Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov 2015-ci il il dövlət büdcəsi ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Vahid müəllim, gələn ilin büdəcsi ilə bağlı hansısa narahatlıq varmı?
- 2015-cü ilin dövlət büdcəsi normal, sosialyönümlü büdcədir. Büdcənin 19 milyard gəlir, 21 milyarda yaxın xərc nəzərdə tutulub. Büdcənin 21 faizi sosial, 32 faizi investisiya layihələrinə yönəlib. Büdcədə əsas dəyişiklik neftin dünya bazarında ucuzlaşması fonunda baş verənlərdir. Çünki neftin qiymətinin büdcədəki təsiri 14 faizdir. Bu isə təxminən 2 milyard dollar zərər deməkdir. 10 dollar neftin qiymətindəki fərq 250 milyon dollarlıq fərq deməkdir. Bu elə də böyük rəqəm deyil. Büdcənin 67 faizi neft gəlirindən formalaşır. Dövlət Neft Fondundan 10,3 milyard manatlıq transfer olacaq. Nəticədə Neft Fondunun büdcədə payı ötən ilki 50 faizdən 2015-ci ildə 53,5 faizə yüksələcək.
Amma əlbəttə ki, dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycan İqtisadiyyatına, Neft Fondunun gəlirlərinə təsir göstərəcək. Hesab edirəm ki, Azərbaycan dövlət büdcəsində əsas problem xərclənmə ilə bağlıdır. Yəni büdcənin xərc hissəsinə nəzarət gücləndirilməlidir, şəffaflıq təmin olunmalıdır. 6 milyarda yaxın investisiya layihələrinə pul ayrılıb. Mən parlamentdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifovdan xahiş etdim ki, həmin pulların şəffaf xərclənməsinə nəzarət gücləndirilsin. Kiçik layihələrlə yanaşı, böyük layihələrin də icra vəziyyəti öyrənilməlidir. Düşünürəm ki, böyük layihələrə dövlət nəzarəti zəifdir. Müəllimlərin, həkimlərin maaşları ilə bağlı məsələlərə toxunduq. İpoteka kreditləşməsi məsələsini qaldırdıq. Qeyd etdim ki, təkcə Bakı şəhərində ipoteka kreditləşməsi məsələsinə deyil, hökumətin sosialyönlü mənzillər tikməsi, rayonlarda evsiz insanlara dəstək göstərilməsi vacibdir. Hesab edirəm ki, 2015-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı ciddi problem yaranmayacaq. Amma neftin qiymətinin düşməsinin Azərbaycanın gəlirlərinə mənfi təsir göstərəcəyi qaçılmazdır.
- Parlamentdə büdcə müzakirələri zamanı qeyd olundu ki, bəzi sahələrə çəkilən xərclər effekt vermir. Nümunə olaraq AMEA-a göstərildi. Elm sahəsinə ayrılan pulların niyə nəticəsi yoxdur?
- Elmə xərclənən pullar effekt vermirsə, bu o demək deyil ki, AMEA bağlanmalıdır. Elm elə sahədir ki, nəticə üçün on illərlə vaxt lazım olur. Elmə hər zaman dəstək göstərilməlidir. Maliyyə naziri bununla bağlı heç bir problem görmür. Əksinə, deyir ki, AMEA konkret layihələrlə çıxış etsin və hökumət də həmin layihələri maliyyələşdirsin.
- Silahlıq qüvvələrə ayrılan xərclər bu il də artırıldı. Bu, hansı zərurətdən doğur?
- Azərbaycan silahlı qüvvələrinə 1.7 milyard, hüquq mühafizə orqanlarına isə ümumilikdə 3.2 milyard manat ayrılıb. Bəli, bu böyük vəsaitdir. Azərbaycan ordusuna dəstək hər il artırılmalıdır. Ordumuz müasir silahlarla təmin edilməli, hərbçilərimizin sosial təminatı gücləndirilməlidir. Mən həmişə demişəm ki, Qarabağ münaqişəsinin həlli hərbi qüdrətimizin artırılmasından keçir. Bu yöndə fəaliyyətimiz davam etdirilməlidir. Dövlət başçısı səviyyəsində ordumuza diqqət həmişə olub və 2015-ci ilin büdcəsində bu bir daha öz təsdiqini tapdı. Biz yüksək səviyyəli ordu qurmalıyıq ki, torpaqlarımızı düşməndən azad edək.
- Azərbaycan dövləti üçün investisiya layihələrinin maliyyələşdirilməsinin prioritet olmasını nə ilə izah etmək olar?
- İnvestisiya layihələrinə 6.8 milyard manat vəsait ayrılıb. Büdcədə ən böyük paya malikdir, bu sektor. Hökumət bunu ölkədə aparılan tikinti-abadlıq işlərinin çoxluğu ilə əsaslandırır. Əsas məsələ vəsaitin xərclənməsində şəffaflığın təmin olunmasıdır. Burada elə bir problem görmürəm. Amma mən hesab edirəm ki, investisiya layihələri ilə yanaşı müəllimlərin, həkimlərin maaşı da diqqətdə saxlanmalıdır. Həkim və müəllimlərin maliyyə durumu çox ağırdır. Bu məsələ həllini tapmalıdır. Bir də mənzil proqramı hazırlanmalıdır. Mən Qarabağ əlillərilə bağlı məsələ qaldırdım. Ümumiyyətlə, həlli vacib olan məsələlər çoxdur. İnanıram ki, cənab prezidentin dediyi kimi, 2018-ci ilə qədər Azərbaycanda bütün sosial problemlər öz həllini tapacaq.
- Parlamentdəki çıxışınızda "bizə dərs keçməsinlər, neftin qiyməti 80 dollar olsa da, büdcə üçün heç bir risk yoxdu" dediz. Sizin çıxışınız iqtisadçı Rövşən Ağayev tərəfindən narazılıqla qarşılanıb...
- Neftin qiyməti 90 dollardan götürüləndə büdcəyə 2 milyard manat az pul daxil olacaq. 80 dollar olacağı təqdirdə bu vəsait 2.5 milyard dollar edir. Neft Fondundan büdcəyə 10.3 milyard manat transfer olunur. Rövşən Ağayev ağzına gələni danışmaqla deyil axı. Mən hesab edirəm ki, neftin büdcədəki qiymətini 80 dollardan götürsək daha yaxşıdır. İnvestisiya layihələrinə müəyyən qədər əl gəzdirmək olar. Neftin qiyməti 80 dollardan götürülsə və investisiya xərclərinə əl gəzdirilsə, digər sahələr üzrə xərcləmələrdə azalmalar olmayacaq. Amma hökumət hesab edir ki, neftin qiyməti 90 dollardan aşağı düşməyəcək. Onların da müəyyən əlaqələri, məlumatları var. Amma mən düşünürəm ki, 2015-ci ildə büdcədə neftin qiymətində müəyyən problemlər yarana bilər. OPEK dekabr ayında neftin qiyməti ilə bağlı qərar verəcək. Məndə olan məlumata görə, OPEK neftin qiymətini dəyişmək istəmir. Amma Rusiyaya olan təzyiqlər, sanksiyalar neftin qiymətinə təsirsiz ötüşmür və proses gələcəkdə də davam edəcək. Amerikanın, Avropanın Rusiyaya qarşı apardığı siyasətdən Azərbaycan iqtisadi baxımdan zərər çəkəcək. Hesab edirəm ki, gələn il Azərbaycan neftinin qiyməti 85 dollardan yuxarı olmayacaq. Azərbaycanın 53 milyard manatlıq təhlükəsizlik yastığımız var. Problem yarananda oradan bir-iki milyard götürüb, xərcləyə bilərik.
- Necə hesab edirsiniz, bu qədər tənqiddən sonra gələn il kredit faizləri aşağı düşəcəkmi?
- Bankların faiz siyasətini hər kəs tənqid edir, amma nəticə yoxdur. Banklar kredit faizlərini aşağı salmaq əvəzinə əmanət faizlərini aşağı saldılar və bununla da öz gəlirlərini artırıb, istehlakçıları, əmanətçiləri çətin durumda buraxdılar. Kreditləri qaytara bilməyənlərin mənzilləri, digər əmlakları əllərindən alınır. Parlamentdəki çıxışlarımda dəfələrlə bu problemləri qabartmışam, amma hələ ki, fayda yoxdur. Banklarla bağlı xüsusi iclaslar keçirilməlidir və bank rəhbərləri iclaslara çağırılmalıdır. Görək, bu sahədə vəziyyət niyə düzəlmir.
Ruslan Xəlil