15 May 2014 10:52
1 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu, həm də bütün dünyada dostluğa və sülhə çağırışın rəmzidir”.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun yaradılmasının 10 illiyi ilə bağlı “The Business Year” jurnalına müsahibə verib.

Teleqraf.com AzərTAc-a istinadən müsahibəni təqdim edir:

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev 2003-cü ilin dekabrında vəfat etdikdən sonra onun zəngin irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması və nurlu əməllərinin davam etdirilməsi məqsədilə xüsusi bir ictimai qurumun yaradılmasına dair müxtəlif təşəbbüslər irəli sürüldü.

Cəmiyyətin sosial sifarişi nəzərə alınaraq 2004-cü ilin mayında qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu yaradıldı.

Fondun əsas missiyası Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir.

Yarandığı dövrdən indiyədək Fond öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirib. Fond öz proqramları, layihələri, xeyriyyə fəaliyyəti ilə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda yüksək nailiyyətlər qazanıb.

Fondun təşəbbüsü ilə respublikanın müxtəlif şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixi və zəngin mədəni irsindən bəhs edən, yeni avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş mərkəzlər yaradılıb.

Bu mərkəzlər təkcə muzey funksiyası daşımır, eyni zamanda, yeniyetmə və gənclərin müxtəlif bilik və bacarıqlara yiyələnmələrinə xidmət edir. Mərkəzlərin nəzdində kompyuter kursları, şahmat, xalçaçılıq, təsviri və tətbiqi incəsənət, heykəltəraşlıq və s. dərnəklər fəaliyyət göstərir.

Azərbaycan vətəndaşları üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən bu istiqamətdə bir sıra proqram və layihələr həyata keçirir. Bunlar “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələridir. Vətəndaş cəmiyyəti və özəl sektor tərəfindən dəstəklənən layihə və proqramlar çərçivəsində onlarla uşaq müəssisəsi, 400-dən çox məktəb binası inşa olunub və ya yenidən qurulub.

Fondun təşəbbüslərinə dövlət tərəfindən yaxından dəstək verilib, ümumilikdə son 10 ildə respublikada 2 min 700 yeni məktəb binası tikilmiş və ya təmir olunub. Fondun bu qəbildən olan yeni təşəbbüsü “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihəsidir. Cəmiyyətə bu il təqdim edilmiş layihədə Bakı şəhərində uşaq bağçalarına olan tələbatın tam ödənilməsi məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti əsasən üç istiqaməti əhatə edir: milli mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası və yeni mədəniyyət obyektlərinin inşası, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması.

Bu sırada UNESCO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısında yer almış Azərbaycan muğamının inkişafına və tanıdılmasına xidmət edən Beynəlxalq Muğam Mərkəzinin açılmasını, Müasir İncəsənət Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılmasını xatırlamaq olar.

Hər il təşkil edilən beynəlxalq musiqi yarışmaları nəinki Azərbaycanın, hətta dünyanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirilir. Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Aşıq Festivalı kimi irimiqyaslı tədbirlər ifaçılıq sənətinin inkişafına əlverişli şərait yaratmaqla bərabər, xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə də xidmət edir.

Müxtəlif mədəniyyətlər və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidə və ziyarətgahlarda təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur.

Heydər Əliyev Fondu gerçəkləşdirdiyi layihələrlə əhalinin sağlamlığının qorunmasında yaxından iştirak edir. Fondun müəyyən etdiyi başlıca vəzifələrdən biri uşaq evləri və internatlardakı azyaşlı və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Fond beynəlxalq təşkilatlar və dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq şəraitində “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və digər layihələr həyata keçirmiş, tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasına nail olub. Fondun yarandığı gündən ölkədə bir sıra xəstəxana, poliklinika, diaqnostika mərkəzi və digər tibb ocaqları tikilmiş, təmir olunub və yenidən qurulub.

Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri də xeyriyyəçilikdir. Valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə Fond mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Bu aksiyalar çərçivəsində Fond geniş tərkibli yardımlar göstərir. Belə ki, qurum uşaq evlərinə və internat məktəblərinə hədiyyələr göndərməklə yanaşı, konsert və əyləncə proqramları təşkil edir.

Fond hər il təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqlar üçün Yeni il və Novruz şənlikləri keçirir. Fond, həmçinin qaçqın və məcburi köçkün ailələrindən, eləcə də valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqlara yardım edir. Azərbaycanda və xaricdə fəaliyyət göstərən qurumlara bayram hədiyyələri göndərir.

Heydər Əliyev Fondu bu uşaqların dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir, həmçinin digər ölkələrdən olan uşaqların Azərbaycana gəlmələrinə və ölkəmizin tarixi, zəngin mədəniyyəti ilə tanış olmalarına imkan yaradır.

Fondun təşəbbüsü və dəstəyi ilə azərbaycanlı məktəblilərin Almaniya, Belçika, Fransa, Gürcüstan, Niderland və Rumıniyaya, həmçinin ABŞ, Gürcüstan, Rumıniya və Rusiyadan olan məktəblilərin isə Azərbaycana səfərləri təşkil olunub.

Heydər Əliyev Fondu beynəlxalq səviyyəli qurumdur. Fondun ABŞ, Rumıniya, Rusiya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Qurum BMT-nin İnkişaf Proqramı, UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir.

Fond Azərbaycandan kənarda da çox mühüm proqram və layihələr reallaşdırır. Xarici ölkələrdə həyata keçirilən proqram və layihələr əsasən üç istiqaməti əhatə edir: Azərbaycanın tanıdılması, o cümlədən xalqımızın tarixi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması; Azərbaycan və azərbaycanlılarla bağlı tarixi, mədəni irsin bərpası və qorunması; Fondun məramına uyğun olaraq humanitar və sosial inkişafa kömək göstərilməsi.

Fond xarici ölkələrdə Azərbaycanın təqdimatını mədəniyyət günləri, sərgilər, habelə əlamətdar tarixi hadisələrə, tanınmış elm və mədəniyyət xadimlərinə həsr olunmuş mərasimlər təşkil etməklə yerinə yetirir. Bunlara misal olaraq, “Azərbaycan xalçaları ilə nağıllar aləminə” adlı sərgini, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasimləri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı London, Paris, Berlin, Moskva, Strasburq və Romada keçirilən tədbirləri göstərmək olar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi önəm verən Fond 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümü ilə bağlı aksiyalar keçirir.

Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. 2012-ci ilin fevralında Fondun təşəbbüsü ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Srebrenitsa və Dağlıq Qarabağın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə Azərbaycanda reallaşdırdığı layihələri xaricdə də uğurla tətbiq edir. Məsələn, “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya, Pakistan və Niderlandda bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunub.

Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu işlərdən biridir. 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar üçün məktəb tam yararsız vəziyyətə düşüb. Fond tərəfindən qısa müddətdə 650 şagird yerlik yeni təhsil ocağı inşa edilib.

Fondun ictimai səhiyyə sahəsində yer tutan layihələrinə Pakistanda aztəminatlı ailələrdən olan on minlərlə insanın “Hepatit B” virusuna qarşı vaksinasiya edilməsi, talassemiya, hemofiliya və qan xəstəliklərindən əziyyət çəkən xəstələrin təcili tibbi yardım avtomaşını və qan paketləri ilə təmin olunması, eləcə də göz əməliyyatlarının həyata keçirilməsi də daxildir.

2013-cü ildə Heydər Əliyev Fondu ABŞ-ın Merilənd ştatındakı məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınması üçün maliyyə yardımı göstərib.

Fond tərəfindən xaricdə həyata keçirilən mədəniyyət layihələri bu qurumun mədəni müxtəlifliyə və ümumbəşəri dəyərlərə hörmətini mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə töhfələrini verməklə əyani şəkildə nümayiş etdirir.

Bu sahədə görülən işlərdən Parisdə Versal Sarayının parkındakı abidələrin, Luvr Muzeyinin, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının, Vatikanda Roma katakombalarının bərpasını və Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirini misal göstərmək olar.

Heydər Əliyev Fondu Azərbaycandan kənarda səhiyyə sahəsində də layihə və aksiyalar həyata keçirir. 2008-ci ilin aprelində Rumıniyanın İon Pop de Popa Fondu ilə əməkdaşlıq çərçivəsində ürək xəstəliklərindən əziyyət çəkən insanlara yardım göstərilmiş, 2010-cu ilin dekabrında Yekaterinburqdakı 1 nömrəli Vilayət Kliniki Xəstəxanasının Uşaq Onkohematoloji Mərkəzinə xüsusi tibbi avadanlıqla təchiz edilmiş “Sobol” markalı təcili yardım maşını hədiyyə olunub. 2012-ci ilin dekabrında Polşa Respublikasının Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Polşada fəaliyyət göstərən Anna Dımnanın “Mimo Wszystko” (Heç nəyə baxmayaraq) Fondunun terapevtlərinin Azərbaycana səfəri təşkil olunub. Səfər çərçivəsində həkimlər Daun Sindromlu Şəxslərin Assosiasiyasında bir sıra məşğələlər və kurslar keçmişlər. 2013-cü ilin martında Azərbaycandan olan daun sindromlu uşaqların və onların valideynlərinin Polşanın Krakov şəhərinə səfəri təşkil olunub.

Heydər Əliyev Fondu xarici ölkələrdə digər sosial layihələr də həyata keçirir. Fond Haitidə zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına maliyyə dəstəyi vermişdir. 2011-ci ilin sentyabr ayında Heydər Əliyev Fondu Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqresin keçirilməsi üçün Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərib.

Heydər Əliyev Fondu tərəfindən Fransa, Rusiya, Macarıstan, İtaliya və Almaniyada sosial sahədə həyata keçirilmiş layihələr mədəniyyətlərin uğurlu inteqrasiyasına xidmət edir və xalqları bir araya toplamağa töhfələrini verir. Parkların təmirinə, tarixi abidələrin bərpasına yönəldilmiş layihələr Fondun mənəvi əhəmiyyətini göstərir. Bu, həm də bütün dünyada dostluğa və sülhə çağırışın rəmzidir.

Bu il mayın 10-da Heydər Əliyev Fondunun yaradılmasının 10 ili tamam olur. Yarandığı vaxtdan indiyə qədər yüksək təşkilatçılıq keyfiyyətləri və yorulmaz fəaliyyəti sayəsində Fond şərəfli yol keçmiş, Azərbaycanda və xaricdə ümumbəşəri dəyərlərin daşıyıcısı, inkişaf və tərəqqi, ümid və mərhəmət ünvanı kimi tanınıb. Heydər Əliyev Fondu Azərbaycanın yaradıcı ruhun təbliği işinə sadiqliyini təcəssüm etdirir.


Müəllif: