19 May 2014 17:54
3 964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mahirə Əliyeva: “Elçibəydən sonra Xalq Cəbhəsi adında heç nə yoxdur”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bəyan edib ki, rəhbərlik etdiyi partiyaya daha bir professor qoşulub. Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Fizika kafedrasının professoru Mahirə Əliyeva ərizə verərək partiyaya üzv olub.

6 ixtiranın müəllifi olan Mahirə Əliyeva Teleqraf.com-a yeni üzv olduğu partiya barədə danışıb:

- Mahirə xanım, necə oldu ki, Müasir Müsavat Partiyasına üzv olmaq qərarı verdiniz?
- Hələ partiyaya üzv deyiləm. Müasir Müsavat Partiyasının Qadınlar Şurasının sədri Zəhra xanım mənə müraciət etdi ki, gəlin, bizim Şuraya üzv olun. O, jurnal da çıxarır, kömək edirəm. Gərək partiyanın nizamnaməsi ilə tanış olum, sonra üzvlük barədə qərarımı verim. Mən Azərbaycan Xalq Cəbhəsinin dövründə qadın hüquqlarını müdafiə cəmiyyətində olmuşam.

- Siyasi fəaliyyətiniz AXC çərçivəsində olub?
- Mən həmin cəmiyyətdə idim. Heydər Əliyev xalqa müraciət edəndə ki, müəyyən təxribatlar var, mən o zaman Sumqayıtda prorektor idim, öz qadınlarım adından Heydər Əliyevə teleqram vurduq. Ki, biz sizi dəstəkləyirik, sizə inanırıq. Ona görə də AXC-də məni tənqid elədilər. Hətta Xanım Xəlilovanın bacısı qızı vardı, mənə “şpion” dedi. Gördüm ki, onlar bunu başqa səmtə yönəldirlər. Onun sözləri mənim xoşuma gəlmədi, cəmiyyətdən çıxdım. Ziyalıyam, başa düşürdüm ki, Heydər Əliyevin gəlməsi respublikanı qurtara bilər. Öz fikirlərimi söylədim. Qadın hüquqlarını müdafiə cəmiyyətində olsam da, öz düşüncəmlə hərəkət etdim. Həmişə Vətənim uğrunda canımı verməyə hazır olan adamam.

- Bəs niyə indi məhz Müasir Müsavat Partiyasını seçdiniz?
- Düzü, mən o partiyanı seçməmişəm, Qadınlar Şurasında çalışacağam. Zəhra xanımı tanıyıram, düz adamdır, ona kömək etmək istəyirəm. Açığı, hansısa partiyaya üzv olmaq istəmirəm. Bu şeylərdən başım ağrıyıb. Cəmiyyətimə, xalqıma kömək etmək istəyirəm. Mən də həyat yoldaşım da çox işlər görmüşük. Biz Qubadlıdanıq. Qubadlı cəbhəsində gülləbaran olanda biz əsgərlərlə görüşə getmişik. Camaata demişik ki, çıxmayın, Vətənimizi sevən adamlarıq. Mən təsadüfi adam deyiləm ki, bu partiyadan çıxıb başqasına yazılam. Hesab edirəm ki, Elçibəydən sonra Xalq Cəbhəsi adında heç nə yoxdur.

- Bəs YAP-da olmusunuz?
- Yox olmamışam. Mən Heydər Əliyevə dəstək oldum. Hətta ərizə də yazmışdım ki, 3 uşaq anasıyam, işə gedib-gəlməkdə problem olur, hökumətə nə qədər müraciət etsəm də, Bakıya gəlməyə kömək etmirdi. Heydər Əliyev tapşırıq verdi, məni Neft Akademiyasına gətirdi.

- Elə o dövrdən ADNA-da çalışırsınız?
- Bəli. Mən Heydər Əliyevi tanıyıram, ona böyük hörmətim var. Əgər gedib YAP-a üzv olsaydım, Cəbhədəki bəzi səviyyəsizlər nə düşünəcəkdi. Mən kənarda durmuşam, vətənpərvərliyimi davam etdirirəm. Öz xalqımı sevirəm, gördüyü işlərə görə cənab İlham Əliyevi dəstəkləyirəm, istəyirəm ki, qadın cəmiyyəti vasitəsilə nə bacarıramsa ona kömək edim. Vaxtında elə adamlar vardı ki, hansı partiya hakimiyyətdə idisə, dərhal o partiyaya üzv olurdular. Allah eləməsin, bir başqası gəlsə, ona üzv olacaq. Əlli üzü olan insanlardır hamısı. Mən Mehriban xanımı da, İlham Əliyevi də dəstəkləyirəm, onlarla fəxr edirəm. Çox fırıldaqçılar öz işlərini keçirmək, vəzifəyə getmək üçün YAP-a gedirdi. Partiyaya üzv olandan sonra rüşvət almağa başladılar. Mən təmiz işləyirəm, rüşvət almıram, tələbələri yaxşı hazırlayıram, vətənpərvərlik borcumu yerinə yetirirəm. Bu, mənim Vətəni sevməyimdən irəli gəlir. Mən dəfələrlə qadın hüquqlarını müdafiə cəmiyyətində olanda şəhid analarını yığıb Qubadlı cəbhəsinə getmişik. Şəkərbura, paxlava götürüb hospitalda yaralı əsgərlərə baş çəkdik. Pul yığıb hər əsgərin yastığının altına müəyyən miqdarda pul qoymuşduq, onlara ürək-dirək verirdik. Nə bacarmışıq etmişik. Mən Qubadlıya gedəndə Xalq Cəbhəsinin Qubadlıdakı icra başçısı məni Salatın Əsgərova kimi öldürtmək istəyirdi.

- Onda icra başçısı kim idi?
- Cavan adam idi, qaçdı getdi. Adı deyəsən Elman idi. Mənim sənədimə qol çəkmədi, erməni ilə sərhədə göndərdi ki, orada polkovnik qol çəkməlidir. Sonra onun sürücüsü dedi ki, bunlar sənin başını əkmək istəyirlər, gəl sənədinə qol çəkim aradan çıx. Mən onun nə ilə məşğul olduğunu biləndə, ümumiyyətlə nifrət elədim. O, məni cəbhə bölgəsinə göndərmək istəyirdi ki, məni ermənilər əsir götürsün. Biz oradan gecə ilə çıxdıq. Sonra belə şayiə buraxmışdı ki, Mahirə müəllimə qadınları polklara paylamaq üçün gətirib. Görün, nə qədər alçaqlıq etmişdi. Mənim apardığım qadınlar şəhid anaları idi. Onlar isə bizim ora getməyimizi “bəzəmişdilər”. Ondan sonra mən elə stress keçirdim ki. Hamısı ondan irəli gəlirdi ki, mən onlar kimi deyildim, öz düşüncəm var idi. Mən Heydər Əliyevə qadınlarla onu dəstəkləməyimlə bağlı vurduğum teleqramı o, qiymətləndirdi. Ki, doğrudan da, qadın hüquqlarını müdafiə cəmiyyətində olsa da, bu qadının öz müstəqil fikri var. O vaxt ən demokratik və vətənpərvər adamlar Səməd Vurğunun oğlanları- Vaqif, Yusif, ziyalılar Topxana meşəsini qorumaq üçün getmişdi. Sonra nə oldu, düşüncəsiz adamlar gəldilər, ziyalıları hər vasitə ilə uzaqlaşdırdılar. Biz ziyalılar gördük ki, bunların intellekti aşağıdır. Qadınlara müraciət etdim ki, ay xanımlar, Azərbaycan parçalanır, bizim vətənimizi ancaq Heydər Əliyev qurtaracaq. Elçibəy niyə getdi? Ona görə getdi ki, onun qoyduğu İsa Qəmbər saf çıxmadı, onlar əyri yolla getdilər. Elçibəy Heydər Əliyevi özü gətirdi. Elçibəy vətənpərvər adam idi.

- Hafiz Hacıyevlə tanışlığınız varmı?
- Onunla tanışlığım yoxdur. Ancaq tanış olmaq, tetatet danışmaq istəyərdim. Görüm, doğrudan da, onun partiyasına getmək istəyərəm yoxsa yox. Partiyaya keçmək həvəsində olsaydım, elə YAP-a gedərdim və işləyərdim. Amma elə bir tendensiya yaranıb, bir partiyada olub başqasına gedirlər getdiyi yeri pisləyirlər. Hesab edirəm ki, hər bir partiyanın daxilində yaxşı adamlar da, pis adamlar da var. Saf adamlar da, vəzifə üçün gedənlər də var. Gərək dürüst olasan.

- Bəs Hafiz Hacıyevi lider kimi görürsünüz?
- Hafiz Hacıyevin jarqon danışığı xoşuma gəlmir. Müəyyən şeyləri mədəni surətdə də demək olar.

Nərgiz


Müəllif: