21 Fevral 2015 11:28
5 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Bakı Apelyasiya Məhkəməsinin hakimlər kollegiyasının qərarı ilə azadlığa buraxılan Lamiyə Quliyeva Şəmkirdəki doğma evlərində ilk müsahibəsini Teleqraf.com-a verib.

- Lamiyə xanım, uzun həbsdən sonra evinizə dönüş anında keçirdiyiniz hissləri qısaca, necə ifadə edərdiniz ?
- Sevincimlə bərabər üzgünəm… Hamı dəyişib, heç kim xatırladığım kimi qalmayıb. Babam, nənəm qocalıb… İlahi, onları mən qocaltdım...

- Həbs illəri necə keçdi?
- Yox, heç xatırlamaq istəmirəm. Onu xatırlamaq yenidən həbsdə olmaq kimi dəhşətlidir. Mən indi gələcək barədə, övladımın gələcəyi barədə düşünməliyəm.

- Bəs həbsxanaya getdiyiniz anı necə xatırlayırsız?
- O zaman mənim cəmi 15 yaşım vardı. Oraya qorxu və həycan dolu hisslərlə getdim. Amma Tanrıma şükürlər olsun ki, bu qorxunun ömrü çox olmadı. Bir neçə gündən sonra oradakıların da arasında normal, hətta mehriban və qayğıkeş insanlar olduğunu gördüm.

- Onların sizə nə kimi köməyi dəyirdi?
- Onların yaşca ən kiçiyi mən idim. Bəziləri mənim şəxsimdə öz övladlarını görürdü. Qayğıma qalanlar da var idi. Onların hər birini ömrümün sonunadək ehtiramla xatırlayacağam. Mən göydə Allahımın, yerdə yaxşı insanların sayəsində bu işgəncələrə dözdüm. Yıxılmadım. Gənclik təravətimi, gözəlliyimi qoruyub saxlaya bildim.

- İşgəncələr dediniz... Siz dustaqlığın, azadlıq həsrətinin verdiyi mənəvi işgəncəni nəzərdə tutursunuz, yoxsa fiziki işgəncələr də olurdu?
- Hər ikisini nəzərdə tuturam. Fiziki işgəncələr də olurdu. Məsələn, cəza ərazisinə salınma… Buna dustaqların leksikonunda “kars” və ya “karser” də deyirlər. Dəhşətli bir yerdir. Dörd divar, yer beton və yalnız dəmir çarpayı. Yorğan-döşəksiz… Oraya yorğan döşəyi sonralar verməyə başladılar.

- Sizi oraya tez-tez salırdılar?
- Çox tez-tez. Mənim dustaqlığımın çox hissəsi orada keçib. Həbsxana dəhşətlərinin mənim üçün maksimum həddə çatdırılması barədə xüsusi tapşırıq var idi. Hər xırda hərəkətimdən bir “cinayət” düzəldib məni gah 7, gah 10 günlüyə oraya salırdılar.

- Azadlığa kimin sayəsində buraxıldınız?
- İlk növbədə, Allahıma minnətdaram. Sonra isə prezidentimiz İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova, onun müavini Namiq Əsgərova, mənim səsimi dünyaya ucaldan jurnalistlərə və həm də körpəmə borcluyam. Azadlığa çıxmağımda onların hər birinin və sadalamadığım bir çoxlarının böyük rolu oldu.

- Demək, övladınızı da xilaskarınız sayırsız?
- Bəli, o, lap nağıllardakı qəhrəmanlar kimi bu cuppulu əlləri ilə mənim əlimdən tutub azadlığa çıxardı. Məni türmədən pulla da xilas etməyə çalışan oldu, tapşırıqla da… heç biri alınmadı. Amma bu körpənin nə pulu var, nə ad-sanı, nə adamı. Bir pampersindən başqa heç nəyi olmayan uşaq məni ictimaiyyətin diqqət mərkəzinə gətirə bildi və mənim balaca qəhrəmanım məni həbsdən azad etdirdi.

- Bəs, bu qəhrəmanın atası haqqında nə deyərdiniz?
- Onun barəsində lazımı yerlərdə sorğulara cavab vermişəm və ictimaiyyətə bu barədə açıqlama verməyin hələ zamanı gəlməyib.

- Amma onun atası ilə əlaqə saxlayırsınız, eləmi?
- Bəli.

- Yəqin ki, bu azadlıq sevincinin ardınca bir toy sevinci də gözləyir sizi.
- Təbii. Amma bu barədə ətraflı danışmaq istəmirəm. Zamanı gələndə, bunu hamı biləcək.

- Övladınızın adını nə qoymusuz?
- Əvvəlcə, penitensiar sistemin rəhbəri Mədət Quliyevin mənim həbsimin süni surətdə uzadılmasındakı “xidmətlərinə” görə, onun adını qeyri-rəsmi olaraq övladıma verdim. Mənim də soyadım Quliyevadır. Dedim, qoy bir Mədət Quliyev də onun “xatirəsini” mənim üçün əbədiləşdirsin. Amma indi fikrimi dəyişmişəm. Oğlumun adını Uğur qoyacam. O, mənə uğur gətirdi, məni azadlığa qovuşdurdu.

- Bəs necə oldu ki, türmədə uşaq dünyaya gətirmək qərarına gəldiniz?
- Bunu özüm istədim… amma doğrusu, özümə qalsa, istərdim ki, övladım türmədə yox, azdlıqda dünyaya göz açsın.

- Sizinlə bərabər eyni hadisəyə görə həbs edilən, keçmiş nişanlınız Vüqar Əliyerlə münasibətləriniz indi nə yerdədir?
- İndi Vüqar evlənib və övladı var. Mən ona da azadlıq arzulayıram. Allah onun da qapısını açsın. Bunun üçün mən də əlimdən gələni edəcəyəm.

- Gələcək həyatınızı necə planlaşdırırsınız?
- Mən tezliklə Bakıya qayıdacağam və ailəmlə birlikdə orada yaşayacağam. Qalanını zaman göstərər.

Cəmşid Bəxtiyar


Müəllif: