Müsavat Partiyası Təşkilat Komitəsinin sədri Razim Əmiraslanov partiyanın rayon təşkilatları ilə rəhbərlik arasında yaşanan narazılıqlarla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Razim bəy, Müsavat Partiyasının Suraxanı rayon təşkilatının Şura iclasından sonra yerli qurumla partiyanın mərkəzi orqanları arasında münasibətlər bir qədər də gərginləşib. Gərginliyin əsl səbəbi nə ilə bağlıdır?
- Müsavat Partiyasında heç bir problem yoxdur. Sadəcə olaraq, partiyanın Suraxanı rayon təşkilatı özünün Şura iclasını keçirib, amma Şuranın digər üzvləri iclasa dəvət olunmayıb. Burada nizamnamə pozuntusu var. İclasa çağırılmayan Şura üzvləri MNTK-ya müraciət ediblər. Məsələ araşdırılacaq və müvafiq qərar qəbul olunacaq.
- Suraxanı rayon təşkilatı qarşıdan gələn parlament seçkilərinə Vurğun Əyyubun namizədliyini irəli sürməkdə israr edir. Necə hesab edirsiz, bununla bağlı rayon təşkilatının mövqeyi həlledicidirmi?
- Əlbəttə, xeyr. Prosedur qaydaya görə, şəxsin namizədliyini rayon təşkilatı irəli sürməlidir. Yekun qərarı isə partiyanın Məclisi verir. Müsavat Partiyası Məclisinin növbəti toplantısında namizədlər siyahısının müzakirəsi nəzərdə tutulmayıb. Hər bir kəs - o, müsavatçı da ola bilər, başqa partiyadan da - Müsavat Partiyasından deputatlığa namizədliyini irəli sürmək istəyə bilər. Biz buna normal baxırıq. Sonda siyahını Məclis təsdiqləyir. Məclis isə qeyd olunan məsələyə seçkilərə bir neçə ay qalmış baxacaq. Müsavatın ali orqanlarını tanımayan bir şəxsin partiya adından deputatlığa namizədliyini irəli sürməsi mənəvi baxımdan düzgün deyil. Mən inanmıram ki, partiyanın ümumi kursuna qarşı çıxan bir şəxsin namizədliyini Məclis üzvləri təsdiqləsin. Çox güman ki, Məclisdə Vurğun Əyyubun adı namizədlər siyahısından çıxarılacaq. Hər şey Məclis üzvlərinin səsverməsindən asılıdır.
- Vurğun Əyyub Müsavat Məclisinin legitimliyini tanımır. Onun Məclis üzvü kimi qalması nə dərəcədə düzgündür?
- Bununla bağlı Müsavat Partiyası Məclisinin sədri Nüşaba Sadıqlı açıqlama verib. O, bildirib ki, Məclisin növbəti toplantısında Vurğun Əyyub və digər Məclis üzvlərinin məsələsinə baxılacaq. Doğrudan da adam özünü Məclis üzvü hesab etmirsə, onu tanımırsa, iclaslarda iştirak etmirsə, barəsində müvafiq qərar qəbul edilməlidir. Burada söhbət Məclis üzvlüyündən çıxarılmasından gedir, Müsavat Partiyasından deyil.
- Müsavat Partiyasının digər rayon təşkilatlarında da problemlərin olduğu bildirilir. Bir müddət öncə Beyləqan rayon təşkilatı özünün buraxılması barədə qərar qəbul etmişdi...
- Müsavat Partiyasının rayon təşkilatlarında ciddi problem yoxdur. Bu yaxınlarda Beyləqan rayon təşkilatının konfransı keçirilib. Oradan cəmi üç nəfər istefa verib. Müəyyən adamlar var ki, mətbuata yalan məlumatlar ötürürlər. Bir daha qeyd edirəm ki, Müsavat Partiyasının rayon təşkilatları yerindədir və heç bir gərginlik müşahidə olunmur. Qurultaydan sonra Müsavat Partiyasını 30 nəfər tərk edib. 6 nəfər isə partiyanın ali orqanlarından xaric edilib.
Ayxan