22 Aprel 2015 12:22
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu, 24 aprelə qədər olacaq kampaniya deyil, əksinə, qondarma “soyqırımı” məsələsi sonra da davam edəcək. Çünki burada əsas məqsəd Ankaranı daim təzyiq altında saxlamaq, erməni “genosid”ini Demokl qılıncı kimi türklərin başından əskik etməməkdir. Hazırda saxta “soyqırımı”nın yüz illiyini təntənəli formada keçirmək istəyirlər. Görünən budur ki, öncədən ciddi hazırlıqlar aparılıb. Əlbəttə, bu məqsədlidir, amma ədalətsizdir. Bir zamanlar hətta Fransada qanun qəbul etdilər ki, erməni “genosid”ini təkzib edənlər cəzalandırılacaq. Bu, tarixdə olmayan bir şeydir. Onlar ümidlidir ki, belə davam etsə, Türkiyə “soyqırımı” etdiyini boynuna ala və təzminat verə bilər. Odur ki, təsnifatda 1 milyon 500 min insanın qətlə yetirildiyi iddia olunur”.

Bunu Teleqraf.com-a müsahibəsində professor, sabiq təhsil naziri Firudin Cəlilov bildirib. Müsahibəni təqdim edirik:

- Firudin müəllim, ermənilər qondarma “soyqırımı” ilə bağlı hazırlıqlar həyata keçiriblər. Sizin bu məsələyə münasibətiniz necədir?
- Ermənilər 1915-ci il hadisələrini siyasiləşdirərək oyun qurublar, bu oyunu indi də davam etdirirlər. Əvvəl dedilər ki, həmin hadisələr zamanı 300-500 min erməni öldürülüb. Sonra isə sayı bir milyona qədər qaldırdılar. Gördülər ki, buna ciddi fikir verən yoxdur, dərhal elan etdilər ki, Anadolunun doğusunda yaşayan ermənilərdən 1 milyon 500 mini öldürülüb və bu, genosiddir. Həmin dövrdə ermənilərin sayı milyon yarım idi. Söhbət İstanbulda, Ankarada, ümumilikdə Türkiyədə yaşayan ermənilərin sayından deyil, dünyada yaşayan erməni sayından gedir. Adətən, insan torpağın üzərində yaşayar, sayını artırar. Ancaq haylar torpağın altında da saylarını artırmağa başladılar, 300 mindən milyon yarıma gətirib çıxardılar. Çünki gördülər ki, bunlara cavab verən, diqqət edən yoxdur. Beləcə, erməni diasporası dünyada ictimai fikri hazırladı. Son 70 ildə bu prosesi apardılar, indi də, olmayan bir hadisənin yüz illiyini qeyd edirlər. Əsas məqsəd erməni xalqının zavallı olmasını, böyük “genosid”ə məruz qalmasını göstərməkdir. Bunun ardınca isə böyük pullar qazanmaqdır. Haylar gördülər ki, Almaniya yəhudi soyqırımını tanıdı, onlara böyük təzminatlar ödəməyə başladı, düşündülər ki, onlar da maliyyə təzminatı davasını aça və Türkiyədən kompensasiya qopara bilərlər. Üstəlik bu məqsədin altında Doğu Anadoluda bəzi torpaqları ələ keçirmək məsələsi var. Yəni burada məqsədin altında məqsəd yatır.

- Ermənilərin məqsədləri bəllidir. Bəs, Vatikanın erməni “genosid”ini dəstəkləməsini necə qiymətləndirmək olar?
- Açığı, onun bəyanatı ilə maraqlanmamışam, sadəcə dostlardan bu haqda informasiya almışam. Əgər Papa “genosid” ifadəsini işlədibsə, demək, tarixi saxtalaşdırıb və böyük günah işlədib. Çünki din xadimi yalan danışmamalı, siyasi məsələlərdən vasitə kimi istifadə etməməlidir. İkincisi, Papanın kim olmasından asılı olmayaraq Vatikan hər zaman böyük siyasi oyunlarda pərdə arxasında iştirak edib. Əslində, min əvvəl başlayan xaç yürüşləri bu gün Türkiyəyə qarşı yenidən həyata keçirilir. Yüz il əvvəl də başlayan xaç yürüşü 1923-cü ildə böyük Atatürkün sayəsində dayandırıldı, məğlubiyyətə uğradıldı və Türkiyədə müstəqil cümhuriyyət quruldu. İndi görünən budur ki, Qərb dünyasında Türkiyəyə qarşı səlib yürüşü məsələsi gündəmə gəlir. Faktiki olaraq indilikdə İraqda, Suriyada, Yəməndə baş verən hadisələr bəllidir. Fikrimcə, burada da məqsəd Türkiyənin üzərindədir.

- Avropa Parlamentinin qətnaməsini necə dəyərləndirmək olar?
- Bu qətnamə də yuxarıda dediyim fikirlərlə bağlıdır, başqa sözlə xaç yürüşüdür. Avropa xristian ölkələrindən ibarətdir. Yüz il öncə bu ölkələr toplaşıb ordular yaradır, səlib yürüşləri təşkil edirdilər. İndi də bu siyasətlərini davam etdirirlər. Başqa bir məsələ yoxdur. Ancaq qeyd edim ki, indiyə qədər qardaş Türkiyə bu mövzuya ciddi yanaşmayıb. Yüz ildə sənədləşdirmə işi aparılmalı, tarixçilər hadisələri araşdırmalı idi. Ancaq bu edilməyib. Elə ki, erməni diaspora qurumları Türkiyənin üzərinə hücum edirlər, Türkiyə də bir-iki tarixçini ortaya çıxarır. Axı belə olmamalıdır. İkincisi, bu gün Türkiyədə olan bizim tarixçi qardaşlarımız bir çox hallarda Avropanın istədiyini deyirlər. Baxın, deyirlər ki, türklər Anadoluya min ildir gəlib. Hansı türk tarixçisini dindirirsən, bunu deyir. Siz tarixinizi bir araşdırın, mənbələrə baxın görün bu ərazilər kimindir. Avropa deyir ki, özünüz də bu əraziyə min il əvvəl gəldiyinizi bildirirsiniz, o zaman sizdən əvvəl buranın sakinləri olub, buyurun, onların haqlarını tanıyın, tarixi torpaqlarını geri qaytarın. Hesab edirəm ki, bu məsələdə türklərin müəyyən qədər günahı var. Avropa Parlamenti məlum qətnaməni qəbul edəndə, Türkiyə onların qarşısına konkret sənədlər qoymalı idi. Deməliyidi ki, yüz il əvvəl Türkiyədə nə qədər erməni olub, “soyqırımı” deyilən zamandan sonra nə qədər erməni olub. Əlbəttə, köç zamanı ermənilərdən ölənlər olub. Bunu heç kim təkzib etmir. Ancaq ermənilərə yolda hücum edənlər türklər deyildi. O dövrün sənədləri, məlumatlar, hesabatlar var. Baxsınlar ki, yolda ermənilərə kimlər hücum ediblər. Bunu görməyənlər deyir ki, türklər ermənilərdən üzr istəməlidir. Üçüncüsü, həmin dövrdə soyqırımı olubsa, bu Azərbaycan türklərinə qarşı olub. Özü də, bu soyqırımın müəllifi ermənilər olub. Həm də Türkiyədən bu yana qovulan ermənilər Rusiyadan silah, Avropa və Amerikadan isə dəstək alaraq Azərbaycanın ərazilərini yandırıb, əhalisini məhv ediblər. Xoy, Qaradağ, Səlmas, Urmiya, Təbrizdə nə qədər insan qırıblar. Arazın bu tayında-Zəngəzurda, indiki Ermənistan deyilən ərazidə o zaman erməni yox idi, cəmi 5-6 kənd var idi. Onlar Şamaxıya qədər gəldilər, Qarabağda və Bakıda qırğınlar həyata keçirildi. Bütün bunları işləyib dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazım idi.

- Maraqlı situasiya yaranıb Rusiya və Avropa Ukraynaya görə düşmən olublar, amma hər iki tərəf və Amerika da daxil olmaqla saxta “genosid” məsələsində Ermənistana dəstək verir...
- Sinxron fəaliyyət var. İkincisi, bu, 24 aprelə qədər olacaq kampaniya deyil, əksinə, qondarma “soyqırımı” məsələsi sonra da davam edəcək. Çünki burada əsas məqsəd Ankaranı daim təzyiq altında saxlamaq, erməni “genosid”ini damokl qılıncı kimi türklərin başından əskik etməmək. Hazırda saxta “soyqırımı”nın yüz illiyini təntənəli formada keçirmək istəyirlər. Görünən budur ki, öncədən ciddi hazırlıqlar aparılıb. Əlbəttə, bu məqsədlidir, amma ədalətsizdir. Bir zamanlar hətta Fransada qanun qəbul etdilər ki, erməni “genosid”ini təkzib edənlər cəzalandırılacaq. Bu, tarixdə olmayan bir şeydir. Onlar ümidlidir ki, belə davam etsə, Türkiyə “soyqırımı” etdiyini boynuna ala və təzminat ver bilər. Odur ki, təsnifatda 1 milyon 500 min insanın qətlə yetirildiyi iddia olunur. Açıq bəllidir ki, onlar Doğu Anadoluda olan torpaqları almaq istəyirlər. Yəni Qarsa qədər olan ərazilərə sahib çıxmağa çalışırlar. Biz bunu gözəl anlayırıq. Bir zamanlar bizlər Qarabağda ermənilərlə savaş aparırdıq. Ancaq erməninin arxasında rus dayanmışdı, Avropa ölkələri ona dəstək verirdi, Amerika 907-ci düzəliş qəbul etmişdi. Biz bunları görmüşük. İndi də Türkiyə məsələsində bir-birinə düşmən olan ölkələr sanki birlik nümayiş etdirir. Ancaq bir məqamı xüsusilə qeyd etmək istərdim. Türkiyə başda olmaqla biz də Fələstin məsələsinə diqqət edirik. Ancaq Fələstin rəhbəri Yasir Ərəfatdan bu yana Fələstin erməninin yanında olduğunu heç vaxt gizlətməyib. Fələstin zamanında Qarabağ məsələsində Ermənistanın yanında olduğunu bəyan edib. Pakistan bu günə qədər Türkiyənin və Azərbaycanın yanında olub. Ancaq bizlər Pakistanda olan problem barədə az danışırıq, lakin Fələstin məsələsində az qala fələstinlidən çox danışırıq. Bu kimi məsələlərə diqqət edilməlidir. Hakimiyyətlərdən asılı olmayaraq dövlətin işlənmiş xarici siyasəti olur. Bu, Türkiyədə də yoxdur.

- Bu kimi şərtləri Türkiyəyə qəbul etdirə, ondan təzminat ala bilərlərmi?
- Bu, mümkün olası bir iş deyil. Hətta erməni məsələsi ilə Türkiyə iqtidarları içərisində ən yaxından maraqlanan Ərdoğan hökumətidir. Bu iqtidar həm də məsələnin çözülməsini, problemin birdəfəlik aradan qalxmasını istəyir. Ancaq bütün bunlara rəğmən Ərdoğan iqtidarı heç vaxt saxta “soyqırımı” qəbul etməyəcək. Nəzərə alın ki, buna gedən iqtidara qarşı xalqın böyük təpkisi olacaq. Məsələn, Ərzurum bölgəsində kimi dindirirsən, babalarının ermənilər haqqında danışdıqlarını eşidirsən. Deyirlər ki, ermənilər insanları qırıblar, babamız belə danışıb. Yəni, xalq bu məsələni unutmayıb. Odur ki, Türkiyədə hətta erməni məsələsinə ən isti münasibət bəsləyən iqtidar belə “soyqırımı” qəbul edə bilməz.

- Bu məsələlərin Azərbaycana təsiri hansı formada ola bilər?
- Əgər biz bu haqda danışırıqsa, demək, bunun özü təsirdir. Nəzərə almaq lazımdır ki, ermənilər bizi ayırıb demir ki, bunlar türkdür, onlar azərbaycanlıdır. Elə bizim adımızı da, doğru deyənlər ermənilərdir. Tarix göstərir ki, ermənilərin Türkiyəyə gücü çatmadığı üçün son yüz ildə bütün heyflərini azərbaycanlılardan alıblar. Bu mənada saxta “genosid” məsələsinin Azərbaycana təsiri var.


- Aprelin 24-də Çanaqqala zəfərinin yüz illiyi qeyd ediləcək. Bu saxta “genosid”i müdafiə edənlərə layiqli cavab olacaqmı?
- Cənab Ərdoğan bunu əla düşünüb. Mən bunu müsbət addım hesab edirəm. Sadəcə ermənilər 24 apreldən sonra da “soyqırımı” siyasətini aparacaq. Avropa da ona dəstək verəcək. Türkiyənin Orta Şərqdə aktiv siyasəti, söz sahibi olmağa can atması ümumilikdə Avropa və Qərbin xoşuna gəlmir. Odur ki, təzyiqlər güclənir. Ancaq bu, mənasız bir işdir.

Nemət


Müəllif:

Oxşar xəbərlər