"Çin sanksiyalara dəstək versə, Rusiya çökəcək"
Politoloq Zərdüşt Əlizadə Rusiya ilə Qərb arasında yaşanan son gərginliklə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Zərdüşt bəy, xeyli vaxtdır Rusiya ilə Qərb dövlətləri arasında gərginlik yanaşır. Sizcə, Rusiya Qərbin sanksiyaları qarşısında geri çəkiləcəkmi?
- İran uzun müddət Qərbin sanskiyaları qarşısında duruş gətirdi. Sanksiyalar İran iqtisadiyyatının güclənməsinə, daxili istehsalın artmasına gətirib çıxardı. Rusiyanın sanksiyalardan istifadə edib daxili istehsalı gücləndirəcəyi sual doğurur. Çünki Rusiya əhalisi İran əhalisi deyil. Ruslar yaxşı yaşamağa, firəvan həyat sürməyə alışıblar və çətinliklərə tab gətirməyəcəklər. Hələ ki, əhali Putinin hərbi uğurlarına, qətiyyətli çıxışlarına inanır. Düşünürlər ki, neftin qiymətinin ucuzlaşması, rublun dəyərdən düşməsi müvəqqətidir. 2015-ci ilin ikinci yarısında ruslar real mənzərəni görəcəklər və tədricən etirazlarını artıracaqlar. Qərbin sanksiyalarından təkcə Rusiya deyil, region ölkələri, Azərbaycan və Qərb dövlətlərinin özləri də əziyyət çəkir. Burada itki ilə üzləşməyən ABŞ və Çindir. Çin Rusiyadan aşağı qiymətə neft-qaz alıb enerji ehtiyatlarını artıracaq və ucuz məhsullarını ruslara satacaq. Son məlumatlara görə, Çin iqtisadi istehsal gücünə görə ABŞ-ı qabaqlayır. Rusiya sanksiyaların təsir gücünü azaltmaq üçün Çin, İran, Türkiyə və MDB ölkələri ilə əlaqələrini gücləndirir. Əgər Çin Qərbin sanksiyalarına dəstək versə, o zaman Rusiyanın çöküşü sürətlənəcək. Bu, həm də birqütblü dünya deməkdir.
- Rusiya təkcə neft və qaz ixrac etmir. Yaxın Şərqdə yaşanan durum Rusiya silahına təlabatı artırıb. Sizcə, Kreml qeyri-neft sektorunu inkişaf etdirməklə durumdan çıxa biləcəkmi?
- Rusiyanın silahlarına hələ də təlabat var. Ondan silahları geridə qalmış ölkələr alır. Ərəb, Orta Asiya, Qafqaz ölkələri və s. Qərb dövlətləri, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələr Rusiyadan silah almır. Onun silahları müasir silahlarla ayaqlaşa bilmir. Hətta Rusiyanın özü bir sıra hallarda Avropa ölkələrindən, xüsusilə də Fransadan silahlar, hərbi gəmilər alır. Ukrayna kimi böyük ölkə Rusiyadan silah-sursat alışını dayandırdı. Rusiya Krımı əldə etdi, amma Ukraynanı itirdi. Krım Rusiyaya nə verəcək? Heç nə. Əksinə büdcə xərcləri daha da artacaq. Əhalini iş, maaş və pensiya ilə təmin etmək lazımdır. Bir məsələyə diqqət yetirmək lazımdır ki, Qərb dövlətləri aydan-arı, sudan-duru deyillər. ABŞ Kosovanı işğal etmək üçün Yuqoslaviyanı bombaladı, İngiltərə, Fransa kimi ölkələr də digər torpaqları zəbt etməkdə Rusiyadan geri qalmırlar. Rusiya Suriyaya S-300 raket kompleksi satmışdı. İsrail dünən onu bombaladı və məhv elədi. Vaxtilə Serbiya da Rusiyadan S-300 almışdı. Onu da sıradan çıxardılar. ABŞ istəsə, Suriyanı bir həftəyə darmadağın edər. Görünür, hələ tələsmir və Yaxın Şərqdə gərginliyin saxlanılmasına çalışır. Onun başı Rusiyaya qarışıb. İstər Suriya, istərsə də Rusiyaya qarşı sanksiya məsələsində ABŞ ciddi itkilər vermir. Kənardan durub prosesləri idarə edir. Köhnə silahlarını terrorçulara verib Suriya, İraq hökumətlərinin üzərlərinə qaldırır. Rusiyaya qarşı sanksiya qərarlarını isə beynəlxalq təşkilatlar səviyyəsində verirlər.
- Sanksiyalar müharibə həddinə çatacaqmı?
- Düşünmürəm. Rusiya nüvə dövlətidir. Üçüncü dünya müharibəsi başlasa, bu nüvə müharibəsi olacaq. Krıma görə, heç bir ölkə Rusiyaya qarşı müharibə etməyəcək. Əksinə, gələcəkdə Avropa ölkələri bir-bir Rusiya ilə əlaqələr quracaqlar. Sanksiyalar tədricən yumuşalacaq. Krımı Rusiyadan almaq mümkün olmayacaq. Krım Rusiya üçün müqəddəs, ölüm-dirim məsələsinə çevrilib. Ən yaxşı halda Kreml Ukraynanın şərqində separatçılara dəstəyi dayandıracaq.
- Rusiyaya qarşı sanksiyalar Azərbaycana necə təsir göstərəcək və rəsmi Bakı sanksiyalara dəstək verməlidirmi?
- Rusiyaya qarşı sanksiyalar artıq öz təsirini göstərir. Rusiyada işləyən soydaşlarımızın gəlirləri azalıb və onlar indi ölkəyə daha az pul göndərirlər. Qeyri-rəsmi məlumatlara görə, Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır, çalışır. Əksəriyyəti ailə başçılarıdır. Onların bura göndərdiyi pulla 5-6 nəfərlik ailə dolanır. Deməli, sanksiyalar təkcə 2 milyon azərbaycanlıya deyil, həm də onların ailələrinə təsir göstərir. Rusiyada rubl dəyərdən düşür. Azərbaycan məhsullarını Rusiyada satmaq çətinləşib. Həmin məhsulları Bakıda satmaq daha sərfəlidir, nəinki Moskvada. Azərbaycanın sanksiyalara qoşulmasına gəlincə, bu, gülünc söhbətdir. Türkiyə kimi NATO üzvü olan ölkə sanksiyalara qoşulmur. Rusiya ilə normal münasibət qururlar, iqtisadi əlaqələri gücləndirirlər və s. Azərbaycan sanksiyalara niyə qoşulmalıdır? Qərb Azərbaycana nə vəd edir? Qarabağı qaytaracaqlar? Azərbaycan öz yolunu getməlidir. Təhsil, səhiyyə xidmətləri, iqtisadiyyat gücləndirilməlidir.
Ayxan