20 May 2014 09:38
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azay Quliyev: "Səfirin bəyanatı Azərbaycan-Amerika strateji əməkdaşlığının ruhuna uyğun deyil"

"Son zamanlar yaranan QHT-lərin əsas məqsədi qrant alamaqdır"

Suallarımıza millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Əfv Komissiyasının üzvü Azay Quliyev cavab verib. Deputat bu ayın sonu gözlənilən əfv fərmanından, QHT-lərin durumundan, sayından, qeydiyyat problemindən danışıb. Azay Quliyev həm də ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın mətbuatda verdiyi bəyanatı şərh edib və bunun Azərbaycan-Amerika münasibətlərinin ruhuna zidd olduğunu bildirib.

- Azay bəy, Siz Əfv Komissiyasının üzvüsünüz. Ayın sonunda Prezidentin əfv fərmanı verəcəyi haqda xəbərlər dolaşır. Əfv olacaqmı?
- Əfv hər zaman ictimaiyyət tərəfindən xüsusi diqqətdə saxlanılıb. Cənab Prezidentin əfv fərmanı imzalamaqla bir çox məhbusları yenidən normal həyata qaytarması artıq ənənə halını alıb. Bu baxımdan əfvin verilib-verilməyəcəyinə ciddi marağın olmasını təbii qəbul edirəm. Konkret olaraq deyim ki, Əfv Komissiyası daimi fəaliyyət göstərən qurumdur. Hər zaman daxil olan müraciətlər araşdırılır və müvafiq qaydada baxılır. Eləcə də, müvafiq qurumlardan arayışlar qəbul edilir. Hazırda bu proses davam etdirilir.

- Konkret olaraq may ayında Əfv Komissiyasının toplantısı keçirilibmi?
- Bəli, bu ay müddətində komissiyanın iclası keçirilib.

- Bu əfvin veriləcəyini deməyə əsas verirmi?
- Əfv Komissiyasının keçirilməsinin nəyə əsas verdiyinə siz qərar verin. Dəfələrlə demişəm ki, əfvin nə zaman veriləcəyini, hansı sayda məhbusun azad olunacağını Əfv Komissiyasının üzvünün deməsi doğru deyil.

- Həbsdə olan, həmçinin siyasi partiya mənsubiyyəti olan şəxslərin azadlığa buraxılması gözlənilirmi?
- Əvvəla, Azərbaycanda heç kəs siyasi fəaliyyətinə görə təqib edilmir və siyasi fəaliyyətə görə heç kəs həbsxanaya atılmır. Konkret olaraq siyasi yanaşmalar mövcuddur. Bir çox şəxslər törədilən hər hansı bir əmələ hüquqi qiymət əvəzinə, siyasi çalarlar verməyə çalışır. Biz bunu qadağan edə bilmərik, çünki hərənin bir yanaşma tərzi var. Amma deyim ki, artıq Azərbaycanın hüquq sistemi elə formadadır ki, burada kimisə siyasi fəaliyyətinə görə həbs etmək, eləcə də, şəxsi davamlı formada təqib etmək mümkün deyil. Həm də o baxımdan mümkün deyil ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yuridiksiyasına daxil olub. Hər hansı vətəndaş daxili məhkəmə instansiyalarını keçdikdən sonra Avropa Məhkəməsinə müraciət edərək öz haqqını qorumaq imkanına sahibdir. Bu baxımdan elə hüquqi mühit yaradılıb ki, vətəndaşlar öz hüquqlarını qoruya bilsin. Odur ki, kiminsə siyasi fəaliyyətinə görə həbs edilməsi fikri ilə razılaşa bilmərəm.

- Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin göndərilməsi sayının çoxalması Sizcə, yaxşı göstərici hesab edilə bilərmi?
- Əlbəttə, bu yaxşı hal deyil. Hesab edirəm ki, məhkəmələr bu haqda ciddi düşünməlidir. İstənilən halda vətəndaş daxili məhkəmələrdən narazı qalırsa, bu yaxşı hal deyil. Baxmayaraq ki, istənilən halda məhkəmənin qərarı tərəflərdən birinin hüquqlarını qoruyur və digərini narazı salır. Çəkişən tərəflərdən biri məhkəmə qərarından razı ola bilər. Bu mənada siz dediyiniz məsələnin təbii tərəfi də var. Amma məhkəmələr prosedura qaydalarına əməl etməli, ədalətli qərarlar çıxarmalı və ən əsası verilən qərar törədilən cinayətə adekvat olmalıdır ki, bu da Avropa Məhkəməsinə gedən şikayətlərin sayının azalmasına gətirib çıxarsın.

- Son zamanlar QHT-lərlə Ədliyyə Nazirliyi arasında problem yaranıb. Söhbət qrant müqavilələrinin təsdiq edilməsindən gedir. Amma hazırda bir çox QHT-lər qrant müqaviləsi ilə bağlı nazirliyin cavabını almadığı üçün maliyyələrini bankdan çıxara bilmirlər. Bu nə ilə bağlıdır?
- Açığını deyim ki, bununla bağlı bizə geniş və kütləvi müraciətlər daxil olmayıb. Amma ümumi şəkildə müraciətlər daxil olub. Bildirilib ki, qanuna edilən yeni dəyişikliklərdən sonra bir sıra banklar maliyyə əməliyyatının həyata keçirilməsi üçün əlavə sənədlər tələb edirlər. Özü də, qanunun qəbul edildiyi tarixdən əvvələ aid olan qrant müqavilələrinə də sənədlər tələb edilir. Məncə, bu qanunsuzdur və buna yol vermək olmaz. Biz iki mühüm addım atmışıq. Birincisi, biz qanunun icrasına nəzarəti həyata keçirmək üçün şuranın nəzdində Hüquq və Monitorinq Komissiyası yaratmışıq. Bu komissiyaya fəal hüquqşünaslar və hətta qanundan narazı olan QHT nümayəndələri də daxil edilib. Onlar bu prosesi nəzarətdə saxlayır. İkincisi, biz bu məsələni Milli Bankın rəhbərliyi ilə müzakirə etmişik. Məndə olan məlumata görə, artıq bu problem həll edilib. Bəzi texniki məqamlar var və hesab edirəm ki, yaxın zamanlarda onlar da aradan qalxacaq. Əslində burada söhbət qanunun tətbiqində yaranan texniki məsələlərdən gedir. Hesab edirəm ki, bu da qısa müddətə həll ediləcək.

- Azərbaycan QHT-lərinin fəaliyyəti Sizi qane edirmi?
- Ümumi götürəndə QHT-lərin fəaliyyəti məni qane edir. QHT-lər demək olar ki, bu gün bütün ictimai əhəmiyyətli problemlərininin həllinə cəlb olunub. Dövlət QHT-lərə hərtərəfli dəstək verir. Bu gün QHT-lər Azərbaycanın milli maraqlarını təkcə ölkə daxilində deyil, həm də ölkə xaricində də təmsil edirlər. Bu baxımdan bütövlükdə QHT sektoru haqqında müsbət fikirlər demək olar. Təbii ki, ayrı-ayrı QHT-lərə gəldikdə təəssüflər olsun ki, onların arasında hələ də qanunları pozan, ona əməl etməyən, bəzi hallarda milli maraqlarımızı nəzərə almayanları var. Bunlar əlbəttə, çox böyük qisim deyil və azdırlar. Bu QHT-lər haqqında bizdə və ya hüquq mühafizə orqanlarında informasiya var. Bu da ciddi şəkildə narahatçılıq doğurur. Əlbəttə, bizim hüquq mühafizə orqanları qanun çərçivəsində bu məsələlərlə məşğul olurlar.

- Bəzən iddia edirlər ki, Azərbaycanda QHT-lərin sayı Gürcüstan və Ermənistanla müqayisədə çox azdır. Bu doğrudurmu?
- Bu belədir. Azərbaycanda adambaşına düşən QHT-lərin sayı qonşu ölkələrlə müqayisədə azdır. Bu azlıq hiss olunur. Amma mən məsələni bir qədər fərqli qoymaq istəyirəm. Bizdə yaranan QHT-lər nə qədər keyfiyyətli, effektiv və qarşısına sağlam missiya qoyur? Bunun müqayisəsini aparmaq və araşdırmaq lazımdır. Belə araşdırma aparsanız görərsiniz ki, son zamanlar yaranan QHT-lərin əsas məqsədi qrant almaqdan başqa bir şey deyil. Bu QHT-lərin nə konkret fəaliyyət planı, nə missiyası, nə də bəlli strategiyaya söykənməsi var. Bu halda biz kəmiyyət çoxluğundan deyil, keyfiyyət haqqında düşünməliyik. Odur ki, çox istərdim ki, vətəndaşlar QHT yaradanda konkret məqsəd və mərama xidmət etsinlər. Onların məqsədi qrant almaq olmasın. Əgər QHT yaratmaqda məqsəd qrant almaqdırsa, bu halda onun yaranmaması daha yaxşıdır.

- Siz Milli Məclisdə QHT-lərin qeydiyyatı problemini gündəmə gətirmişdiniz. Bu istiqamətdə maneələr aradan qaldırılıbmı?
- QHT qeydiyyatı ilə bağlı dəfələrlə məsələ qaldırmışam. Dövlət QHT-lərlə bağlı çox şəffaf və sağlam siyasət ortaya qoyub. Dövlətin QHT-lərə münasibəti Prezidentin imzaladığı konsepsiyada öz əksini tapıb. Məsələn, 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının imzalanması, sonradan bu sənəddən irəli gələrək QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması, həqiqətən də, dövlətin bu istiqamətdə apardığı siyasətin mahiyyətini ortaya qoydu. Bu baxımdan hesab edirəm ki, QHT-lərin qeydiyyatı texniki xarakter daşıyır və bunun dövlət siyasətinə mənfi təsiri yoxdur. Həm də deyim ki, qeydiyyat problemlərinin aradan qaldırılması ilə bağlı müəyyən addımlar da atılıb. Hazırda Ədliyyə Nazirliyində işçi qrupu fəaliyyət göstərir. Əsas məqsəd qeydiyyatı maksimum sadələşdirməkdən ibarətdir. Söhbət vahid pəncərə sisteminin tətbiqi, QHT-lərin elektron məlumat bazasının təkmilləşdirilməsi, QHT-lərin virtual kabinetdən faydalanması, onlara lazım olan sənədlərin vaxtı itirmədən əldə edilməsi prosedurasından gedir. Bunlar həm də ona hesablanıb ki, QHT-lərlə Ədliyyə Nazirliyinin münasibətləri daha da təkmilləşsin. Hesab edirəm ki, problemlərlə bağlı müəyyən təkmilləşməyə ehtiyac var. QHT-lərin qeydiyyatı üçün lazım olan müddətə yenidən baxıla bilər. Hazırda qanunvericiliyə əsasən, qeydiyyatın birinci mərhələsi üçün 30 gün tələb olunur. Sonradan araşdırma üçün ehtiyac yaranarsa əlavə 40 gün və sonra yenidən 20 gün tələb olunur. Fikrimcə, bunları bəlli vaxt çərçivəsinə daxil edə bilərik. Bu vaxt çərçivəsində QHT-lərin qeydiyyatla bağlı müraciəti təmin olunmalı və ya əsaslandırılmış formada rədd cavabı verilməlidir. Zənnimcə, bu yaxın müddətdə həll olunacaq. Eyni zamanda bizim QHT yaradan vətəndaşlarımız da qanunvericiliyə dəqiq əməl etsinlər və qeydiyyat üçün lazım olan sənədləri hazırlayıb təqdim edə bilsinlər.

- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın son bəyanatlarını necə qiymətləndirirsiniz?
- Mən səfirin müsahibəsinə baxdım. Həqiqətən də, orada narahatedici məqam var. Hesab edirəm ki, ABŞ səfirinin verdiyi bəyanat hazırda Azərbaycan-Amerika strateji əməkdaşlığının ruhuna uyğun deyil. Birincisi, Maydan hərəkatını Azərbaycana bağlaması haqda bəyanatı qəbuledilməzdir. Bu artıq bəzi qrupları dolayısı yolla siyasi hərəkata sövq etməkdir. İkincisi, səfir Azərbaycan hökumətinin daxili ilə bağlı müəyyən subyektiv fikirlər yürüdüb. Hesab edirəm ki, burada Azərbaycanın daxili işlərinə qarışmaq elementi var. Hər iki tezis Azərbaycan-Amerika münasibətlərinə zərər gətirən tezislərdir. Mən buna təəssüf edirəm. Bu gün heç bir halda Azərbaycan Ukrayna ilə müqayisə edilə bilməz. Çünki son 10 ildə Ukraynada nələrin baş verdiyini, siyasi mühitin formalaşmadığının, böhranın davam etdiyinin şahidi oluruq. Amma Azərbaycanın son illər inkişaf etdiyini, çevik dövlət olduğunu, iqtisadi baxımdan böyük məsafə qət etdiyini və xeyli gücləndiyini müşahidə edirik. Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətdir, iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olub, hazırda Avropa Şurasına rəhbərlik edir, 2015-ci ildə ATƏT Parlament Assambleyasına ev sahibliyi edəcək, Avropa Yay Olimpiya Oyunları ilk dəfə ölkəmizdə keçiriləcək. Bu qədər böyük inam və etimada sahib olan, daxildə ciddi stabilliyin hökm sürdüyü ölkə haqqında bu kimi fikirlərin işlədilməsi doğru deyil.

Nemət Hüseynli


Müəllif: