27 Aprel 2015 16:49
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sərkisyanın Xocalı genosidindəki iştirakını ört-basdır etmək istəyirlər”

“Konvensiyanın sonuncu maddəsində qeyd olunur ki, bu sənədin geriyə qüvvəsi yoxdur və şamil oluna bilməz. İngilislər, fransızlar, almanlar Afrika və Asiyada qırğınlar törədib, amerikanlar yerli xalqı məhv edib. Əgər bu konvensiyanın geriyə qüvvəsi olsaydı, dünya bir-birinə qarışardı. Başqa sözlə, üç beynəlxalq hüquqi sənəd “soyqırımı” məsələsini rədd edir. Bu mənada ermənilərin həyasızcasına apardığı saxta kampaniya sabun köpüyüdür. Fikrimcə, aparılan bu saxta kampaniya dünyanı çaşdırmaq, Türkiyənin başını qatmaqdır. Əlbəttə, eyni zamanda dünyanın gözü qarşısında törədilən Xocalı soyqırımını, torpaq işğalını pərdələmək məqsədi də var. Ermənilər bu əməllərinin cavabını verməlidirlər və verəcəklər də. Odur ki, onların “yüz illiy”ə olan ümidləri puç oldu. Serj Sərksiyan nə etsə də, əməlinə cavab verəcək”.

Bunu Teleqraf.com-a müsahibəsində YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib. Müsahibəni təqdim edirik:

- Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının məşəli alovlandırıldı. Buna münasibətiniz necədir?
- Azərbaycanda ilk dəfə keçirilən Avropa Olimpiya Oyunlarının başlamasına 48 gün qalmış qədim adətimizə uyğun olaraq məşəlin yandırılmasını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu böyük tədbir yüksək səviyyədə keçiriləcək, yaddaşlarda qalacaq. Bu günə qədər dünyada çoxlu sayda tədbirlər, “Avroviziya” mahnı müsabiqələri keçirilib. Lakin hər kəs deyir ki, Azərbaycanda keçirilən tədbirlər detallarına qədər yüksək səviyyə baş tutub. Avropa Olimpiya Oyunlarının məşəlinin yandırılması da yüksək səviyyədə keçirildi, qədim odlar yurdu olan Azərbaycanın adət-ənənəsinə uyğun oldu. Biz buna yalnız sevinə bilərik.

- Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi Azərbaycana nə verəcək?
- Biz bir daha Azərbaycanı dünyaya təqdim edəcəyik. Ölkəmizin tanıtımı olacaq. Vaxtilə bizi bədnam qonşularımız dünyaya o qədər pis təqdim edib ki, hələ son illərdə dünya bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı genosidini ermənilər törədib. Yəni ermənilər neçə illərdir ki, türk xalqlarına qarşı belə təbliğat aparıb. Dünyada isə ictimai rəy aparılan təbliğatın nəticəsində yaranır. Şübhəsiz ki, düşmənçilik istiqamətində bizə qarşı aparılan təbliğat xalqımızın, dövlətimizin və millətimizin imicini korlayır. Odur ki, ölkəmizdə keçirilən hər beynəlxalq tədbir Azərbaycanın imicini, hörmətini artırır, həqiqətləri üzə çıxarır, xalqımızın bir Avropa xalqı olduğunu ortaya qoyur. Azərbaycan xalqı onsuz da bəşər tarixinə Nizami, Füzuli, Hacıbəyov kimi dühalar verib. İndi biz yenidən mədəniyyətimizi, ortaq dəyərlərimizi paylaşırıq, ölkəmizi və xalqımızı dünyaya təqdim edirik. Avropa Olimpiya Oyunları Azərbaycanın dünyaya tanıdılmasında böyük rola malikdir. Mədəniyyətin, idmanın, incəsənətin dilindən ölkəmizin və xalqımızın təbliğatı olduqca əhəmiyyətlidir.

- Bu mühüm tədbir Qarabağla bağlı təbliğat rolunu oynaya bilərmi?
- Biz dövlətimizin və millətimizin dünya ictimaiyyətinə imicini yaxşı formada təqdim edəndə, bu problemin həllinə də kömək edir. Dünya ictimaiyyəti, xalqlar görürlər ki, həqiqət kimin tərəfindədir. Baxın, niyə Fransa prezidenti Ermənistanı dəstəklədi, hətta saxta “soyqırımı” ilə bağlı Olland İrəvana getdi? Bu, təkcə dövlət səviyyəsində olan məsələ deyil. Fransa ictimaiyyətində erməniləri dəstəkləyən böyük qüvvə var. Səbəb odur ki, ermənilər yüz il müddətində bu ölkədə böyük təbliğat işi aparıb. Lakin biz son 20 ildə bu istiqamətdə iş aparırıq. Cənab Prezident 2003-cü ildə hakimiyyətə gələndən sonra dünya səviyyəsində xalqımızın tanıtımı yüksək xətlə gedir. Odur ki, hesab edirəm ki, dövlətimizi və xalqımızı sülhpərvər, müasir düşüncəli gördükcə, bizləri dünya daha yaxından tanıdıqca vəziyyət xeyrimizə dəyişəcək. Eləcə də, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin həyata keçirilməsi asanlaşacaq.

- Avropa Yay Olimpiya Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniya nədən qaynaqlanır?
- Avropa Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə Azərbaycana verilib. Bu zaman komitənin üzvü olan dövlətlərin nümayəndəsi qərara səs verib. İndi bunlar görürlər ki, Azərbaycan Oyunlarla bağlı yüksək səviyyədə iş aparır, yaxşı təqdimat həyata keçirir, ölkəmizi dünyaya təqdim edir. Məhz bu, Azərbaycanı sevməyənləri, erməni diasporasının təsirində olanları ciddi narahat edir. Sizə bir məqamı deyim. Dünya futbol çempionatını Qətərə salıblar. Qətərin də maliyyəsi, imkanları genişdir və bu yarışa ciddi hazırlaşır. Qətər də yüksək səviyyədə hazırlıq gördü, stadionlar tikdi. Ancaq bu yarışın Qətərdə keçirilməsinə səs verən dövlətlər deyirlər ki, bu ölkə istidir, orada futbolu seyr etmək məsələsində problem yaranacaq. Qətər də elan etdi ki, narahat olmayın, biz stadionlara kondisioner quraşdıracağıq. Bundan sonra avropalılar elan etdi ki, stadionlara kondisioner quraşdırılması ekologiyaya, ətraf mühitə mənfi təsir göstərəcək. Açığını deyim ki, Avropanın bu mövqeyi ikiüzlü, saxta yanaşmadır. Onlar bu yarışı Qətərə verəndə bilirdilər ki, bu ərəb yarımadasıdır, yayda isti olur. Mən dediklərimi Avropa mətbuatında oxumuşam. Baxın, indi də görürlər ki, Azərbaycan xalqı sülhsevər, tolerant, dünyaya sevgi ilə yanaşan xalqdır. Üstəlik də ölkədə bu yarışlara hazırlıqla bağlı böyük işlər aparılır. Özləri də dəfələrlə gəlib monitorinq keçirib və görüblər ki, hər şey yüksək səviyyədədir. Amma buna rəğmən çirkin kampaniya aparılır. Əslində “Avroviziya” ərəfəsində də belə kampaniya aparılırdı. Biz artıq belə ikili standarta öyrəşmişik. Ancaq ciddi narahatlığımız yoxdur. Avropa Yay Olimpiya Oyunları yüksək səviyyədə keçiriləcək. Bizə qarşı qarayaxma edənlər də peşman olacaqlar. Hazırda yanımda Brüsseldən olan senator əyləşib. Mən açıq deyirəm ki, Avropa belə riyakar olmamalıdır.

- Saxta erməni “soyqırımı” ilə bağlı 24 aprel tədbirləri başa çatdı. Bu məsələ haqqında nə düşünürsünüz?
- Ermənilərin həsrətlə gözlədiyi saxta “soyqırımı”nın yüz illiyi sabun köpüyü kimi dağıldı. Bunun da səbəbi beynəlxalq səviyyədə Azərbaycan və Türkiyə diasporasının apardığı birgə fəaliyyət oldu. Cənab Prezidentin bu istiqamətdə, eləcə də, Xocalı soyqırımı ilə bağlı dünyanın nüfuzlu tribunallarından erməni ifşası ilə bağlı açıqlamaları oldu. Şübhəsiz ki, Heydər Əliyev Fondu, ictimai-siyasi xadimlər, jurnalistlər bu istiqamətdə əlində gələni etdi. Həmçinin qardaş Türkiyədə Çanaqqala zəfərinin yüz illiyi ilə əlaqədar sülh konfransının keçirilməsi Ermənistanın saxta “soyqırımı” yalanını darmadağın etdi. Bu məsələ “yüz illik”lə bitdi. Onların bu günə qədər saxta “genosid”lə bağlı apardığı işin birinci səbəbi odur ki, Sərkisyanın Xocalı genosidində iştirakını ört-basdır etsin. Sərkisyana qədər olanlar da bu yolla gedib, Qarabağın işğalını pərdələmək istəyiblər. Qarabağla bağlı BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi və ayrı-ayrı ölkələrin qəbul etdiyi sənədlər var. Bu sənədlər sanballı hüquqi sənəddir. Ermənilər də Qarabağ işğalını gizlətmək üçün son illər sözdə “genosid” məsələsini təbliğ edirlər. Ancaq bu mümkün olmadı. Aprelin 24-də ermənilər istədiyi şəkildə bunu qeyd edə bilmədilər. Yalnız 2-3 dövlət başçısını İrəvana gətirə bildilər. Ancaq bizim sözdə “soyqırımı” məsələsində narahatlığımız var. Çünki onlar bunu edərək həm də çalışırlar ki, Qarabağın işğalı gizlədilsin, onun həlli məsələsi yubadılsın. Onsuz da, biz Qarabağı işğaldan azad edəcəyik. Türkiyənin isə gündən-günə güclənməsini, artan nüfuzunu ləkələmək istəyirlər. Bu səbəbdən, çamur atır, Azərbaycan və Türkiyənin başını buna qarışdırmaq istəyirlər. Ancaq bu saxta “genosid”in hüququ əsası yoxdur.

- Ancaq Avropa elə davranır ki, sanki bu iddianın ciddi hüquqi əsasları var...
- Bu məsələ parlamentlərin qəbul etdiyi siyasi sənədlərlə həll edilə bilməz. Çünki onlar hüquqi deyil, siyasi sənədlərdir. Almaniya ikiüzlü sənəd qəbul etdi. Avstriya isə bir qədər fərqli sənəd qəbul etdi. Bu ölkələr I Dünya Müharibəsində Türkiyənin müttəfiqi idilər və indi özlərini ifşa etdilər. Almaniyadakı saxta “soyqırımı” işlərinin başında duran Papanın yetirməsidir, din xadimidir. Bunlar siyasi qərarlardır, siyasi qərarlar hüquqa dayanmasa yürüməz. Çünki 1923-cü ildə bağlanan Lozanna anlaşmasında ermənilərə qarşı Osmanlıda “soyqırımı” və cinayət törədilməsinə dair maddə yoxdur. İkincisi, ermənilər məcburi köçürülməyə görə kompensasiya alıb. Bu, hüquqi sənəddir. Üstəlik 1915-dən sonra Osmanlının dağılması və parçalanması haqqında qərar veriləndə, bu prosesin başında ingilislər dururdu. İngilislər 197 türk paşasının, məmurunun, valisinin sənədlərini Maltada qurulan beynəlxalq məhkəmədə araşdırmağa başladı. Məhkəmə bir neçə il davam etdi və 1919-cu il yanvarında məhkəmə qərarını verdi. Məhkəmə bəyan etdi ki, Osmanlıda heç bir millətə və ermənilərə qarşı soyqırımı aktı olmayıb, təzminat davasından da söhbət gedə bilməz. İndi baxın, ermənilərin saxta “soyqırımı” kampaniyası prosesində ingilislər yer almadı. Səbəb də qeyd etdiyim məhkəmə prosesi və sonda verilən məhkəmə hökmüdür. Əlbəttə, indi hansısa ölkənin parlamentində bir şəxs yenidən deputat seçilmək üçün “soyqırımı” iddialarına dair çıxış edə, erməni lobbisinin sözünü deyə bilər. Bu görünəndir. İndi bu məsələləri qaldıranların çoxu erməni diasporasının pulla ələ aldığı şəxslərdir. Nəhayət, saxta “soyqırımı” ilə bağlı üçüncü beynəlxalq-hüququ sənədi 1949-cu ildə BMT qəbul etdi. Söhbət Soyqırımı Konvensiyasından gedir. Konvensiyanın sonuncu maddəsində qeyd olunur ki, bu sənədin geriyə qüvvəsi yoxdur və şamil oluna bilməz. İngilislər, fransızlar, almanlar Afrika və Asiyada qırğınlar törədib, amerikanlar yerli xalqı məhv edib. Əgər bu konvensiyanın geriyə qüvvəsi olsaydı, dünya bir-birinə qarışardı. Başqa sözlə, üç beynəlxalq hüquqi sənəd “soyqırımı” məsələsini rədd edir. Bu mənada ermənilərin həyasızcasına apardığı saxta kampaniya sabun köpüyüdür. Fikrimcə, aparılan bu saxta kampaniya dünyanı çaşdırmaq, Türkiyənin başını qatmaqdır. Əlbəttə, eyni zamanda dünyanın gözü qarşısında törədilən Xocalı soyqırımını, torpaq işğalını pərdələmək məqsədi də var. Ermənilər bu əməllərinin cavabını verməlidirlər və verəcəklər də. Odur ki, onların “yüz illiy”ə olan ümidləri puç oldu. Serj Sərksiyan nə etsə də, əməlinə cavab verəcək. Onlar Qarabağda törətdiyi cinayətə görə cavab verəcəklər. Əminəm ki, bu, gec olmayacaq, çünki biz həmin günün ruzigarını hiss edirik.

Nemət


Müəllif:

Oxşar xəbərlər