Müsahibim Gənc Tamaşaçılar Teatrının aktyoru, tanınmış aparıcı, son zamanlar “Bir ailəm var” serialında yaratdığı obrazla gündəmdə olan Elnur Kərimovdur.
- “100 kağız” filmində “mavi” birini canlandırırsınız. Sizi bu rola necə inandırdılar?
- Bu gün Azərbaycan cəmiyyətində filmdəki oynadığım o obraz ən böyük problemlərdən biridir. Ola bilsin ki, kimlərsə bunu görmür. Biz filmdəki bu rolla çalışırıq ki, problemi parlaq şəkildə göstərək və bəlkə cəmiyyət bir balaca düzəlsin. Bilmirəm nədənsə mənim qismətimə də belə bir obraz düşdü. Görünür, mesajı ötürmək üçün ilk qurban mənəm. Amma deyim ki, birinci dəfə bu rolu mənə təklif edəndə “yox” cavabı verdim. Dedilər ki, görüşək. Görüşdük yenə “yox” dedim. Sonra ümumi təşkilatçılarla görüş oldu, onlara da “yox” dedim. Dedilər ki, bir də ətraflı düşünüm. Nəhayət, razılaşdım.
- Niyə bu rollara aktyorlar cəsarətsiz yanaşırlar. Sizcə, bunun səbəbi nə ilə əlaqədardır?
- Ssenari gərək keyfiyyətli olsun ki, obraz özünü doğrultsun. Bu rolu istənilən aktyor oynaya bilər, amma ssenaridə bu rolu niyə, nə üçün oynadığın aydınlaşmalıdır. Mən ssenaridə bu suallara cavab tapdığıma görə filmə çəkilməyə razılıq verdim. Razılığımın əsas səbəblərindən biri də odur ki, bu filmdə professional aktyor ansamblı mükəmməl səviyyədədir. Buna görə Şahinə təşəkkür edirəm. O, epizodik rola belə peşəkarları çağırıb. Bu da işə professional yanaşmaqdan irəli gəlir. Amma başqaları pulsuz, filmdə görünmək naminə razılıq verən tanış-biliş çəkirlər.
- Qeyri-peşəkar aktyorların sizinlə birgə hansısa bir filmdə rol almasına bir professional aktyor kimi necə yanaşırsınız?
- Peşəkar aktyorlarda bu, yalnız gülüş yaradır. Çünki biz bilirik ki, onlar tamam başqa yoldadırlar, biz tamam başqa. Bizim məktəbimiz, məktəbdən sonra hər zaman başımızın üzərində olan müəllimlərimiz var. O müəllimlərdən zaman-zaman məsləhətlər alırıq. Biz bu sənət yolunun necə başladığını bilirik. Ona görə qeyri-peşəkarların gördükləri işləri analiz etmək bacarığımız var. Analiz nəticəsində başa düşürük ki, ekran qarşısındakı insan yalnız ona deyilən sözləri deyir.
- Hazırda “Bir ailəm var” serialı ilə gündəmdəsiniz. Etiraf edim ki, serial kriminallaşandan sonra onu izləmirəm. Amma bildiyimə görə, reytinqli seriallardandır.
- “Bir ailəm var” kriminal serial deyil.
- Deyil, amma kriminal xətt güclüdür.
- Doğrudur, kriminal xətt var idi. Amma son bir neçə seriyadır ki, bu xətti tamamilə yığışdırdıq və onu sevgiyə bağladıq. Biz serialla ailənin içərisinə girərək, orada baş verən hadisələri göstərə bilmişik. Sevilməyimdə əsas səbəb Elnur Kərimov olmağım deyil. Sadəcə, orada ssenaristlərin obrazıma qarşı tutduğu mövqedir. Məlumdur ki, bizim cəmiyyətdə boşanmış qadınlara pis yanaşırlar, düşünürlər ki, onlar ikinci dəfə ailə həyatı qura bilməzlər. Amma biz bu serialla o düşüncələrin səhv olduğunu, qadınların ikinci dəfə ailə qurmağa tam haqqı olduğunu deyirik. Serial cəmiyyətə bu mesajı göndərir.
- Serialda ananızı oynayan Xalidə xanım çox qəddardır.
- Xalidə xanım hər stressli səhnədən sonra ağlayır. Deyir ki, mən belə deyiləm. Oğlundan, qızından sitat gətirir. Bilirsiniz, professionalların serialda olmağı biz gənclərə “yem” verir. Rejissor bizə azadlıq verir, deyir fikri mənə çatdırın, söz önəmli deyil. Fikri çatdırmaq üçün bəzən ola bilər ki, anamın yaxasından tutub itələyə bilərəm. O da mənə sillə vuracaq. Bu vəziyyətə düşən insan hansı reaksiyaları verə bilər, biz də serialda onu edirik.
- İmprovizə nə dərəcədədir?
- Demək olar ki, çox azdır. Çalışırıq ki, improvizə çox etməyək. Çünki bu komediya deyil, sırf dramdır. Ailə dramında improvizə heç də uğurlu olmaya bilər. Bilirsiniz ki, serialımız həftədə beş gün nümayiş olunur. Xəzər TV Azərbaycan tarixində ilk dəfə idi ki, həftəlik serial çəkdi.
- İşiniz çox gərgin ola gərək...
- Həqiqətən çox gərgin rejimlə işləyirik. İnsanlara çox qəribə gəlir. Bəzən yaxınlaşıb deyirlər ki, mən sizi haradasa görmüşəm, hərçənd ki, seriallara baxmıram. Bəlkə də bu, normal sözdür, amma mən bunu təhqir hesab edirəm. Çünki serialda 35 nəfərdən çox texniki heyət çalışır. Ən az 13 saat işləyirik. Çəkilişlər səhər 9-dan başlayır, axşam saat 3-4 ə qədər.
- Azərbaycanda çəkilən seriallara baxa bilirsiniz?
- Mütləq baxmalıyam. Nəinki seriallara, kinoteatrlarda nümayiş olunan filmlərimizə də baxıram. Çox təəssüf edirəm ki, bəzən rejissorlar aktyorlarla düzgün işləmirlər. Yəni işi çəkib təhvil vermək əsas deyil, işi keyfiyyətli görmək lazımdır. Hamıya da o keyfiyyət nəsib olmur. İşi keyfiyyətli görmək üçün professional aktyorlara, teatrlara müraciət etsələr, yaxşı olar. Aktyorlar da öz potensiallarından, illərin təcrübəsindən istifadə edib hər hansı çıxış yolu göstərə bilərlər. Çəkiliş zamanı elə hallar olur ki, biz aktyorlar bir-birimizə kömək edirik. Bir də görürsünüz ki, “Bir ailəm var” serialında anamı oynayan Xalidə xanım çəkiliş zamanı mənə nəsə deyir, amma mən ona cavab verə bilmirəm. 10 dəqiqə bizə fasilə verilir, həmin o vaxt ərzində rejissor, mən, Xalidə xanım münasibətləri aydınlaşdırıb, yenidən çəkirik.
- Elnur bəy, sirr deyil ki, serial, film, teatrdan daha çox aktyoru məşhurlaşdırır. Sizin televiziyada məşhurlaşmağınız teatra tamaşaçı gətirdimi?
- Bəli, çox tamaşaçı gətirdi. Bizim teatrda çox professional aktyorlar çalışır ki, onları müxtəlif seriallarda görə bilərsiniz. Son zamanlar artıq uşaqlar valideynlərini məcbur edir ki, onları teatra gətirsinlər. Çünki ordayıq, bizi görmək istəyirlər. Onlar gəlirlər bizimlə görüşürlər və çox sevinirlər. Azərbaycanda fanat yoxdur. Sadəcə olaraq, oynadığımız rolları çox xoşlayırlar. Ona görə gəlirlər, baxırlar, valideynlər etiraf edirlər ki, uşaqlar sizi görmək üçün gəlir. O uşaqlar düzgün yoldadırlar, onlar mütləq teatra gəlməlidirlər. Əgər biz onları başlı-başına buraxsaq, çayxanalara gedib, yaxud başqa lazım olmayan işlərlə məşğul olacaqlar. Uşaqlar teatra gəlib həyatı görür. Çünki yaratdığımız əsərlərlə biz cəmiyyətə çoxlu mesajlar ötürürük.
- Sosial şəbəkələrdə də aktivsiniz. Özünüz idarə edirsiniz?
- Bəli, aktivəm. “İnstaqram” hesabımında özüməm. “Facebook” hesabıma nəzarət edən var. Amma arada özüm də baxıram. Sevinirəm ki, “Facebook”da adıma açılan yalançı səhifələr, profillər də yoxdur.
- Sosial şəbəkədə ictimai-sosial məsələlərlə bağlı fikrinizi ifadə edirsiniz. Elə olurmu ki, nəsə yazmaq istəyirsiniz, amma hazırkı statusunuz buna mane olur?
- Bəli, olur. Ümumiyyətlə, baş verən bütün hadisələrə fikrimi bildirməyə çalışıram. Amma elə anlar olur ki, işimə, sənətimə xələl gətirdiyinə görə bəzi məsələlərə öz münasibətimi açıqlaya bilmirəm. Fikir bildirmək istədiyim vaxtlarda da jurnalistləri tapa bilmirəm. Onda sosial şəbəkədə yazıram və hətta qlobal problemim olanda ismarıc göndərirəm ki, hansı jurnalist istəyirsə, bununla bağlı açıqlama verə bilərəm. Ona görə yox ki, gəlib məndən müsahibə alsınlar, ona görə ki, baş verən hadisələrə öz münasibətimi bildirmək istəyirəm.
- Elnur bəy, sizi onunla münasibətdə olduğuna görə günahlandıran o qadını tapa bildiniz? Məsələ nə yerdə qaldı?
- O qızı tanımıram. “Facebook”da mənə yazdığı mesajlarda mənimlə “görüşdüyü” ünvanı belə yazıb. Onun yazdığı ünvana mən heç vaxt getməmişəm. Məcbur olub onun mənə göndərdiyi mesajları “Facebook”da yaydım ki, məsələ ictimailəşsin. Bilirsiniz, əgər mən subay olsaydım, bu baş verənlər mənə təsir etməzdi. Sadəcə olaraq, mənim ailəm, qızım var. Və mən ailəmə çox bağlı bir insanam. Uzun illərdən sonra ailə həyatı qurdumsa, demək insanların içərisindən o xanımı seçdim. O xanım mənim ürəyimdə, beynimdə, qəlbimdə və hər yerdədir. Onu əvəz edəcək bir insan yoxdur bu həyatda. Heç ola da bilməz.
- Yoldaşınız heç sizdən şübhələndimi? Ona görə bunu ictimailəşdirdiniz?
- O da inanmır. Amma mən bu məsələni ona görə geniş müzakirəyə çıxardım ki, onun ürəyində xal qalmasın. Ola bilsin ki, mənə büruzə vermir, amma ürəyinin, beyninin bir küncündə “bəlkə doğrudur” deyir. “Bəlkə”ni onun ürəyindən silmək üçün mən hər varianta əl atdım ki, o, rahat olsun. Bir də deyirəm, mənə şər atan xanımın yazdığı ünvana heç vaxt getməmişəm. Qorxum da yoxdur, çox rahatam. Bundan sonra yüz adam da gəlsə, çox rahatam. Çünki özümə güvənirəm. Əsas budur.
Nərmin Muradova