17 Aprel 2015 17:04
7 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Rəşad Kəsəmənli ilə müsahibəni təqdim edir.

– Rəşad bəy, dünən gecə oğlunuz dünyaya gəlib. Təbrik edirəm. Böyük oğlan olsun.
– Çox sağ ol, təşəkkür edirəm.

– Hansı hissləri keçirirsiniz?
– Təbii ki, böyük bir fərəh və həyəcan hissi keçirirəm.

– Yəqin, uşağın adı barədə düşünmüsünüz. Maraqlıdır, övladınızın adı nə olacaq?
– Övladımın adını hələ beş il öncə qoymuşdum. O vaxt demişdim ki, qızım olsa, Zəhra, oğlum olsa, adını Əli qoyacam. Allah bəxtimə birinci Zəhranı yazdı.
Sonra Esma qızım dünyaya gəldi və nəhayət, bu gecə Əli balam həyatıma adını yazdırdı.

– Nə gözəl. Allah hər birini xoşbəxt eləsin.
– Amin.

– Rəşad bəy, Azərbaycanda uşağa adətən, babasının adını qoyurlar. Sizin atanız Nüsrət Kəsəmənli tanınmış şairdir. Allah rəhmət eləsin. Niyə övladınıza Nüsrət müəllimin adını qoymadınız? Yoxsa, heç bu barədə fikirləşməmisiniz.
– Təbii ki, çox fikirləşmişəm. Amma mənim əvvəldən arzum olub ki, oğlumun adını Əli qoyum. Sonradan bu fikirdən daşınsaydım, özümə hörmətim qalmazdı. Məncə, atam da sağ olsaydı, fikrimi dəyişməyimə yaxşı baxmazdı. Ona görə oğluma atamın adını qoymadım.

– Siz şeir də yazırdınız. Axırı necə oldu? Yenə yazmağa davam eləyirsiniz?
– Təbii ki, yaziram. Amma özümü şeir yazmağa məcbur eləyənlərdən deyiləm.

– Özümü şeir yazmağa məcbur eləyənlərdən deyilsiniz. Maraqlıdır, siz necə yazırsınız ki?
– Yəni mən qəlbimi yox, qəlbim məni məcbur eləyəndə yazıram.

– Bəs niyə çap olunmursunuz? Oxucularınız gözləyir axı.
– İnanın ki, bu cəhətdən çox tənbələm. Hamı deyir, çap elə. Amma gedib çap etdirməyə çətinlik çəkirəm.

– Kitabınız çıxıb?
– Kitabım 2013-cü ildə çap olunub. Amma qəzet və jurnallara şeir verməyə gələndə tənbəllik üstün gəlir. (gülür) Sanki tənbəllik balağımdan geri çəkir. Deyəsən, məndən güclüdür.

– Rəşad bəy, sizi uzun illərdir tanıyıram. Bir cəhətiniz xüsusilə maraqlıdır.
– Buyurun…

– Hiss edirəm ki, çox tez əsəbiləşirsiniz. Məsələn, ANS-də bir verilişdə iştirak edirdik. Verilişin əvvəlində Rövşanə xanımın xırda bir zarafatından hiss olundu ki, cırnadınız. Nə ilə bağlıdır bu?
– Bu əsəb məndə kiminsə özünü hökmran göstərmək istəməsi ilə bağlı olur. Mən əsla heç kim üzərində hökmranlığımı göstərib ətrafımdakılarda belə bir fikir formalaşdırmıram.

– Ayındır.
– Bu cür fikir formalaşdıranın da əsla qurbanı olmaram. Ona görə də o verilişdə Rövşanə xanımın cavabını verməsəydim, özüm öz gözümdən düşərdim.

– Hər halda əsəbi bir insan olduğunuzdən xəbəriniz var, eləmi?
– Bəli, ümumilikdə çox əsəbi adamam. Amma tez də hirsim soyuyur.

– Atanız Nüsrət Kəsəməli ilə hansı oxşar xüsusiyyətləriniz var? Konkret hansı cəhətlərinizlə özünüzü atanızın davamçısı hesab eləyirsiniz?
– Kövrəklik və romanliklikdə atama çəkmişəm.

– Siz Nazpəri Dostəliyeva ilə “Nə olar Allahım ayırma bizi” adlı bir klipə çəkilmişdiniz. Klip cəmiyyətdə maraqla qarşılanmışdı. Amma tənqid eləyənlər də az olmadı. Məsələn, deyənlər oldu ki, belə bayağı kliplərə çəkilmək Rəşad Kəsəmənliyə yaraşmır.
– O vaxtı mənə bu sözü deyə bilməzdilər. Çünki illər öncə mən cəmiyyətdə tanınmırdım. Deyim ki, o zaman üçün bu klip bayağı deyildi. Əgər bu klip indi çəkilsədyi, düzdür, bayağı saymaq olardı. O dövr üçün məncə, əla idi.

– Aradan çox illər keçib. Bəs indi hansı fikirdəsiniz, belə klip təklifi olsa, yenə çəkilərdiniz?
– Yəni söhbət eyni tipli klipdən gedir?

– İnanmıram eyni tipli klipə təkrar çəkiləsiniz. Fərqli olsa, necə?
– Təbii ki, çəkilərdim. Sənətim aktyorluqdur, ssenarini, ifanı və mahnını bəyənsəm, təbii ki, qəbul edərəm.

– Rəşad bəy, qızlar sizi çox sevir və maraqlanır. Bunu efirlərdə də tez-tez deyirlər. Maraqlıdır, gənc qızların sevimlisi olmaq necə hissdir?
– Bilirsiniz, dəyərli və diqqət mərkəzində olmaq həm xoşdur, həm də məsuliyyətlidir.

– Məsuliyyət nədədir ki?
– Çünki bir anda gözdən düşmə ehtimalı var.

– Ətrafınızda qızlar çox olduğu üçün ailəniz sizi qısqanmır ki?
– Təbii olaraq, qısqanclıq hissi olur. Amma bir şey var ki, bu, qızların mənə qarşı sonradan yaranan diqqəti deyil. Ailəm bunu əvvəlcədən görürdü. Məncə, təbii bir haldır bu. Anlayışla qarşılamaq lazımdır. Belə baxanda başqa çarə də yoxdur onsuz da. (gülür)

– Atanız Nüsrət Kəsəmənlinin bir şair kimi həmişə müdafiə edirsiniz. Buna görə bəzən sizə iradlar da olur. Deyirlər, oğul atasını tərifləməz, yəni söhbət atanın yaradıcılığından gedir. Elə Xalq yazıçısı Anarı da tənqid eləyirlər. Rəzul Rzanı bütün istiqamətlərdən müdafiə etdiyinə görə. Siz bu tənqidlər barədə nə fikirləşirsiniz?
– Mən Nüsrət Kəsəmənlini ata kimi yox, şair kimi müdafiə edirəm. Bunu isə arxamda böyük bir oxucu ordusuna arxalanaraq, eləyirəm.

– Böyük oxucu ordusundan danışdınız. Düzdü, Nüsrət Kəsəmənli sevilən şairdir. Ancaq bəzən onu yalnız universitet tələbələrinin şairi kimi qələmə verirlər. Başqa bir tərəfdən, Azərbaycanda geniş kütlənin qəbul elədiyi şair nədənsə, elitar təbəqədə ciddi qəbul olunmur. Görəsən, niyə belədir?
– Unutmayaq ki, elitar təbəqə də mütləq universitet yolu keçir. Nədənsə, İran, Türkiyə, Rusiya ziyalıları elə deyəsən, yalnız universitetlərdə kursda qalırlar. Belə olmasaydı, ölkələrindən, yaşadıqları şəhərdən kənarda da bu qədər oxucu kütləsi olmazdı.

– Metrolarda Nüsrət Kəsəmənlinin kitabları satılır. O kitabların satışını kimlər təşkil edir, bundan xəbəriniz var? Kitabdan gələn qonararı kim əldə edir?
– Biz o şirkətləri məhkəməyə vermişik. Çünki hüquqlar anama aiddir. Bu məhkəməni də udmuşuq. Qərarı gözləyirik. Çünki bəzi nəşriyyatlar saymazlıq və özbaşınalıq edirlər. Bunun cavabını almalı idilər.

– Qardaşınızın vəziyyəti necədir? Həbsdədir.
– Dinimizə, imanımıza çox bağlı olduğuna görə yaxşıdır. Çünki bilir ki, ən böyük hakim Allahdır. Haqsızların qənimi, haqlıların köməyi Allah.

– Namaz qılırsınız?
– Əlhəmdulillah. Bəli, qılıram.

– Allah qəbul eləsin.
– Çox sağ olun.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər