29 Aprel 2015 12:03
2 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur teleaparıcı, aktyor “Bakı 2015” Oyunlarının Ulduz Elçisi İlkin Həsəni həvəslə təmsil etdiyi velosiped idman növüylə, eləcə də elçilik müddətində gördüyü işlərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.


-İlkin bəy, mart ayında Velosiped Federasiyasında rəhbərliklə və idmançılarla görüşləriniz olub. Ondan sonra bu istiqamətdə hansı işlər görmüsünüz?
-Bir-iki gün bundan əvvəl Şıx qəsəbəsində yerləşən böyük veloparkın geniş arenası istifadəyə verildi. Bu, BMX velosipedi idman növü üzrə istifadəyə verilən arenadır. Və sözügedən idman növü üzrə yarışlar məhz orda keçiriləcək. Bildiyiniz kimi Birinci Avropa Oyunlarında velosiped idmanı üç kateqoriyaya bölünəcək: şosse velosipedi, dağ velosipedi, BMX velosipedi . Şosse velosipedi idmanı üzrə yarış zolağı Hökumət evindən başlayıb Bilgəh ərazisinə qədər davam edəcək. Dağ velosipedi üzrə yarışlar Atıçılıq Kompleksinin yanında yerləşən Velosiped Federasiyanın nəzdində olan çox böyük arenada baş tutacaq. Orada bu yarışların keçirilməsi üçün çox gözəl süni dağlar, təpəciklər var. BMX velosipedi üzrə yarışlar isə bayaq dediyim kimi Şıx qəsəbəsindəki yeni açılan arenada olacaq. Bu yaxınlarda arenada əcnəbi ölkələrdən gələn qonaqlar üçün sınaq oyunlar baş tutdu. Yerli velosiped sürənlərimiz də orda iştirak edəcəklər. Və təbii ki, bu oyunlarda onlara yalnız və yalnız uğurlar arzu etmək qalır. Öz medallarımız özümüzə qalsa yaxşıdır.

-Yəqin ki, bu yarışlarda bizi təmsil edən doqquz velosipedçimizlə ayrı-ayrılıqda tanışsınız. Və məharətlərinə bələdsiniz.
-Təəssüf ki, onların hər biri ilə sıx tanışlığım yoxdur. Çünki hazırda Azərbaycanda kənarda velosipedçilərimizin qızğın məşqləri gedir. Amma təbii ki, bəziləri ilə istər canlı, istərsə də “Facebook” vasitəsilə ünsiyyətdə olmuşam. Yenə də deyim ki, məşqlər gedir, əcnəbi mütəxəssislər, bu işin peşəkarı olan insanlar bizim təmsilçilərimizlə çox gözəl məşqlər keçirlər.

-Bəs Sizin velosipedlə aranız necədir?
-Çox yaxşı. Artıq üç ilə yaxındır ki, mənim də velosipedim var. Havalar isti, küləksiz olanda velosiped sürən dostlarımı başıma yığıb gecələr yürüşlər edirik.

-Velosiped sürmək necə bir hissdir?
-Əla bir hissdir. Bu hissi hər birimiz uşaqlıqda yaşamışıq. İllər sonra yenidən o hissi yaşamaq gözəl duyğudur. Təbii ki, bu duyğu gözəldir, amma unutmaq lazım deyil ki, velosiped sürmək həm də insanın sağlamlığına xeyirlidir. Belə deyək də velosiped sürmək bədənin sağlamlığına xidmət edir. Bütün hallarda isə bu, elə bir idman növüdür ki, onunla məşğul olarkən həm böyük zövq alırsan, həm də idman edirsən.

-Velosiped sürmək üçün əsas şərt nədir?
-Əsas məsələ təhlükəsizlikdir. Çünki sən istənilən an yıxıla bilərsən, istənilən an hansısa bir qəza baş verə bilər. Ona görə birinci başı qorumaq lazımdır və bunun üçün qoruyucu şlemlər mütləq olmalıdır. Daha sonra müvazinətini saxlamaq önəmlidir ki, bu da bir neçə saatın içində həll oluna bilən məsələdir. Onu da nəzərə almaq lazımdır ki, hələki, ölkəmizdə velosiped sürmək üçün xüsusi ayrılmış zolaqlar yoxdur. Buna görə də yollarda və şosselərdə velosiped sürərkən xüsusi geyimlərdən və xüsusi işıqlandırmadan istifadə etmək mütləq lazımdır.

-Siz velosiped sürərkən çoxmu yıxılmısınız?
-Bəli, velosiped sürməyi təzə-təzə öyrənəndə çox yıxılmışam. (gülür) İndi artıq yıxılmıram.

-Təmsil edəcəyiniz idman növünə püşkatma ilə seçildiniz. Əgər seçim sərbəst olsaydı hansı idman növünü seçərdiniz?
-Öz seçimim olsaydı belə yenə də velosipedi seçərdim. Dostlarımın əksəriyyəti təəccüblənirlər və deyirlər:

“Nəsə etmisən ki, velosiped idmanı sənə düşüb”.

Onları güclə inandırıram ki, bu təsadüfən baş verib. Hətta mən bilmirdim ki, bu Oyunlarda velosiped idmanı da var.

-Birinci Avropa Oyunlarında Ulduz Elçi olmağınız Sizi başqalarından bir addım daha yaxın edir bu böyük tədbirə. Həm idmançılarla görüşürsünüz, həm yeni istifadəyə verilən məkanları görürsünüz, həm də müxtəlif səpkili tədbirlərdə iştirak edirsiniz. Təəssüratlarınız necədir və Oyunlardan gözləntiləriniz nələrdir?
-İlk növbədə bir Azərbaycan vətəndaşı kimi qürur hissi keçirirəm. Ona görə qürurlanıram ki, bu cür böyük, mötəbər tədbir mənim yaşadığım ölkədə keçirilir. İkinci qürur və sevinc hissim onunla bağlıdır ki, mən bu cür tədbirdə Azərbaycan üçün seçilmiş 15 nəfərdən biri -Ulduz Elçiyəm. Və təbii, bu mənim məsuliyyət hissimi artırır. Bir neçə gün bundan əvvəl Atəşgahda məşəlin alovlandırılması mərasimində Cənab Prezident hamımızla individual görüşdü, Ulduz Elçilərə öz tapşırıqlarını verdi. Təbii ki, bu Oyunların təbliğatında, daha da geniş yayılmasında biz - elçilərin böyük rolu olacaq və biz də əlimizdən gələni etməliyik və edirik ki, bu Oyunların yayılma arealı daha da genişlənsin. Birinci Avropa Oyunlarından gözləntilərim çox böyükdür. Bir neçə il bundan əvvəl Azərbaycan “Eurovision” yarışması ilə əcnəbi dövlətlərə, bütün dünyaya səs sala bildi. Bu dəfəki tədbir yəni Birinci Avropa Oyunları “Eurovision”dan da böyük bir tədbirdir və səs-küyü daha böyük arealı əhatə edəcək. Bakı iyun ayında öz qapılarını bütün turistlərin üzünə açacaq. Bizim qonaqpərvərliyimiz öz yerində, amma turistlər üçün xüsusi yaradılan şərait də öz yerində… Gəlsinlər, istirahət etsinlər, Azərbaycanı, Bakını, mətbəximizi, mədəniyyətimizi tanısınlar və əlbəttə ki, Oyunlarda iştirak etsinlər.

-Məşəlin alovlandırılması mərasimində Sizin və Miri Yusifin Cənab Prezidentlə “selfie”si çox müzakirə olundu. “Selfie”ni kim birinci çəkdi?
-O gün çox əlamətdar gün idi. İlk dəfə idi ki, Cənab Prezidentlə görüşürdük. İnandırım Sizi o gözləmədiyim səmimiyyətlə, gözləmədiyim mehribanlıqla qarşı-qarşıya idim. Mənim kimi hamı hələ də o anların şokunu yaşayır. Bir insan nə qədər səmimi, nə qədər sadə ola bilərmiş. Cənab Prezident bizimlə görüşdü, söhbət etdi, hamılıqla foto çəkdirdi, həmçinin özümüzəməxsus “selfie” də etdik. O “selfie”ni birinci mən çəkdim, sonra Miri Yusif mənim telefonumla özünü çəkdi. “Selfie” fotoya səmimilik qatır. İnsan “selfie” zamanı səmimiliyin ən pik nöqtəsində olur.

-İlkin bəy, digər Ulduz Elçilərlə münasibətiniz necədir, bir-birinizin işləri ilə maraqlanırsınızmı?
-Tədbirlərdə görüşəndən-görüşənə işlərimizlə bağlı söhbət edirik. Onsuz da hamımızın bir-birimizlə münasibətimiz var idi, amma bu Oyunlar bizi daha da yaxın etdi, daha da birləşdirdi.

-Bildiyim qədər Oyunlarla bağlı çağırışınız olmalıdır. Bu çağırış necə və hansı formada reallaşacaq?
- Bildiyiniz kimi may ayının 5-10 –u tarixlərində Azərbaycanda ənənəvi olaraq “Tur de Azərbaycan” veloyürüşü keçiriləcək. Ondan sonra möhtəşəm bir veloyürüşlərimizin olması planlaşdırılır. Bazar günlərinin birində mən, ATV-nin bəzi simaları, dost-tanışlarım olan məşhurların iştirakı ilə təxmini 20-30 nəfərlik heyətim iştirakı ilə şəhəriçi veloyürüşümüz olacaq. Çağırışım da o zaman baş tutacaq.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər