7 Yanvar 2015 18:11
1 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim siyasətimiz ictimai-siyasi vəziyyətə adekvatdır. Situasiya nə dərəcədə seçki siyasəti aparmağa, müvəfəqiyyətli iş yerinə yetirməyə imkan verirsə, bunu edəcəyik. Əlbəttə, məsələnin subyektiv tərəfi də var. Bu baxır bizim bacarığımıza, qabiliyyətimizə, təcrübəmizə və şəxsi xarakterimizə. Müxalifət məsələnin subyektiv tərəfini həll edəcək. Məsələnin obyektiv tərəfi isə bizdən deyil, cəmiyyətdən, beynəlxalq konyukturdan asılıdır”.

Bunu Teleqraf.com-a müsahibəsində ADP sədri Sərdar Cəlaloğlu bildirib. Müsahibəni təqdim edirik:

- Sərdar bəy, Demokratiya və İnsan Hüquqları Mərkəzinin toplantıları keçirilirmi?
- Biz, bu gün (dünən-red) “Qarabağ” Blokunun toplantısını keçirdik.

- Bəs Mərkəzin toplantısı olmur?
- Olur. Ancaq biz seçki ilinə qədəm qoymuşuq və fəaliyyətimizdə müəyyən korrektlər eləmək lazımdır. Yəni əvvəlki kimi olmamalıdır. İndi vəziyyətin necə olacağını gözləyirik.

- Siz hansı korrektlər təklif edirsiniz?
- Artıq seçkidə bir yerdə olmaq istəyən təşkilatların birliyi yaranmalıdır. Yəni hədəfə görə qüvvələr birləşməlidir.

- Demokratiya və İnsan Hüquqları Mərkəzində bir araya gələn 9 partiyanın birləşmə imkanı varmı?
- Yoxdur. Müşahidələrimə görə, həmin partiyalar yalnız funksional əməkdaşlığa hazırdırlar. Faktiki olaraq seçki kimi ciddi məsələdə möhkəm ittifaqda birləşməkdə maraqlı deyillər.

- Bu halda seçki ilində müxalifətin durumunu necə qiymətləndirirsiniz?
- Müxalifət düşərgəsi 1 və ya 2 blok yaradaraq seçkiyə getməlidir. Vahid blokun yaranması Azərbaycan reallığında mümkünsüz görünür. Ancaq iki blok şəklində seçkiyə getmək mümkün ola bilər.

- Sizin hansı konfiqurasiyaları mümkün hesab edirsiniz?
- Milli Şura və onun ətrafında olan qüvvələrin konfiqurasiyası meydana çıxa bilər. İkincisi, “Qarabağ” Blokuna daxil olan qüvvələr və Müsavat Partiyası formatında birlik yarana bilər. Əlbəttə, başqa konfiqurasiyalar da ola bilər. Hələlik bir söz demək çətindir. Bir qədər gözləmək lazımdır.

- Əgər müxalifətin seçkiyə yönəlik siyasəti varsa, bu siyasəti necə qiymətləndirirsiniz?
- Bizim siyasətimiz ictimai-siyasi vəziyyətə adekvatdır. Situasiya nə dərəcədə seçki siyasəti aparmağa, müvəfəqiyyətli iş yerinə yetirməyə imkan verirsə, bunu edəcəyik. Əlbəttə, məsələnin subyektiv tərəfi də var. Bu baxır bizim bacarığımıza, qabiliyyətimizə, təcrübəmizə və şəxsi xarakterimizə. Müxalifət məsələnin subyektiv tərəfini həll edəcək. Məsələnin obyektiv tərəfi isə bizdən deyil, cəmiyyətdən, beynəlxalq konyukturdan asılıdır.

- Müxalifət partiyaları bələdiyyə seçkilərində ciddi iştirak etmədi. Onlarla müxalifət partiyası ümumilikdə min namizəd ortaya çıxara bilmədi. Bu halda müxalif düşərgənin parlament seçkilərində ciddi qüvvə olaraq ortaya çıxması iddiası nədən qaynaqlanır?
- Parlament seçkilərində cəmi 125 yer var. Heç bir partiya bütün yerlərə iddia etməməlidir. Demokratik düşüncə bunu tələb edir. Hər bir partiya 10-15 namizədlə parlament seçkilərində iştirak edə bilər. İkincisi, bələdiyyə seçkilərinin siyasi çəkisi, ona çəkilən zəhmət və maliyyə ilə parlament seçkilərinə çəkilən maliyyə və zəhmət bərabər deyil. Bələdiyyə seçkilərində iştirak üçün həddən artıq maliyyə, xərc tələb olunur. Parlament seçkisi isə bu cür problemlərlə yüklənməyib.

- Niyə bələdiyyə seçkilərində birləşə bilmədiniz?
- Bələdiyyə seçkilərində müxalifətin əhəmiyyətli hissəsi iştirak etmək niyyətində deyildi. Ona görə də birlik baş vermədi.

- Bəs parlament seçkilərində iştiraka maraq varmı?
- Təbii ki, var. Bilirsiniz ki, bələdiyyə rəsmi hakimiyyət qolu deyil. Amma konstitusiyaya əsasən parlament rəsmi hakimiyyət qoludur. Siyasi partiyalar da siyasi hakimiyyət uğrunda mübarizə apardığına görə, bu seçkilərdə iştirak etmək və Milli Məclisdə təmsil olunmaq önəmli hesab olunur. Yəni, ilk olaraq parlamentdaxili müxalifət statusu qazanılacaq. İkincisi, cəmiyyətin və dövlətin idarə edilməsində rəsmi imkan əldə ediləcək. Üçüncü, özünün tərəf kimi güclənməsinə çalışacaq.

- Ancaq Azərbaycan parlamentində müxalifət təmsil olunub, lakin bunun effekti olmayıb...
- Bu, baxır müxalifət parlamentdə hansı sayda, hansı tərkibdə və kimlər tərəfindən təmsil olunur. Mən real müxalifətin parlamentdə səmimi şəkildə təmsil olunmasından bəhs edirəm.

- Müsavat Partiyası 2005-2010-cu illərdə Milli Məclisdə rəsmən təmsil olunub. Siz, Müsavatı real müxalifət hesab etmirsiniz?
- Müsavatı real müxalifət sayıram. Bəli, Müsavat parlamentdə təmsil olunmuşdu, lakin onlar partiyanın aparıcı şəxsləri deyildi. Rayon təşkilatlarının rəhbərləri səviyyəsində Milli Məclisdə təmsil olunurdu. Buna baxmayaraq onlar kifayət qədər iş apara bildilər. Müsavatın deputatları Sumqayıt və İmişli rayon təşkilatının nümayəndələri idi. Rayon liderləri parlamentdə təmsil olunsalar, nə edə bilərlər ki? Gücləri nəyə çatdısa, onu da etdilər. Məncə, müxalifətin aparıcı şəxsləri, funksionerləri parlamentə düşərsə, bu zaman müxalifətçiliyin keyfiyyəti yüksələr, həm də iqtidar-müxalifət tandemi görünə bilər.

- Müsavatdan təmsil olunan İkram İsrafil, İltizam Əkbər partiyada aparıcı şəxslər deyildi?
- Müsavatın rayon təşkilatlarının sədrləri idilər.

- Arzu Səmədbəyli Müsavatda ikinci şəxs idi, o da aparıcı fiqur deyildi?
- Arzu Səmədbəyli nə zaman Müsavatda ikinci adam oldu?

- Müsavat Məclisinin sədri idi.
- Xeyr. Əvvəl Müsavat Məclisinin sədri Sülhəddin Əkbər idi. Sülhəddin Müsavatdan istefa verdikdən sonra Arzu Səmədbəyli sədr seçildi.

- Buna qədər də Arzu Səmədbəyli partiyada başqan müavini idi...
- Olsun. Tutaq ki, sizinlə razılaşdıq. Arzu bəy müavin idi. Amma Müsavatın parlamentdə bir neçə nümayəndəsi var idi, yalnız onlardan biri mərkəzi qərargahda işləyirdi. Demək istəyirəm ki, əgər YAP İdarə Heyəti tam tərkibdə, Siyasi Şurasının 50 faizi parlamentdə təmsil olunursa, azı müxalifətdən seçilənlər də rəhbərlər olmalıdırlar. Əks təqdirdə generallarla əsgərlər qarşılaşır. Müqayisə üçün tərəflərin səviyyəsi bərabər olmalıdır.

- Sizin özünüz seçkilərdə qalib gələcəyinizə inanırsınız?
- Buna qədər iki dəfə namizədliyimi irəli sürmüşəm. Nəticələrdən narazı qalaraq məhkəmə instansiyalarını keçmişəm. Avropa Məhkəməsi də mənim iddiamı qəbul edib və tanıyıb. İndi növbəti dəfə də namizədliyimi irəli sürəcəyəm və nəticələrdən narazı qalsam, mübarizəmi hüquqi müstəvidə davam etdirəcəyəm. Parlamentə düşməyin iki yolu var. Müxalifət nümayəndəsi olaraq səs toplamalısan ki, parlamentə düşəsən. Mən də səs toplayıram.

- ADP seçkilərdə neçə deputat yerinə iddia edir?
- Bizim partiyanın imkanları və göstərdiyi nəticələri analiz etmək lazımdır. Partiyamızda 5-6 nəfər deputat olmaq üçün səs toplaya bilər. Ötən seçkilərdə də səs toplaya biliblər. 2005-ci il seçkilərində bizdən 15 nəfər kifayət qədər səs toplamışdı. İndi onların çoxu xaricə gedib. Amma həmin vaxt qalib gələnlərin sırasında olanlardan 7-8 nəfəri hazırda partiyada fəaliyyətini davam etdirir. İndiyə qədər daha da təkmilləşiblər və seçki təcrübələri də genişlənib.

- Sizə elə gəlmirmi ki, Müsavat və AXCP ilə müqayisədə seçkilərdə kölgədə qalacaqsınız? Yəni hakim partiyaya rəqib kimi bu iki partiya mübarizə aparacaq.
- Xeyr. 2005-ci ildə müxalifət “Azadlıq” blokunu yaratmışdı. Bu qurumda da əsasən Müsavat, AXCP və ADP əməkdaşlıq edirdi. Yəni tək partiya şəklində müxalifət heç vaxt hakimiyyətlə mübarizə aparmayıb. Ancaq nəzərə almaq lazımdır ki, müxalifətin gücü və potensialı indi əvvəlki illərdəki kimi deyil.

- 2000 və 2005-ci ildə Siz də bu birlikdə təmsil olunurdunuz. Ancaq 2000-ci ildə AXCP, 2005-ci ildə isə Müsavat bu konfiqurasiyadan istifadə edərək parlamentə düşdü. Siz isə kənarda qaldınız. Partiyaların bir-birini aldatması bu dəfə də baş verəcək?
- Əvvəla, onlar bizim adımızdan istifadə etmədilər. Müsavat mandat əldə etdikdən sonra dediyiniz ideya ortaya çıxdı. Bu da düzgün ideya deyildi və şərtləri də bəlli deyildi. Bu səbəbdən də icra olunmadı. Həm də nəzərə almaq lazımdır ki, partiyaların bəzən qrup maraqları olur və bu ümumi maraqlardan fərqli olur. O zaman Müsavatın marağı tələb edirdi ki, parlamentə getsin. Bir daha deyirəm, hakimiyyət 1993-cü ildən bu yana heç vaxt AXCP və Müsavatla tərəf müqabili olmayıb. Olubsa da, AXCP və Müsavatın iştirak etdiyi geniş bir koalisiya ilə tərəf müqabili olub. İndi isə AXCP və Müsavat 2000-ci ildəki partiyalar deyil. Odur ki, dediyiniz ab-hava da yoxdur.

- Hakimiyyət-müxalifət görüşü haqda yenilik varmı?
- Yeni il təzəcə daxil olub. Yəqin ki, vəziyyət müsbət olacaq. Görüşdə qərara alındı ki, bu proses davam etdirilsin. ADP Ali Məclisi 2005-ci ildə dialoqla bağlı məsələni qaldırıb, müzakirə edib və qərar halına salıb. Bu gün Azərbaycanda dialoqun əleyhinə olan heç bir qüvvə yoxdur.

- Müsavat niyə bu prosesdə iştirak etmir?
- Məncə, Müsavat növbəti görüşdə iştirak edəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər