30 Yanvar 2015 11:53
1 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin gömrük əməkdaşlarının peşə bayramı ərəfəsində Trend Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi

- İlk növbədə, gömrük xidməti işçilərinin qarşıdan gələn peşə bayramı və Azərbaycanın gömrük sisteminin yaradılmasının 23-cü il dönümü ilə əlaqədar olaraq, Trend Beynəlxalq İnformasiya Agentliyi adından şəxsən Sizi və rəhbərlik etdiyiniz kollektivi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

- Təşəkkür edirəm.

- Cənab sədr, 2014-ci ildə Gömrük Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiniz və 2015-ci ildə gömrük nəzarətinin təkmilləşdirilməsi və gücləndirilməsi sahəsində hansı tədbirləri planlaşdırırsınız?

- Əvvəla onu qeyd edim ki, müstəqil Azərbaycanın 1992-ci il yanvarın 30-da yaranan ilk gömrük qurumu xalqımızın ümummilli lideri Heydər Əliyevin iqtisadi siyasətinin tərkib hissəsi kimi formalaşaraq, dövlətimizin müstəqilliyinin əsas atributlarından birinə çevrilməklə üzərinə düşən missiyanı şərəflə icra edir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından qısa müddət sonra yaradılmış Dövlət Gömrük Komitəsi yalnız ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoymuşdur. Gömrük xidmətini dövlət müstəqilliyinin əsas atributlarından biri kimi dəyərləndirən Heydər Əliyev gömrük xidmətinin inkişafının prioritetlərini müəyyənləşdirərək bu istiqamətdə tövsiyə və tapşırıqlarını vermişdir. Məhz onun rəhbərliyi ilə 1995-ci ilin əvvəllərindən etibarən respublikada gömrük işinin yenidən qurulmasına başlanıldı, Dövlət Gömrük Komitəsinin fəaliyyətində müsbət dönüş nöqtəsi əldə olundu və gömrük təşkilatı özünün müstəqil inkişaf yoluna qədəm qoydu.

Hazırda Azərbaycan Gömrük Xidməti dünya gömrük ailəsində özünəməxsus layiqli bir yer tutmuş və aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirir. Bu baxımdan, Ümumdünya Gömrük Təşkilatının dünyanın 6 regionu üzrə sonuncu - Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin 2011-ci ildə Bakı şəhərində yaradılması da təsadüfi deyil. Regional Ofisin fəaliyyəti üçün Azərbaycanın seçilməsinin səbəbləri ilk növbədə ölkə rəhbərliyinin gömrük xidmətinə göstərdiyi diqqət və eyni zamanda, gömrük xidmətinin əldə etdiyi nailiyyətlər olmuşdur.

Son 11 ildə Azərbaycan gömrüyünün inkişaf dinamikası da uğurla davam etdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yaşanan iqtisadi inkişaf prosesləri gömrük xidmətinin də həyatından yan keçməmiş, ölkəmizin ümumi tərəqqisində aparıcı qüvvəyə çevrilən gömrük orqanlarının fəaliyyəti günün tələbləri səviyyəsində qurulmuşdur. Bu proses dövlət başçısının 1 fevral 2007-ci ildə imzaladığı “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamının uğurlu icrası ilə daha da sürətlənmişdir.

Azərbaycanın gömrük keçid məntəqələrində yaradılan şərait, tətbiq olunan müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ də mövcud deyil. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıqlar gömrük əməkdaşlarına işi ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. Bütün bunlar da daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi, idxal-ixrac prosedurunun sadələşdirilməsi və ümumilikdə, gömrük işinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

İdxal-ixrac əməliyyatlarının aparılmasının liberallaşdırılması sahəsində islahatlar nəticəsində 2009-cu il yanvarın 1-dən etibarən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi tətbiq edilmiş, 2012-ci il yanvarın 1-dən yeni Gömrük Məcəlləsinin tətbiqi ilə idxal-ixrac əməliyyatları sahəsində inzibati prosedurlar daha da sadələşdirilmişdir. 2012-ci ildə Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi və Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq olunması da bu prosesə öz töhfəsini vermişdir.

Ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etmək məqsədilə 2011-ci ildə BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə “Hədəf” Əməliyyat Mərkəzi yaradılmışdır. Burada videogörüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və 20 monitorla izlənilir. Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də “on-layn” şəklində Mərkəzə daxil olur.

Bütün bunlar ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır. Ümumilikdə, Azərbaycan gömrüyündə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin yaradılması və tətbiqi post və keçid-buraxılış məntəqələrinin də veb-texnologiyalar əsasında tam modern olmasını tələb etməklə yanaşı, gömrük nəzarətinin daha müasir qaydada həyata keçirilməsinə imkan verir.

Dövlət Gömrük Komitəsinin əsas fəaliyət istiqamətlərindən biri də gömrük işini nizama salan qanunvericilik bazasını yaratmaqdan və həmçinin təkmilləşdirməkdən ibarətdir. Ötən illərdə olduğu kimi 2014-cü il ərzində də Komitə tərəfindən gömrük işi sahəsində normayaratma fəaliyyətinin həyata keçirilməsi istiqamətində mühum işlər görülmüşdür.

Belə ki, “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”, “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”, “Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları” və “Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar” Nazirlər Kabineti tərəfindən müvafiq qaydada təsdiq edilmişdir.

Bundan başqa, “Şəxsi yoxlama aparılması haqqında” Protokolun forması, “Gətirilməsi (aparılması) qadağan olunmuş və ya məhdudlaşdırılmış malların götürülməsi haqqında” Protokolun forması, “Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması Qaydaları”, “Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”, “Risklərə dair məlumatların və gömrük kəşfiyyatı məlumatlarının mübadiləsi Qaydaları”, “Xüsusi gömrük statistikasının aparılması Qaydaları”, “Poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsinin Qaydası”, “Gömrük nəzarəti zonalarının yaradılması və nişanlanması Qaydaları”, “Ümumi meyarların və prioritet nəzarət sahələrin müəyyən edilməsi üzrə Qaydalar” və “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postu haqqında Əsasnamənin layihəsi hazırlanmış və Komitənin Kollegiyasının qərarı ilə təsdiq edilərək Ədliyyə Nazirliyində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin edilmişdir.

Gömrük xidmətində həyata keçirilən kompleks tədbirlərdən biri də gömrük nəzarətinin təşkili və təkmilləşdirilməsi, eləcə də bu nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələşdirilməsidir. Bu işdə Dövlət Gömrük Komitəsinin mobil gömrük bölmələrinin fəaliyyəti də önəmlidir. Mobil gömrük bölmələri Azərbaycan Respublikasının gömrük ərazisində daşınan malların müəyyən olunmuş marşrut və müddət ərzində təyinatı üzrə çatdırılmasına nəzarəti həyata keçirir. Mobil gömrük avtomobilləri ilə təmin olunmuş bölmələrin əməkdaşları marşrut xəttindən çıxan, müəyyən olunmamış yerlərdə uzun müddət dayanan və pozuntu hallarına yol verən nəqliyyat vasitələrinə operativ şəkildə yaxınlaşaraq hadisəni yerində araşdırır və müvafiq tədbirlər görürlər. 2014-cü il ərzində mobil gömrük bölmələri tərəfindən müxtəlif gömrük rejimləri altında yük daşıyan 352-dən artıq avtomobilin marşrut xəttindən çıxması və çıxma cəhdləri faktı aşkarlanmış və həmin yük avtomobillərinə qarşı operativ tədbirlər görülmüşdür.

Bundan əlavə, gömrük nəzarəti əməliyyatlarının tezləşdirilməsi və səmərəliliyinindaha da artırılması məqsədilə gömrük orqanlarının müasir tipli texniki nəzarət vasitələri ilə təchiz olunması və gömrük infrastrukturun genişləndirilməsi sahəsində də işlər davam etdirilir.

Eyni zamanda Komitənin 2015-ci il üçün İş Planına uyğun olaraq aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

- Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2012-2016-cı illər üzrə inkişafına dair Fəaliyyət Planı”nda nəzərdə tutulmuş müvafiq işlərin həyata keçirilməsi;
- Azərbayjan Respublikası Prezidentinin 29 dekabr 2012-ji il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbayjan 2020: gələjəyə baxış» İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi;
- Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi işinin daha da təkmilləşdirilməsi;

Bundan əlavə, vətandaşların müraciətlərinə vaxtında baxılması, vətandaşların hüquq və mənafelərinin pozulması hallarını doğuran səbəb və şəraitin aradan qaldırılması, gömrük nəzarətinin müasir tələblərə uyğun şəkildə qurulması, gömrük prosedurlarının sadələşdirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizənin və əməliyyat -axtarış fəaliyyətinin daha da gücləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi, xarici ticarətin gömrük statistikasının beynəlxalq standartlara uyğun qurulması, gömrük işində müasir informasiya sistemləri və texnologiyanın imkanlarından geniş istifadə olunması, gömrük orqanlarının İKT infrastrukturunun daha da inkişaf etdirilməsi, Elektron gömrük xidmətləri sahəsinin artırılması, “Elektron Azərbaycan” dövlət proqramına Komitənin inteqrasiyasının təmin edilməsi, Komitə sistemində “Elektron imza” və vahid avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiq sahəsinin genişləndirilməsi, kadr potensialının və kadrların ixtisasının daha da artırılması məqsədilə müxtəlif mövzulu seminar və məşğələlərin müntəzəm keçirilməsi, gömrük sisteminin maddi-texniki bazasının daha da inkişaf etdirilməsinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.

Eyni zamanda, iş planına dövlət büdcəsinin formalaşdırılmasında 2015-ci il üçün müəyyən edilmiş proqnoz tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi, eləcə də hüquq-mühafizə orqanı olaraq gömrük hüquqpozmalarına qarşı mübarizə, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kontrafakt malların aşkar edilməsi istiqamətində fəaliyyətin daha da genişləndirilməsi, bu sahədə risklərin idarə olunması sistemindən istifadənin genişləndirilməsi və beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, daha effektiv gömrük nəzarətinə nail olmaq üçün gömrük işində müasir texniki nəzarət vasitələri və avadanlıqlarının tətbiqi işinin davam etdirilməsi, Azərbaycan gömrük xidmətinin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, Dövlət Gömrük Komitəsinin İKT üzrə inkişaf strategiyası konsepsiyasına əsasən innovasiya xarakterli layihələrin həyata keçirilməsi, gömrük prosedurlarının tam avtomatlaşdırılması və gömrük infrastrukturunun beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsi üzrə tədbirlər də daxil edilmişdir.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edildi ki, ötən il Azərbaycana idxal 20 faiz azalıb. Bu əsasən hansı əmtəə nomenklaturasına təsir edib və gömrük yığımlarında öz əksini necə tapıb?

- Həqiqətən də ötən 2014-cü il ərzində ölkə ərazisinə idxal əməliyyatlarının həcmi 2013-cü il ilə müqayisədə 1 milyard 522,5 milyon ABŞ dolları həcmində azalaraq 9 milyard 184,8 milyon ABŞ dolları təşkil etmişdir. Bu azalma əsasən aşağıdakı mal mövqeyləri üzrə müşahidə olunmuşdur:

-Nəqliyyat vasitələri üzrə;
-Oduncaq və ondan hazırlanan məmulatlar;
-Qara metallardan məmulatlar üzrə;
-Elektrik avadanlıqları üzrə;
-Dənli bitkilər üzrə;
-Duz; kükürd; torpaq və daş; suvaq materialları, əhəng və sement üzrə;
-Digər mallar üzrə.

Təbii olaraq idxal əməliyyatları üzrə müşahidə olunmuş azalmalar gömrük orqanları tərəfindən büdcə proqnozunun yerinə yetirilməsində müəyyən çətinliklər yaratmışdır. Lakin çətinliklərə baxmayaraq “2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçün toplanılması proqnozlaşdırılan 1 milyard 510 milyon manat büdcə öhdəliyi 1 milyard 510,76 milyon manat olmaqla 100,05 faiz həcmində icra edilmişdir.

- Hazırkı vəziyyətdə gömrük tarifləri ölkə iqtisadiyyatının tələblərinə nə dərəcədə cavab verir və tariflərin dəyişməsi hazırda nə qədər məqsədəuyğundur?

- İlk növbədə qeyd etmək istəyirik ki, hal-hazırda tətbiq olunan gömrük tarifləri ölkə iqtisadiyyatının inkişaf dinamikasına cavab verməkdədir. Yola saldığımız hər ötən il ümumi daxili məhsul kimi strateji göstəricilərin artımı ilə yadda qalmaqdadır. Son illərin dünya iqtisadiyyatı üçün böhranlı illər olduğunu nəzərə alsaq, ümumi daxili məhsulda artımın müşahidə olunması çox sevindirici haldır, çünki, bu artım qeyri-neft sektorunun hesabına baş vermişdir.

Qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətli məhsulların respublikamızda istehsalının təşkili gömrük-tarif siyasəti ilə bilavasitə əlaqəlidir. Belə ki, hazırda Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyini təmin etmək, eyni zamanda yerli məhsul istehsalının çeşidlərinin artırılması məqdsədi ilə istehsal təyinatlı avadanlıqlar xüsusilə kənd təsərrüfatı avadanlıqları, müxtəlif xammal və materiallar ƏDV-dən və idxal gömrük rüsumlarından azad edilmiş və ya daha aşağı tarif dərəcələrinə cəlb olunmuşlar. Bununla yanaşı, daxili istehsalın xarici rəqabətin mənfi təsirindən qorunması məqsədi ilə idxal olunan bir sıra hazır məhsullara ən yüksək 15 faiz dərəcəsində gömrük rüsumları tətbiq olunur.

Eyni zamanda Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşması, həmçinin gələcəkdə respublikamızın iqtisadi mənafeyini qorumaq məqsədi ilə antidempinq, kompensasiya və xüsusi növ rüsumların tətbiqini nəzərdə tutan yeni “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bununla yanaşı, ölkə iqtisadiyyatının inkişaf dinamikası nəzərə alınmaq şərti ilə orta müddətli perspektivdə bir sıra qanunvericilik aktlarının, o cümlədən “Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanun layihələri hazırlanmaqdadır.

Hazırda tətbiq olunan gömrük idxal rüsumlarının çoxpilləli sistemdən (0%, 0.5%, 1%, 3%, 5%, 10%, 15%) azpilləli sistemə (0%, 5%, 15%) keçirilməsi ilə bağlı Komitə tərəfindən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərar layihəsi 2012-ci ildə aidiyyəti üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

- Bu ildən aksizli malların siyahısının genişləndirilməsi və yol vergisinin dərəcələrinin artırılması Gömrük Komitəsi tərəfindən büdcə tapşırığının yerinə yetirilməsinə necə təsir göstərəcək?

- Bildiririk ki, “2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçün ötən ilə nisbətən 80 milyon manat artımla 1 milyard 590 milyon manat həcmində büdcə proqnozu müəyyən edilmişdir.
Qeyd etdiyimiz kimi, 2014-cü il ərzində ölkə ərazisinə idxal olunan malların həcmi 2013-cü il ilə müqayisədə 1,5 milyard ABŞ dolları həcmində azalmış və bu tendensiyanın davam edəcəyi qənaətindəyik. Ötən il nəqliyyat vasitələri üzrə idxalın həcmində müşahidə olunan azalmanın bir sıra səbəblərindən biri də heç şübhəsiz 1 aprel 2014-cü il tarixindən AVRO-4 ekoloji normalarının tətbiq olunması idi. AVRO-4 ekoloji normalarının tətbiqi daha yeni və bahalı nəqliyyat vasitələrinin gətirilməsini şərtləndirmişdir ki, bu da nəqliyyat vasitələrinin idxalının azalmasına təsirsiz ötüşməmişdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş məlum dəyişikliklər aksizli malların dəyərini bir qədər də artıracağını nəzərə alaraq, 2015-ci il ərzində bu növ malların idxalında əhəmiyyətli artımın olmayacağını düşünürük.

Lakin təbiidir ki, aksizli malların siyahısının genişləndirilməsi, nəqliyyat vasitələrinə tətbiq edilən aksiz vergisinin artırılması və yol vergisi üzrə yeni vergitutma bazasının formalaşması büdcə proqnozunun tam icra edilməsinə müsbət təsir göstərəcəkdir.

- Hazırda Gömrük Komitəsi hansı yeni elektron xidmətlər üzərində işləyir və nə zaman elektron gömrüyün yaradılması başa çatacaq?

- Son illər Azərbaycan gömrük sistemində informasiya texnologiyalarından istifadəyə geniş yer verilmişdir. Öz növbəsində, ötən il “Gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatında və yoxlanılmasında “bir pəncərə” prinsipinin həyata keçirilməsi üzrə texnoloji sxem”ə uyğun olaraq Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) təkmilləşdirmələr aparılmış, gömrük-sərhəd buraxılış məntəqələrində yerləşən gömrük postlarından keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında risklərin avtomatlaşdırılmış qaydada idarə edilməsi - VAİS-RİSK sistemi tətbiq edilmişdir. Bu sistem əsasında gömrük-sərhəd buraxılış məntəqəsindən keçirilən mal və nəqliyyat vasitələrinin və onların sənədlərinin yoxlanılmasının dərəcəsini müəyyən etmək üçün Risklərin İdarə Edilməsi metoduna əsaslanaraq avtomatik olaraq risklər təhlil olunur.

Bundan başqa, poçtla daşınan malların qeydiyyatı və əvvəlcədən bəyan edilməsi üçün “VAİS-Poçt daşımaları” altsistemi hazırlanaraq istismara verilmişdir. Altsistem poçt daşımaları ilə məşğul olan şirkətlərə Dövlət Gömrük Komitəsinin internet saytında yaradılmış “XİF iştirakçısının şəxsi kabineti”nə daxil olmaqla poçtla ölkəyə gətirəcəkləri malları əvvəlcədən bəyan etməyə imkan verir.

Ümumdünya Gömrük Təşkilatının “Malların buraxılış vaxtının ölçülməsi üzrə Təlimat”ında təsbit olunmuş metodologiyadan istifadə etməklə Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində “Sərhədkeçmə vaxtının ölçülməsi (TRS)” layihəsi işlənilmiş, layihənin proqram təminatı hazırlanmış və VAİS-ə inteqrasiyası təmin edilmişdir. Layihə Astara Gömrük İdarəsində, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə”, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” və Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postlarında tətbiq olunmuşdur. Layihənin icrası mal və nəqliyyat vastələrinin sərhəddən keçidinə, buraxılışına və sərhəd keçidindən buraxılışına qədər keçən vaxtları müəyyən etməyə imkan verir ki, bununla da toplanan statistik məlumatların təhlili mal və nəqliyyat vasitələrinin sərhəd keçidinin daha keyfiyyətli idarə olunmasına yardım edəcəkdir.

DGK ilə Almaniyanın “SMİTHS HEİMANN” şirkəti arasında imzalanmış müqavilə əsasında dövlət sərhəd buraxılış məntəqələrində iri həcmli yüklərə sürətli və yüksək keyfiyyətli gömrük nəzarətinin həyata keçirilməsi üçün Astara, Biləsuvar, Şahtaxtı, Sədərək və Culfa Gömrük İdarələrində, Tovuz Gömrük İdarəsinin Sınıq Körpü və Balakən Gömrük İdarəsinin Mazımçay gömrük postlarında “X-REY” rentgen avadanlıqları quraşdırılaraq istifadəyə verilib və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası təmin edilib. “X-REY SMİT Heymann” rengen avadanlığı dünyanın az sayda inkişaf etmiş etmiş ölkəsində tətbiq olunan ən müasir müayinə sistemidir. Müxtəlif növ yük avtomobillərinin 3 dəqiqə ərzində tam şəkildə rentgen müayiənisini aparan bu avadanlıq son illərin istehsalıdır. Təbii ki, belə yüksək texnologiyalı avadanlığın Azərbaycan gömrük orqanları tərəfindən əldə olunaraq ölkəmizə gətirilməsi və onun tətbiqi qaçaqmalçılıq hallarının qarşısının alınmasında da əhəmiyyətli rol oynayır.

Hazırda “e - Gömrük Bəyannaməsi / Mal” (malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün elektron gömrük bəyannaməsinin qəbulu) və “e – Monitorinq” (Xarici iqtsadi fəaliyyət iştirakçıları tərəfindən idxal və ixrac olunan mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesinin onlayn monitorinqi) elektron gömrük xidmətlərinin istifadəyə verilməsi üzərində iş aparılır. Bu xidmətlərin istifadəyə verildikdən sonra elektron gömrüyün yaradılmış olduğunu hesab etmək olar.

- Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi üçün bəzi ölkələrlə (İran və Gürcüstan) vahid informasiya sisteminin yaradılması sahəsində danışıqlar aparılırdı. Belə sistemin yaradılması nə qədər məqsədə uyğundur və hansı maneələr mövcuddur?

- Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi üçün bəzi ölkələrlə (İran,Gürcüstan,Özbəkistan və Rusiya Federasiyası) vahid informasiya sisteminin yaradılması sahəsində deyil, bir dövlətin sərhədini keçərək o biri dövlətin ərazisinə yola düşən mal və nəqliyyat vastələri haqqında ilkin məlumat mübadiləsinin aparılması sahəsində danışıqlar aparılır. Bu layihələrin həyata keçirilməsi sərhəddə dayanma müddətini minimuma endirir, gömrük qaydalarının pozulması riskini azaldır və s. Buna görə də tərəflərin hər biri üçün faydalıdır. Yaxın zamalarda layihələrin reallaşmasına başlanacaqdır və bu işin həyata keçirilməsində heç bir maneə yoxdur.

- Gömrük-keçid məntəqələrinin təkmilləşdirilməsi və optimallaşdırılması sahəsində hansı tədbirlər görülür?

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ölkədə beynəlxalq ticarətdə mal dövriyyəsinin sürətlənməsi və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, malların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, gömrük əməkdaşlarının peşəkar bacarıqlarının artırılması, qanunvericilik bazasının və gömrük orqanlarının maddi-texniki təchizatının möhkəmlənməsi istiqamətində öz fəaliyyətini yüksələn xətlə davam etdirir.

Göstərilən istiqamətlər üzrə gömrük sərhəd buraxılış məntəqələrinin təkmilləşdirilməsi və optimallaşdırılması, o cümlədən gömrük nəzarətinin və rəsmiləşdirilməsi əməliyyatlarının Avropa İttifaqının təcrübəsinə uyğunlaşdırılması istiqamətində müvafiq işlər həyata keçirilir:

-Gömrük xidmətində “Bir pəncərə” layihəsinin inkişaf etdirilməsi, “Bir dayanacaq”, “Sürətli keçid” beynəlxalq prinsiplərinin inkişafı işlərinin davam etdirilməsi;
-Gömrük nəzarətinin və rəsmiləşdirilməsinin sadələşdirilməsi, eıəcə də sərf olunan vaxtın minimuma endirilməsi məqsədilə müasir qeyri-intruziv nəzarət vasitələri ilə gömrük orqanlarının təchizatı işlərinin davam etdirilməsi;
-Sərhəd gömrük buraxılış məntəqələrinin beynəlxalq standartlara uyğun tikilməsinin davam etdirilməsi;
-Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının təsis olunması və gömrük terminallarının tikilməsi və.s;
-Gömrük əməkdaşlarının sistemləşdirilmiş şəkildə peşə biliklərinin artırılması işinin davam etdirilməsi.

Eyni zamanda, ölkənin bütün gömrük sərhədi boyunca infrastruktur vahidlərinin modenləşdirilməsi, o cümlədən maddi-texniki baza imkanlarının daha da möhkəmləndirilməsi məqsədilə Avropa İttifaqının və digər beynəlxalq təşkilatların mövcud müvafiq layihələrində işlərin davam etdirilməsi prioritet təşkil edən məsələlərdəndir.

- Ölkənin təhlükəsizliyinin təmin edılməsi və qaçalmalçılıqla mübarizə sahəsində hansı işlər görülür?

- 2014-cü ildə 6400-ə yaxın xarici iqtisadi fəaliyyət iştirakçısı dünyanın 150 ölkəsi ilə ticarət əməliyyatları aparmış, quru, su və hava yolları ilə 40 milyon tona yaxın müxtəlif mallar, milyonlarla nəqliyyat vasitələri və sərnişinlər gömrük sərhədindən keçmişdir. Onların sərhəddən keçməsinin asanlaşdırılması və tezləşdirilməsi, həyata keçirdikləri qanuni ticarətin inkişafı üçün əlverişli şərait yaradılmışdır.

Lakin təəssüflər olsun ki, bəzi şəxslər hələ də çirkin niyyətlərlə qaçaqmalçılığa və digər qanunsuz yollara əl atır, öz əməlləri ilə ölkəmizin iqtisadi və milli təhlükəsiziliyinə, əhalinin sağlamlığına və ictimai asayişə təhdidlər yaradırlar. 2014-cü ildə bu cür halların qarşısının alınması Azərbaycan gömrük xidmətinin prioritet vəzifələrindən olmuş, bu vəzifələrin uğurla yerinə yetirilməsi məqsədilə gömrük nəzarəti, əməliyyat-axtarış fəaliyyəti və qabaqlayıcı-profilaktik tədbirlər gücləndirilmiş, texniki vasitələrdən, risklərin idarə edilməsi sisteminin, informasiya texnologiyalarının imkanlarından və dünya təcrübəsində özünü doğrultmuş qabaqcıl metodlardan istifadə genişləndirilmişdir.

Nəticədə, 2014-cü il ərzində gömrük orqanları tərəfindən 10 min 811 hüquqpozma faktı aşkar edilmişdir. Onların içərisində cinayət xarakterli faktların sayı əvvəlki illə müqayisədə 22 faiz artaraq 424-ə çatmış, dəyəri 2 milyon 708 min manatdan çox olan qaçaqmalçılıq əşyaları və digər cinayət predmetləri tutulmuşdur.

Cinayət əməllərinin törədilməsində şübhəli bilinən, 375-i Azərbaycan vətəndaşı və 98-i xarici olmaqla 473 nəfərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün kompleks təhqiqat, istintaq və əməliyyat- axtarış tədbirləri həyata keçirilmişdir.

Gömrük orqanları tərəfindən aşkar olunmuş cinayətlərin içərisində növünə görə daha təhlükəli olan narkocinayətlər xüsusi çəkiyə malik olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-ci il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək, ümumdövlət vəzifəsi kimi qarşıya qoyulmuş narkotiklərə qarşı mübarizə məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2014-cü il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 158 fakt aşkar edilmişdir.

Bu faktlar üzrə ümumilikdə 178 kq 369 qramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 76,6 kq heroin, 38,4 kq həşiş, 35,9 kq tiryək, 27 kq-dan çox marixuana, 221qram metamfetamin, 57 qrama yaxın metadon və digər maddələr qanunsuz dövriyyədən çıxarılmışdır.

2014-cü ildə yeni psixoaktiv maddələrin yayılması üçün Azərbaycan ərazisindən istifadəyə cəhdlərin də qarşısı alınmış, Türkiyə Respublikası gömrük orqanları ilə həyata keçirilən birgə tədbirlər nəticəsində Çin Xalq Respublikası-Belçika Krallığı-Türkiyə - Azərbaycan hava marşrutu ilə gətirilməklə Türkiyəyə aparılan 15 kiloqramdan çox «dizayner narkotikləri» kimi tanınan maddələr və 2 nəfər saxlanılmışdır.

2014-cü ildə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən,160-ı kişi və 26-sı qadın olmaqla 186 nəfər saxlanılmış, 138 Azərbaycan vətəndaşı və 48 xarici (34 İran, 6 Rusiya, 4 Gürcüstan, 3 Türkiyə, 1 Kanada vətəndaşı) barəsində müvafiq tədbirlər görülmüş, 22 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilmişdir.

Narkoqaçaqmalçıların 14 faizini qadınlar təşkil etmişdir. Son illər narkokuryer qismində bu işə qadınların cəlb olunmasında artım tendensiyası xüsusi narahatlıq doğurur. 139 halda narkotiklər İrandan, 5 halda Gürcüstandan, 2 halda Rusiyadan, 2 halda Kanadadan gətirilərkən, 7 halda Rusiyaya, 1 halda Qazaxstana, 1 halda ABŞ-a, 1 halda İrana aparılarkən tutulmuşdur.

Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar çox müxtəlif gizlətmə üsullarından istifadə etmişlər. 2014-cü ildə 46 halda 5 kq 168 qram narkotikin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınmışdır. Bu məqsədlə də qadınlardan istifadə hallarının çoxalması müşahidə olunur.

Narkoqaçaqmalçılığa qarşı mübarizədə kinoloji xidmətin xüsusi rolu olmuş, 2014-cü il ərzində kinoloqlar tərəfindən narkotik axtarışı üzrə 40 baş xidməti itin tətbiqi nəticəsində 16 fakt üzrə, ümumilikdə 7 kq 249 qram narkotik vasitə aşkar olunmuşdur.

Narkotiklərlə yanaşı, gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 4 kq 600 qram civə, 38 ədəd elektroşoker, 1 910000 ədəddən çox petarda və digər pirotexnika məhsulları, 12 ədəd odlu silah patronu, 2 ədəd ov silahı, 64 ədəd ov silahlarının sursat və ləvazimatları, 8 ədəd qaz silahı və 57 ədəd qaz silahı üçün patron, 27 ədəd pnevmatik silah və 2398 ədəd pnevmatik silah üçün sursat götürülmüşdür.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq soyuq silahların ölkəyə gətirilməsi cəhdləri davam etmiş, 42-si beşbarmaq olmaqla 772 ədəd soyuq silah saxlanılmışdır.

Bundan əlavə, 2600-dən çox məişət texnikası, 1054 ədəd mobil telefon və 2183 ədəd telefon aksesuarları, külli miqdarda dərman vasitələri, baytarlıq və bitki dərmanları, parfümeriya və kosmetika ləvazimatları və digər mallar tutulmuşdur.

«Valyuta tənzimi haqqında» Qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 514500 ABŞ dolları, 72100 Avro, 630000 rus rublu, 730 qram qızıl, 130 ədəd qızıl zinət əşyaları, 62 kq 429 qram gümüş aşkar olunmuşdur.

Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün qəti tədbirlər görülmüş, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 12 076 476 ədəd xaricdə istehsal olunan siqaret, 1152 litr və 5792 ədəd spirtli içki, 525000 ədəd digər ölkələrin aksiz markaları və 4 top saxta aksiz markaları saxlanılmışdır.

2014-cü il ərzində Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunmuş 10387 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 287 hüquqi şəxs (o cümlədən 144 xarici hüquqi şəxs) və 10089 fiziki şəxs (o cümlədən 6218 xarici) inzibati məsuliyyətə cəlb edilmiş, göstərilən şəxslərə qarşı 1 milyon 206 min 651 manat cərimə tətbiq olunmaqla, dəyəri 228 min 934 manat olan mallar müsadirə edilmişdir.


Müəllif:

Oxşar xəbərlər