Müsahibimiz aktyor, şoumen Azər Axşamdır.
- Ötən günlərdə sizin də iştirak etdiyiniz “100 kağız” filmi ekranlara çıxdı. Uzun müddətdir ki, sizi filmlərdə görmürdük. Dəvət etmirlər, yoxsa siz qəbul etmirsiniz?
- Bəli, demək olar ki, uzun fasilədən sonra “100 kağız” filminə çəkildim. Filmdəki obrazım xəyanətkar biridir. Həyat yoldaşına xəyanət etdiyi vaxt doğum evində övladı dünyaya gəlir. Belə qarışıq bir hadisələrin içərisində baş çıxaran birini canlandırmışam.
Sevinirəm ki, Azərbaycanda son illər çox filmlər çəkilməyə başlayıb. Bəzilərini bəyənirik, bəzilərini bəyənmirik. Düşünürəm ki, bu, belə də olmalıdır. Bütün işlər yaxşı ola bilməz. Hər bir uğursuzluq uğura aparan yoldur. Ona görə də ən vacibi odur ki, filmlər çəkilsin. Alınmır, yenisi çəkilir, yenə alınmır, yenə yenisi çəkilir, əminəm ki, gec-tez istədiyimiz səviyyəni əldə edəcəyik.
- Çəkilən filmlərə baxmısınızmı?
- Baxıram. Amma hansısa filmə tam olaraq baxmağa imkan edə bilmərəm. Ona görə də hər filmə hissə-hissə baxmışam, demək daha doğru olar. Uşaqlar işləyirlər, yəni iş var. Bilirsiniz, nə çatmır? Filmlərdə peşəkar aktyor azdır. Peşəkar aktyorları daha çox çəkmək lazımdır. Bir də indiki çəkilən filmlərdə süjet xətti, əsas xətt yoxdur. Film zarafatlar əsasında çəkilir. Filmdə hansısa aktyor bir zarafatı ilə, digəri başqa zarafatı ilə yadda qalır. Bu zarafatlar vahid xəttə, filmin süjet xəttinə xidmət etmir. Bu, o qədər geniş yayılıb ki, aktyorlar da zarafatları ilə öyünürlər.
- Bayaq verdiyim suala cavab ala bilmədim, ona görə bir də təkrarlamaq məcburiyyətindəyəm. Azər bəy, serial və filmlərə dəvət etmirlər, yoxsa siz qəbul etmirsiniz? “Qız atası”na qədər seriala çəkilməyə uzun ara verdiyinizi bilirəm.
- Buna səbəb çəkilən seriallardan təkliflərin gəlməməsidir. Gələn təkliflərdə elə məbləğ deyirdilər ki, vallah, bunu açıqlamaq belə olmur.
- Məbləğ Sizi qane etmədi...
- Qane etmədi, ona görə yox ki, mən daha çox istəyirəm. Sadəcə, mənim görəcəyim işin müəyyən qiyməti var. Onlara deyirəm ki, verdiyiniz məbləğ səviyyəsində oynasam olar? Dedilər, yox. Mən də cavabımda dedim ki, bağışlayın, sizin verdiyiniz pul da mənim oynadığım səviyyəyə çatmır.
- Niyə rejissorlar sizi ancaq komediya rollarında görürlər?
- Ona görə ki, asandır. Yəni, peşəkar biri ilə iş görmək asandır, nəinki kimisə yenidən, başdan hazırlamaq. Mən rejissor o şəxsə deyərəm ki, gəlsin, Azərlə qəşəng dramatik serial, film çəksin. Azər, əslində, dramatik aktyordur. Onun dram tərəfini üzə çıxaran rejissor lazımdır. Həmin rejissorun əlindən öpərəm. Azər Axşam komik aktyor deyil. Mən Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoru” ixtisasını bitirmişəm. Amma hələ də özümü bu istiqamətdə göstərə bilməmişəm. Dramatik obrazlar canlandırmaq istəyirəm.
- Hamlet kimi?
- Bir vaxtlar ən böyük arzum Hamleti oynamaq idi. Amma bundan sonra inanmıram ki, o rolu kimsə mənə verə. Aktyor asılı bir insandır. Rejissor aktyora rol verməlidir ki, o oynasın. Rejissor aktyoru görməsə, ona rol verməsə, aktyor da illərlə oynamayacaq.
- Kaprizli aktyorsunuz? Rejissora diktə edirsiniz?
- Aktyor rejissorun gücünü görəndə ona təslim olmağı özündə qəbahət görmür. Çünki bilir ki, bu, onu uğura aparacaq. Və bu yaşa baxmır. Çünki aktyor icra edəndir. O, rejissorun tapşırığını icra etmək məcburiyyətindədir.
- Siz də improvizəyə meyilli aktyorsunuz.
- Hər aktyorda bu var. Əsas odur ki, o improvizələr ekranda, səhnədə şit görünməsin. Əgər aktyorun əlindəki material imkan verir ki, aktyor improvizə etsin, aktyor onu edəcək. Amma əgər aktyorun əlində material yoxdursa, onun improvizəsi şitlikdir.
- Azər bəy, sizin bir teatr keçmişiniz də var. O günlər üçün darıxmırsınız?
- Teatr fəaliyyətimə Pantomima Teatrından başladım. Oradan ayrılanda sonra qısa müddət həm aktyor, həm də rejissor kimi İrəvan Teatrında işlədim. Teatrda işlədiyim müddətdə ABA telekanalından təklif gəldi və qısa müddətdən sonra tamamilə televiziyaya keçdim. Teatr aktyor üçün mühüm bir məkandır. Aktyor orada formada qalır, daim format olunur. Amma daima teatra bağlanmaq da yaxşı bir hal deyil. Bu insanı uçuruma aparır. Çünki teatrda maaş azdır.
- Bəs onda aktyor kimi özünüzü formada saxlamaq üçün nə edirsiniz?
- Aktyorluq qabiliyyəti Allah vergisidir. Əgər Allah sənə o istedadı veribsə, səhnənin işıqları yanan kimi sənə tapşırılan rolu oynayacaqsan.
- Hamı sizi görəndə üzündə gülüş yaranır. Evdə də şənsiniz?
- Bəli, şənəm. Bəzən komediya aktyorlarından veriliş hazırlayanda, onların həyat yoldaşları deyirlər ki, filan aktyor evdə çox ciddidir, danışmır. Hamısı yalandır. Hamısı insanın qorxaqlığından irəli gəlir. Bəzən aktyorlar elə bilirlər ki, səhnədə oynadıqları təlxək obrazı onların imici kimi formalaşacaq. Ona görə də bu cür söhbətlər yaranır. Cəsarətli insan o insandır ki, necə olduğundan qorxmur. Efirdə olduğu kimi həyatda da şənəm. Amma hamı kimi mənim də kefimin olmadığı zamanlar olur.
- Heç nə vaxtsa yalan danışmısınız?
- Danışmışam.
- “Bəyaz şou” kimi veriliş hazırlamağı düşünürsünüz?
- İstərdim, amma mənim dayağım yoxdur. Mən televiziyada ancaq mənə tapşırılan işi yüksək səviyyədə etməyə məcburam. İndiyə qədər heç bir verilişimin layihəsi özümün olmayıb. İnanın mənə, öz layihəm əsasında veriliş hazırlamaq üçün hansısa bir şirkətin qapısını açsam və 50 min manat istəsəm, onlar mənə o pulu verməzlər. Öz layihəm əsasında veriliş hazırlamağım üçün mənim yaxşı tanışım olmalıdır.
- Kifayət qədər reytinqli verilişlər aparmısınız, sizədəmi 50 min manat verməsinlər?
- Versələr, adımı dəyişərəm. Reytinqə gəlincə, işimi heç vaxt reytinqə görə qurmuram. Mənim əsas qayğım işimi düzgün görməkdir. Verilişin reytinqli olub-olmaması başqa məslədir. Mən reytinq xatirinə nə saçımı dəyişirəm, nə geyimimi, nə danışığımı. Deyirlər, tamaşaçının gözü tərəzidir, amma qorxmadan deyəcəm, bizim tamaşaçının gözü tərəzi deyil. Bizim tamaşaçının səviyyəsi çox dəyişib. Əksər tamaşaçılar dedi-qodu, qeybət, qalmaqal, ağlamalı verilişlərə baxır və ona görə o proqramlar ən çox reytinq qazanır.
- Toylara gedirsiniz?
- Ehtiyac varsa, toylara getmək məcburiyyətindəsən.
Nərmin Muradova