“Artıq Olimpiya təqvimində Avropa Yay Olimpiya Oyunları da olacaq. Bu oyunların tarixi haqda danışılanda ilk olaraq Bakı yada düşəcək. Bu mənada ilk Avropa Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsinin tarixi, siyasi, mədəni, mənəvi və iqtisadi əhəmiyyəti olacaq. Əslində, bu oyunları bir çox dövlətlər keçirməyə çalışırdı. İstəyirdilər ki, ilkə özləri imza atsın. Ancaq bu, Azərbaycana qismət oldu. Şübhəsiz ki, bu da cənab Prezidentin nüfuzunun, ölkəmizin qüdrətinin sayəsində və Azərbaycanın beynəlxalq imicinin təsdiqi olaraq mümkün oldu. Bu mənada xalqımızın hər bir nümayəndəsi fəxr etməlidir ki, belə bir uğura imza atmışıq”.
Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili, YAP Siyasi Şurasının üzvü Musa Quliyev bildirib. Müsahibəni təqdim edirik:
- Musa müəllim, birinci Avropa Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsini necə qiymətləndirirsiniz, bunun ölkəmizə hansı xeyirləri olacaq?
- Avropa Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi tariximiz üçün mühüm hadisədir. Eyni zamanda bu, idman tarixi üçün də əlamətdar gün olacaq. Artıq Olimpiya təqvimində Avropa Yay Olimpiya Oyunları da olacaq. Bu oyunların tarixi haqda danışılanda ilk olaraq Bakı yada düşəcək. Bu mənada ilk Avropa Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsinin tarixi, siyasi, mədəni, mənəvi və iqtisadi əhəmiyyəti olacaq. Əslində, bu oyunları bir çox dövlətlər keçirməyə çalışırdı. İstəyirdilər ki, ilkə özləri imza atsın. Ancaq bu, Azərbaycana qismət oldu. Şübhəsiz ki, bu da cənab Prezidentin nüfuzunun, ölkəmizin qüdrətinin sayəsində və Azərbaycanın beynəlxalq imicinin təsdiqi olaraq mümkün oldu. Bu mənada xalqımızın hər bir nümayəndəsi fəxr etməlidir ki, belə bir uğura imza atmışıq. Bu məsələnin mənəvi və Azərbaycanla bağlı tərəfidir. Avropa siyasi və ictimai aləmində bunun necə qarşılanması məsələsi də var. Görürük ki, çox normal qarşılanır. Azərbaycanı kifayət qədər tanıyır və hörmət edirlər. Xüsusilə, son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayının, ölkəmizin sanbalının artması, idman və mədəni tədbirlərin Bakıda keçirilməsi Azərbaycanı dünyada tanıdıb, eləcə də, ölkəmizi regionun nüfuzlu mərkəzinə çevirib. Bu mənada dünya ictimaiyyəti Azərbaycan haqqında kifayət qədər məlumata malikdir və birinci Avropa Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsinə xoş münasibət bəsləyir.
- Ancaq Azərbaycanı sevməyən qüvvələrin də münasibəti var...
- Bəli, üçüncü münasibət Azərbaycana düşmən olan qüvvələrin münasibətidir. Düşmənin də münasibəti, təbii ki, belə olmalıdır. Əgər düşmən də sevinsə, bunu alqışlasa, biz şübhələnərik ki, görəsən, burada nə var? Bizi istəməyən qüvvələrin mövcudluğu sirr deyil. Təbii ki, onların daxilində ermənipərəst, imperiya maraqlarına xidmət edən və ənənəvi xristian-müsəlman qarşıdurmasına rəvac verən qüvvələr var. Bu qüvvələr öz sözlərini açıq formada deyə bilmirlər. Çünki açıq deməyə sözləri yoxdur, Azərbaycanın inkişafı göz qarşısındadır. Azərbaycanın beynəlxalq idman yarışlarında göstərdiyi nəticə, qonaqpərvərliyi, xalqın mədəniyyəti, beynəlxalq tədbirlər keçirmək səviyyəsi və imkanları ortadadır. Odur ki, bu qüvvələr dolayısı yolla könül bulandırırlar. Bəzi mətbuat orqanlarında çıxışlar edirlər, çağırışları olur, plakatlar buraxırlar. Bunu da, adətən, özlərinin gizli maliyyələşdirdiyi QHT və bəzi mətbu orqanlar vasitəsilə edirlər. Bunlar ənənəvi olaraq Azərbaycana düşmən olan qruplardır. Onlar Bakıda ilk dəfə keçirilən “Eurovision” mahnı müsabiqəsi zamanı da belə fəaliyyət göstərdilər. Ancaq bütün buna rəğmən, Bakıda “Eurovision” mahını müsabiqəsi yüksək səviyyədə keçirildi. Sonra “Eurovision”u İsveç qəbul edərkən vurğuladı ki, bu tədbir Bakıda çox yüksək səviyyədə baş tutub və biz bilmirik ki, necə edək. Hesab edirəm ki, birinci Avropa Yay Olimpiya Oyunları Bakıda yüksək səviyyədə keçiriləcək.
- Beynəlxalq hüquq müdafiə təşkilatlarının boykot çağırışı nəticə verə bilərmi?
- Heç bir nəticə verməyəcək. Onların çağırışları nə zaman nəticə verib ki, bundan sonra da versin. Bu çağırışların heç bir əhəmiyyəti olmayacaq. Beynəlxalq hüquq müdafiə təşkilatları bizə bəllidir: “Amnesty İnternational”, “Human Right Watch”, “Milli Demokratiya İnstitutu”, Soros Fondunun maliyyələşdirdiyi başqa təşkilatlar. Son zamanlar “Azadlıq” radiosu da bu kampaniyaya qoşulub. Azərbaycanda ən fəal işləyən təşkilatlar bunlardır. Ancaq onlar daima Azərbaycana mənfi münasibət göstəriblər. Kim ki ölkə daxilində Azərbaycan əleyhinə fəaliyyət göstərib, bu qurumlar tərəfindən “milli qəhrəman” elan olunub. Kim ki Azərbaycan əleyhinə casusluq edirsə, imicimizi ləkələmək istəyirsə, onlar dərhal azadlıq və demokratiya “mücahidi” kimi təqdim edilir. Bunları da xalq yaxşı tanıyır. İndi onların hərəkətlərinin və çağırışlarının heç bir effekti yoxdur. Adətən, kənddə bir həyasız adam olursa, onu bütün kənd əhalisi tanıyır. Burada da eyni haldır. Hazırda beynəlxalq aləm elə də böyük deyil, hər kəsi tanıyırlar, bilirlər ki, kim haradan su içir, maliyyələşir, nəfəs alır. Cəmiyyətimiz də, dünya da bunu gözəl bilir. Həm də, dünyanın özünün iqtisadi, siyasi, mədəni və idman maraqları var ki, bu cür çağırışlar heç nədir. Əsas odur ki, burada Azərbaycan xalqı Prezidentin ətrafındadır. Azərbaycan xalqı ilə iqtidarının nəbzi bir vurur. Xalqın da istədiyini Prezident həyata keçirir. Odur ki, kənarda kimin nə danışması, hansı çağırışlar etməsinin heç bir əhəmiyyəti yoxdur. Bu qüvvələrin bəziləri ermənipərəstdir, bəziləri inkişaf etməkdə olan ölkələrə mane olmaq və onları asılı etmək məqsədilə imperialist qüvvələrə xidmət edən təşkilatlardır, bəziləri isə xristian və müsəlman qarşıdurmasını süni surətdə qızışdırmaq məqsədilə ortaya atılan qruplardır. Onlar da şər qüvvələrə xidmət edir. Onların nə danışmasından asılı olmayaraq, Azərbaycan bu yarışları yüksək formada keçirəcək və Olimpiya Oyunlarının tarixinə düşəcək. Ümid edirik ki, idmançılarımız uğurları ilə həmin qüvvələri məyus edəcək, xalqımız isə sevinəcək.
- Xaricdən gələn bu çağırışlara daxildəki bəzi qüvvələrin dəstək verməsini necə qiymətləndirmək olar?
- Daxildəki qüvvələr də təxminən məlumdur. Leyla Yunus, Xədicə İsmayıl, bir neçə bloqqer və xaricdən maliyyələşən bəzi QHT-lərdir. İndi onlar səs-küy salırlar ki, niyə dövlət bizim maliyyələşmə məsələsində şəffaflıq tələb edir. Həmçinin Əli Kərimlinin qrupu kimi bir neçə radikal qruplar var ki, onlar ənənəvi olaraq Azərbaycana düşmən mövqedə olublar. Ancaq onları üst-üstə toplasan, yüz nəfərdən çox olmaz. 9,5 milyonluq xalqın qarşısında bu yüz nəfərin nə deməsinin əhəmiyyəti yoxdur. Əslində, onlar Azərbaycandakı demokratiya, fikir azadlığından istifadə edərək dövlətə və millətə çirkab atırlar. Bu isə yaxşı iş deyil və tərbiyəli insanlar bu cür işlərlə məşğul olmaz. Bir insanın evində, elində, kəndində xeyirxah iş görülürsə, buna dəstək vermək lazımdır. Əgər dəstək verəcək gücdə deyilsənsə, heç olmasa, bu işə badalaq atma. Çünki bu bütövlükdə el-obaya hörmətsizlik göstərməkdir. Bu insanlar isə artıq el-oba, xalq, dövlət təəssübü bilmirlər. Yalnız Qərbdən 5 manat pul alıb, onların sifarişini yerinə yetirmək haqda düşünürlər. Bəzən onların şüarları, çağırışları da hazır şəkildə gəlir, sadəcə tərcümə edib səsləndirirlər. Bu mənada onların addımlarının da əhəmiyyəti yoxdur. Əslində, onlar çox danışdıqca, özlərini daha çox ifşa edirlər. Əgər onlar ictimai asayişi pozmur, millətin və dövlətin maraqlarına zidd addımlar atmır, qanunvericiliyin tələblərini pozmurlarsa, dövlət onlara heç nə demir. Yox, əgər dövlətin və millətin marağına toxunan, qanunu pozan hərəkətlər edəcəklərsə, təbii ki, onda Azərbaycan qanunları ilə qarşılaşıb cəzalarını alacaqlar. Necə ki, lazım olan tədbirlər lazım olan şəxslər haqqında görülür.
- Milli Şura martın 15-də mitinq keçirəcək. Necə düşünürsünüz, aksiya baş tutacaqmı?
- Bir həftədən sonra Novruz Bayramı gəlir. Bu, Azərbaycan xalqının əziz bayramıdır. Ən əziz bayram ərəfəsində hansı ölkədə belə hərəkət edərlər? Deməli, bunların Azərbaycan xalqına və millətinə aidiyyatı yoxdur. Belə əziz bayram ərəfəsində sən niyə mitinq çağırışı edirsən və nə tələb irəli sürürsən? Xalqımız da vəziyyəti yaxşı bilir. Odur ki, bu qüvvələr mitinqə öz qohum-əqrəbalarından başqa şəxsləri çıxara bilməyəcək. Bəzən də muzd verdiyi adamları çıxarırlar. Ola bilsin ki, muzdla bir neçə yüz nəfər ortaya çıxarsınlar. Amma bu mitinqin şüarı və ideyası məlum deyil. Onlara Qərbdən sifariş gəlib ki, bayram ərəfəsində xalqın əhval-ruhiyyəsini korlayın. Məsələnin mahiyyəti bundan ibarətdir. Nə bu mitinqin, nə də orada səsləndiriləcək şüarların əhəmiyyəti yoxdur. Bu insanlar hələ də anlamırlar ki, demokratik düşüncə sahibi olan xalq seçkidən-seçkiyə öz mövqeyini ifadə edirsə, sən də növbəti seçkiyə qədər xalqın fikrinə hörmətlə yanaşmalısan. Gücün, dəstəyin, müsbət ideyan varsa, seçkilər zamanı ortaya qoy. Qarşıdan da parlament seçkiləri gəlir. Namizədlərini ortaya çıxart, demokratik şəkildə seçkiyə get, seçiciyə sözünü de. Əgər xalq sənə səs verəcəksə, parlamentə daxil olub müxalifətçiliyini et.
Nemət