“Minlərlə insan bizə ərizə verir. İşçi Qrupu yaranandan sonra çoxlu sayda müraciətlər daxil olub. Biz onların müraciətinə baxırıq, eləcə də, son dövrlər həbs edilən şəxslərlə bağlı da işləyirik. Bu istiqamətdə fəaliyyətin nəticəsi olacaq. Biz əfv gözləyirik. Təkcə siyasi tərəfi olan və həbs edilən şəxslərlə işləmirik. Məsələn, cəzasının üçdə ikisini çəkən və qanunvericilikdə nəzərdə tutulduğu kimi azadlığa buraxılmaq istəyən insanlar var. Onlarla bağlı Ədliyyə nazirinin müavininə müəyyən qədər sənədlər təqdim etmişik”.
Bunu Teleqraf.com-a müsahibəsində D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Müsahibəni təqdim edirik:
- Novella xanım, 2014-cü il başa çatır. Bu ili necə qiymətləndirirsiniz?
- Başa vurduğumuz ilin müsbət və mənfi məqamları olub. Bu il, bildiyiniz kimi, QHT-lərlə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər oldu. Bunun nəticəsində rəhbərlik etdiyim qeyri-hökumət təşkilatının bir sıra layihələri tamamlanmamış qaldı, bəziləri isə işlənmədi. Ümumilikdə may ayına qədər işlədik. Maydan sonra isə layihə məsələsində müəyyən geriləmə baş verdi. Yəqin ki, bu digər QHT-lərdə də baş verib. İntəhası bunu çoxları bəyan edib, biz isə çalışmışıq ki, öz imkanlarımız daxilində işləri yarımçıq qoymayaq. Düzdür, Ədliyyə nazirinin müavini ilə görüşdük, ona müəyyən təkliflər təqdim etdik. Ancaq bu görüş bilavasitə bizim problemlərimizlə bağlı deyildi, daha çox bizə müraciət edən vətəndaşların məsələləri ilə əlaqədar idi.
- İlin müsbət tərəfi kimi nəyi qeyd edə bilərsiniz?
- Hüquq müdafiəçiləri olaraq başa vurduğumuz bu müddətdə əksər nazirlərlə, onların müavinləri ilə müzakirələr apardıq. Daxili işlər, Ədliyyə nazirliklərində, Baş prokurorluqda müzakirələrimiz oldu. Hər dəfə bizə müraciət edən vətəndaşların, problemli məhbusların məsələsini qaldırdıq, diqqətə çatdırdıq. Bu qurumların həm də əfv məsələlərində fəaliyyəti var. Çalışdıq ki, bu imkanlardan istifadə edərək əfvə daha çox insanın düşməsinə nail olaq. Əlbəttə, görüşlər zamanı siyahımızda olan məhbuslar haqqında da danışdıq ki, bu qurumlar müzakirələr zamanı siyahımızı dəstəkləsin. Bütün bunlar hüquq müdafiəçiləri ilə rəsmi strukturlar arasında dialoq mühitinin yaranmasıdır. Dialoqun olması çox müsbət haldır və bu proses davam etdirilməlidir. Bu il həm də Birləşmiş İşçi Qrupunun yaranması ilə yadda qaldı. Bu da çox yaxşı haldır və məqsəd problemlərin bir çoxunu həll etməkdir. Baxmayaraq ki, müəyyən insanlar bu qurumun fəaliyyətini tənqid edir, bizi söyür. Amma iş ondadır ki, minlərlə insan bizə ərizə verir. İşçi Qrupu yaranandan sonra çoxlu sayda müraciətlər daxil olub. Biz onların müraciətinə baxırıq, eləcə də, son dövrlər həbs edilən şəxslərlə bağlı da işləyirik. Bu istiqamətdə fəaliyyətin nəticəsi olacaq. Biz əfv gözləyirik. Təkcə siyasi tərəfi olan və həbs edilən şəxslərlə işləmirik. Məsələn, cəzasının üçdə ikisini çəkən və qanunvericilikdə nəzərdə tutulduğu kimi azadlığa buraxılmaq istəyən insanlar var. Onlarla bağlı Ədliyyə nazirinin müavininə müəyyən qədər sənədlər təqdim etmişik. Ədliyyə nazirliyi də bununla bağlı müsbət addım atıb. Artıq üçdə iki ilə azadlığa çıxmaq istəyənlər cəzaçəkmə müəssisəsinin rəisi vasitəsilə həll edilmir. Bununla bağlı xüsusi komissiya yaradılıb və bura ictimaiyyət nümayəndələri də daxil edilib. Eləcə də, bir çox insanların istintaqı düzgün aparılmayıb. Bu istiqamətdə olan problemləri də prokurorluğa təqdim etmişik. Hesab edirəm ki, İşçi Qrupunun yaranmasını ciddi addım hesab etmək olar. Bundan savayı, 2014-cü ildə siyasi partiyalarla Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla görüşü keçirildi. Həmin görüşdə müxalifət partiyaları da iştirak edirdi. Bu da yaxşı ənənədir. Bütün istiqamətlərdə dialoqun olmasını irəliyə doğru addım hesab edirəm.
- Bu il Cəmiyyətinizin fəaliyyətini necə qiymətləndirirsiniz, hansı işləri görmüsünüz?
- Qeyd etdiyim kimi, bu il maliyyə baxımdan problem olub. May ayından sonra faktiki maliyyə olmayıb. Ancaq buna baxmayaraq, əməkdaşlarımız bütün məhkəmələrə çıxıblar. Ərizələrin 70 faizini udmuşuq. Biz, ümumiyyətlə, qadın hüquqları məsələsində məhkəmələrə edilən müraciətlərin azı 70-75 faizini udmuşuq. Bu ildə də çoxlu ərizələr qəbul etmişik. Gəlib bizim QHT-ni yoxlaya da bilərsiniz. Bizdə 500 civarında ərizə olub.
- Bu il təşkilatınızın büdcəsi nə qədər olub?
- Bu il büdcəmiz 40 min manat olub.
- Ölkədə qadın hüquqlarının durumunu necə qiymətləndirirsiniz?
- Biz uzun illərdir fəaliyyət göstəririk. Bu müddətdə çoxlu sayda lider qadınlar yetişdirdik. Heç bir təşkilat bunu deyə bilməz. Regionlarda yetişdirdiyimiz lider qadınlar aktivdirlər. Müxtəlif mərkəzlər açmışıq. Yetişdirdiyimiz qadınlar sonradan QHT-lər yaradıblar. Gedin rayonlara, soruşun görün kimləri tanıyırlar. Bizdən kənarda uzağı 3-4 nəfəri tanıya bilərlər.
- Sizin bələdiyyə seçkilərində fəaliyyətiniz olubmu?
- Əlbəttə, olub. May ayına qədər bu istiqamətdə ciddi işləmişik. Maydan sonra maliyyə olmasa da, regionlarda olan aktiv xanımlarla təmasları kəsməmişik. Hər dəfə maraqlanmışıq. Bildiyiniz kimi, indiyə qədər bələdiyyələrdə qadınlar 27 faiz təşkil edib. Gözləyirik ki, son bələdiyyə seçkilərindən sonra qadınların burada təmsilçiliyi 45 faiz olsun. Buna əminik. Seçkilərdə də xanım namizədlər çox idi. Qadınlar anlayırlar ki, onlar bələdiyyələrdə təmsil olunmaqla yerli problemləri daha çox həll edə bilərlər, nəinki kişilər. Biz hətta kəndlərdə qadınlarla işləmişik. 700-1000 manata o qədər işlər görüblər ki, kişilər baxanda heç buna inanmayıb.
- 30 ilə yaxındır ki, qadın hüquqları istiqamətində işləyirsiniz. Azərbaycanda qadınlar öz hüquqlarını bilirlərmi?
- Azərbaycan qadını öz hüququnu bilir. Ancaq qadınların hüququnu pozmaq istəyənlər çoxdur. Bu istiqamətdə işləmək lazımdır. Qadınların öz hüququnu bilməsi vacibdir. Ancaq qadın hüququnu bilməsə belə, qanunlar dəqiq işləsə, bu daha münasib olardı. Bəzən görürsən ki, qadınların haqlarına ciddi fikir vermirlər. Ancaq hesab edirik ki, bu istiqamətdə irəliləyişlər var və qadınlarımız əvvəlki illərlə müqayisədə indi haqlarını daha yaxşı bilirlər. Təbii ki, haqlarını bilməyən xanımlarımız da var.
- Əfv olacaqmı?
- Açığı, əfv gözləyirik. Hesab edirik ki, yaxın iki gündə əfv veriləcək. Arzu edirik ki, qadınlar qarşıdan gələn bayramı öz evlərində qeyd etsinlər. Eləcə də, siyahımızda olan məhbusların Yeni ili öz mənzillərində keçirməsini istəyirik. Heç olmasa bunların yarısını indi, yarısını isə sonra azad etsinlər. Bizim buna ümidimiz çoxdur.
- Sizin siyahınızda neçə məhbusun adı var?
- Bizdə 27 məhbusun adı var. Bu siyahını İşçi Qrupuna, Əfv Komissiyasına təqdim etmişik. İndi əfvin verilməsini səbirsizliklə gözləyirik. Birləşmiş İşçi Qrupu işləyib, işini başa çatdırıb, lazım olan sənədləri toplayıb. Çox böyük ehtimalla İşçi Qrupunun toplantısı əfvdən sonra, 2015-ci ildə keçiriləcək.
- İlin hadisəsi nəyi hesab edirsiniz?
- Bilirsiniz ki, Müsavat Partiyasının üzvüyəm. Hesab edirəm ki, ilin hadisəsi Müsavat Partiyasının qurultayının keçirilməsi olub. Düzdür, qurultaydan sonra söz-söhbətlər də oldu. Ancaq biz qurultayda sona qədər oturduq. Xüsusilə, seçkilər şəffaf və demokratik keçirildi. Partiya daxilində problemlər yaranması isə hər zaman olur. Bu məsələlər həll ediləcək.
- Müsavat güclüdürsə, nədən ancaq zəif tərəfləri görünür?
- Mən nəzərdə tutduğunuz gücdən danışmıram. Partiyanın gücü o deyil ki, mitinqə çıxsın, əlində plakat tutsun. Güc deyəndə intellektual potensialı nəzərdə tuturam.
- Mitinqə 500 nəfərdən də az insanın gəlməsi partiyaya xalqın etimad etmədiyinin göstəricisi deyilmi?
- Xeyr. Mitinqlər partiyanın gücündən danışa bilməz. Partiyanın gücü onun ətrafına toplaşan intellektuallarla ölçülməlidir. Düşünmürəm ki, Müsavata etimad azalıb. 10 il əvvəl Müsavat indikindən daha pis vəziyyətdə idi. Ancaq az sonra insanlar partiyaya axışdı.
- 2015-ci ildən nə gözləyirsiniz?
- 2015-ci ilə ümidim çoxdur. Hesab edirəm ki, yaxşı bir il olacaq, dialoq davam etdiriləcək. Bu il bütün problemlərin həll edilməsini arzulayıram. Xüsusilə də, Dağlıq Qarabağ probleminin. Hesab edirəm ki, qarşılayacağımız il ölkəmiz üçün düşərli olacaq, ədalətli il kimi də yaddaşlarda qalacaq.
- Yeni ili harada keçirəcəksiniz?
- Yeni ili Bakıda keçirəcəyəm. Sizin kollektivinizi də indidən təbrik edir, uğurlar arzulayıram.
- Bəs İsrailə, ailənizin yanına getməyəcəksiniz?
- Xeyr. İsraildə yeni ili qeyd etmirlər. Yalnız keçmiş SSRİ məkanından ora köçən insanlar bu bayramı qeyd edirlər. İsraildə əsasən bayram sentyabr və apreldə olur. Mən də ora martda getməyi planlaşdırıram.
Nemət Hüseynli