26 Noyabr 2014 23:05
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fazil Mustafa: “Onlar “hamamın yanında yaşayıb təmiz qalanlardandır””

“Mən əsasən iki istiqamətdə çalışmalarımı ortaya qoydum. Bunun birincisi “Azərbaycan türkünün iman davası kitabı” idi. Bu kitab Azərbaycanda yanlış din şüuruna qarşı olan yanaşmadır. İndi isə “Azərbaycanda türk kimliyi və saxta tarix problemi” kitabı ölkəmizdə yanlış tarix şüuruna qarşı olan bir mövqedir. Bütövlükdə Azərbaycanda qədim dövlətlərin - Manna, Midiya, Atropatena, Albaniyanın azərbaycanlılaşdırılmasının heç bir mənasının olmadığı, Albaniyanın etnik baxımdan bağının doğru təyin edilmədiyi qeyd edilib və digər məsələlərə obyektiv yanaşma irəli sürülüb”.

Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili, BQP sədri Fazil Mustafa bildirib. Müsahibəni təqdim edirik:

  • Fazil bəy, Türkiyə-Ermənistan sərhədlərinin açılması, habelə qardaş ölkənin xarici siyasət kursunda dəyişikliyin ola biləcəyi ehtimalı haqqında fikirlər səslənir. Bunu nə dərəcədə mümkün hesab edirsiniz?
  • Bu, haqlı narazılıq və narahatlıqdır. Çünki bu məsələ ortaya çıxanda Türkiyə qardaş ölkə olaraq Azərbaycanla məsləhətləşərək addımlar atmalı, həssas məsələ olduğunu nəzərə almalıdır. Əgər Türkiyə fərqli addım atırsa, təbii ki, Azərbaycanda müstəqil şəkildə öz mövqeyini ortaya qoymalıdır. Ona görə də, məsələnin bu formada təqdimatı, erməni şəxsin baş danışman təyin olunması, habelə ermənilərin fəallaşması göstərir ki, Türkiyə yeni siyasət izləmək mövqeyindədir. Bu da təbii olaraq Azərbaycanda müəyyən qədər narahatlıq yaradır. Amma bu narazılıqdan istifadə edərək vəziyyəti Türkiyəyə qarşı qaralama kampaniyasına çevirməyə ehtiyac yoxdur. Gözlənək lazımdır. Əgər həqiqətən də, xoş olmayan niyyət varsa, buna yönəlik sərt mövqeləri açıqlamaq olar. Amma indiki şərtlərdə bu mövzuda açıqlamalar verməyi məqbul hesab etmirəm.

  • Ancaq bir neçə gün əvvəl HrantDink Fondunun təşəbbüsü ilə toplantı keçirilib, toplantıya Ermənistandan, Avropa ölkələrindən qonaqlar dəvət olunsa da, Bakıdan heç kəs dəvət almayıb, üstəlik də müzakirələr əsasən Möhürlü Qapı mövzusunda Türkiyə-Ermənistan sərhəd qapısının açılması ətrafında aparılıb...
  • Azərbaycandan ora kiminsə dəvət edilməməsi başa düşüləndir. Hər halda bunu nəzərdə tutulan tədbirin baş tutması məqsədilə edildiyi şübhə doğurmur. Orada niyyət Azərbaycanın iradəsini nəzərə almadan bu işi görmək olub. Başqa cür qiymətləndirmək də olmaz. Ancaq biz düşünməliyik ki, əgər belə bir məsələ reallığa yaxınlaşsa, hansı addım ataq. Hər halda belə durumda biz məsələyə sərt reaksiyamızı göstərməliyik.

  • Saxta soyqırımınınyüz illiyi ərəfəsində qardaş Türkiyə ənənəvi siyasətindən kənarda fərqli addımlar ata bilərmi?
  • Ata bilər. Bu,hansısa sərhəd qapısının açılması ilə bağlı deyil, daha çox Türkiyənin özünə qarşı ola biləcək təzyiqləri yumşaltmaq üçün göstərəcəyi manevrlər ola bilər. Bunu başqa cür qiymətləndirmək mümkün deyil. İndiki şərtlər daxilində Azərbaycanla münasibətləri pozmaq Türkiyənin maraqlarına uyğun deyil.

  • Bu manevrlərlə Türkiyə gözlədiyi basqılardan yayına bilərmi?
  • Yox. Türkiyə bu manevrləri bir neçə dəfə sınaqdan çıxardı. Ancaq uğurlu variant olmadı. Türkiyə hücum xətti götürəndə bu daha məqbul oldu, xeyrinə işlədi. Odur ki, indi Türkiyənin basqılardan yayınmaq üçün manevrlər xətti götürməsini heç də uğurlu kurs hesab etmirəm. Amma biz Türkiyəni də öyrədə bilmərik ki, bizim dediyimiz daha doğrudur, sənin düşündüyün səhvdir. Hər halda Türkiyənin də məsələyə özünəməxsus yanaşması var. Mənsə, bunu uğurlu hesab etmirəm.

  • Prezident Ərdoğan elan etdi ki, qadın və kişi eyni səviyyədə ola bilməz. Bu fikirləri bölüşürsünüzmü?
  • Qadın və kişi bərabərliyi məsələsi hansı konteksdən deyilməsindən asılıdır. Mən bilmirəm ki, prezident Ərdoğan bunu hansı konteksdə deyib.

  • İslam-din konteksində...
  • Dini nöqteyi-nəzərdən bu belədir. Elə fizioloji baxımdan da bu belədir. Amma hüquq baxımından kişi qadından heç vaxt üstün deyil, əksinə hər ikisi bərabərdir. Hüquqda elə sahələr var ki, orada qadının işləməsi qanunla qadağan olunub. Çünki qadının fizioloji xüsusiyyətləri buna uyğun deyil. Odur ki, fizioloji, bioloji bərabərlik baxımdan dində də, təbiətdə də açıq izahlar var. Lakin hüquq məsələsində qadın və kişi arasında bərabərliyi pozan çağırış yoxdur.

  • Son zamanlar yeni kitablarınızın çapa verildiyi haqda məlumatlar var. Kitablarınız hansı mövzuları əhatə edir?
  • Bu kitab Azərbaycan tarixinə yeni baxış metodologiyasını təqdim edir. “Azərbaycanda türk kimliyi və saxta tarix problemi” kitabı çap edilib. İkinci kitab bu günlərdə nəşr ediləcək. Kitabın adı “Bütöv azərbaycanlı axtarışı”dır. Bu kitab əsasən məqalələr toplusudur, ictimai-siyasi mövzulara burada toxunulub. “Azərbaycanda türk kimliyi və saxta tarix problemi” kitabında biz tarixçilərimizin tarixə yanaşmasının yanlış olduğunu göstərən və Azərbaycan tarixinin saxta bir təməl üzrə qurulduğunun, habelə bunu dəyişməli olduğumuzu, tarixin həddən ziyadə süni sürətdə qədimləşməsinin Azərbaycana ziyan etdiyini, bunun daha çox irançı dünyagörüşün güclənməsinə səbəb olduğunu ifadə etmişik. Ümid edirəm ki, oxucular ziddiyyətli sayılacaq bu tip fikirlərə doğru qiymət verə biləcək. Biz bir mənəvi borc olaraq bunu yerinə yetirdik. Mən əsasən iki istiqamətdə çalışmalarımı ortaya qoydum. Bunun birincisi “Azərbaycan türkünün iman davası kitabı” idi. Bu kitab Azərbaycanda yanlış din şüuruna qarşı olan yanaşmadır. İndi isə “Azərbaycanda türk kimliyi və saxta tarix problemi” kitabı ölkəmizdə yanlış tarix şüuruna qarşı olan bir mövqedir. Bütövlükdə Azərbaycanda qədim dövlətlərin-Manna, Midiya, Atropatena, Albaniyanın azərbaycanlılaşdırılmasının heç bir mənasının olmadığı, Albaniyanın etnik baxımdan bağının doğru təyin edilmədiyi qeyd edilib və digər məsələlərə obyektiv yanaşma irəli sürülüb. Eləcədə Məhəmməd Əmin Rəsulzadənin tarix anlayışının Azərbaycan üçün doğru və prioritet olduğunu qeyd etmişəm. Artıq kitab satışa buraxılıb. Fikrimcə, insanlar kitabı əldə etdikcə, bu məsələlərə baxışlarımızı obyektiv qiymətləndirəcək.

  • Sizə elə gəlmirmi ki, bu kitabınız ciddi etiraza, mübahisəyə və müzakirəyə səbəb olacaq?
  • Tamamilə haqlısınız. Orada çox mübahisəyə səbəb ola biləcək , ənənəvi yanaşmaları dağıdacaq xeyli məqam var.

  • Fazil bəy, partiya kimi qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı nə düşünürsünüz?
  • Biz artıq bələdiyyə seçkiləri haqqında düşünmürük, prosesə qatılmışıq. Bizim bələdiyyə seçkilərində iştirak etmək niyyətində olan üzvlərimizin sayı 300 nəfərdir. Onlar qeydiyyatdan keçib namizədlik statusu almalıdır. İndi onların neçəsinin qeydiyyatdan keçəcəyi imzatoplama kampaniyasından sonra məlum olacaq. Bundan sonra da seçki prosesi başlayacaq. Biz bu prosesdə aktiv iştirak edirik, rayonların əksəriyyətində namizədlərimiz irəli sürülüb. Bəzi rayonlarda isə tərəfdarlarımız ona görə namizədliklərini irəli sürməyiblər ki, bələdiyyəyə maraq bir qədər azdır. Çünki bələdiyyə institutlarının səlahiyyəti azdır. Bakı üzrə isə bütün bələdiyyələrə namizədlərimiz var. Böyük Quruluş Partiyası bu seçkidə aktiv iştirak edir və bələdiyyə strukturlarında təmsil olunmaq xəttini götürüb.

  • Seçkiyə partiya formatında getmirsiniz?
  • Partiya formatında da gedirik, bəzən üzvlərimiz müstəqil formada da namizədliklərini irəli sürürlər. Onlar bülletenlərində partiyamızın adını qeyd edirlər.

  • Ancaq seçkiyə partiya halında getmək üçün azı bələdiyyə subyektlərinin yarısı üzrə namizəd irəli sürmək tələb olunur...
  • Bizdə partiya özü namizədi irəli sürür. Əgər onu qəbul etmirlərsə, bizim namizədlər müstəqil namizədliyini irəli sürəndə də bülletenlərə partiyanın adını qeyd edir. Biz axı indidən bilmirik ki, bələdiyyələrin yarısı üzrə namizəd irəli sürüb onları qeydiyyata aldıra biləcəyik, ya yox. Bu qeydiyyat mərhələsindən sonra bəlli olacaq. Əgər partiya kimi qeydiyyatdan keçə bilsək, yaxşı olacaq, keçə bilməsək namizədlərimiz müstəqil getsə də, faktiki partiyanın adından çıxış edəcəklər.

  • Nədən partiyalar bu seçkilərdə əməkdaşlıq etməyə üstünlük vermirlər?
  • Bizim heç bir partiya ilə əməkdaşlığımız yoxdur. Seçki prosesində ola bilsin ki, əməkdaşlıq baş verə bilər. Amma indiki mərhələdə əməkdaşlıq yoxdur.

  • Parlamentdən kənar, özünü əsas və real müxalifət elan edən partiyaların seçkilərdə iştirak etməyəcəyi tədricən bəlli olur. Müsavat, AXCP-da yaşanan bu süstlüyü necə qiymətləndirmək olar?
  • Onlar sadəcə “hamamın yanında yaşayıb təmiz qalanlardandır”. Yəni siyasi proseslərdən sanki təmizliyini qorumaqdan başqa heç nə düşünmürlər. Əslində isə hamamın yanında yaşamaq təmizlik mənası vermir. Bu baxımdan çox partiya gözləyir ki, kosmosdan bir demokratik şərait formalaşacaq və bunlara da deyəcəklər ki, möhtərəm ağalar, buyurun seçki prosesinə qatılın. Yəni onlar öz təmizliklərinikirlətməmək üçün proseslərin içinə daxil olmurlar. Amma əslində siyasi prosesləri məhz iştirakla dəyişdirmək mümkündür. Demokratiya uğrunda mübarizə mövcud reallıqlarındəyişməsindən keçir. Bunu edə bilməyən üçün mübarizədən söhbət gedə bilməz.

  • Müsavat Partiyasında baş verən prosesləri izləyirsinizmi?
  • İzləmirəm.

  • Niyə?
  • Partiyanın cəmiyyətə təsir imkanları demək olar ki, yox dərəcəsindədir. Orada alınan qərarın Azərbaycan cəmiyyətində yeni situasiya yaratdığı müşahidə olunmur. Bu səbəbdən də izləmirəm. İkincisi də, başqa partiyanın daxili proseslərinə çox önəm verməyi doğru saymıram. Hərə öz işi ilə məşğul olmalıdır.

  • İsa Qəmbər iddia edir ki, əslində partiya daxilində proses getmir, real proses hakimiyyətlə Müsavat Partiyası arasında gedir...
  • İndi məndə bəyan edə bilərəm ki, Böyük Quruluş Partiyası Azərbaycanın gələcəyində ən böyük partiya olacaq.

  • 2015-ci il dövlət büdcəsi Azərbaycan üçün yaxşı nələrsə vəd edirmi, yoxsa iqtisadçıların dediyi kimi biz gərgin büdcədən danışa bilərik?
  • Şükür ki, Azərbaycanın büdcəsi var, ölkə xaos içində deyil, insanlar azda olsa, maaş ala bilirlər. Bundan artıq nə ola bilər? İndiki şərtlərdə belə vəziyyətdə olmağımız yaxşıdır. Ancaq əlbəttə, həllini tapmayan problemlərvar, bizdə parlamentdə bu haqda mövqeyimizi, etirazımızı bildirmişik, təkliflərimizi irəli sürmüşük. Həm də bizdən fərqli olaraq hökumət büdcəni idarə edəcək. Demək,məsuliyyət də onların üzərində olacaq. Neftin qiymətini də proqnozlaşdırmaq asan deyil. Neftin qiymətini çox aşağı götürəndə də problem ola bilər. Əgər ehtiyac yaranarsa, yenidən toplaşıb büdcədə neftin qiymətini aşağı salmaq olar.

Nemət


Müəllif:

Oxşar xəbərlər