20 Mart 2015 15:07
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın son zamanlar irəli sürdüyü bu layihə təşəbbüsü, əslində, təkcə Türkiyəyə hesablanan məsələdir. Ona görə ki, Türkiyə indi Rusiyadan 25 milyard kubmetr qaz alır. Bunun 8 milyardı Mavi Axınla, qalanı isə Ukrayna-Bolqarıstanı keçməklə Türkiyəyə daxil olur. Əslində Rusiyanın təklifi İstanbul və onun ətrafında olan qaz istehlakçılarına hesablanan addımdır. Bu da, Azərbaycan qazı üçün elə bir rəqabət yaratmır. Bu layihə Türkiyənin tələbatını ödəməyə hesablanıbsa gerçəkləşəcək, lakin bu layihənin genişlənməsi kifayət qədər çətin və açıq məsələdir. Bunun üçün maliyyə lazımdır, bu qazın alıcısı olmalıdır. Bizim TANAP-dan sonra TAP layihəmiz var. Rusiyanın təklif etdiyi layihənin isə Türkiyədən sonra hara gedəcəyi məsələsi açıq qalır”.

Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili, politoloq Rasim Musabəyov bildirib. Müsahibəni təqdim edirik.

- Rasim bəy, TANAP layihəsinin təməlqoyma mərasimi arxada qaldı. Bu nəhəng qaz layihəsinin əhəmiyyəti nədən ibarətdir?
- Bu, üç dövlət tərəfindən gerçəkləşdirilən ilk layihə deyil. Son dövrlər Rusiya tərəfi də öz layihəsini təqdim etdi və bu layihə də son anda eyni nöqtəyə gəlib çıxmalıdır. Ancaq həm Türkiyə, həm də Avropa Birliyi rəsmiləri elan ediblər ki, onlar üçün prioritet layihə TANAP-dır. İndi bu layihənin həm hüquqi, həm maliyyə, həm də pay məsələsi işlənilib. Axırıncı məsələ o idi ki, layihədə bp 12 faiz pay alsın. Artıq bu məsələ də həll olunub. Hazırda inşa işlərinə başlanılıb və yaxın iki il müddətinə bu layihə işlək hala gətiriləcək.

- Bu layihənin siyasi əhəmiyyəti nədən ibarətdir?
- TANAP layihəsinin bir neçə üstünlüyü var. Birincisi, Azərbaycan əvvəllər də qardaş Türkiyənin qaz bazarına daxil olmuşdu və Gürcüstana qaz ixrac edirdi. Bu layihə ilə Azərbaycan Avropa qaz bazarına daxil olmaq imkanı əldə edəcək. Bunun həm də iqtisadi əhəmiyyəti var. Neftin hasilatının azaldığı dövrdə biz energetika bazarında qaz ixracatçısı kimi çıxış edəcəyik. Bu, həm maliyyə baxımından bizim üçün vacibdir, həm də bəllidir ki, Azərbaycanın siyasi gücü və rolu beynəlxalq aləmdə enerji resurslarımıza söykənir. Qazın olmağı təkcə şərt deyil. Onu bazara da çıxartmalısan. Bunun üçün həm də etibarlı istehsalçı kimi çıxış edə bilməlisən. Azərbaycan bu layihəni gerçəkləşdirməklə həm də dünyada etibarını möhkəmləndirmiş olur. Məsələnin siyasi əhəmiyyəti bundan ibarətdir. Biz həm qazımızı satmaqla maliyyə əldə edirik, həm də siyasi baxımdan mövqelərimizi gücləndiririk. Digər tərəfdən, biz Türkiyə ilə qardaş və çox yaxın dövlətlərik. Ancaq bu qardaşlığı və müttəfiqliyi möhkəmlətmək üçün müəyyən iqtisadi və energetik tellərə ehtiyac var. Bu layihə də Azərbaycan və Türkiyəni bir-birinə bağlayan sıx teldir.

- Rusiyanın Türkiyə üzərində həyata keçirmək istədiyi qaz layihəsinin baş tutma ehtimalı nə dərəcədədir?
- Hələlik bu, söz razılığıdır. Əslində, tərəflər arasında ortada hüquqi öhdəliyi olan heç bir sənəd yoxdur. Söhbət ondan gedir ki, Rusiya “Cənub Axını” layihəsinin tam həllini gözləmədən sifarişlər verib və boruların da pulunu ödəyib. Eləcə də, öz xəttini də Qara dənizə qədər gətirib çıxarıb. Başqa sözlə, xərclərin 40 faizini ödəyib. İndi bu borulardan istifadə olunmasa, demək olar ki, faktiki minusa gediləcək. Ona görə də, düşünürəm ki, birinci xəttin gerçəkləşdirilməsi şansları kifayət qədər yüksəkdir. Həm də Rusiyanın son zamanlar irəli sürdüyü bu layihə təşəbbüsü, əslində, təkcə Türkiyəyə hesablanan məsələdir. Ona görə ki, Türkiyə indi Rusiyadan 25 milyard kubmetr qaz alır. Bunun 8 milyardı Mavi Axınla, qalanı isə Ukrayna-Bolqarıstanı keçməklə Türkiyəyə daxil olur. Əslində Rusiyanın təklifi İstanbul və onun ətrafında olan qaz istehlakçılarına hesablanan addımdır. Bu da, Azərbaycan qazı üçün elə bir rəqabət yaratmır. Bu layihə Türkiyənin tələbatını ödəməyə hesablanıbsa gerçəkləşəcək, lakin bu layihənin genişlənməsi kifayət qədər çətin və açıq məsələdir. Bunun üçün maliyyə lazımdır, bu qazın alıcısı olmalıdır. Bizim TANAP-dan sonra TAP layihəmiz var. Rusiyanın təklif etdiyi layihənin isə Türkiyədən sonra hara gedəcəyi məsələsi açıq qalır.

- Ancaq Bolqarıstan tərəfi NABUKKO layihəsini də gündəmə gətirir...
- Əslində, bu təklifi Bolqarıstan səsləndirib, biz də buna etiraz etmirik. Sadəcə bu da vacib idi. Çünki Yunanıstanın yeni hakimiyyəti populist, qeyri-peşəkar, şantaja bənzər hərəkətlərə meyllidir. Borcları ödəməyəcəkləri, şərtləri dəyişəcəkləri haqda iddialarla çıxış edirlər və bu da qəbuledilməzdir. Ona görə də, düşünürəm ki, Bolqarıstan tərəfi NABUKKO məsələsini gündəmə gətirdi, cənab Prezident də buna etiraz etmədi. Fikrimcə, bu, həm də Yunanıstan tərəfinə mesajdır. Yəni, sən şərtləri pozan tərəf kimi çıxış etdiyin halda, alternativ layihə meydana çıxa bilər.

- ABŞ dövlət katibi Con Kerri Suriya müharibəsinin 5-ci ilində elan edib ki, Bəşər Əsədlə danışıqlar masasında əyləşməliyik. Bunu necə anlamaq olar?
- Amerika reallıqları anlayır. Suriyada proseslər idarə olunmayan bir duruma gəlib çıxıb. Əsədin fəaliyyəti isə bunun fonunda qəbuledilməyən şəxs kimi görünmür. Amerika elan etməsə də, İraqda və Suriyada vəziyyəti stabilləşdirmək məqsədilə İranla uzlaşma prosesinə başlayırsa, təbii ki, bu fonda Bəşər Əsədin də yeri olacaq.

- Amerika Suriyada İŞİD-ə qarşı Bəşər Əsədlə anlaşacaq?
- Xeyr. Düşünmürəm ki, bu, belə olsun. Ancaq hesab edirəm ki, Bəşər Əsəd də bir faktor kimi Suriyada proseslərin sabitləşdirilməsi gedişlərində nəzərə alınacaq. Biz gördük ki, Bəşər Əsəd Qəddafidən, Hüsnü Mübarəkdən, Bin Əlidən və digərlərindən fərqli olaraq sübut etdi ki, onun silahlı qüvvəsi və siyasi dəstəyi var. Odur ki, Suriyada Əsədi faktor kimi nəzərə almaq qaçılmazdır.

- İran-Amerika danışıqları indi beynəlxalq səviyyədə ən çox müzakirə edilən məsələdir. Sizə elə gəlmirmi ki, 1979-cu ildən bu yana ilk dəfə olaraq ABŞ-İran münasibətlərində istiləşmə yaşanır?
- Ciddi yaxınlaşmadan daha çox məsələlərin həllinin tapılması gündəmdədir. İran dünyada böyük dövlətlərdən biridir. Təbii ki, İranın da öz sifətini saxlamaq istəyi var və bu da nəzərə alınmalıdır. Hiss edilir ki, İran öz nüvə proqramında müəyyən məhdudiyyətlərə meyllidir və bunun üçün kompromisə getmək şansı var. İndi bu kompromisi İsrail dövləti inkar edir. Lakin Barak Obama İranla anlaşmaya meyllidir. Baxmayaraq ki, Respublikaçılar Partiyası bunun əleyhinə çıxış edir. Həm də Amerika siyasi elitası uzun müddətdir ki, İranla aparılan danışıqların nəticəsini istəyir. Biz başa düşürük ki, İranda vəziyyət yaxşı deyil, müəyyən dəyişikliklər ola bilər. Hiss edilir ki, İran da ona qarşı tətbiq edilən sanksiyalardan müəyyən qədər əziyyət çəkir. Təbii ki, bütün bu məsələlər götür-qoy edilir. İndiki məqamda razılaşmanın əldə olunması ehtimalı daha çoxdur, nəinki danışıqların baş tutmaması.

- İranla razılaşma əldə olunsa, bunun müsbət və mənfi tərəfləri nə olacaq?
- Kim istəyər ki, onun yaxınlığında münaqişə və müharibə ocağı olsun? Heç kim istəməz ki, qonşusuna zərbə endirilsin, sən də seçim qarşısında qalasan. Bu mənada hamımız rahatlıq tapmalıyıq ki, müharibə ehtimalı ortalıqdan çıxır. Bu, müsbət haldır. Mənfi tərəfi budur ki, İranla bağlı gərginliyin dünya bazarında neftin qiymətinə təsiri olurdu. Yəni bazara İran nefti də geniş formada daxil olsa, qiymətlərin aşağı düşməsi ehtimalı da güclənir. Bu neft ölkəsi olaraq bizim üçün sərfəli deyil. Həm də İrana təhlükə mənbəyi kimi baxılanda, şübhəsiz ki, Azərbaycanın geopolitik əhəmiyyəti artır və bu zaman bizə diqqət də çoxalırdı. Yəni, məsələnin müsbət və mənfi tərəfləri var. Ancaq bütün hallarda düşünürəm ki, strateji baxımından İranın zərbə altından çıxması və dünyaya qovuşması Azərbaycan üçün müsbət haldır.

- Ermənistanda siyasi hakimiyyət dəyişəcəkmi?
- Hiss edilir ki, Serj Sərkisyan hakimiyyəti əlindən buraxmaq istəmir.

- Ancaq Ermənistan hakimiyyəti həm də konstitusiya islahatlarına gedir...
- Bəli. Bunun da səbəbi var. 2007-ci ildə keçirilən seçkilərdə Qarabağ klanı qarşısında böyük təhlükə kimi Levon Ter-Petrosyanı görürdü. Bu səbəbdən Köçəryan hakimiyyəti Sərkisyana ötürməyi məqbul hesab etmişdi. İndi isə Sərkisyanın qarşısında müxalifətdən rəqib yoxdur. Onun üçün əsas təhlükə elə Köçəryanın qayıtması idi. Ancaq Sərkisyan bu təhlükəni aradan qaldıra bildi. Əvvəllər gözləyirdilər ki, Köçəryan nə yığıbsa, Sərkisyan ona dəyməyəcək və özü üçün yenidən sərvət toplayacaq. Ancaq indi Ermənistanda qazanc imkanları məhdudlaşır. Sərkisyan bilir ki, hakimiyyətdən getdiyi təqdirdə, yeni hakimiyyətin qazanmaq imkanları olmayacaq, çünki bunun üçün Ermənistanın resursu yoxdur. Odur ki, yeni hakimiyyət çalışıb Sərkisyanın sərvətini ələ keçirəcək. Bu səbəbdən Sərkisyan və ona sadiq qüvvələr hakimiyyəti vermək niyyətində deyillər. Sərkisyan konstitusiya islahatlarına getməklə çalışır ki, idarəçilik bilavasitə əlində olmasa da, özünün hakimiyyətə nəzarətini saxlaya bilsin. Hiss olunur ki, Sərkisyan hakim partiyanın sədri qismində spiker postunu tutmaq istəyir. Onun planına görə, Ermənistanda hər şeyi qarabağlıların etdiyini göstərməmək üçün ola bilsin ki, prezident Ermənistan vətəndaşı olsun. Ancaq şübhəsiz ki, burada əsas məqsəd yığdığını qoruyub saxlamaq və hakimiyyətdə böyük pay sahibi olaraq kiminsə onu təftiş etməsinin qarşısını almaqdır.

Nemət


Müəllif:

Oxşar xəbərlər