İçəri girən kimi bizi ilk “qarşılayan” saz musiqisinin sədaları oldu. Bura Zəlimxan Yaqubun evidir, başqa cür ola da bilməz...
Şair bizi iş otağında qarşıladı, məlum oldu ki, saz festivalını izləyirmiş. Amma bizi görən kimi dərhal televizoru söndürdü, qalxıb hal-əhval tutdu. Zəif çıxan səsi ilə redaksiyamızla bağlı suallar verdi, Salam Sarvanı soruşdu...
Aradakı pauzaları şairin nəvələrinin qonşu otaqlardan gələn qayğısız səsləri pozurdu...
- Necəsiniz, şair?
- Sağ olun, yaxşıyam, bircə səsim məni narahat edir.
- Nəsə yazırsınız?
- Əlbəttə (Divandan qalxıb masanın üzərindən qara üzlü iri dəftəri gətirir, açır, vərəqləyir, barmaqlarını əlyazmadakı tarix qeydlərinin üzərinə qoyur. Şeirlərdir. Tarixlərə baxıram: 15. 11.2012; 16.11.2014; 17.11.2014. Hətta dünənki tarixdə yazılan şeirlər də var. Kağızın boş qalan yuxarı, aşağı, sağ, sol künclərinə çıxarılan oxlar sonradan edilmiş dəyişikliklərə işarədir. Sonuncu mətnin altında da qeyd var – R.N.).
- Lap təzə yazmısınız ki...
- (Sonuncu şeirləri göstərir və qeydi oxuyur: ” Yüz əlli ilə yaxındır ki, bizə doğru yol gələn Əhməd Ağaoğluna və onun Tanrı dağlarına salam olsun...” ) Bu son şeirləri Əhməd Ağaoğluna həsr eləmişəm. Hələlik, sonuncu silsilədir. Gördüyünüz kimi, yazmaqda davam edirəm. Bu silsilədən bir neçə şeir də yazmağı düşünürəm. Bax indi siz çıxıb gedəndən sonra da dincəlməyəcəm, iş masamın arxasına keçib yazacağam.
Çalışdıq ki, şairi çox narahat etməyək, çünki aşıq-aşkar hiss olunurdu ki, səsinin yerində olmaması onun özünü də çox narahat edir.
- Maşallah, xəstəlik heç yaradıcılığınıza təsir eləmir. Yenə əvvəlki şövqlə yazırsınız.
- Bəli, əvvəlki enerjidir, əvvəlki ruhdur, əvvəlki yazıdır, yaradıcılıqdır. Bircə səsim...
- Daim sözlə çalışan, danışan və dinləyən adam üçün çətindir. Xüsusən də Zəlimxan Yaqub kimi daim gur-gur gurlayan şair üçün...
- Hə, əziyyət çəkirəm...
- Şair, adətən, belə sualları vermək mənim üçün çətin olur. Amma həyatdır da, bizim də peşəmizi allah kəsməsin, məcburuq, üzrlü bilin, bir şey soruşum.
- Buyur, buyur.
- Xəstəliklə bağlı soruşacağam. Ölüm qorxusu yoxdur ki? Yoxsa bu təhlükə artıq sizin üçün adiləşib?
- Bu suala cavab vermək indi mənim üçün çox çətindir. Bilmirəm, ölüm sabahdırmı, on gündən sonradımı, iyirmi gündən sonradımı, bir saatdan sonradımı... Onu bilmək olmaz. Amma mən bunu tam səmimiyyətlə deyirəm, ölümdən qorxmağa dəyməz. Hamı öləcək. Amma kişi kimi yaşamaq, bütün insanları ürəklə salamlamaq, ürəklə qarşılayıb yola salmaq, gözəl yaradıcılıq qoyub getmək mənim müqəddəs borcumdur.
- Xəstəliklə bağlı həyata və ya yaradıcılığa baxışınızda nəsə dəyişibmi? Yoxsa elə hər şey əvvəlki qaydadır?
- Hər şey əvvəlki qaydasındadır. Xəstəliyin yaradıcılığa heç bir təsiri yoxdur. Çünki yaradıcılıq mənim ruhumdadır, ürəyimdədir, içimdə, daxili dünyamdadır. Onu heç nə mənim əlimdən ala bilməz. Ölümdən başqa...
- Həmişə deyirsiniz ki, söz adamını heç nə yıxa bilməz. Bəs sözün özü necə, söz adamını yıxa bilərmi?
- Əlbəttə, yıxa bilər.
- Hansı söz yıxa bilər, necə yıxa bilər?
- Bu suallara mən cavab verə bilmərəm. Buna yalnız Allahın özü cavab verə bilər.
- Son müsahibələrinizdə deyirsiniz ki, sazla küsülüyük. Kim kimdən küsüb – sazmı sizdən, sizmi sazdan?
- Elə ikimiz də bir-birimizdən küsmüşük.
- Niyə?
- Çünki istədiyim kimi ifa edə bilmirəm.
- Yenə müsahibələrinizə istinad edəcəyəm. Deyrisiniz ki, İsa Hüseynovu heç kəs mənim kimi tanımırdı. Bəs sizi ən yaxşı kim tanıyır?
- İsa Hüseynov...
- Bəs, həyatda olanlardan kim daha yaxşı tanıyır Zəlimxan Yaqubu?
- Hamı. Bütün xalq. Bu mənada heç kəsdən şikayətim yoxdur. Xalqım məni yaxşı tanıyır.
- Bizim redaksiyada sizin bir şeirinizi tez-tez təkrar edirlər...
- Hansını..?
- Şəhər dünyasıdı…
gündə meydana
ağıllısı çıxır,
dəlisi çıxır.
Hərənin bir cürə
nəfəs kəsəni,
Hərənin bir cürə
zəlisi çıxır.
Hamı bu şəhərə
dipdiri gəlir,
Hamının şəhərdən
ölüsü çıxır.
- Hə. (Şeiri özünün xırıltılı, zorla eşidilən səsi ilə təkrar edir, pauza yaranır... Dəqiq ayırd edə bilmirəm, nəsə deyir, amma mənə elə gəlir ki, “mənimlə də belə oldu” – R.N. )... Təbiət, təbiət, təbiət...
- Yolunu gözlədiyiniz, amma gəlib çıxmaq bilməyən adamlar varmı?
- Çox adam var. Gəlməyənləri də var, gələnlər də. Gəlməyənlərdən də incimirəm. Gələnlər də məni narahat etmirlər. Gələn də sağ olsun, gəlməyən də...
- “Namərd” çıxan bədənə sözünüz var?
- Çox sözüm var. Çox şeylər var... Mən belə deyildim. Çox sağlam idim, çox ötkəm, çox möhkəm idim. Amma təəssüflər olsun ki, bədən naxələf çıxdı. Ruh sağlamdı, yerindədi. Sizi yola salacağam, yenə yaradıcılıqla məşğul olacağam. Elə siz gələndə də mən yazırdım. Amma bədənimdən çox narahatam, narazıyam. Namərdlik elədi. Belə olmamalıydı. Mən həmişə xəstəliyə meydan oxumuşam...
- Dekabrda müayinə üçün Almaniyaya gedəcəksiniz. Bu səfərdən nə gözləyirsiniz?
- Yaxşılığa doğru nə varsa, hər şeyi.
- Böyrək dəyişmə əməliyyatının aparılması mümkündür?
- Yox, hələ ki, yox...
- Ən çox nə üçün darıxırsınız?
- Kəndimiz üçün darıxıram. Çox darıxıram. Sonuncu dəfə orada keçən yay olmuşam. Bilirsən, ən çox nədən ötrü darıxıram? Dibinin daşlarını saymaq mümkün olan duru bulaqlar üçün...
- İnşallah, yayda gedərsiniz. İndi onsuz da soyuqdur.
- Hə, soyuqdur...
- Oxucularınıza nə demək istəyirsiniz?
- Oxuculara güclü təfəkkür, istedad, mütaliə, müşahidə, ən sonda və ən əsası isə, sağlamlıq arzulayıram. Çünki dünyada sağlam candan gözəl heç nə yoxdur...
- Başqa nəsə demək istəyirsiniz?
- Elçin ( fotoqrafımıza işarə edir - R.N.) mənə söz verib, şəkilləri mənə çatdıracaq... Uşaqların hamısına salam deyin... Bağışlayın ki, sizi layiqincə qarşılaya bilmədim.
- Siz bağışlayın ki, nasaz vaxtınızda sizi xeyli narahat etdik.
- Qətiyyən. Çox sağ olun ki, gəldiniz.
-Allah şəfa versin. Dekabrda görüşənədək.
- Sağ olun.
FOTOLAR Elçin Muradındır