19 Dekabr 2014 23:01
1 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aysu Cahandar: “Bütün tələbə yoldaşlarım və müəllimlərimə Azərbaycan türkcəsini öyrətmişəm”

Azərbaycan gəncləri mənəvi cəhətən inkişafını və vətənpərvərliyini xaricdə də nümayiş etdirirlər. Bunu xaricdə təhsil alan gənclərimizin iciami aktivliyinin günü-gündən artması bir daha sübut edir. Müsahibimiz Aysu Cahandar bu baxımdan nümunə göstəriləsi gənclərimizdən biridir. Qeyd edək ki, Aysu Cahandar İstanbul Beykent Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm işlətməçiliyi bölümündə təhsil alır.

- Sizdə xaricdə təhisl almağa maraq nədən yaranıb?
-Bakıda orta təhsilimi bitiridikdən sonra ali təhsilimi, Şimali Kipr Türk Cümhuriyyəti Girne Amerikan Universitetində davam etdirmişəm. Mənim, uşaqlıqdan İstanbula çox böyük sevgim olub. Hər zaman mütləq Qərblə Şərqi bir-birinə bağlayan, özünün xüsusi tarixi gözəlliyi olan İstanbulu görmək istəyim olub.Buna görə Şimali Kiprdə bir il oxuduqdan sonra öz istəyimlə universitetimi dondurdum.Daha sonra Türkiyəyə gələrək paytaxt Ankara şəhəri Qazi Universitetində yenidən imtahan verərək, nəhayət, İstanbul Beykent Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm işlətməçiliyi bölümündə təhsil almağa haqq qazandım.Ümumiyyətlə, Türkiyədə təhsil alan fəal azərbaycanlı tələbələrdən biriyəm.Hal-hazırda Dünya Azərbaycanlıları Konqresi Gənclər təşkilatının Beykent Universiteti üzrə koordinatoruyam.Mənə görə xaricdə yaşayan və təhsil alan hər bir azərbaycanlı gənci olduğu ölkədə öz ölkəsinin konsuludur.

-Xaricdə təhsil alan gənclərimiz dövlətimizi layigincə təmsil edə bilirlərmi?
-Ümumiyyətlə, dünya azəbaycanlılarının sayı 50 milyonun üzərindədir.Bu da o dəməkdir ki, hər bir azərbaycanlı öz Vətənini, yəni mənsub olduğu Azərbaycanımızı laiyiqincə təmsil etmək gücünə sahibdir.Xaricdə təhsl alan tələbələr olaraq bizim əsas məqsədlərimizdən başlıcası təhsil aldığımız ölkələrdə müsbət iz qoymaq, Azərbaycanı bütün ölkələrdə layiqincə təmsil etməkdir.Bu, Azərbaycan gənclərinin mənəvi inkişaf göstəricisidir.
Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan tanınan ölkədir.Bu, istər qonşu ölkələr arasında, istərsə də qitələr arasında qarşılıqlı surətdə faydalı və hörmət əsasında qurulmuş münasibətlərin nəticəsidir.Bizlər sadəcə təhsil almırıq, olduğumuz ölkələrdə ana dilimizi,mədəniyyətimizi,tarixiizi tanıdırırq.Öz adımdan deyə bilərəm ki, mən təhsil aldığım universitetdə demək olar bütün tələbə yoldaşlarıma və müəllimlərimə öz ana dilimizi,Azərbaycan türkcəsini öyrətmişəm.Düzdür, Türkiyə türkcəsiylə Azərbaycan türkcəsində elə də fərq olmasa da, sadəcə, şivə fəqliliyindən onlar bizləri başa düşməkdə çətinlik çəkirlər.Düşünürəm bu çətinliyi bizlər aradan qaldırmağa qadirik.Bununla yanaşı, bütün dövlət bayramlarımızda birliyimizi, həmrəyliyimizi görmək olar.

-Seçdiyiniz ixtisasla bağlı nələr deyə bilərsiniz? Bu ixtisasın Azərbaycanda nə qədər işlək olduğunu düşünürsünüz?
-İlk olaraq onu deyim ki, mən bu sahəni sevərək seçmişəm.Həmişə düşünmüşəm ki, turizmin inkişafı Azərbaycan üçün çox lazımdır.Zəngin təbiəti, əlverişli geopolitik mövqeyi, qonaqpərvərliyi ilə bir çox ölkələrdən seçilən Azərbycanda son illər turizm get-gedə daha da inkişaf etməkdədir. Azərbaycan çox nadir təbii, mədəni, milli etnoqrafik obyektlər kompleksinə malikdir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxftəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə turizmin inkişafı üçün böyük perspektivlər açır. Çox istərdim ki, Azərbaycanda bir çox universitetlərdə turizm fakültələri açılsın. Çünki rəqabət harda varsa, orada da inkişaf var. Məsələn, Turizm fakültəsi ilə yanaşı qastronomiya, yəni yeyəcək-içəcək fakültəsinin də açılmağı çox gözəl olardı. Çünki bizim milli mətbəximiz çox geniş və ləzizdir. Niyə bizlər mətbəximizi dünya qastronomiya yarışmalarında layiqincə təmsil edəcək aşçılar yetişdirməyək? Bununla yanaşı Azərbaycan Xəzər sahilində yerləşən ölkədir. Bu o deməkdir ki, Xəzər sahilində yerləşən qonşu ölkələrə “Cruiseşip”, yəni gəmi turları təşkil etmək olar. Həftənin bəzi günləri gəmi ilə Qazaxıstana, Türkmənistana, eləcə də Rusiyaya gəzintilərin başlanılması, məncə, çox gözəl bir addım olardı. İnanıram ki, turizm sahəsi Azərbaycanda daha çox inkişaf edəcək.

-Türkiyədəki Azərbaycanlı gənclərin həmrəyliyi necədir?
-Demək olar ki, Türkiyənin bir çox bölgələrində təhsil alan azərbaycanlı gənclərin sayı çoxdur. Və mən inanıram ki, bu gənclərimiz yaşadıqları bölgələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Tarixi və önəmli günlərimizdə bir çox tədbirlər keçirirlər və biz gənclər də “Birimiz hamımız, hamımız birimiz” düşüncəsiylə özlüyümüzlə fəxr edirik. Gənclərimiz bununla mənəvi inkişaflarının yüksək səviyyədə olmasını nümayiş etdirirlər. Azərbaycan gəncləri hər zaman çalışır ki, bu kimi xüsusiyyətləri ilə digər ölkələrin gənclərinə nümunə olsunlar.

-Siz gənclərlə bağlı hansı işlər görürsünüz?
-Ümumiyyətlə, bizlər çalışırıq ki, əlimizdən gəldiyi qədər tarixi günləri hər il keçirək. Xatırlaryırsızsa, bu ilin mart ayında Dünya Azərbaycanlıları Konqresinin Gənclər təşkilatı Türkiyə təmsilçisi tərəfindən 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar İstanbulda böyük bir tədbir keçirdik. Tədbirə qatılanların çoxu türkiyəli gənclər olduğundan Azərbaycanın tarixi və keçmişi ilə məlumatlandırıldılar. Yaxın zamanlarda bir çox tarixi günlərimizi keçirməyi planlaşdırmışıq.

-Diğər milli təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
-Təbii ki, digər Azərbaycan milli təşkilatlarımızla əlaqələrimiz var. Və əlimizdən gəldiyi qədər bir-birimizə dəstək verməyə hazırıq.

-Türkiyənin yerli gənclər təşkilatları ilə hər hansı layihələriniz olubmu?
-Təbii ki, İstanbulda çoxlu birgə tədbirlər keçirmişik. Və bu tədbirlərin demək olar ki yarısını İstanbul Beykent Universitetində həyata keçirmişik. Keçirdiyimiz tədbirlərdə universitetdə fəaliyyət göstərən gənclər təşkilatları ilə birgə layihələrə imza atmışıq. İrəlidə Türkiyənin bir neçə gənclər təşkilatı ilə birgə layihələri həyata keçirməyi planlaşdırırıq.

-Kənardan Azərbaycanın inkişafı nəçə görünür?
-Təbii ki, xaricdə yaşayıb təhsil aldığımız üçün ölkəmizin günü-gündən güclənməsini, inkişafını gördükcə, sözün əsl mənasında qürur duyuruq.Niyə də ölkəmiz güclü dövlətlərin sırasında yer almasın?Buna şübhəmiz də yoxdur.Çünki görülən bütün bu işlərin hamısı cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində həyata keçirilir. İnanıram ki, ölkəmiz günü-gündən daha da güclü bir dövlətə çevriləcək.

-Təhsil aldığınız ölkədə nə kimi tədbirlərə qatılırsınız?
-Bu yaxınlarda bildiyiniz kimi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü oldu.Universitetimizin düzənlədiyi Ankara Anıt məzarı ziyarətinə mən də getdim.Ankara Anıt məzarına gedərkən oradakı ab-havaya sehirlənməmək qeyri-mümkündür.Sanki bir an insan özünü Qurtuluş savaşında hiss edir.Mustafa Kamal Atatürkün heç yerdə olmayan mum heykəlinə baxdıqca insan qarşısında bir anlıq Mustafa Kamal Atatürkün dünyasını dəyişdiyinə inana bilmir.Orada çox gözəl bilgilər əldə etdim.Musatafa Kamal Atatürkün məzarının dörd bir tərəfinin Türkiyənin hər şəhərindən bir ovuc torpaqlarla əhatələndiyini ancaq istisna olaraq o torpaqların arasında yalnız Şimali Kipr Türk Cümhuriyyətindən və Azərbaycandan bir ovuc torpağın da olması diqqəti çox cəlb etdi.Gələn bütün yerli xarici turistlərə istisna olaraq Mustafa Kamal Atatürkün məzarının dörd bir tərəfini əhatə edən bir ovuc torpaqlardan Azərbaycanın da olduğunu deyəndə gözlərimin dolmaması qeyri-mümkün idi.O qədər qürur duydum ki, keçirdiyim hisslərimi heç bir kəlmə ilə ifadə edə bilmərəm.Bu da Mustafa Kamal Atatürkün Azərbaycana çox dərin, böyük sevgisinin isbatıdır. Daha sonra Anıt məzarında Qonaq dəftərinə azərbaycanlı tələbə olaraq öz ürək sözlərimi yazmaq imkanı da əldə etdim.Daha bir ilkə imza ataraq özümlə apardığım Azərbaycan bayrağını da Anıt məzarında dalğalandırdım.Yüzlərlə insanın və al-əlvan Türkiyə bayrağlarıyla dolu olan Anıt məzarında bayrağımız hər an diqqət mərkəzində idi. Kənardan “Azərbaycan bayrağı da var, nə qədər gözəl” deyə eşitdiyim sözlər özümdə qürur hissi yaratdı. Düşünürəm ki, insan harada olursa olsun, heç bir zaman milli mənsubiyyətini unutmamalıdır. /palitranews.az/


Müəllif:

Oxşar xəbərlər