22 Aprel 2015 13:59
4 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəramət Böyükçöl şair Aqşin Yeniseyin şeirini onun özü ilə müzakirə edir.

Kənd

çaylar axar ağacların içindən, içindən,
quruyarlar budaqlar öz ucundan, ucundan,
quşlar qorxar buludların köçündən, köçündən,
şimşək çaxar göydən qaçar yağışlar, yağışlar.

doluşar ot tayasına sərçələr, sərçələr,
sərçələr ot tayasında gecələr, gecələr,
yorğun sürü axşam kəndə gec gələr, gec gələr,
gün batınca kəndə enər yoxuşlar, yoxuşlar.

Kövşəyərək köks ötürər inəklər, inəklər.
boylu gəlin yuyub sərər köynəklər, köynəklər,
süfrə üstə pıçıldaşar bəbəklər, bəbəklər.
sükut çökər, fikrə gedər baxışlar, baxışlar.

Səhər günəş qonşu kənddən ucalar, ucalar,
Oyanmamış hələ həyət bacalar, bacalar,
Sübhdən qalxıb namaz qılar qocalar, qocalar,
Diz çökərlər, Allah bizi bağışla, bağışla.

– Aqşin, bu şeiri yazanda neçə yaşın vardı?
– Səhv etmirəmsə, 20. İkinci, üçüncü kursda oxuyurdum. Yataqxanada yazmışam, hətta yadıma düşür ki, işıqlar da sönmüşdü, qaçqınlar dövlətə qarğış edirdilər dəhlizlərdə.

– Bir çoxları “Kənd” şeirini sənin yaradıcılığının şah əsəri hesab eləyirlər. Sən özün bu barədə nə fikirləşirsən? Doğrudanmı, belədir?
– Hamı o şeri Əkrəm Əylislinin gözündə sevib. O şeirin şöhrəti mənim yox, Əkrəm Əylislinindir. Çünki Əkrəm kişi müsahibələrinin birində o şeri oxuyub öyəndə nəinki həmin şeir, hətta mənim şeir kitabım unudulub getmişdi.

– Bu şeir haqqında Əkrəm Əylisli nə demişdi ki?
– Əkrəm Əylisli gənc yazarlarla görüşə gələndə mən də orada idim. Dedi ki, gedək yaxından tanış olaq, yeyib-içək, şeir oxuyaq. Rəşad Məcid qoymadı ki, qudurtmayın bunları. Yazıq kişi də kitablarımızı istədi, heç olmasa, nə yazdığımızı bilmək üçün. Mən də Xalq yazıçısına "Sizin eradan əvvəl" kitabını verdim və elə oradaca unutdum.

– Niyə?
– Düşündüm ki, oxumayacaq. Ancaq bir həftə sonra müsahibələrinin birində Əkrəm Əylisli o şeri bütöv çap etdirmişdi ki, ədəbiyyatımıza yeni "oksigen balonu" gəlib.

– “Aqşin Füzulidən böyük şairdir” hadisəsi bu şeirə görə olmuşdu?
– Bu müqayisədən xəbərim yoxdu.

– Mənə elə gəlir, bu şeirin intonasiyası sənin başqa şeirlərində yoxdur. Düz deyirəm?
– Bu şeir, bəlkə də, yeganə şerimdir ki, bəstəsi mənim deyil, yəni avazını özüm bəstələməmişəm. Çünki mən şeri yazmadan öncə onun musiqisini bəstələyirəm, sonra notları sözlərlə əvəz edirəm. Amma bu şeiri elə birbaşa, birnəfəsə kağıza yazmışam, zümzümə kimi. Əkrəm Əylisli tərifləyəndən sonra bu intonasiyada başqa şeirlər də yazmağa cəhd göstərdim, amma alınmadı.

– Deyirsən, bu şeir bəlkə də, yeganə şerimdir ki, bəstəsi mənim deyil, yəni avazını özüm bəstələməmişəm. Bəs bəstənin müəllifi kimdir?
– Özündən demək olmasın, mən yazdığım mövzunun aurasını xəyalımda yarada bilməyəndə yaza bilmirəm. Meditasiya yoluyla sufilər, yoqlar kimi xəyali səyahət etməyə çalışıram. İnanmasan da deyəcəyəm: mən qarlı, qışlı şeirlərimin çoxunu yayda yazmışam. Zamandan zamana xəyalən keçə bilmək bacarığı yaradıcı adam üçün vacib keyfiyyətdir. O şeir də görünür, şəhərdə kənd üçün içib tək-tənha ağladığım, qəribsədiyim gecələrin birində yazılıb. O şeir şəhərdə dilənən köməksiz bir kənd çocuğunun yuxusudur. Başqa heç nə.

– Şeirdəki təkrarlar səndən əvvəl çox yazılıb. Şifahi ədəbiyyatda da var, yazılı ədəbiyyatda da. Məsələn:

Samovarım qızıldan, qızıldan,
Suyu yerə sızıldan, sızıldan,
Qardaşım bir qız sevib, qız sevib,
Qabaq dişi qızıldan, qızıldan.

Çox nümunə çəkmək olar. Bəzən şeiri buna görə tənqid edirlər.
– Şifahi yaddaş təkrara arxalanır. Ona görə folklor belə təkrarlarla zəngindir. Məsələn, musiqini, nəğməni ən çox nəqarət yadda saxlayır. Ramiz Rövşəndə də var belə təkrarlar.

– Məsələn…

Hara gedirsən, ay gəmi?
Uzaqlara, uzaqlara…

– Hər bir şair də öz xalqının şüuraltısıdır. Xalqın məişətində, mədəniyyətində nə varsa, xalq onu öz istedadlarında qoruyub saxlayır, nəsildən-nəsilə ötürür. Bu şeirdəki təkrarlar da şüuraltıdan gələn xalq ritmidir. Sanki, qoca bir şaman şüuraltında gözlərini yumub qavalını dınqıldadır.

– Şeirdə adi məişət qayğıları ilə yaşayan kənd adamları sübhdən qalxıb namaz qılır. “Diz çökərlər, Allah bizi bağışla, bağışla”. Burda ironiya var? Varsa, kimədir, Allaha, yoxsa insanlara?
– Burda ironiya yoxdur. Saf, təmənnasız inamdan söhbət gedir. O kənd adamlarının Tanrının yaratdıqları qarşısında heç bir günahı yoxdu, günahsız ola-ola yenə tanrıdan əhv diləyirlər. Bu peyğəmbərlikdən də uca bir duyğudur insanda. Məni uşaq vaxtı nənəm saxlayırdı, hər gün sübhdən babamın eyvanda ucadan pıçıldadığı "sübhənallah" kəlmələrinə yuxudan dururdum və yorğanın altından bu qocanın kiminləsə anlamadığım bir dildə danışdığını, qəribə formada qaxıb-endiyini görürdüm. O sehrli sübhlər hələ də mənim qulaqlarımdadır.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər