18 Aprel 2015 14:13
1 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Tarixi nadir” layihəsində Güntay Gəncalpla növbəti müsahibəni təqdim edir.

əvvəli burda http://teleqraf.com/news/51720

– Güntay bəy, Rəsulzadə ilə söhbətimizə başlamazdan əvvəl bir məsələ haqqında fikrinizi bilmək istəyirəm.
– Buyurun...

– Dediniz ki, Səttar Xanın və digərlərinin fədakarlığı fars milliyətçiliyinə xidmət edirdi və Rəsulzadə bunu öncədən sezmişdi. Bu söylədikləriniz anlaşılmazlıq yaratdı. Bu günə kimi mövcud olan fikirlərin tamam tərsini deyirsiniz.
– Səttar Xan bir savaşçı idi. Fars milliyətçiliyinin uzun tarixə sahib olan planlarından xəbərsiz idi. Ayətullahlardan təqlid edirdi və «Nəcəf mollaları savaş fətvası verdikləri üçün savaşıram» deyirdi. Ölkədə, bölgədə və dünyada gedən siyasi hadisələri təhlil edəcək intellektual şəxsiyyət deyildi. Məşrutənin bütün ideoloji bilgiləri və inanc qaynaqları milli fars dövləti qurmağa yönəlmişdi və Səttar Xan bu bilgilərdən xəbərsiz idi.

– Niyə xəbərsiz idi?
– Çünki yazıb oxuması və analiz imkanı yox idi. Səttar Xan özü strateji və hədəf müəyyən etməyən bir savaşçı idi. Nəticə etibarı ilə Təbriz Mərkəzli Məşrutə Hərəkatının içindən faşist ari irqçisi Pəhləvi rejimi doğdu. Belə ki, hətta məktəbdə türk dilində danışanları cəzalandırırdılar. Bir daha məlum oldu ki, biz fiziki güc sahəsində deyil, tarixdə fikrən məğlub olmuşuq. Səttar Xan kimi qəhrəmanların önündə milli hədəf və öz kimliyinə xidmət edən dünyagörüşü mövcud deyildi. Tarix də ortaya qoyulan ideyaya görə şəkillənər, çünki qəhrəmanlar da o ideyanın yolunda savaşarlar. Səttar Xanın uğrunda savaşdığı ideyanın mətnləri farsca idi və fars kimliyinə xidmət edirdi. Səttar Xan fikir yaradan rəhbər deyildi, yaradılan ideyaların yolunda savaşan cəsarətli və qorxmaz kişi idi.

– Aydındır. Rəsulzadə ilə söhbətimizə davam edək. Onun mühacirət həyatındakı verimlilik nə idi? Deyəsən, burda qalmışdıq.
– Bu suala cavab vermək üçün məsələyə bir az fəlsəfi bucaqdan baxmaq gərəkəcək.

– Buyurun, hansı bucaqdan istəyirsinizsə o bucaqdan da baxın. Əsas odur ki, baxırsınız.
– Bilirsiniz ki, biz kətbi millət deyil, şifahi xalq olmuşuq. Şifahi hafizəyə sahib olmuşuq. Şifahi hafizə üfuqi və mətn mərkəzli hafizə şaquli özəlliyə sahibdir. Üfuqi hafizələr zamanla unudularaq yox olar, lakin mətnə dayanan şaquli hafizə gələcək tarixin də sütununu təşkil edər. Şifahi kültürün seçkinləri ziyalılar olmaz, molla-seyyid sinfi olar. Yazısı və oxuması olmayan bir kütlənin azadlıq istəməsi qədər çətin bir şey yoxdur. Çünki istənilən şeyin öncə tanınması gərəkir. Bu kütlə özü kimi yazıb-oxuması olmayan və şifahi zehniyyətlə yaşayan dədələrin yaratdıqları ənənələrin əsiri idi. Belə bir kütlə zahirən azadlıq kimi sözlərdən keçici olaraq xoşlansa da, əməldə mollanın və seyyidin ətəyi altında toplaşar. Bunun nümunəsini tarixdə çox görmüşük. Rəsulzadə bu kültürə qarşı sosioloji və politoloji zəmində intellektual mücadilə apardı və bunu daha çox həyatının olğun vaxtı olan mühacirətdə edə bildi.

– Konkret nə etdi?
– Dövlət fəlsəfəmizin, siyasi və tarixi hafizəmizin kitablarını mətnləşdirdi. Rəsulzadənin mətnləşdirdiyi kitablar olmasaydı, şifahi hafizə ilə bu qədər keşməkeşli tarixi xatirələri yaşada bilməzdik. Bu gün bizim siyasi və tarixi düşüncəmizin qaynağı Rəsulzadənin yazdığı kitablardır. Bu əsərlər olmasaydı, o dönəm tarixi üzərinə elmi bilgiyə sahib ola bilməzdik. Yəni Rəsulzadə dövlət qurduğu qədər də dövlət həyatından sonrakı ömründə bu ulus üçün böyük işlər görmüş və gələcək tarixin dərinliyini etkiləyəcək onun şaquli hafizəsini oluşdurmuşdur. Bu da onun yalnızca yaşayan kütləyə deyil, həm də gələcək xalqa və gələcək nəslin şüuruna xitab etdiyininin göstərgəsidir.

– Deyirsiniz ki, Rəsulzadə sadəcə, yaşayan kütləyə xitab etməmişdir?
– Görünən kütləyə xitab etməklə, görünməyən kütləyə xitab etmək fərqlidir. İkincisi, daha çətin və daha fəlsəfidir. Görünən kütlənin qəhrəmanı olmaq da asan işdir. Yetər ki, kütlənin inandığı yalanlara görə bir şey söyləyib o kütlənin xurafi inanclarını məmnun edəsən. Lakin Rəsulzadənin mətnləşdirdiyi düşüncələrdən önəmli bir mövzu çıxarırıq.

– Nəyi?
– Rəsulzadənin fikrincə millət gələcəyə doğru açdığı aydınq üfüqə görə var ola bilir. Bu üzdən Rəsulzadənin yazdığı tarix kitabları sadəcə tarixi olayları nəql etməz, tarixin mahiyyəti üzərinə düşüncə ortaya qoyar. Düşüncə gücü ilə Rəsulzadə türk tarixini incələyərək sanki dəlik-deşik etmişdir. Bütün tarix boyu düşüncə adamları kütləni rahatsız edərək düşünməyə zorladığı kimi Rəsulzadə də bu işi görmüşdür. Çünki düşünmək rahat ruhun işi deyildir. Rəsulzadə bu anlamda “Nizami”, “Qafqaz türkləri”, “Əsrimizin siyavuşu”, “Azərbaycan cümhuriyyəti” kimi əsərlərində tarixi yarqılayır. Bu tarixi modern türk ağlı dəyişdirməlidir görüşünü ortaya qoyur. Bu baxımdan Rəsulzadə siyasi kimliyinin ötəsində bir də çağımızı aydınladan və hətta tarixi xilas edən şəxsiyyətdir.

– Tarix necə xilas ola bilər ki?
– Tarix sadəcə gəldiyi yolu deyil, gedəcəyi yolu da bəlli edər dedik. Ona müdaxilə edilməzsə, gəldiyi kimi də gedər və öz törələrini, qaranlıq doğuran, aydınlığı boğan ölçülərini sürdürməyə davam edər. Tarixdəki kimi düşünməyərək, fərqli və yeni yöntəmlərlə düşünürək tarixi də əsarətdən azad etmək olar. Mənə görə Rəsulzadəyə qədər biz öz tariximizin əsarətində idik.

– Yəni...
– Yəni bizi bu tarixin əsarətindən xilas edən və şüurumuzu, zəkamızı boğan qaranlıq tariximizə qarşı alternativ aydın qurtuluş üfüqü açan Rəsulzadə olmuşdur. Bunu da heç bir dini ölçülərlə yönətilməyən modern və dünyəvi dövlət anlayışı və dünyagörüşü ilə Rəsulzadə ilk dəfə olaraq qaranlıq Şərq tarixində edə bilmişdir. Digər Şərq ölkələrində sekulyarizm sözünün tələffüzü yasaq edildiyi halda Rəsulzadə sekulyar siyasi bir sistemi icad etmişdi. Yəni dünyanın incələnməsi, ədalətin bərqərar edilməsi üçün inanc deyil, bilgi və elm lazımdır düşüncəsini Rəsulzadə bizim politik dünyagörüşümüzə gətirmişdir.

– Azərbaycan bayrağındakı ideyanın Əlibəy Hüseynzadəyə aid olduğu yazılır. Rəsulzadənin bayrağımızda rəmzləşdirilən ideyalarını dövlət səviyyəsinə daşımasını necə dəyərləndirərsiniz?
– Bayraqdakı ideyaları əməldə tarixə aid edən Əlibəy Hüseynzadə deyil, Rəsulzadədir. Yəni üçlü formul bütün yasaqları və tabuları ortadan qaldırmışdır.

– Necə qaldırmışdır?
– Belə ki, daha öncəki tariximizdə bir insan əqidəsindən dolayı dərhal öldürülürdü. Ancaq bayraqda ifadə edilən görüşə görə, bir insan ya müsəlman olar, ya olmaz və modern düşüncələrdən birinə sahib olar. Hər halda onun dünyagörüşünə və tərcihlərinə sayqı duymağı ilk dəfə olaraq bayraqdakı ideyalar güvəncə altına almışdır. Dində də zor yolmadığı üçün əslində Rəsulzadə azad və başı açıq olan qadın varlığının güvəncəsini ilk dəfə olaraq Şərqdə dövlət güvəncəsi altına almışdır.

– Rəsulzadənin dini dünyagörüşü dində reform kimi düşüncəni ortaya qoyurmu? Yoxsa...
– Dində reforum etmək peyğəmbərlərə aid bir durumdur, lakin din anlayışında reforum etmək bəşərin işidir və Rəsulzadə bunu etmişdir. Rəsulzadənin bu haqda məqalələri var. Orada yazır ki, Əlioğlu Hüseyni bu şəkildə xatırlamaq onun mücadilə fəlsəfəsinə zidd olan bir xatırlamadır. Ağlamaq və özünü döymək yerinə, Hüseynin dünyagörüşündən və mücadilə təcrübəsindən günümüz üçün ibrət dərsi almaqda yarar var. Bu, gerçəkdən də din anlayışından bir reforumdur. Ayrıca, Rəsulzadə din kitablarına tarixilik anlayışı da gətirmişdir.

– Rəsulzadənin dünyagörüşündə mövcud olan türkləşmə və islamlaşma nə deməkdir? Biz türk və müsəlman deyildikmi?
– Rəsulzadə avropalaşmağı tarixi qaranlıqdan qurtuluş kimi ortaya qoymuşdur. Həqiqətən də biz Qərbi tanıdıqca, nə qədər fanatik olduğumuzu öyrənmiş oluruq. Bu tarixi problemlərimizin çözümü üçün Rəsulzadə avropalaşmağı bir dünyagörüşü sistemi olaraq ortaya qoyurdu. Yəni yüzillər boyunca avropalıların böyük əməklə əldə etdikləri insani, əxlaqi və politik nailiyyətləri heç bir zəhmət və əzabını çəkmədən mənimsəmək. Liberalizm, insan haqları, demokrasi, inanc və din plüralizmi kimi görüşlər Avropanın tarixi qazanımları idi. Türkləşmək məsələsində də Qərb modeli davranmağı ön görürdü.

– Nə üçün?
– Çünki milli kimlik də modern bir məsələ idi. Dinlər bir millətə xitab etməz, bütün bəşərə xitab edərlər. Dini dünyagörüşdə vətəndaşlıq qavramı yoxdur, ümmət qavramı var. Lakin milli kimlik və milli dövlət anlayışlarında vətəndaşlıq söz konusudur. Din məsəlsəində isə Rəsulzadə tarixi din anlayışına qarşı çıxır və mədəni insanın dini dünyagörüşünü önə sürürdü. Mollanın, şeyxin ətəyindən yapışıb imdad diləmək din deyildir.

– Bəs Rəsulzadəyə görə dindar nəyə inanar?
– Rəsulzadəyə görə modern dindar insan Allaha və onun kitabına inanar. Molla, şeyx, seyyid deyə dində nə varsa, hamısı Allaha şərik qoşmaqdır və İslamda da belə şey yoxdur.

– İslamda belə bir şey yoxdursa, bəs bunlar mollalar, şeyxlər hardan meydana çıxıblar?
– Bunlar daha sonradan molla-feodal sinfi tərəfindən uydurulmuşdur. Özəlliklə İrandakı məşrutə hərəkətinə molla-feodal sinfinin müdaxiləsindən Rəsulzadə böyük ibrət dərsi almışdı. Bu üzdən də diqqət etsəniz islamlaşma bayraqda son rəmz olaraq gəlir. Yəni bir türk öz dilində modern dünya bilgilərini öyrənib aydınlandıqdan sonra din məsələsinə geniş bucaqdan baxaraq xurafələrdən təmizlənməlidir. Bu da tarixdəki bütün önyarqıları yıxaraq aydınlanmış ağıl olğusunu önə çıxarmaq deməkdir. Belə dindar bir insan Allaha inanar və molla-seyyid deyə aracıya ehtiyac duymaz. Bütün bunları göz önündə bulundurduğumuzda Rəsulzadənin tarixin qaranlıq məzarlığından necə də modern bir dövlət qurduğuna şahid oluruq.

– Bəs yaxşı, Rəsulzadə irsinin varisi oldumu?
– O sistemi anlayacaq kadrlar yetişmədi, o sistemin dışında bir tarix anlayışı gəlişdirdilər, İrançılığa xidmət edən bir tarix anlayışı. AXC də Rəsulzadənin ortaya qoyduğu tarix fəlsəfəsinin xaricində bir tarix anlayışını Rəsulzadəyə antitezis olaraq ortaya qoydu. Bəlkə bunu bilərək etmədilər, ancaq gerçək olan budur. Bunun da səbəbi var.

– Nədir səbəbi?
– Bilgi sosiologiyasında bilginin ortaya çıxdığı sosial şərtlər çox önəmlidir. Sovetlər zamanı antimüsavat bilgilər istehsal edilmişdi və bu bilgilər irançılığa xidmət edirdi.

– Səttar Xana deyirsiniz, fars milliyətçiliyinə xidmət edirdi. Xiyabaniyə də deyirsiniz, saxta qəhrəman idi.
– Çünki Xiyabani Lenin inqilabının tərəfdarı idi. Rəsulzadə bütün bu tarix anlayışına qarşı mücadilə aparmış və İrani tarix anlayışında bizlərə qurtuluş yoxdur zehniyyətini ortaya qoyaraq o tarixdən qopmaq üçün başqa tarixi üfüq açmışdı. Lakin sovet sonrası saxta bilgilərdə reallıqla əlaqəsi olmayan Güney Azərbaycan adında qəhrəman bir məkan təsvir edildi. İndi görürük ki, hamısı yalanmış və orada irani kimlikdən başqa heç bir şey yoxdur. Rəsulzadə bunu ayrıntıları ilə açıqlamışdır. Bu üzdən AXC zahirən proqramında özünü Müsavat varisi olaraq görsə də, davranışlarında və dünyagörüşlərində Rəsulzadənin tərsinə bir pozision sərgiləmişdir.

– Elçibəyi Rəsulzadənin varisi hesab eləmək olarmı?
– Rəsulzadə ilə Elçibəyin tarix fəlsəfələri bir-birinə uyğun deyil.

– Necə yəni uyğun deyil?
– Rəsulzadə bizim böyüklüyümüzü miladdan öncəki İran tarixində axtarmırdı. Elçibəy miladdan öncəki anlamsız tarixlə məşğul idi və Zərdüştün “türk!” olmasında hikmət axtarırdı. Rəsulzadənin görüşündə bu var ki, biz aydınlanıb, tarixin qaranlığından qoparaq İrandakı türklərin qurtuluşu üçün də örnək olmalıyıq. Elçibəysə bunun tərsini düşünürdü. Elçibəy düşünürdü ki, bizim qurtuluşumuz İrandakı unudulmuş olan tariximizdədir, oraya dönülməlidir. Böyük, düşünən, azad millət ola bilmək üçün Rəsulzadə gələcəyi adres göstərərkən Elçibəy keçmişi nümunə olaraq göstərirdi.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər