu harınlığını düşmənə bağışlamadı. Daha doğrusu, bu ermənilərin düşünülmüş uğursuz təxribatı idi.
Bəlkə, onlar Azərbaycan əsgərinin gücünə - gözünün itiliyinə, barmağının sərrastlığına şübhə etmişdilər? Bu gündən onlar, inanıram ki, bir də belə başı soyuqluğa yol verməzlər.
Qoy bundan sonra erməni zinvorları da, onların İrəvanda oturan başbilənləri də unutmasınlar ki, Azərbaycan əsgərlərilə zarafat etmək onlar üçün asan olmayacaq! Və işğal altında torpaqlarımızı uzun müddət saxlaya bilməyəcəklər.
Bu gün nəinki zenitçilər, bütün döyüş ixtisasları üzrə mükəmməl tədris sistemi yaradılıb. Döyüşçülərimiz istənilən hava şəraitində mübarizə aparmaq bacarığına yiyələnirlər.
Zenitçilərin hazırlığı üçün Silahlı Qüvvələrimizdə mükəmməl təlim-tədris mərkəzləri yaradılıb, trenajorlar alınıb və bu bazalarda çox yüksək hazırlığa malik ordu mütəxəssisləri hazırlanır. Zenitçi İlkin Muradov onlardan yalnız biridir.
Mahir zenitçi kimi yetişmiş çavuş İlkin Muradov həm kurs keçdiyi müddətdə, həm də sonrakı aylarda çox sevdiyi "İqla" daşınan zenit-raket kompleksindən sərrast atış qaydalarını mükəmməl mənimsəyib.
Hərbi qulluqçularımızın sayıqlıq və igidliyi nəticəsində düşmənin Mi-24 tipli döyüş helikopterini məhv etdiyinə görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İlkin Məmməd oğlu Muradov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildi və qiymətli hədiyyə ilə mükafatlandırıldı.
Bəli, zenitçilərimiz digər bölmələrimizlə çiyin-çiyinə gün ərzində müdafiə mövqelərində ayıq-sayıq döyüş növbəsi aparırlar. Əgər düşmən mövqelərimizə hücum edərsə və hava sərhədimizi pozarsa, layiqli cavab alacaq. Bunu ermənilərin helikopterlərlə törətdiyi təxribatın acı nəticələri bir daha göstərdi.