12 Yanvar 2015 15:00
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaqub Məmmədov: “Dinlərarası müharibələr daha fəlakətli nəticələr yaradır”

“Son illər müsəlman ölkələrindən Avropa dövlətlərinə böyük axın, miqrasiya mövcuddur. Müsəlmanlar öz ölkələrini tərk edərək Fransa, Almaniya, İsveç, İtaliyada yaşamağa üstünlük verirlər. Bu məsələləri qızışdırmaqla Avropada yaşayan xristianlarla digər xalqlar arasında nifaq salmaq heç də yaxşı nəticələr vəd eləmir. Odur ki, baş verən bu hadisəni pisləmək lazımdır, eyni zamanda elə etmək lazımdır ki, bu cür terror hadisələri baş verməsin və ya onların qarşısı alınsın”.

Bunu Teleqraf.com-a müsahibəsində professor, sabiq spiker Yaqub Məmmədov bildirib. Müsahibəni təqdim edirik:

- Yaqub müəllim, hazırda dünya Fransada terror hadisəsini, 12 jurnalistin öldürülməsini müzakirə edir, terroru pisləyir. Sizin, bu məsələyə münasibətiniz necədir?
- İnsan tələfatına səbəb olan istənilən terror hadisəsi pislənməlidir. Başqa cür ola da bilməz. Lakin terrorun törədilməsinin səbəbləri var. Araşdırıb müəyyən olunmalıdır ki, nəyə görə bu hadisələr baş verir. Xristianların peyğəmbərini İslam dünyasında təhqir etmək, onun karikaturasını çap etmək təcrübəsi yoxdur. Təbii ki, qarşı tərəfin İslam peyğəmbərinə sataşması, onun karikaturasını çəkməsi, təhqir etməsi lazımsız bir şeydir. Çünki İslam bir mədəniyyətdir. Əlbəttə, onun radikal kəsimi də var. Bu kəsim də, karikatura və təhqir hallarına dözümsüz yanaşır, hesab edir ki, buna görə terror törətmək, kimlərisə öldürmək və ya cəzalandırmaq lazımdır. Ümumiyyətlə, son zamanlar dini zəmində müsəlmanlarla xristianlar arasında qarşıdurmanın olmasında beynəlxalq səviyyədə maraqlı qüvvələr və fiqurlar var. Bu, artıq açıq şəkildə hiss edilir. Görünür, elə bunun nəticəsində Əfqanıstan, Pakistan, Yəmən, Suriya və İraqda belə terror hadisələri baş verir. Bu ölkələr isə İslam ölkələridir. Şəxsən qənaətim belədir ki, bu, qlobal siyasətdir və lokal məsələ ola bilməz. Yəni, bu siyasət təkcə Fransa ilə bağlı ola bilməz. Bu məsələnin kökündə daha böyük qüvvələrin maraqları durur.

- Bu maraqlar nədən ibarət ola bilər?
- Əvvəla, iqtisadi məsələlər ola bilər. İkincisi, dünyanın müxtəlif regionlarına nəzarəti gücləndirmək, onu ələ keçirməklə bağlı ola bilər. Fikir versəniz, görərsiniz ki, dünyada əhalinin artımı sürətlə gedir, bununla paralel olaraq iqtisadiyyatda və sosial həyatda yeni-yeni problemlər yaranır, ərzaq çatışmazlığı hiss edilir. Bu, mürəkkəb durumdur və baş verən hadisələr də bunlarla bilavasitə əlaqəlidir.

- Fransada baş verən hadisənin Avropada yaşayan müsəlmanlara hansısa təsiri olacaqmı?
- Şübhəsiz ki, bunun böyük və ciddi təsiri olacaq. Fikir verin, Almaniyada İslama qarşı təşkilat yaratdılar. Düzdür, həmin qurumun da əleyhinə təşkilatlanma prosesi var, fəaliyyət göstərənlər də az deyil. Ancaq istənilən halda bu, gələcəkdə çox pis nəticələr və fəsadlar verə bilər. Müsəlmanlarla xristianların qarşıdurması yarana bilər. Həm də son illər müsəlman ölkələrindən Avropa dövlətlərinə böyük axın, miqrasiya mövcuddur. Müsəlmanlar öz ölkələrini tərk edərək Fransa, Almaniya, İsveç, İtaliyada yaşamağa üstünlük verirlər. Bu məsələləri qızışdırmaqla Avropada yaşayan xristianlarla digər xalqlar arasında nifaq salmaq heç də yaxşı nəticələr vəd eləmir. Odur ki, baş verən bu hadisəni pisləmək lazımdır, eyni zamanda elə etmək lazımdır ki, bu cür terror hadisələri baş verməsin və ya onların qarşısı alınsın.

- Dünyanın bu məsələyə reaksiyası, bu kimi halların qarşısını almaq üçün addımları nə dərəcədə yetərlidir?
- Çox təəssüflər olsun ki, bütün hadisələrin, eləcə də Parisdəki terror olayının nəticəsindən danışırlar, heç kəs səbəbləri haqqında danışmır, bunun niyə baş verdiyinə diqqət yetirilmir. Məncə, ən vacibi bunun hansı səbəbdən baş verməsinin üzərinə getməkdir. Mən həkiməm. Bütün xəstəliklərin səbəblərini tapmaq və ona qarşı müalicə aparmaq lazımdır. Bu proseslərdə də səbəb araşdırılmır, hər kəs nəticələrin aradan qaldırılması barədə düşünür. Nəticədə iki din arasında münaqişəyə yol açılır, sanki məsələ qızışdırılır. Hesab edirəm ki, ilk olaraq terror aktlarının niyə törədildiyi məsələsi araşdırılmalıdır. Bunu tapmaq və səbəbi aradan qaldırmaq lazımdır. Yalnız bu halda terror hadisələrinin qarşısını almaq olar. Bu da dünyaya sülh və əmin-amanlıq gətirər.

- Fransada “Birlik və Bərabərlik” adı altında 1 milyon insanın iştirakı ilə yürüş təşkil edildi, dünyanın əksər dövlətlərinin başçıları bu yürüşdə iştirak etdi. Sizcə, bu tədbir terrorun qarşısını kəsmək üçün effektiv olacaqmı?
- Bu fakt göstərir ki, müzakirə etdiyimiz məsələ lokal proses deyil. Mən də bu məsələyə ciddi diqqət etdim. Demək olar ki, dünyanın əksər xristian ölkələrinin liderləri bu yürüşdə iştirak etdi, həmrəylik göstərdi, öz münasibətlərini ifadə etdilər. Mənim müşahidəmə görə, bu faktın özü də göstərir ki, bütün bunlar strateji nöqteyi-nəzərdə mühüm əhəmiyyət kəsb edən məsələdir. On iki nəfər jurnalistin qətli, bir neçə nəfərin yaralanması, əlbəttə ki, qəbuledilməzdir. Ancaq mən diqqəti ona çəkmək istəyirəm ki, dünyanın başqa ölkələrində az qala hər gün 12 nəfər qətlə yetirilir, sadə insanlar terrorun qurbanı olur. İraq, Suriya, Yəməndə və digər ölkələrdə baş verənlər gözümüzün önündədir. Əfqanıstan da milyonlarla insan məhv oldu, Pakistanda terror hadisələri törədilir. Ancaq əfsuslar olsun ki, bu zaman biz Parisdəki kimi milyonluq yürüş, müsəlmanların həmrəyliyini müşahidə etmədik, az qala hər gün yaşanan belə terror hadisələrinə qarşı addım atılmadı. Faktiki olaraq neçə illərdir ki, müsəlman dünyasında qırğın-qətliam davam edir. Ancaq buna qarşı bir addım belə atılmır. Parisdə 12 jurnalistin öldürülməsi isə bütün xristian dünyasını ayağa qaldırdı. Bu, özü göstərir ki, baş verənlər çox böyük, uzaq fikirləşilən bir işdir.

- Bu islamafobiyadır?
- Son dövrlər dünyada İslamın geniş yayılması, bəzi ölkələrdə xristianların İslamı qəbul etməsi halları müşahidə edilir. Bu, ola bilsin ki, qarşı tərəfi ciddi şəkildə qayğılandırır, narahatlıq yaradır və bəlkə də qorxuya salır. Buna qarşı da işlər görülür. Əslində, islamafobiya buradan qaynaqlanır. İslamın dünyada geniş yayılmasından qorxanlar, bundan xoflananlar belə aksiyalar təşkil edirlər, sonra da dünyada həmrəylik göstərir, birgə olduqları mesajlarını verirlər. Bunlar təşkil edilən tədbirlərdir.

- Bu gedişatın sonunu necə görürsünüz?
- Bu, pis nəticələr verə bilər. Dünyanın böyük dövlətləri, tanınmış liderləri bu məsələlərin qarşısını almalıdır. Əks təqdirdə çox böyük çatlar yarana bilər. Başqa sözlə, bu əvvəlki dövrdə olduğu kimi dinlərarası mübarizəyə səbəb ola bilər. Bu zaman da yaranacaq nəticə bəllidir. Odur ki, dünya dövlətləri bir-birinə dəstək verərək bu prosesin qarşısını almalıdır. Dinlər arasında başlanan müharibələr daha fəlakətli nəticələr yaradır və uzun çəkir. Bu, dünya üçün fəlakət olardı. Proseslərin bu səmtə yönəlməsinin qarşısı alınmalıdır. Dini tərəfinə görə, millətlər arasında münaqişəyə gedilməməlidir. Bu dünyanın sonu olardı. Ümid edirəm ki, proseslər qeyd etdiyim istiqamətdə davam etməyəcək, dünyanın ağıllı insanları bu prosesi müsbət məcraya yönəldə biləcəklər.

- Necə düşünürsünüz, bizim regionda vəziyyət necədir, Azərbaycanda dini radikalizm mümkündürmü?
- Əlbəttə, bu yaxşı hal deyil. Dərindən düşünəndə bəlli olur ki, regional münaqişələrdə sanki dini münaqişələrin bir hissəsidir, qoludur. Elə Dağlıq Qarabağ münaqişəsini götürək. Neçə illərdir ki, bu proses davam edir, danışıqlar aparılır, Minsk qrupu gəlir, Avropa Birliyi bəyanat verir və s. Ortada isə heç nə yoxdur. Bizim ölkə rəhbərliyi də dəfələrlə vurğulayıb ki, bu məsələdə ikili standart var. Deməli, dini faktor da rol oynayır. Elə buna görə də, bir çox ölkələr Ermənistanı işğalçı dövlət kimi tanımaq istəmir. Bizim ərazilərimiz işğal edilib, milyona yaxın köçkünümüz var. Lakin buna ciddi reaksiya vermək istəmirlər. Dini tərəfə gəldikdə deyim ki, bizim ölkədən də Suriya gedənlər, İŞİD-ə qoşulanlar haqda mətbuatda informasiya verirlər. Ancaq yaxşı haldır ki, hüquq mühafizə orqanları vaxtında çevik tədbirlər görərək onları zərərsizləşdirir. Ölkəmizdə onların olması, buraya ayaq açmaları, öz məqsədlərini həyata keçirmək istəmələri mümkün deyil və onlara imkan verilməməlidir. Bu, birmənalıdır.

- 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsini həlli baxımından nələr gözlənilir?
- Mən zamanında danışıqlar prosesində iştirak etmişəm. Hazırda müsbət mənada heç nə gözləmirəm. Prezident də bu günlərdə bəyan etdi ki, danışıqlar davam edəcək, ancaq biz öz gücümüzə arxalanmalıyıq. Mən də hesab edirəm ki, özümüzə, gücümüzə arxayın olmalıyıq. Kimsə gəlib danışıqlarla bağlı təklif verə, görüşlər, müzakirələr aparıla bilər. Ancaq heç kəs bizim əvəzimizdən torpaq almaz. Erməni də torpaq vermək niyyətində deyil. Nəticədə bu, İsrail-Fələstin münaqişəsinə çevrilə və daha uzun illər davam edə bilər. Bunu nəzərə alaraq özümüzə və ordumuza inanmalıyıq. Mən bir məqamı vurğulamaq istərdim. 2015-ci il yenicə başlayıb, dünyanın nəhəng güc mərkəzləri arasında ciddi çəkişmə müşahidə edilir. Rusiya-Amerika münasibətlərində açıq gərginlik hökm sürür. Məsələ bu cür davam edərsə, Rusiya sıxışdırılsa, bəlkə də bu ölkə Qarabağ məsələsində bizə yardım edər. Çünki Azərbaycan regionda daha əhəmiyyətli dövlətdir. Hər halda Rusiya ilə münasibətlərimizin yaxşılaşması Qarabağ probleminin həllinə müsbət təsir göstərə bilər. Bu istiqamətdə fəaliyyət davam etsə, strateji fəaliyyət həddinə çatdırılsa, Qarabağ münaqişəsi bu il olmasa da, qarşıdakı illərdə həll edilə bilər. Nəzərə almalıyıq ki, Qarabağ probleminin həllində Rusiya başlıca rol oynayacaq. Bu proses Rusiyasız həll edilə bilməz. Digər ölkələrin isə buna təsiri güclü deyil. Əslində, əvvəllər bu məsələni Rusiya vasitəsi ilə daha asan həll etmək olardı. Ancaq həmin vaxt Rusiya ilə münasibətlər pisləşdi və Moskvada məsələnin həllində maraqlı olmadı.

- 2015-ci ildə deputatlığa namizədliyinizi irəli sürəcəksiniz?
- Hələlik belə qərarım yoxdur. Yəqin ki, seçkilərdə iştirak etməyəcəyəm. Bir dəfə iştirak etdim, ancaq nəticə məni razı salmadı.

Nemət


Müəllif:

Oxşar xəbərlər