19 May 2014 11:59
4 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zülfiyyə Xanbabayeva zaman-zaman sənətində fasilələr versə, çəkilişlərdən, mətbuatdan kənara çəkilsə, qalmaqallardan uzaq olmağa çalışsa da, sənət də, mətbuat da, elə qalmaqallarda da onu axtarıb tapır. Onunla yaradıcılığındakı uğurlar, sevdiyi kitablar, filmlər barədə danışıb, Brilliant Dadaşova ilə bağlı son olaylara da aydınlıq gətirdik. Teleqraf.com xanım müğənni ilə müsahibəni təqdim edir.

Fasilə

Sənətimə fasilə verdiyim vaxtlar olub. Amma sonra çox möhtəşəm şəkildə geri dönüş etmişəm. Fikirləşirəm ki, zamanında elə işlər gördüm ki, indi istəyirəm özüm-özümü aşam. İnanıram ki, insan çəkdiyi əziyyətin bəhrəsini görür.

Fasilələr verməyimə, az-az görünməyimə, eləcə də çoxdan bu sənətdə olmağıma baxmayaraq, bu gün də mənə tələbatın olduğunu hiss edirəm. Və bu məni çox sevindirir. Bilmirəm, nədəndir, amma hərdən müsahibələrdən, çəkilişlərdən, kameralardan qaçıram. Yəqin, bu mənim xasiyyətimdən irəli gəlir.

Dünya səhnəsi

Dünya səhnəsində tanınmaq üçün həm çox böyük maliyyə, həm də şans lazımdır. Mən də vaxtilə çox festivallarda iştirak etmişəm. O vaxt festivallar müğənnilərin tanınması, kəşf edilməsinə xidmət edirdi. İndi gənclər xarici prodüserlərlə işləyirlər. Bu, çox gözəldir. Amma əfsuslar olsun ki, hələ də amerikalı prodüserlərin əlinə düşməyiblər. Bütün hallarda dünyada ulduzu ulduz edən Amerikadır. Bu faktdır. Əgər Amerika istəsə, ən istedadsız adamı da ulduz edə bilər.

“Eurovision 2014” qalibi

Mən artıq bu müsabiqədə heç nəyə təəccüblənmirəm. Biz Konçitaya niyə təəccüblənirik ki, bizim özümüzün Konçitalarımız azdır?

Gənclər

Bu, hər zaman belə olub. Yaşlı nəsil gənc nəsli bəyənmir. Həmişə gənclərə “bizim vaxtımızda elə olmayıb, belə olub” kimi sözlər deyirlər. Mən isə gənclərlə işləməyi sevirəm. Onlar dünyada baş verən yeniliklərdən, proseslərdən məlumatlıdırlar. Hesab edirəm ki, gəncləri qınaq obyektinə çevirmək yox, dəstəkləmək lazımdır. Nəticədə hamı gənc olub, ilk addımlarını necə və haradasa atıb. Bizim istedadlı gənclərimiz var. Onlar öz üzərilərində çox yaxşı işləyirlər. Məsələn, Röya gecəsini-gündüzünə qataraq çalışır. Zamiqi çox bəyənirəm. Natavanın ifa etdiyi janrı çox sevirəm.

Albom

Vaxtilə Azərbaycanda albom satışından çox yaxşı qazanan yeganə müğənniyəm. Hətta onları bir neçə dəfə təkrar tirajlayırdım. Çünki tiraj başa çatsa da, tələbat çox idi. Mən hər zaman əlimdə olan maliyyəni sənətimə xərcləmişəm.

Konsert

Bu yaxınlarda Şəmkirdə çox gənc yaşında rəhmətə gedən şahmatçımız Vüqar Həşimova həsr olunan konsertim baş tutdu. Çox maraqlı, gözəl bir konsert proqramı ilə çıxış etdim. Paytaxtda isə hələ ki, konsert verməyi planlaşdırmıram.

Toy

Dəvət olunduğum, istədiyim, seçdiyim toylarda iştirak edirəm. Bilirsiniz, toylara gedən müğənniləri heç vaxt qınamıram, qınamaram da. İndi toylar olmasa, müğənnilər nə edərdilər? Axı başqa qazanc yeri yoxdur. Sirr deyil ki, Bakıdakı konsertlərdən yaxşı gəlir əldə etmək mümkün deyil, rayonlarda isə güclü bilet satışı yoxdur. 5 il bundan öncə vəziyyət başqa idi: albomlarımız satılır, konsertlərimizdən qazanırdıq və toylara getməyə ehtiyac yox idi. Bir də ki, o vaxtlar xərcliyimiz də o qədər çox deyildi. Amma indi klip, mahnı, aranjeman çox bahalıdır. Onu da xüsusi ilə qeyd edim ki, mən toy mahnılarının efirə gətirilməsinin qəti əleyhinəyəm.

Dəniz

Dəniz bu il ikinci sinfi bitirir. Dərslərini yaxşı oxuyur. Fikrimcə, valideyn üçün ən böyük xoşbəxtlik övladının savadlı olmağıdır. O, balacadır, amma artıq ingilis, rus, Azərbaycan dilində kitablar oxuyur. Mənim bundan sonrakı arzularım onunla bağlıdır.

Dost - Nigar

Dostluq etmək çox gözəldir. Dostlarımı da çox sevirəm və qiymətləndirirəm. Qızım Dənizə də bunu aşılayıram. İstəyirəm, onun da yaxşı dostları olsun və hər zaman onların qədrini bilsin. Dostluqda hər zaman hörməti qorumuşam. Çünki hörmət olmayanda hər şey adiləşir, cılızlaşır. Çox üzü yola adamam, amma lazımı məqamda lazım olan insana cavabını verirəm. Yanımda 20 illik bir dostum var - Nigar Hacızadə. Hər zaman yanımdadır, dayağımdır. Brilliant Dadaşova ilə məni Nigar tanış eləmişdi. Sənət dostlarımdan biri də məni səhnədə geniş tamaşaçı kütləsinə ilk dəfə təqdim edən Nərgiz Cəlilovadır. Onu çox istəyirəm və bu sənətdə mənə çox məsləhətlər verib.

Xəyanət – bircə ondan yox

Əsl dostlarımdan xəyanət görməmişəm. Əgər xəyanət olubsa, yəqin ki, onlar dost olmayıblar. Mən Tərəzi bürcündən olduğum üçün insanları çox saf-çürük edirəm. Bəlkə də seçilmiş insanlardanam ki, çox böyük xəyanətlərlə qarşılaşmamışam. Nigardan xəyanət görməyim. Bu mənə daha çox təsir edər.

Brilliant Dadaşova - absurd

Mətbuatda xəbər yayılmışdı ki, guya Brilliantla mən küsülüyəm. Xeyir, elə bir şey yoxdur. Bu, absurddur. Brilliant hər zaman çox hirslənir, əsəbləşir. Ona deyirəm ki, əhəmiyyət vermə, belə söz-söhbətlərə. Bir şey haqqında çox danışıb, ucundan tutub ucuzluğa getmək olar. Deyirəm ki, fikir vermə, əsas odur ki, səninlə mən bilirik ki, nə məsələdir. Zaman o zaman deyil, vaxt o vaxt deyil, əksinə bir-birimizin qədrini, qiymətini bilməliyik.

Düşmən

Mənim düşmənim yoxdur. "Düşmən" çox ağır kəlmədir. Beş-altı il bundan öncə bu sualı mənə versəydiniz, bəlkə başqa şey deyərdim. Amma heç o vaxt da mən kimisə "düşmən" adlandırmırdım. Kiminləsə aramızda söz-söhbət olub, məni istəməyənlər, istəyənlər var. Onlara da deyirəm ki, rahat yatın, Brilliantla aramızda heç bir şey yoxdur. Münasibətlərimiz çox yaxşıdır.

Xoşbəxtlik

Xoşbəxtlik hissi daimi olmur. Əlbəttə ki, mənim də depressiyaya düşdüyüm, çox kədərli olduğum, özümə yer tapa bilmədiyim zamanlarım olub. Hətta bunu gizlətmək üçün çox əziyyət çəkmişəm. Amma düşünürəm ki, mənim xoşbəxt anlarım kədərli anlarımdan daha çoxdur.

Təklik

Boş vaxt tapan kimi tək qalmaq istəyirəm. Özüm-özümlə tək qalıram. Bununla səs-küydən dincəlmək, istirahət etmək istəyirəm.

Kitab

Əksər kitabların, romanların sonra filmləri çəkilir. Amma bütün hallarda bu kitabın yerini vermir. Çünki filmlərin əksəriyyəti kitablarda yazılan kimi çəkilmir. Mən şəxsiyyətlər haqda olan kitablar oxumağı sevirəm. Onların həyatları, yaradıcılıq yolunun əks olunduğu kitablar məni cəlb edir. Bir də Dənizin kitablarını oxuyuram. Və ən maraqlısı odur ki, dünən qızım mənim üçün kitab oxuyurdu. Özümü çox xoşbəxt hiss etdim.

Kann Festivalı

Kannda olmuşam. Təəssüflər olsun ki, səfərim kino festivalının keçirilən vaxtına təsadüf etməyib, amma qırmızı xalıda gəzmişəm. Kənardan daha kəhkəşanlı görünür, amma əslində elə də əhəmiyyət kəsb etmir. Tələbəlik illərində qızlarla tez-tez yığışar, filmlərə baxırdıq. Hətta kino günlərimiz var idi. Son zamanlar özümdə qəribə xüsusiyyət aşkarlamışam. Daha doğrusu, bu hal məndə Dənizdən sonra yaranıb. Bir ağır mövzulu kitab oxuduqdan, yaxud filmə baxdıqdan sonra bütün fikrim orda qalır. Ona görə daha çox romantik filmlərə baxmaq, o barədə kitablar oxumağa çalışıram.

Lirika

Lirik musiqini çox sevirəm. Çünki musiqidə hansısa hissi lirik mahnı ilə çatdırmaq daha məqsədəuyğundur. Həmişə pop estrada janrında mahnılar ifa etmişəm. Oxuduğum mahnılarda da milli kimliyimizi, ənənələrimizi qorumağa, saxlamağa çalışıram.

Yeni hit

“Sən varsan” adlı yeni mahnım iki-üç günə radiolarda səslənəcək. Çox pozitiv, enerjili mahnıdır. Sözlərini İsmayıl Əsədov yazıb və mənim qızıma həsr edib. İnsanın ətrafında mütləq sevdiyi insanlar olur: valideyn, sevgili, övlad. Ona görə hər kəs bir-birinə bu mahnını həsr edə bilər.

Nərmin Muradova


Müəllif: