Teleqraf.com şair Narıngül Babayevlə müsahibəni təqdim edir.
– Narıngül xanım, neçə ildir şeir yazırsınız, amma ədəbi əraziniz Günel Mövlud qədər geniş deyil. Günel xanımı bütün dünya tanıyır, amma siz təkcə Azərbaycanda tanıyırlar. Səbəb nədir?
– Etiraf edirəm ki, mənim şeirlərim sənin dediyin ədəbi ərazi baxımındın o qədər də geniş deyil. Yəni mən şeirdə intellektdən, təfəkkürdən daha çox hisslərin təzahürünə üstünlük verirəm. Şeirlərim reallıqdan daha çox altşüurun, emprik təcrübənin obrazlı təsviridir. Əslində bu məndən asılı deyil, spontan şəkildə belə yaranır. Sözsüz ki, adını çəkdiyin şairlərin şeirləri ilə mənim şeirlərim arasında fərq var.
– Nədir fərq?
– Mənim şeirlərimdə simvolizm daha çox öndədir.
– Sizə elə gəlmirmi ki, şeirlərinizdə çox qorxaqsınız?
– Razılaşmıram.
– Niyə?
– Mən yazılarımda, xüsusilə nəsrdə kifayət qədər azadam. Əslində həytatda da azad insanam. Sadəcə olaraq fikirlərimi obrazlı şəkildə ifadə edirəm. Həm də oxucu ilə "spukulyasiya" etmirəm. Yəni diqqət çəkmək üçün daha az işlənən "xammaldan" istifadə etmirəm. Erotik ifadələrdən istifadə etməklə oxucu toplamaq istəmirəm. Mənim nəsrimdə kifayət qədər müasir və azad qadın obrazları var.
– Sizə görə, qadın azadlığının bir sərhəddi var? Yoxsa bu azadlıq sonsuzdur?
– Qadın azadlığının sərhədi var. Sərhədsiz düşüncənin özü də insanı fəlakətə, hətta intihara belə apara bilir. Sərhədsizklik artıq nəzarətin itməsi deməkdir. Qadın azadlığının sərhədsizliyi çox vaxt feminizmə, itayətsizliyə gətirir. Məncə, əsl qadının qəlbində azacıq da olsa tabeçilik hissi, təslimçilik arzusu olmalıdır. Əks halda qadının kişidən fərqi olmazdı. İfrat dərəcədə azadlığı qəbul etmirəm. İfrat azadlıqla dəlilik arasında məsafə çox azdır.
– Pis çıxmasın, siz niyə erotic şeirlər yazmırsınız? Daxilən ehtiyac duymursunuz, yoxsa yazmağa utanırsınız?
– Ehtiyac duymuram. Bayaq dediyim "spukulyasiya" məsələsi. Həyatın bütün altqatlarını ədəbiyyata gətirmək düzgün deyil. Yəni ədəbiyyatla həyatı eyniləşdirmək ən azından sadəlövhlükdür. Elə hisslər var ki, onlar ancaq yaşamaq üçündür. Təcrübələr göstərir ki, erotik şeirləri yazanların əksər hissəsi şəxsi həyatlarında sevgi məsələsində uğursuz insanlardır.
– Hmmm…
– Məsələn, elə qadın yazarlar var ki, sırf evdar qadın təsiri bağışlayır. Hərəkəti, ictimai baxışı, dünya görüşü mentallıqdan bir addım o tərəgfə getmir. Ancaq yazılarınbda erotik ifadələrdən gen-bol istifadə edir. Bu artıq onun yaradıcılıq kredosudur. Bu yolla populyaşmağa üstünlük verir.
– Neçə şeir kitabınız çıxıb?
– "İşıqda adiləşmək qorxusu" və "Qadın da ağac kimidir"adlı iki şeir kitabım və bir nəsr kitabım nəşr olunub.
– Hansı tənqidçilər yazıb sizdən?
– Mənim haqqımda ilk yazını tənqidçi Vaqif Yusifli yazıb. "Azərbaycan" jurnalına şeirlərimi təqdim etmişdim. Bir müddət sonra şeirlərimi jurnalda verdilər. Vaqif Yusifli şeilərim haqqında "Və bir gün" adlı kiçik bir yazı yazmışdı. O yazı mənim yaradıcılığıma böyük stimul verdi. Özümə qarşı inam yaratdı. O zaman Vaqif Yusiflini kənardan tanıyırdım, salamım yox idi. Bu yazı mənim üçün çox qiymətli idi. Elə indi də qiymətlidir. Sonralar Vaqif Yusifli "Sonuncular" adlı yazısında da mənim yaradıcılığıma yer vermişdi.
– Başqa kimlər yazıb?
– Bundan sonra Fikrət Qoca, İradə Musayeva, Elnarə Akimova şeirlərim haqqında öz fikirlərini yazıblar. Mənim üçün o maraqlıdır ki, haqqımda söz açan tənqidçilərdən İradə Musayevanı və Elnarə Akimovanı da bu yazılardan çox sox sonralar tanımışam. Yəni ki, heç bir şəxsi tanışlıq rol oynamayıb.
– Şəxsi tanışlığın rol oynamadığını niyə belə həyəcanla təkrar edirsiniz?
– Şəxsi tanışlıq olsaydı, yazılan yazıya o qədər inamım olmazdı. Tanımadan yazılan yazıda tənqidçi obyekt kimi müəllifi deyil, yaradıcılığı götürür. Bizdə dostluq, bir-birindən keçməmək məsələsi qədərindən artıqdır. Xüsusən, son vaxtlar qrup şəklində bir-birini tərifləmək, müəllifə olan münasibətə hesablanmış yazılar yazılar yazaraq oxuculara "sırımaq" dəbə düşüb. Yəni hər tənqidçini ədəbi kruqu var. Əlbəttə, bütün tənqidçilərə şamil edilmir
– Niyə ad çəkmirsiniz?
– Ad çəkməsəm də, oxuyanda hər kəs özünü görür. Bu sahədə bir qədər ehtiyatlıyam. Çünki insanlarla intriqa yaşayanda rahat olmuram. Səbəbini bilmirəm, nədənsə, insanlar məndən tez inciyirlər. Adicə facebook səhifəsində kiminsə şeirinə kiçik bir irad bildirəndə inciyənlər olur. Yaxud bir status paylaşanda adam var deyir ki, məni nəzərdə tutmusan, incimişəm. Mən də ki, məndən küsən adama qayıdan deyiləm. Odur ki, çalışıram mümükün qədər heç kimin xətrinə dəyməyim.
– Deyirsiniz, ad çəkməsəm də, hər kəs özünü görür. Məsələn, Cavanşir Yusifli sizin tənqidinizdə özünü götür?
– Cavanşir Yusifli maraqla oxuduğum tənqidçidir. Onun özünəməxsus yazı üslubu var. Mətnə tamamilə başqa rakursdan yanaşır. Yazılarında əsərin semantikasından daha çox yazı texnikasının təhlilinə üstünlük verir. Cavanşir Yusiflinin öz təbirincə desək, müəllifin nə yazmağından daha çox, necə yazmasına fikir verir. Ancaq onun da öz yazar "kruqu" var. Öz ətrafında olan müəlliflərə daha çox tərifləyir.
– Bəs digər tənqidçilər necə? Əsəd Cahangir, Tehran Əlişanoğlu…
– Tehran Əlişanoğlunu deyə bilmərəm. Amma Əsəd Cahangir müasir Azərbaycan ədəbiyyatını imkan qədər incələməyə çalışır. Yəni onun tənqid etdiyi müəlliflər arasında bütün qurumlara aid olan yazarlara rast gəlmək olur. Ədəbi hadisələri diqqətdən qaçırmamağa çalışır.
– Siz Yazıçılar Birliyində işləyirsiniz?
– Bəli…
– Orda nə işlə məşğulsunuz?
– "Qobustan" jurnalında çalışıram.
– "Qobustan" jurnalı cixir ki?
– Hə… (gülür)
– Doğrudan? Ayda neçə dəfə çıxır?
– Üç aydan bir…
– Axırıncı nömrəsi nə vaxt çıxıb?
– Martın 5-də…
– Baş redaktor kimdir?
– Vaqif Əlixanlı
– Vaqif Əlixanlı şairdi, yoxsa yazıçı?
– Nasir, dramaturq və tərcüməçidir
– Anar müəllimin əsərlərini oxumusunuz?
– Çoxunu oxumuşam.
– Bəs niyə hamsını oxumursunuz? Hansıları oxumamısınız ki?
– Hansını oxumadığımı deyə bilmərəm. Yəni mən əsərləri siyahı ilə oxumuram ki, bilim hansı oxunub, hansı qalıb. Həvəsim olanda, marağımı çəkən əsər olanda mütaliə edirəm.
– Yazıçılar Birliyini və Anar müəllimi tez-tez tənqid atəşinə tuturlar. Birlikdə işləyən bir şəxs kimi özünüzü bu tənqidlərə cavab verməyə borclu hiss edirsinizmi?
– Mənə elə gəlir ki, Anar müəllimin mənim müdafiəmə ehtiyacı yoxdur. Məncə, kimisə tənqid edəndə də, müdafiə edəndə də insanın o həddə səlahiyyəti çatmalıdır. Anar müəllim həm yazıçı kimi, həm də bir fərd olaraq lazım gəldikdə özünü yetərincə müdafiə etmək gücünə malikdir.
– Siz də “Pərvanə” ədəbi məclisinə gedib-gəlirdiniz?
– Mənim ədəbi mühitlə tanışlığım "Pərvanə" ədəbi məclisindən başlanıb. O məclisə getdikdən sonra yazarlarla ünsiyyətim yaranıb. "Pərvanə" məclisi 90-cı illərdə ədəbi mühitdə yetərincə təsir göstərən bir ədəbi dərnək idi. Bu günki tanınmış yazarlardan bir çoxu həmin məclisin üzvllləri olub. Bu məclisdə oxunan əsərlər geniş təhlil olunurdu. Deyim ki, mən ən qərəzsiz və doğru tənqidi bu məclisdə görmüşəm. Məclisə Qəşəm Nəcəfzadə rəhbərlik edirdi. Qəşəm müəllim bütün təbəqələr arasında ünsiyyət yaratmağı bacarırdı. Həm də bu məclis yazarlara əsərləri təhlil etmək vərdişi aşılayırdı.
– Amma “Pərvanə” məclisini tənqid eləyənlər də var. Məsələn, Aqşin Yenisey yazır ki, ədəbiyyatımızda istedadsızların sayının çoxalmasında “Pərvanə”nin xüsusi rolu var.
– Aqşin Yeniseyi mən "Pərvanə"ədəbi məclisindən tanımışam. Müntəzəm şəkildə gəlirdi, öz şeirlərini oxuyurdu. Oxunan şeirlərə öz fikrini bildirirdi. Şeirləri də həmişə maraqla qarşılanırdı. Sözsüz ki, məclisdə istedalılarla yanaşı, istedadsız adamlar da vardı. Məclisə giriş qapısında heç bir məhdudiyyət yox idi, heç kimə demək olmazdı ki, sən gəlmə. Ancaq bu məclisdə kifayət qədər istedadlı yazarlar vardı. Elə tənqidçi Vaqif Yusiflinin "Sonuncular" adlı yazısında adını çəkdiyi yazarların demək olar ki, hamısı “Pərvanə”nin üzvləridir. "Pərvanə"nin ən fəal üzvlərindən biri də Zahir Əzəmət idi.
– Kitab oxuyursunuz, yoxsa ancaq yazmaqla məşğulsunuz?
– Kitab oxumaq da, yazmaq da artıq həyat tərzimə çevrilib.
– Əvvəl çox kitab oxuyurdunuz, yoxsa indi?
– Əvvəllər daha çox kitab oxuyurdum. İndi o qədər də vaxt olmur. Daha çox yazmaq istəyirəm. Yazmaq həvəsim olmayanda kitab oxuyuram.
– Suallarıma niyə ütülü cavablar verirsiniz?
– Ütülü deyil. (gülür) Ədəbi proqnoz vermək heç də asan deyil, ona görədir. Çünki kənardan baxanda hər şey asan görünür.
– Ədəbiyyatda iddianız nədir?
– İddiam böyükdür. Tanınmış dünya yazarlarından biri olmaq istəyirəm. İstəyirəm çoxmilyonlu oxucularım olsun.
– İnşallah, olar.
– İnşallah.
Kəramət Böyükçöl