26 Noyabr 2014 12:57
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: "Müsəlman ölkəsi olan Azərbaycanın inkişafında maraqlı deyillər"

Ötən həftə Gürcüstanın Batumi şəhərində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun sayca 6-cı toplantısında Azərbaycanla bağlı yol verilən təxribat müzakirə olunmaqdadır. Sərginin keçirildiyi "Radisson" hotelinin müvafiq zalının girişində Azərbaycanda guya insan haqlarının pozulmasını özündə əks etdirən sərgi nümayiş etdirilib. Azərbaycan nümayəndə heyəti haqlı olaraq buna etiraz etdikdə sərgini Çexiyada qeydiyyatdan keçmiş "People in Need" təşkilatınınhəyata keçirildiyi məlum olub. Bu məsələ Azərbaycanda da ciddi müzakirə mövzusuna çevrilib. Xüsusən, bu təşkilatın ermənipərəst mövqeyi ictimaiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Teleqraf.com məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun mövqeyini öyrənib.

- Sərdar bəy, yəqin ki, ötən həftə Batumidə keçirilən forumda Azərbaycanla bağlı yol verilən təxribatdan xəbərdarsız. Məsələ ilə bağlı mövqeyiniz nədən ibarətdir?
- Azərbaycanla bağlı xarici ölkələrdə belə aksiyalar ilk dəfə deyil ki, keçirilir. Sonuncu hadisə nədənsə gündəmdə saxlanılır. Azərbaycan BMT-yə üzv olarkən onun insan haqları konvensiyasına qoşulub. Eyni zamanda ATƏT və Avropa Şurasının könüllü üzvü olaraq üzərimizə öhdəliklər götürmüşük. Bu gün demokratiya heç bir ölkənin daxili işi deyil. Azərbaycandan olan QHT Çexiyada insan haqlarının durumu ilə bağlı məsələ qaldıra bilər. Necə ki, Eynulla Fətullayev Almaniyada insan haqlarının pozulması ilə bağlı araşdırma aparıb. Ancaq Azərbaycana qarşı qərəz, qısqanclıq var. Həm də dünyada xristian həmrəyliyi mövcuddur.

Biz onlara hüquqi baxımdan heç bir irad tuta bilmərik. Görünür, həmin təşkilat nədənsə Azərbaycanda demokratiya məsələsinə çox həssas yanaşır. Bizim də təşkilatlar Çexiyadakı durumu diqqətə çatdıra bilərdilər.

- "People in Need" təşkilatı Dağlıq Qarabağ məsələsində daim Ermənistana dəstək verib. Sizcə, bu, təşkilatın qərəzli olmasından xəbər vermir?
- Gəlin, məsələləri bir-birinə qarışdırmayaq. İnsan haqları və Dağlıq Qarabağ münaqişəsi başqa-başqa məsələlərdir. İkinci ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Əgər "People in Need" təşkilatı Dağlıq Qarabağ məsələsində səhv yoldadırsa, onu tənqid etməliyik. Tanımadığım "People in Need" təşkilatının yanlış mövqeyini inkar etməliyik. Dünyada xristian həmrəyliyi deyilən bir şey var və həmin düşüncədə olanlar müsəlman ölkəsi olan Azərbaycanın inkişafında maraqlı deyillər.

- Azərbaycanın 1 milyondan artıq qaçqını var, 20 faiz torpağımız işğal altındadır, amma beynəlxalq təşkilatlar bunu görməzlikdən gəlirlər...
- 20 ildir ki, Minsk Qrupu formal olsa da, münaqişənin həllilə məşğul olur. Azərbaycanın 1 milyona qədər qaçqınının, torpaqlarımızın 20 faizinin işğalda olduğunu beynəlxalq təşkilatlar etiraf edirlər. Eyni zamanda hər kəs də bilir ki, münaqişənin həlli Rusiyadan asılıdır. Biz Qarabağ məsələsində mövqeyimizi gücləndirmək istəyiriksə, demokratik islahatları daha da sürətləndirməliyik. Ermənilər istəmirlər ki, Azərbaycanda demokratik islahatlar həyata keçirilsin.

Ayxan


Müəllif:

Oxşar xəbərlər