20 Yanvar 2015 16:56
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqil Abbas: "24 apreldə görəcəyik ki, kimlər İrəvana getdi, kimlər Zəfər bayramına gəldi"

"İslam dünyası baş verənlərə yaxşı və ağıllı şəkildə etiraz eləsə, bunun formatı olaraq konfranslar və ya bəyanatlar seçilsə, daha məqbul olar. İkincisi, bəllidir ki, Avropada çoxlu sayda müsəlman yaşayır. Onların təhlükəsizliyi təmin edilməlidir. Bu insanlar da terroru pisləyir. Əslində, Avropada yaşayan müsəlmanlar həmin ölkələrin vətəndaşlarıdır. Fransada terroru edənlər fransız vətəndaşlarıdır. Yəni özlərinin yetişdirdiyi vətəndaşlardır. Buna görə, terroru müsəlmana çevirmək lazım deyil".

Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili, yazıçı Aqil Abbas bildirib. Müsahibəni təqdim edirik.

- Aqil bəy, Parisdə törədilən terror hadisəsindən sonra sanki Avropada durum dəyişib. Xristianlar və müsəlmanlar arasında qarşıdurma ehtimal edilir. Bu vəziyyəti necə qiymətləndirmək olar?
- Nə baş verirsə, müsəlmanların üzərinə yıxmaq istəyirlər. Terror olan kimi müsəlmanların adı çəkilir. Terrorçunun milləti yoxdur. Üstəlik terrorun olub-olmadığını, nə istədiyini ancaq hüquq-mühafizə orqanları, müstəntiq və ya məhkəmə aydınlaşdıra bilər. İndi də deyirlər ki, bu işi araşdıran özünə qəsd edib. Yəni müəmmalar var. Bu insanlara silahı kimin verməsi məsələsi düşündürücüdür. Terrorçulara, İŞİD-in minlərlə əsgərinə, təyyarə vuranlara silahları kim verib? Müsəlman ölkələri belə silah satmırlar və ya satsalar da, bunu çatdıra bilməzlər. Terrorçuların əlində "Kalaşnikov" avtomatı var, bunu da müsəlmanlar istehsal etmir. Deyirlər ki, filan təyyarəni müsəlman terrorçu vurub. Bəyəm, müsəlman ölkələri təyyarə vuran silah istehsal edir? Uzaqbaşı bir-iki müsəlman dövləti belə silah istehsal edə bilər. Əgər silahı verən başqasıdırsa, onda müəyyən eləmək lazımdır ki, bu terrorçular, əslində, kimə işləyir. Həmin silahların və terrorçuların İslama heç bir dəxli yoxdur.

- Bəs kimə dəxli var?
- Baxın, bir rus əsgəri Ermənistanda 5-6 ermənini öldürdü. Həmin əsgər xristiandır. Niyə dünya ayağa qalxmır, demir ki, bunu edən xristiandır. İkincisi, bir xristian Norveçdə 70-dən çox insanı qətlə yetirdi. Bəs onda niyə dünya ayağa qalxmadı, yürüşlər təşkil edilmədi, həmin şəxsin dini baxışları mövzusunda müzakirələr açılmadı? Sözümün mənası odur ki, Parisdə baş verən terror hadisəsi də müəmmadır. Sanki qurama bir işdir. Fransada baş verənlər İslama qarşı yönəldilən və qeyri-müsəlman dövlətlərinin təşkil etdiyi gözəl oyundur. 11 sentyabrda ABŞ-da baş verənlər də elə bu cür idi. Bu, İslama qarşı yönələn səlib yürüşüdür. Onlar dəfələrlə Almaniyada türklərin yaşadığı mənzilləri yandırıblar. O cümlədən də Fransada. Bəs nədən o zaman ayağa qalxan, bunun terror olduğunu deyən, yürüşlər keçirən olmadı? Moskvada Nord-Ost hadisəsi yadınızdadır. Orada 150-dən çox insan öldü. Onda heç dünya liderləri yürüş təşkil etmədilər. Eləcə də, İraqda orta məktəbdə uşaqların öldürülməsi ilə yadda qalan hadisə yaşandı. Sonda dünya susdu. İndi də baş verənlər qurama bir işdir və bir müddətdən sonra bu, bəlli olacaq. Bu, İslama qarşı törədilib. İslamın dünyada inkişafı, müsəlmanların biznesmenə çevrilməsi, deputat seçilmələri, Avropanın ictimai-siyasi proseslərində aktiv iştirak etməsi reallıqdır. Bunu da istəmirlər. Avropada İslamın inkişafı xoşa gəlmir.

- Ancaq məsələnin başqa tərəfi də var. İndi də bəzi müsəlman ölkələrində kilsə yandırırlar...
- Bəli, mən də baxdım, Nigeriyada kilsə yandırırlar. Sizi əmin edirəm ki, müsəlman kilsə yandırmaz, çünki kilsə Allahın evidir. Müsəlmanlar üçün Məhəmməd peyğəmbər qədər İsa və Musa peyğəmbər də əzizdir. Müsəlman məscid yandırarmı? Mən buna inanmaram. Baxın, ermənilər bizim başımıza nələr gətirdilər. Bir azərbaycanlı gedib erməni kilsəsini yandırdımı? Özü də Bakıda yerləşən erməni kilsəsi düz şəhərin mərkəzindədir. Çünki müsəlman bilir ki, hansı dinə məxsus olmasından asılı olmayaraq Allahın evi toxunulmazdır. Orada da öyrədilən insanlardır, toplayıblar bir yerə və deyiblər ki, kilsəni yandırarsınız. Bunun da kökündə İslama qarşı səlib yürüşü dayanır. Fikrimcə, bunun da qarşısı alınacaq. İslam dünyasının böyük aydınları, ziyalıları, xadimləri var. Onlar da bu məsələlərə dair fikirlərini bildirirlər. Hətta qeyri-müsəlman olan şəxsiyyətlər də, bu olayların İslama aidiyyəti olmadığını bəyan edirlər.

- Aqil bəy, bu oyunun nəticəsi necə olacaq?
- 11 sentyabr hadisəsindən sonra Əfqanıstan və İraq bombalandı, ələ keçirildi. İndi yəqin hansısa İslam dövləti nəzərdə tutulub. Bunu gələcək göstərəcək. İslam dünyası baş verənlərə yaxşı və ağıllı şəkildə etiraz eləsə, bunun formatı olaraq konfranslar və ya bəyanatlar seçilsə, daha məqbul olar. İkincisi, bəllidir ki, Avropada çoxlu sayda müsəlman yaşayır. Onların təhlükəsizliyi təmin edilməlidir. Bu insanlar da terroru pisləyir. Əslində, Avropada yaşayan müsəlmanlar həmin ölkələrin vətəndaşlarıdır. Fransada terroru edənlər fransız vətəndaşlarıdır. Yəni özlərinin yetişdirdiyi vətəndaşlardır. Buna görə, terroru müsəlmana çevirmək lazım deyil. Bu gün Azərbaycanda yaşayan qeyri-müsəlmanları Azərbaycan dövləti müdafiə edir, təhlükəsizliyini təmin edir.

- Ermənistanın Gümrü şəhərində rus əsgərin erməni ailəsini güllələyəndən sonra vəziyyət mürəkkəbləşib, anti-Rusiya mitinqləri yaşanır. Bu ölkədə baş verən prosesləri necə qiymətləndirirsiniz?
- Hadisə yerində əsgərin paltarları tapılıb. Deməli, rus əsgəri həmin evə adaxlıbazlığa gedirmiş. Orada da nəsə alınmayıb, mübahisə düşüb. Əsgər də silaha əl atıb. Ancaq bu olaydan sonra çoxlarının düşündüyü kimi Ermənistan Rusiyaya üz çevirməyəcək. Heç vaxt erməni xalqının cürəti və qeyrəti çatmaz ki, Rusiyaya qarşı çıxsın. Bu, mümkün olan məsələ deyil. Çünki Ermənistan Rusiyaya görə, muxtar qurum xarakterində olan bir əyalətdir. Tatarıstan Rusiyaya qarşı çıxa bilərmi? Əlbəttə, yox. Ermənistanın sərhədi yoxdur, bu ölkənin sərhədlərini rus əsgəri qoruyur. Ermənistanda hərbi bazalar Rusiyanın əlindədir. Erməni varlığını qoruyan rusdur, Ermənistan necə Rusiyaya qarşı qalxa bilər? Təbii ki, Ermənistanda Avropaya işləyən ermənilər də var. Ola bilsin ki, bu prosesdə onların da müəyyən fəaliyyəti olur. Ancaq Ermənistanda anti-Rusiya ovqatı güclənməyəcək və bu, mümkün də deyil. On-on beş gündən sonra oradakı vəziyyətə diqqət edərsiniz. Yenə də əvvəlki vəziyyət olacaq.

- Azərbaycan Prezidentinin Türkiyə səfəri, müzakirə edilən məsələlər, qarşılanma zamanı protokola əlavələrin olunması kimi hallar ciddi müzakirə edilir. Siz bu haqda nə deyə bilərsiniz?
- Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Ərdoğan qardaş ölkənin yeni prezidenti seçilib. Prezident Əliyevin Türkiyəyə səfəri də normaldır. Prezident də bəyan etdi ki, 2015-ci ildə Türkiyəyə bir neçə dəfə səfər edəcək. Təbii ki, qarşıdan uydurma erməni soyqırımının yüz illiyi gəlir. Bununla bağlı erməni tərəfi illərdir ki, güclü şəkildə işləyir, lobbi fəaliyyəti göstərir. Bu və digər məsələlərlə bağlı Türkiyənin yanında olan, ona ən çox dəstək verən Azərbaycandır. Elə Azərbaycana da ən çox dəstək ifadə edən Türkiyədir. Əlbəttə, səfər zamanı mühüm müzakirələrin aparılması, sənədlərin imzalanması öz yerində, ancaq erməni uydurma soyqırımı, buna qarşı iki dövlətin mövqeyi, fəaliyyəti və s. məsələlər də müzakirə mövzusu olub. Bundan başqa, qərara alındı ki, saxta soyqırımın qeyd olunacağı 24 apreldə biz də Zəfər Bayramını qeyd edək. Təbii ki, Zəfər Bayramında Ərdoğanla İlham Əliyev qol-qola yürüş edəcəklər. Bu tədbirdə, əslində, dostlar və düşmənlər müəyyən ediləcək. Çünki Zəfər Bayramında iştirakla bağlı Türkiyə dünyanın 102 dövlətinə müvafiq dəvətnamə göndərib. Biz onda görəcəyik ki, kim İrəvana getdi, kim türkün Zəfər Bayramına gəldi. Biz bunu dəqiq görəcəyik. Hesab edirəm ki, Prezidentin Türkiyə səfərinin kökündə bizim birgə layihələrimizə baxılması, sənədləşdirmə, müqavilələrin imzalanması kimi ciddi məsələlər durur. Bu, bir millət, iki dövlət başçısının səmimi və effektiv müzakirəsi idi. İkincisi, hazırda bizim Prezidentin Türkiyədə qarşılanma mərasimi müzakirə edilir. Fikrimcə, çox layiqli bir qarşılanma mərasimi təşkil olunmuşdu.

- Ancaq türk dövlətlərinin bayraqlarının qaldırılması bu ölkəyə qarşı Avropanın münasibətini dəyişə bilərmi?
- Yox. Osmanlı Türkiyənin tarixidir. Ərdoğanın da, Baxçalının da, Kılıçdaroğlunun da babası Osmanlı dövründə yaşayıb. Bu siyasətçilər də onların davamçısı, törəməsidir. Bu insanlar Osmanlı tarixinə qarşı çıxa bilməzlər. Dünyada qəbul edilən protokol var. Yunanıstana gedəndə də milli geyimdə olan əsgərlər qarşılayır. Elə Fransa və İngiltərədə də belədir. Yəni ənənələri saxlamaq məsələsi var. Burada pis şey yoxdur. Türkiyə də tarixdə olan türk dövlətlərinin ənənəsini yaşadır, tarixinə hörmət edir.

Nemət


Müəllif:

Oxşar xəbərlər