Əli Əliyev: “Növbəti görüşdə partiyaların maliyyələşməsi müzakirə olunacaq”
“Mərkəzdə təmsil olunan bir neçə partiya, eləcə də Mərkəzdən kənarda fəaliyyət göstərən bir neçə siyasi təşkilat prosesə qatılmadı. Başqa cür desək görüş təşəbbüskarlarından kənar qüvvələr də bu prosesdə iştirak edirdi. Ancaq bir daha vurğulamaq istərdim ki, format əsas deyil. Orada aparılan müzakirələr, atmosfer, müzakirə sistemi daha önəmli idi. Mən bu atmosferdən xeyli razıyam və hesab edirəm ki, hər hansı bir şərt daxilində görüşün baş tutmasından asılı olmayaraq, əgər bu davamlı olacaqsa, ölkənin siyasi sisteminin inkişafına və cəmiyyətdəki açılıma nail olmaq mümkün olacaq”.
Bunu Teleqraf.com-a müsahibəsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.
- Əli bəy, ötən həftə hakimiyyət-müxalifət dialoqunda Siz də iştirak etdiniz. Prosesi necə qiymətləndirirsiniz?
- Əvvəla, tədbirin statusu iqtidar-müxalifət görüşü idi. Mən bu görüşü yüksək qiymətləndirirəm. Ehtiyat etdiyim bir sıra məsələlərə görüş zamanı rast gəlmədim. İqtidar təmsilçisi bizi narahat edən bir sıra məsələləri özü söhbət mövzusuna çevirdi. Əgər Prezident Administrasiyasının rəsmisinin səsləndirdiyi fikirlər iqtidarın məsləhətləşib ortaya çıxardığı mövqeyidirsə və sistemli xarakter daşıyacaqsa, bu, ölkənin ümumi siyasi sisteminə müsbət təsir göstərəcək.
- Bundan sonrakı prosesi necə görürsünüz?
- Əli Həsənov öncədən ifadə etdi ki, bu görüşlər sistemli xarakter daşıyacaq. Bu, ilk görüş idi və baş tutdu. Əli Həsənov bunu heç kəsin təklifi olmadan ifadə etdi. Görüşün mətbuatsız hissəsində növbəti görüşün mövzu anonsunu da verdi, təklif etdi ki, partiyaların maliyyələşməsi məsələsinə baxılsın, tərəfləri qane edən layihə hazırlansın. Eləcə də, digər məsələlərə də aydınlıq gətirildi. Bu, müsbət qiymətləndirilməlidir. Bu mövqe davam edərsə, bundan bütövlükdə Azərbaycan dövləti qazanc əldə edər.
- Görüşün formatı Sizi qane etdimi?
- Şəxsən mənim üçün görüşün formatı əsas deyildi. Əsas bu görüşün baş tutması idi. Nəzərə almaq lazımdır ki, son on ildə belə bir görüş keçirilməyib. Son on ildə ilk dəfədir ki, hakim partiyanın kifayət qədər yüksək çinli nümayəndəsi və Azərbaycan dövlət strukturunun rəsmi məmuru olaraq çalışan bir şəxslə müxalifət partiyaları arasında müzakirələrə start verildi. Açıq hiss edilirdi ki, həmin şəxs danışıq aparmaq üçün yüksək mandata sahib idi. Əlbəttə, müxtəlif yanaşmalar mövcuddur. Bildiyiniz kimi, bu görüş Demokratiya və İnsan Haqları Mərkəzinin təşəbbüsü ilə keçirilmişdi. Hətta Mərkəzdə təmsil olunan bir neçə partiya, eləcə də Mərkəzdən kənarda fəaliyyət göstərən bir neçə siyasi təşkilat prosesə qatılmadı. Başqa cür desək görüş təşəbbüskarlarından kənar qüvvələr də bu prosesdə iştirak edirdi. Ancaq bir daha vurğulamaq istərdim ki, format əsas deyil. Orada aparılan müzakirələr, atmosfer, müzakirə sistemi daha önəmli idi. Mən bu atmosferdən xeyli razıyam və hesab edirəm ki, hər hansı bir şərt daxilində görüşün baş tutmasından asılı olmayaraq, əgər bu davamlı olacaqsa, ölkənin siyasi sisteminin inkişafına və cəmiyyətdəki açılıma nail olmaq mümkün olacaq.
- Bu görüşün təşəbbüskarı Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan dörd partiya idi. Siz və daha bir neçə partiya öncədən bu təşəbbüsə dəstək verməmişdiniz. Bəs necə oldu ki, onlara dəstək vermədiniz, ancaq bu prosesdə aktiv iştirak etdiniz?
- İlkin mərhələdə bu görüşün təşəbbüsü və düşünülən forması tamamilə fərqli idi. Biz həmin formada görüşü məqsədəuyğun hesab etmirdik və partiyamız da müraciət etməyənlər sırasında olub. O səbəbdən ki, partiya sədrlərinin qapalı şəkildə yüksək çinli dövlət məmuru ilə görüş keçirməsini məqsədəuyğun hesab etməmişik. Ancaq dörd partiya bütün məsuliyyəti öz üzərinə götürərək müraciət etdi. Ən müsbəti odur ki, hakimiyyət tərəfi bu müraciətə qarşılıq verdi, təşəbbüsə ciddi yanaşdı. Əvvəlki təcrübələrdən fərqli olaraq hakimiyyət tərəfi bu görüşün baş tutması üçün addım atdı və bunda maraqlı göründü.
- Bu Azərbaycanda ilk dəfədirmi ki, üçüncü tərəfin iştirakı olmadan müxalifətdə durduğunu bəyan edən partiyalarla iqtidar partiyası bir masaya oturur, yoxsa əvvəllər belə təcrübə olub?
- Bu görüşün müsbət tərəfi də elə bundan ibarətdir. Mən bunu demək istəmirdim, ancaq ilk dəfədir ki, görünən kənar təsir olmadan Azərbaycan vətəndaşlarının təmsil olunduğu siyasi qüvvələr yüksək yetkinlik nümayiş etdirərək ənənəsi olmayan belə başlanğıca start verdilər. Bunun özü çox müsbət haldır. Təbii ki, siyasi praktikada ilk dəfədir ki, siyasi partiyalar təşəbbüs göstərərək üçüncü tərəfin vasitəçiliyi olmadan masa arxasında əyləşib məsələləri müzakirə edirlər. Ancaq istisna etmirəm ki, dünyada, regionda və Azərbaycan ətrafında baş verən proseslər bu görüşün baş tutmasına birbaşa səbəb olmasa da, müəyyən təsiri olub.
- Müsavat Partiyası və AXCP bu görüşə qatılmayıb. Belə təəssürat var ki, AXCP və Müsavat Partiyası görüşə qatılmayıbsa, deməli, real müxalifət bu prosesdə iştirak etməyib...
- Biz bu tədbirdə nəinki adını çəkdiyiniz bu iki partiyanın, eləcə də digər siyasi qüvvələrin də bu prosesdə iştirak etməsinin tərəfdarı kimi çıxış etmişik. Əli Həsənova da təklif etmişik ki, növbəti görüş zamanı Azərbaycandakı bütün siyasi qüvvələrə də dəvətnamə göndərilsin, bütün tərəflər prosesə cəlb olunsun. Bizim belə bir xahişimiz olub və inanırıq ki, gələcəkdə təşkilatçı tərəf bütün qüvvələri prosesə cəlb etmək üçün bərabər münasibətlər nümayiş etdirəcək. Məsələnin ikinci tərəfi var. Deyirsiniz ki, yaranan təəssürata görə, bu partiyalar iştirak etməyibsə, deməli, belə bir proses mümkün deyil. Ancaq illərdir yaranan təəssürata görə, ümumiyyətlə belə bir görüş baş tutmamalı idi, ancaq görürsünüz ki, baş tutdu. Deməli, cəmiyyət dinamikdir, o, daima dəyişir. Başqa sözlə, heç kəs hesab etməsin ki, ölkədə kimlərinsə iştirakı olmadan hansısa proses gedə bilməz. Çünki Yeni Azərbaycan Partiyası istisna olmaqla siyasi qüvvələrin güc və resurs fərqi, cəmiyyətə təsir imkanı yuxarı-aşağı bərabərləşib. Müsavat Partiyasının təşkil etdiyi sonuncu tədbir dediklərimizi bir daha təsdiq etdi. Ona görə də, kimlərsə özünü əlahiddə instansiya kimi hesab etməməlidir. Bu görüşlərdən əldə olunan fayda bütün Azərbaycan cəmiyyəti üçündür. Ona görə də, belə pozitiv proseslərdə iştirak etmək yox, özünü digərlərindən üstün tutmaq cəhdləri yersiz, həm də mənasızıdır. Bir məsələni də qeyd edim ki, belə tədbirlərin gələcəkdə fayda verməsi üçün bu qüvvələrin proseslərə qatılması şübhəsiz ki məqsədəuyğundur. İstərdik ki, bütün tərəflər bu prosesdə iştirak etsin. Ancaq bir məqamı da qeyd edim ki, siyasi baxımdan fəal olan cəmiyyətlərdə ölkədəki problemin həlli yolunu fərqli görən siyasi qüvvələr mövcuddur. Yəni bu o demək deyil ki, həmin qüvvələr ölkəsini istəmir. Lakin onlar problemin həllini tamamilə fərqli görür və təsəvvür edirlər. Məsələn, kimlərsə ölkənin gələcəyini inqilabi proseslərdə, kimlərsə radikallıqda, kimlərsə aksiyalarda görür və arzu edirlər. Yəni onlar proseslərə özlərinə uyğun münasibət ifadə edirlər. Ola bilər ki, kimlərsə danışıq yolu ilə problemin həlli perspektivini görmürlər. Bu, mümkündür. Ancaq biz partiya olaraq hesab edirik ki, demokratiyanın inkişafı üçün siyasi qüvvələr arasında mütləq məsləhətləşmələr, təmaslar olmalıdır. Biz bu məsələyə pozitiv yanaşırıq.
- AXCP və Milli Şuraya daxil olan şəxslər, fəallar sosial şəbəkələrdə dialoqda iştirak edən müxalif siyasi qüvvələri tənqid edir, məsxərəyə qoyurlar. Buna münasibətiniz necədir?
- Mən buna normal baxıram. Kimlərsə bunu pozitiv görmürlərsə, özlərinin yerini burada hiss etmirlərsə, təbii ki, bu prosesə də mənfi yanaşacaq. Bu, Azərbaycanda ənənəsi olmayan bir münasibətlər sistemidir. İctimaiyyət qarşısında, açıq şəkildə, mətbuata yansıya bilən mövqenin ifadə olunması daha anlaqlı və məhrəm münasibətdir. Biz ölkə üçün lazım olanı etmək niyyətindəyik.
- Yəni ironiya və ittihamlara əhəmiyyət verməyəcəksiniz?
- Bunlar olacaq, həmişə də olub. Hərə öz tərbiyəsinə uyğun davranır. Digər qüvvələr yaxşı olar ki, alternativ davransınlar. Onlar əgər hesab edirlərsə ki, mitinqlə vəziyyəti dəyişmək mümkündür, buyurub getsinlər, hökumət onlara mitinq keçirməyə razılıq verir. Buyurub yollarını davam etsinlər. Buna görə, biz onları nə qınayırıq, nə də lağ edirik.
Nemət