Məlahət İbrahimqızı: “Həmin ərəfədə Heydər Əliyev Naxçıvanda Azərbaycanın üçrəngli bayrağını qaldırdı”
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı mərhum Prezident Heydər Əliyevin anım günündə onunla bağlı xatirələrini bölüşüb. Millət vəkili Heydər Əliyevlə şəxsi görüşündən, onun Azərbaycan xalqının taleyindəki rolundan, qadınların önə çəkilməsində xidmətlərindən danışıb.
- Məlahət xanım, mərhum Heydər Əliyevlə bağlı xatirələrinizi bilmək istərdik. Onun xalqımızın taleyindəki rolu barədə nə deyə bilərsiniz?
- Ulu Öndər haqqında saatlarla danışa bilərəm. Çünki bugünkü nəsil onun müasiri olub. Biz onun kimi böyük şəxsiyyətin zamanında yaşamışıq, onun dövründə çalışmışıq. Ümummilli liderimizin xidmətləri çox böyükdür. O, Azərbaycanın bugünkü müstəqilliyinə qarant verib, çağdaş dövlətimizi qurub. Dünyada 5 mindən çox millət var. Amma cəmi 200-yə yaxın dövlət var. Bu qədər millətlər, xalqlar, etnik qruplar, milli azlıqlar ola-ola onlardan ancaq 200-nün dövləti var. XX əsrin sonu, XXI əsrin əvvəlində dünyada baş verən qlobal kataklizmlər, dünyada mövcud olan təbii resursların paylanması, Ukrayna, Orta Doğuda baş verənlər bir daha göstərir ki, artıq bir qrup qüvvələr dünya xəritəsinin yenidən bölüşdürülməsi iddiasındadır. Heydər Əliyev böyük şəxsiyyət, uzaqgörən siyasətçi, müdrik diplomat kimi bunu görürdü. Ona görə bilirdi ki, Azərbaycanda müstəqilliyimizə qarant olacaq, dövlətçiliyimizi yaşadacaq siyasət qurulmalıdır. Müstəqilliyin yaşadılmasının qarantı Ulu Öndərimizin siyasəti olub. Onun bu gün Azərbaycan xalqına əbədi müstəqilliyi olan bir dövlət qurub bağışlaması da 1918-ci ildə Cümhuriyyət quran dövlət adamlarımızın da ruhunu şad edib.
- Heydər Əliyevin hakimiyyətə gəlməsinin müasir tariximizdə əhəmiyyəti nədən ibarətdir?
- 1991-ci ildə SSRİ dağılanda Azərbaycan da müstəqilliyini əldə etdi. Amma az sonra müstəqilliyimiz, torpaqlar əldən gedir, daxili savaş baş verirdi. Bütün sahələrdə tənəzzül idi, vətəndaş müharibəsinin başlaması təhlükəsi vardı. Eyni zamanda, 20 Yanvar, Xocalı faciəsi yaşamış Azərbaycan xalqında müstəqilliyin sabahına ümidsizlik vardı. Amma Ulu Öndərimizin Ali Məclisə sədrliyi dönəmində Naxçıvanda onun rəhbərliyi ilə həyata keçirilən milli strategiyalar, layihələr Bakıda və Azərbaycanın digər bölgələrində olan insanları müstəqilliyə qovuşmağa daha da sövq edirdi. 1992-ci ildə təsadüfən ölkə rəhbərliyinə gəlmiş adamlar SSRİ-i dağılsa da, referendum keçirib Azərbaycanı yenidən Rusiyaya birləşdirmək istəyirdilər. Adam bu barədə fikirləşəndə özlüyündə düşünür ki, bunu azərbaycanlılarmı edirdi? Ovaxtkı rəhbərlik milli insanlar idimi? Heç bir milli qüvvə bunu eləməzdi. Çünki SSRİ dağılmışdı, hər kəs müstəqilliyə qovuşmuşdu, Azərbaycan rəhbərliyi isə deyirdi ki, referendum keçirib yenə gedib başımızı Rusiyanın boyunduruğuna verək, onun müstəmləkəsi olaq. Amma həmin ərəfədə Ulu Öndərimiz Naxçıvanda Azərbaycanın üçrəngli bayrağını qaldırdı, himnimizi Naxçıvanın himni kimi təsdiqlədi. Müstəqilliyin atributlarını Ali Məclisdə tətbiq edib insanlara bağışladı. O vaxt Naxçıvan blokadada idi. Həm Ermənistan, həm də ovaxtkı rəhbərliyin böyük şəxsiyyət Heydər Əliyevə qarşı olan kin-küdurəti, düşmən mövqeyi ilə bağlı idi. Ulu Öndər Bakıya buraxılmadı. Azərbaycanı quran bir insanın evi də yox idi. Bakıda qalması təhlükəli idi. Ona görə də Ulu Öndərimiz Naxçıvana getdi. Onun Naxçıvanda gördüyü işlər hər kəsin qorxu xofunu sındırdı. 20 Yanvar, Xocalı faciəsi yaşamasına baxmayaraq insanlarda azadlığa, müstəqilliyə qovuşmaq sevgisi artdı. Ölkədə komendant saatı olsa da, hər kəs müstəqillik üçün mübarizə aparırdı. Xalq Heydər Əliyev deyib, onu rəhbərliyə dəvət edirdi. Heydər Əliyevin tək Azərbaycan çərçivəsində deyil, bölgənin əmin-amanlığına, təhlükəsizliyinin, sabitliyinin qorunmasına böyük xidmətləri oldu. Bakı-Tbilisi-Ceyhan layihəsi, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Gürcüstanın da vəziyyəti çox ağır olardı. Cənubi Qafqaz asan bölgə deyildi. Ukraynada böhranın idarə olunması ilə bağlı dünyanın bütün strateqləri, politoloqları, fikir adamları, düşüncə mərkəzləri bir araya gəlir. Həm Orta Doğudakı, həm də Ukraynadakı böhranı həll etmək yolunda çalışırlar ki, bir balaca emosiyadan, təhlükəsizlikdən dünya müharibəsinin qalxmaq təhlükəsi var. Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz çox ağır vəziyyətdə idi. O zaman Abxaziya, Osetiyada, Şimali Qafqazda, Çeçenistanda baş verənlər, Azərbaycana qarşı təcavüzkarlıq siyasəti, Ermənistanın türk xalqının qədim dədə-baba yurdu olan Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlının deportasiya olunması prosesi gedirdi. Belə bir vəziyyətdə Heydər Əliyev hakimiyyətə gəldi. Onun xidmətlərini Azərbaycan çərçivəsində qiymətləndirmək ədalətsizlik olardı. Ulu Öndərimiz Avropa məkanı üçün böyük xidmətləri olan bir insandır. Avropa məkanında enerji təhlükəsizliyində həlledici rollardan biri olan enerji layihələri həyata keçirdi. Heydər Əliyev “bir millət, iki dövlət” dedi, Türkiyə ilə Azərbaycanı dəmir tellərlə, Bakı-Tbilisi-Ərzurumla bağladı. O doğrudan da, dünya lideridir. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin fundamenti o zaman qoyulmuşdu.
- Heydər Əliyevin xalq qarşısındakı xidmətlərindən biri də möhkəm təməllər üzərində qurulan dövlətin inkişaf siyasətinin davam etdirilməsi ilə bağlı siyasi varis yetişdirmək oldu. Bu gün Heydər Əliyev siyasi kursunun həyata keçirilməsi haqqında nə söyləyə bilərsiniz?
- Heydər Əliyevin böyüklüyünün bir cəhəti də odur ki, özündən sonra siyasi varisi müəyyənləşdirdi. Bu gün xarizmatik, xalqı birləşdirən lider olmasa, o millətin taleyi bugünkü çağdaş dünyada mövcud deyil. Baxın, Ukraynada lider yoxdur, millət paramparça oldu. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev də Ulu Öndərimizin siyasətini çox yüksək səviyyədə həyata keçirir və onun nəticəsidir ki, ölkəmizdə qlobal layihələr reallaşır. Bakı və bölgələrimizin siması daha da gözəlləşib, Azərbaycan ən gözəl inkişaf etmiş ölkələr cərgəsinə gəlib çatıb.
- Heydər Əliyevlə görüşünüz olubmu?
- Əlbəttə, mən Ulu Öndərimizlə dəfələrlə görüşmüşəm. O vaxt qadın hərəkatında iştirak edirdim. “Sevil” Qadınlar Məclisinin Nizami rayon şöbəsinin sədri idim. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılanda Ulu Öndərimiz o vaxt prezident idi və məni də komitə sədrinin I müavini təyin elədi. Təyinatdan sonra onun qəbulunda oldum, 40 dəqiqə təkbətək söhbət elədik. Heydər Əliyevlə dəfələrlə təmasda olmuşam.
- Qadınların ictimai-siyasi həyatda aktiv rol almasında xidmətləri barədə düşüncələriniz necədir?
- Bu gün dünyanın çox az sayılan ölkələrində qadınlara dövlət siyasətində belə bir diqqət və qayğı var. O çətin dövrə baxmayaraq 1998-ci ildə Ulu Öndərimiz qadın problemlərinin həlli üçün institusional mexanizm yaratdı, yüksək səviyyəli fərman və sərəncamlar imzaladı. 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında fərmanı BMT-nin xəttində bütün dünya ölkələrinə tərcümə olunub paylandı. Həmin fərman insan haqları və azadlıqları uğrunda ən ali sənədlərdən biri kimi elan olundu. Ümummilli liderimiz dövlət qadın siyasətini formalaşdırdı, qadınların önə çəkilməsində böyük xidmətləri oldu. Bu gün qadınlarımızın əldə etdiyi nailiyyətlərdə onun böyük rolu var. Ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva Azərbaycan xanımları üçün nümunədir, onun fəaliyyəti bizlər üçün məktəbdir. Bütün bunlar müstəqil dövlətimizin banisi Heydər Əliyevin xidmətləri ilə əsaslandırılır.
- YAP xeyli sayda qadın siyasi xadimlər yetişdirib cəmiyyətə təqdim edib. Bu gün Milli Məclisdə də hakim partiya yeganə partiyadır ki, qadın üzvləriylə də təmsil olunur. Bunun səbəbi nədir, bu təşkilatda qadınlara xüsusi şərait və imtiyazlar nəzərdə tutulub, yoxsa hazırkı mənzərə tamamilə real situasiyanın diqtəsidir?
- YAP üzvlərinin 50 faizə qədəri gənclərdir. Eyni zamanda, ümumrespublika göstəricisində 40 faizə yaxın da qadınlar təmsil olunur. Başqa cür ola da bilməz. Qadın siyasəti dövlət siyasətinin tərkibidir. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələn gündən qadın siyasətini dövlət siyasətinin tərkib hissəsi elan elədi və Azərbaycanda qadın problemlərinin həllini institutlaşdırdı. Əlbəttə, iqtidar partiyasının proqramında gender məsələsi hər zaman qorunur. Bu günədək parlamentdə müxalifətdən qadın millət vəkilinin təmsil olunduğunu görməmişəm. Bitərəf olublar, amma əksəriyyət qadınlar YAP-dandır. Bu, bizim dövlət siyasətinin tərkibidir.
Kəmalə