15 Aprel 2015 15:03
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Fazil Mustafa ilə müsahibəni təqdim edir.

əvvəli burada http://teleqraf.com/news/51265

– Fazil bəy, dediniz ki, indiki dövrün tanıdığım yazarları içində məsuliyyətli davranmayanları da var, içki düşkünləri də var, burda qalmışdıq.
– İstedad Allah vergisidir. Bir çoxları bu istedadın üzərinə çalışmaq, mübarizə aparmaq, dişiylə-dırnağıyla öz yerini qazanmaq, öz yazısını oxutmaq iradəsini göstərmirlərsə, başqaları ilə müqayisədə bu uğursuzluğa haqq qazandırmaq nə dərəcədə doğru sayıla bilər? Nəcib Fazil uzun illər mühasib işləyirdi, xoşlamadığı bir işdi gündə rəqəmlərlə əlləşmək, axşamlar gəlib yazısını yazırdı, bu, bir nəhəng yazarın iztirabı deyildimi? Mən istedadlı insanların bütün sahələrdə dəstəklənməsinin tərəfdarıyam, ancaq dəstəklənməməsinin də uğursuzluq bəhanəsi kimi vurğulanmasının tərəfdarı deyiləm.

– Həmkarınız Zahid Oruc müsahibəsində deyir, yazıçı xalça kimidir. Tapdalandıqca gözəlləşir. Belə çıxır ki, siz də Zahid bəylə eyni fikirdəsiniz. Yoxsa, yanılıram?
– Eyni fikirdə deyiləm. Əslində cəmiyyət xalça kimidir. Onu ədəbiyyatın sehrli çubuğuyla yazıçı, şair çırpmalıdır. Əks halda bu xalça kirli qalacaq, toz basacaq. Bu günün Azərbaycan yazıçısı toz-tozanaq qaldırmaqdan qorxur. Birinci növbədə öz nəfəs borusuna tozun dolacağından qorxur. Bu halda isə ədəbiyyat hadisəsinin baş verməsi çətin olur.

– Necə düşünürsünüz, Azərbaycanda meyxana niyə bu qədər yayılır, Azərbaycan xalqı meyxananı niyə bu qədər sevir, televiziyalarımız niyə meyxananı bu qədər təbliğ eləyirlər? Məqsəd nədir? Meyxana bu insanların zövqünü, mahiyyətini ifadə eləyə bilir, ona görədir? Yoxsa başqa səbəblər var?
– Azərbaycanda ədəbi əsər sistemi üzərində formalaşan yazı mədəniyyəti Axundovla başlayır. Buna qədər dastançılıq şifahi xalq ədəbiyyatında aparıcı mövqe tuturdu. Aşıq deyişmələri də populyar idi. Təhsil səviyyəsi az-çox yüksəldikcə, yazı mətnlərinin sayı da artmağa başladı. Müstəqillikdən sonrakı dövrdə təhsilimiz təqribən pambıqçılıq və ya üzümçülük kimi statistika predmetinə çevrildi. Bu qədər məktəb, bu qədər universitet…

– Bu qədər şagird, bu qədər tələbə...
– Bunlar üçün “hansı keyfiyyətdə” sözü elə də işlək deyil. Bu reallıqdan sonra artıq fast food milli yeməyə, meyxana, prikol, ləhcə zarafatları, şparqat milli tələbata çevrildi. Yenə də şifahi söz güləşdirmə cəmiyyətin menyüsündə dominatlıq qazandı. Əslində, meyxanadakı çevik qafiyə tapıntılarına da elə də fikir verən yoxdur, çoxunu iki nəfərin necə söz güləşdirməsi, tutaşması cəlb edir. "Molla Nəsrəddin" jurnalında rəsmləri xatırlayarsınız, bir tərəfdə it boğuşdururlar, bir tərəfdə xoruz döyüşdürürlər, bir tərəfdə də zəncirlə başlarını yarıb qanlarını tökürlər. Çevrədə də tamaşaçı yığını-bizimkilər. O vaxtların qanıdır, hələ də axıb gəlir...

– Fikirlər səslənir ki, yaradıcılıq təşkilatları – Milli Elmlər Akademiyası, Yazıçılar Birliyi, Rəssamlar və Bəstəkarlar İttifaqları ləğv olunsun. Siz bu barədə nə düşünürsünüz?
– Bu, əslində, demokratiyaya, yaxud dövlətçiliyə üstünlük verilməsi ilə bağlı problemdir. Demokratiyaya üstünlük verirsənsə, o zaman həm elmi, həm də ədəbi yaradıcılıqla məşğul olan belə qurumların dövlətin himayəsi altında süni təsisatlar kimi qalmasının faydası olmaz. Elm universitetlərə köçür, bazarın və ya dövlətin sifarişləri də maddi qarşılıq əsasında universitetlərə yönəlir. Yaradıcı təşkilatlar da bir neçə alternativlərlə mənəvi və mədəni mühitin formalaşmasına çalışırlar. Bu zaman müxtəlif nominasiyalarla, tamaşaçı və ya oxucu dəstəyi ilə istedadlılar arenada qalır, istedadsızlar da yeni peşə öyrənməyə yönəlirlər. Elm, ədəbiyyat, rəsm, musiqi məmurlarının əvəzinə daha az saylı, ancaq peşəkar intellektual gildiyalar yaranır.

– Fikriniz aydındır.
– Bizdə dövlətçilik modeli üstünlük qazandığına görə bu qurumlar da təqribən sosial müdafiə, yanğınsöndürmə, kurort-turizm, panisonat təsisatları kimi dövlətin yan quruluşları olmağa davam etdilər. Ona görə də yaradıcı qurumlar üçün hər zaman dövlətin istədiyi funksiyaları yerinə yetirmək, istedadın istədiyini yerinə yetirməkdən öndə gəlir.

– Lermontov deyir, insan məmur oldusa, artıq o, yazıçı deyil. Bizdə isə məmur yazıçılar var: Elçin Əfəndiyev, Anar… Sizcə, Lermontov sağ olsaydı, bu yazıçılar haqqında nə deyərdi, fikrini dəyişərdi və deyərdi ki, sözümü geri götürürəm?
– İnsanın məmur olmasının yaradıcılığının keyfiyyətinə təsir göstərməsini istisna etmirəm. Ancaq bu ciddi bir səbəb deyil. Ədəbiyyatda peşədən çox, üç amil əsas şərt sayılmalıdır: istedad, əmək və vicdan. Bu üçü bir yerdə olmadıqda, istəyirsən məmur olma, nə dəyişəcək. Ümumiyyətlə, Lermontovun bu ifadısi hədsiz imperativdir, razılaşmaq olmaz.

– Biz istedaddan və əməkdən, qabiliyyətdən asanlıqla danışırıq, amma məsələ vicdana gələndə, bu sözü Nizami Cəfərovla söhbətimizdə də demişdim, udqunuruq, duruxuruq, sonda birtəhər çulumuzu sudan çıxarırıq. Ədəbiyyat mütləq vicdanlı olmalıdırmı? Bəlkə, əksinə də ola bilər. Yaltaqlıq eləməklə, miskin bir vəziyyətdə, qorxa-qorxa, bir tikə çörəyə görə əyilə-əyilə ciddi ədəbiyyat yaratmaq olarmı?
– Burada vicdan yalnız həqiqəti yazmaq kimi anlaşılmamalıdır. Daha çox məsuliyyətin sinonimi kimi işlədilir. Yəni söhbət xalq, Vətən qarşısında deyil, sözün qarşısında məsuliyyətdən gedir. Xalq da dəyişir, Vətənin də hüdudları böyüyüb-balacalaşır, dəyişməyən sözdür. Vicdansızlıqla, konjuktura ilə ciddi ədəbiyyat yaratmaq olmaz. Ancaq ədəbiyyatçı vicdansızlıq, konyuktura ilə yaşamaq zorunda qalanda yazmamaq haqqına sahibdir. Sandıq ədəbiyyatı variantı da seçim ola bilər.

– Fazil bəy, niyə bu günün qəhrəmanları barədə də Babək haqqında danışdığınız kimi cəsarətli çıxışlar etmirsiniz? Məncə, bir tarixi şəxsiyyətləri cəsarətlə tənqid edirsiniz, bir də Facebook dostlarınızı.
– Bu günün bir qəhrəmanı var, o da Azərbaycan xalqıdır. Yanlış saydığım bütün təzahürləri tənqid edirəm. Əvvəllər o düşüncədəydim ki, xalqı yaxşı idarə etmirlər, indi isə düşünürəm ki, xalq özünü yaxşı idarə etməyə hazır deyil və hazırlaşmağın əlamətləri də yox dərəcəsindədir.

– Bəs nə etmək lazımdır?
– Xalqı özünü idarə etməyə hazırlamaq üçün bütün natamamlıqları üzə çıxarıb düşüncə streotiplərini dəyişmək lazımdır. Burada isə tarixlə bağlı zərərli mirasdan qurtulmaq xüsusi əhəmiyyət daşıyır. Tarixdən qürur götürməzlər, dəyər götürərlər. Kimisə qürur subyekti kimi təbliğ edə bilərsən, ancaq əməllərini bu günümüz baxımından faydalı bir dəyər kimi izah edə bilmirsənsə, o zaman bir kənara buraxmalısan. Dəyərin isə nə olduğunu dövrün ziyalıları, düşünürləri dəqiq təyin etməlidirlər.

– Facebookda dostlarınızı da tez-tez tənqid edirsiniz…
– Facebookda dostlara gəldikdə isə, mühakiməsi və ədəbi yerində olan kimsəyə qarşı hansısa sərt davranışım olduğunu düşünmürəm. Ancaq tənqid etmək də, tənqid olunmaq da normal qarşılanmalıdır. Bütün hallarda mənim facebookda iştirakım, müzakirədən daha çox, öz görüşlərimi paylaşmaqdan ibarətdir. Xoşlayıb-xoşlamamaq da insanların haqqıdır. Ancaq dost oldunsa, gərək bir az tərəfkeşlik edib, xoşlamağa meyilli olasan.

Kəramət Böyükçöl


Müəllif: