“İrs” Folklor Ansamblı Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdindən çıxarılıb. Səbəblərinə “İrs” Folklor Ansamblının bədii rəhbəri Sidqi Mustafayevlə söhbət əsnasında aydınlıq gətirməyə çalışdıq. Onunla həmçinin “İrs”in Azərbaycan mədəniyyətinə töhfələrindən və qrupun bundan sonrakı taleyilə bağlı söhbət açdıq.
- Sidqi müəllim, institutun nəzdindən çıxandan bəri ansamblın adında hansısa dəyişiklik olubmu?
- Xeyr. Adımız əvvəldə olduğu kimi “İrs” Folklor Ansamblı kimi qalıb və qalacaq.
- Deyəsən, eyni ad altında Folklor İnstitutunda ansambl fəaliyyət göstərir. Folklor İnstitutunun direktoru Muxtar İmanov deyib ki, onun heyətində bir az dəyişiklik edilib, rəhbəri də əməkdar artist Nuriyyə Hüseynovadır.
- 45 ildir ki, bu ansambla rəhbərlik edirəm. “İrs” adını bu ansambla biz qoymuşuq. Necə olur ki, onlar da “İrs” adı ilə fəaliyyət göstərməyə başlayırlar. Dediyiniz məsələdən xəbərim var. 1992-ci ildən etibarən indiyə kimi “İrs” Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərirdi. Gördük ki, orada heç bir irəliləyiş yoxdur. Ona görə ayrıldıq, ayrıca ansambl kimi fəaliyyətimizi davam etdirəcəyik. Nuriyyə Hüseynova İnstitutun tərkibində başqa şöbədə işləyirdi. Bilirsiniz, burada çox məsələlər var, amma hamısını açıqlamaq olmur. Nuriyyə xanım bilsin ki, biz 39 ildir bu adı daşıyırıq. Necə olur ki, indi deyir “İrs” mənimdir. Bunu başa düşmürəm.
- Muxtar İmanov həmçinin bildirib ki, sizin rəhbərlik etdiyi ansamblın bəzi üzvləri də hazırda Nuriyyə xanımla çalışır...
- Kollektivin bütün üzvləri bizimlə gəlib, bircə ud çalan ifaçımızdan başqa.
- Sizə institutun bu qərarını nə vaxt dedilər?
- Bir il bundan qabaq onlar bizə dedilər ki, yeni müasir ansambl yaradacaqlar.
- Sidqi müəllim, “İrs” necə yaranıb, ilk təşəbbüskarı kim olub?
- “İrs” folklor ansamblı 1976-cı ildə mərhum bəstəkar Rəşid Nəsiboğlu və mənim təşəbbüsümlə yaradıldı. İkimiz də o vaxt Azərbaycan Dövlət Konservatoriyasının məzunu idik. “İrs”i yaratmamışdan öncə Rəşid Nəsiboğlu ilə unudulmuş mahnılarımız, folklorumuzla bağlı söhbətlər edirdik. Dəqiq yadımda qalıb. Kitabların birində qədim musiqi alətlərinin şəkillərini gördüm. Həmin şəkillərə baxıb çahartar, laxqutu, mizmarlar, kasalar kimi qədim alətləri bərpa etdik. Sonra bir çox xarici ölkəyə səyahətə yollandıq. Gürcüstandan qanun, Özbəkistandan ney, yan tütəyi, Türkmənistandan qoşqar rübabı, tulum kimi qədim alətləri də əldə edə bildik. Təxminən 20 ədəd qədim aləti bərpa etdik. Alətlərin bərpasından sonra folklor ansamblını yaratmaq fikrinə düşdük. O vaxtlar bu alətlərdə çalmağı bacaran ifaçı yox idi. Məşqlərimiz Rəşidgilin evində olurdu. Konservatoriyanın tələbəsi olsaq da, həm də Asəf Zeynallı adına Musiqi Məktəbində dərs deyirdik. Çox götür-qoy etdikdən sonra respublikanın elmi mədəniyyət mərkəzlərinə, kitabxanalarına üz tutduq. Qədim musiqi alətləri və onların repertuarları barədə bir sıra məlumat topladıq. Nəticədə bütün məqsədlərimizə, hədəflərimizə çatdıq. Fəaliyyətimiz dövründə Azərbaycan xalqının musiqi folklorunun dəyərli nümunələrindən olan “Almanı alma, gəlin”, “Əylən, gəlin”, “Ruhani”, “Azaflı dübeytisi”, muğamlardan “Çahargah”, “Nəva” musiqili kompozisiyası, meydan tamaşalarından “Kosa-Kosa”, “Toyuq aparan”, “Qaravəlli” və b. bərpa etmişik. Dünyanın bir çox ölkələrində qastrollarda olub, beynəlxalq festivallarda iştirak edib, bir çox mükafat və fəxri fərmanlar qazanmışıq.
- Bəs necə oldu ki, institutun tərkibində fəaliyyət göstərməyə başladınız?
- “İrs” Folklor İnstitutuna Yaşar Qarayevin vaxtından gəlib. Ansambl yarananda 35 yaşım vardı. Rəşid rəhmətə gedəndən sonra ansamblı məhv olmağa qoymadım. Komandanı yenidən yığdım və neçə illərdir ki, öz işimizlə məşğuluq. Çətinliyimiz olsa da, idarə edirik. Ansambl mənim balamdır, ondan inciyə bilmərəm. Nə qədər çətin günlərimiz olsa da, heç vaxt onu tərk etmək barədə düşünməmişəm. Xoşbəxtəm ki, milli folklorumuzu təbliğ edən “İrs”ə ömrümün yarısını həsr etmişəm.
- İndi məşqlərinizi hansı məkanda edirsiniz?
- Hazırda yerimiz-yurdumuz yoxdur. Nadir Axundov bizi AzTV-yə dəvət etdi. Bizə dedi ki, gələcəkdə gəlib burda məşq edərsiniz və televiziyanın ansamblı olarsınız. Gözləyirik, nə vaxt desələr, o vaxt da gedəcəyik.
- Bundan sonrakı fəaliyyətinizi necə qurmağı planlaşdırırsınız?
- Çəkilişlərdə oluruq, verilişlərdə çıxış edirik. İTV, AzTV-də çıxışlarımız olur. Dəvət edirlər gedirik. Köhnə mahnılar üzərində işimizi davam etdiririk.
- Başqa kanallardan təkliflər alırsınız?
- İşimizi əsasən İTV, AzTV və Mədəniyyət kanalı ilə qururuq. Özəl kanallar bizi tamamilə unudub. Onların başı şou-biznesə qarışıb.
- Hazırda ansamblın neçə üzvü var?
- Ansamblda 10 nəfər fəaliyyət göstərir. Vaxtilə öz həvəsləri, istəklərilə ansamblımıza gələnlər də az olmayıb. Onlar təmannasız sıralarımıza qoşulublar, bizimlə çiyin-çiyinə iş aparıblar. Mahnılarımızı birgə tapıb, araşdırıb, yaşatmışıq. Zaman-zaman ixtisarlarla üzləşdik və nəticədə sıralardan gedənlər də oldu. 45 ildə “İrs”in çoxlu sayda musiqiçi üzvü olub. Hətta sizə deyim ki, say etibarilə bu rəqəm 2000-3000 musiqiçiyə çatır. Amma sonradan hamısı bizi tərk edib. Getmələrinin əsas səbəbə qayğısızlıqdır. Onların hamısı işləmək və bunun müqabilində də yaxşı məvacib almaq istəyirlər. Bunu görməyəndə isə bizi tərk edirlər.
Hazırda çox yeniliklərimiz var. Elxan Məmmədli bizə çoxlu mahnılar təqdim edib ki, onların üzərində çalışırıq. Yeri gəlmişkən, qeyd edim ki, “Nəva” muğamını yenidən işləyib üzə çıxarmaq istəyirik.
- Mən bildiyim qədər bu muğamı siz bir vaxtlar da ifa etmisiniz...
- Doğrudur. İllər əvvəl bu muğama Rəşid Behbudov adına Mahnı Teatrında təqdimat mərasimi keçirdik. Həmin unudulmuş muğamı gündəmə gətirdik. “Nəva” 8 hissədən ibarətdir və “Çahargah”, “Şur”, “Bayatı-Şiraz” kimi bir muğamdır. Hələ yüz il bundan əvvəl ifa olunub, amma zamanla yaddan çıxıb.
- Bir neçə il əvvəl sizinlə müsahibəmizdə 200 keçmiş mahnı tapdığınızı demişdiniz. O mahnıların taleyi necə oldu?
- İmkan düşdükcə o qədimi mahnıları nota yazıb ifa edirik. Bilirsiniz, biz o vaxt bu ansamblı yaradanda ölkədə belə bir qrup yox idi. Biz ilk olduq, bizdən sonra başqa ansambllar, qruplar yarandı, lakin Azərbaycanda itib-batan folklor nümunələrini üzə çıxaran yeganə ansamblıq. Düzdür, bizdən başqa bir ansambl da var: Qədim Musiqi Alətləri Ansamblı. Onlar yalnız unudulmuş musiqi alətlərini təqdim edirlər. Folklordan isə bu ansamblda əsər-əlamət yoxdur. Biz Azərbaycan mədəniyyətinə çoxlu mahnılar qazandırdıq. Yəni qədim musiqi alətlərini, mahnılarını, Azərbaycanda o vaxta qədər ifa olunmayan qədim muğamları üzə çıxardıq. Qədim mahnıların bərpası prosesi zamanı biz notları arxivlərdən tapırıq. Alimlərlə, folklorşünaslarla əməkdaşlıq edirik. Beləcə, unudulmuş musiqilər bərpa olunur. Biz nəinki onları aşkarladıq, eyni zamanda, onları ictimaiyyətə, sənət adamlarına sübut etməyə çalışdıq. Əlbəttə, bu, heç də asan olmadı.
- Durumunuzla bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmisiniz?
- Nazirliyə lap əvvəllər də, elə indi də bir neçə dəfə müraciət etmişik. Həmişə də deyirlər ki, bizdə ştat, otaq, yer yoxdur. Onlar bizdən uzaq qaçır. Nə bir yol göstərir, nə də yardım edir. “İrs”in bütün işi, fəaliyyəti mədəniyyətlə bağlıdır. Hamı da bilir ki, mədəniyyət sahəsinə ölkəmizdə Mədəniyyət və Turizm Nazirliyi baxır. Onların bu laqeydliyinin səbəbini başa düşə bilmirəm.
Nərmin Muradova