“İlk Avropa Oyunlarının Azərbaycana keçirilməsi ölkəmizin bu istiqamətdə qazandığı nailiyyətlər nəticəsində mümkün olub. Çoxdan qitə idman yarışının keçirilməsi ideyası var idi. Ancaq həmin yarışlar ümumdünya olimpiadalarından bir il əvvəl keçirilməli idi. 2012-2013-cü illərdə bu məsələ gündəmə gələndə Avropa ölkələrindən heç biri buna hazır olmadıqlarını bildirdilər. 2013-cü ildə Azərbaycan o təşəbbüsü öz üzərinə götürməsəydi, ilk Avropa oyunları bu il yox, 2019-cu ildə, növbəti olimpiya oyunlarından əvvəl keçirilməli idi. Prinsipcə, Azərbaycan bu ideyanın reallaşmasına böyük dəstək verdi”.
Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, politoloq Aydın Mirzəzadə deyib. Müsahibəni təqdim edirik.
- Aydın müəllim, ilk Avropa Oyunları ölkəmizə hansı dividentləri gətirəcək?
- İstənilən yüksək səviyyəli ümumdünya tədbirlərinin keçirilməsi səlahiyyəti hansısa ölkəyə ancaq həmin ölkə buna hazır olduqda verilir. Olimpiya oyunları zamanı isə daha dərin məsuliyyət hissi əsas götürülür. Çünki bu, spesifik beynəlxalq tədbirdir. Burada standartlara cavab verən müvafiq idman oyunlarının olması, ilkin dövrdə olimpiya xərclərinin çəkilməsi əsas amildir. İlk Avropa Oyunlarının Azərbaycana keçirilməsi ölkəmizin bu istiqamətdə qazandığı nailiyyətlər nəticəsində mümkün olub. Çoxdan qitə idman yarışının keçirilməsi ideyası var idi. Ancaq həmin yarışlar ümumdünya olimpiadalarından bir il əvvəl keçirilməli idi. 2012-2013-cü illərdə bu məsələ gündəmə gələndə Avropa ölkələrindən heç biri buna hazır olmadıqlarını bildirdilər. 2013-cü ildə Azərbaycan o təşəbbüsü öz üzərinə götürməsəydi, ilk Avropa oyunları bu il yox, 2019-cu ildə, növbəti olimpiya oyunlarından əvvəl keçirilməli idi. Prinsipcə, Azərbaycan bu ideyanın reallaşmasına böyük dəstək verdi. Bu yarışların Azərbaycanda keçirilməsi ilk növbədə Azərbaycanın yüksək nüfuza malik olmasını göstərir. İkincisi isə həmin yarışlar vasitəsilə Azərbaycan dünyada tanınacaq. Bura gələn on minlərlə, bu yarışları izləyən yüz milyonlarla insan Azərbaycanın qazandığı nailiyyətləri, xalqımızın qonaqpərvərliyini, Azərbaycanda gedən proseslərlə yaxından tanış ola biləcəklər. Ümumən götürdükdə Oyunlara bir aydan bir qədər çox vaxt qaldığı müddətdə biz indidən Azərbaycana marağın artdığını görürük.
- İdman meydançalarına gedib yarışları izləməyi düşünürsünüzmü?
- Parlamentin üzvü kimi biz yarışların açılış mərasimində iştiraka dəvət ediləcəyik. Eyni zamanda yəqin ki, bizi yarışların özlərinə də dəvət edəcəklər. Bu, yaxın günlərdə məlum olacaq. Əgər olmayacaqsa, mən bilet alaraq bir neçə yarışda ailə üzvlərimlə birgə iştirak edəcəyəm.
- İlk Avropa Oyunları tarixdə deyəsən həm də Azərbaycana qarşı olan kampaniya ilə yadda qalacaq...
- Bütün bunlar hamısı Azərbaycanın qazandığı nailiyyətlərin xaricdə müəyyən dairələrin qəbul etməməsi ilə bağlıdır. Azərbaycan böyük təbii sərvətlərə, çox əlverişli geosiyasi vəziyyətə malikdir. Ancaq onun sərbəst, müstəqil daxili və xarici siyasət yürütməsi xaricdə müəyyən dairələri təmin etmir. Onların bir qismi Azərbaycanı özünün forpostu, arzularının həyata keçirilməsində fəal iştirakçı kimi görmək istəyərdi. Müəyyən transmilli şirkətlər Azərbaycanda çoxmilyardlı gəlirlər əldə etmək istəyərdi. Ancaq Azərbaycan hökumətinin düzgün siyasəti onları gəlirlərdən məhrum edib. Bir qismi Azərbaycana təzyiq etməklə Ermənistanın işğal etdiyi torpaqların geri qaytarılmasında maneçilik törətmək istəyir. Bir sözlə, burada səbəblər çoxdur. Həmçinin, onlar gözləyirdilər ki, Azərbaycan 2015-ci il Oyunlarına hazır olmayacaq və bununla da anti-Azərbaycan kampaniyasını artıq uğursuz bir dövlətə qarşı aparacaqlarını düşünürdülər. Ancaq bütün bunların heç biri baş vermədi. Ona görə də bu gün Azərbaycanla bağlı xüsusi layihələrin həyata keçirilməsinə başlandı. Həm də burada maraqlı bir məqam var. İş burasındadır ki, həmin o layihələr iki il üçün nəzərdə tutulub. Yəni, 2016-cı ilin axırlarında ABŞ-da prezident seçkiləri keçiriləcək və yeni prezidentin hansı siyasi xətti həyata keçirəcəyi məlum deyil. Bu baxımdan ABŞ-da müəyyən dairələr indiki administrasiya dövründə çoxmilyonlu bir layihəni həyata keçirmək istəyirlər. Onlar yaxşı bilirlər ki, bu layihə alınmayacaq. Ancaq bunun üçün ayrılan pullar heç şübhə yoxdur ki, axırıncı qəpiyinədək xərclənəcək.
- Mətbuatda Sizin “payızda Azərbaycana qarşı kampaniyanın yeni mərhələsi başlayacaq” fikrinizə rast gəldim...
- Birinci mərhələ artıq başlayıb. Bu, Avropa Oyunları ərəfəsindədir və Azərbaycana kölgə salmaq, Azərbaycana qarşı artıq idman müstəvisində bir kampaniya başladıblar. İkinci isə payızda olacaq parlament seçkiləri ilə bağlıdır. Çalışacaqlar ki, Azərbaycanı tamam başqa rakursda dünyaya təqdim etsinlər. Amma bütün bunlar hamısı əbəsdir. Azərbaycan belə cəhdlərin dəfələrlə şahidi olub və həmin anti-Azərbaycan mərkəzləri növbəti dəfə məğlubiyyətə uğrayacaqlar. Azərbaycanın inkişafı ölkəmizin uğurlarını görmək istəməyən anti-Azərbaycan dairələrini rahat buraxmır. Yəni, bu baxımdan Azərbaycana qarşı istənilən formada təxribat aparmağı onlar öz qarşılarına məqsəd qoyublar. Amma dünyanın qeyri-demokratik fəaliyyətə mənfi baxdığını nəzərə alaraq öz fəaliyyətlərinə demokratik don geyindirməyə çalışırlar. Bu baxımdan əsasən, Azərbaycanda keçirilən əhəmiyyətli tədbirlər ərəfəsində onların fəaliyyətləri daha da genişlənir. Bir neçə il öncə bu, “Eurovision” yarışması ərəfəsində baş vermişdi. Payızda keçiriləcək parlament seçkiləri ərəfəsində onlar müxtəlif yollarla Azərbaycanın daxili işlərinə qarışmağa, bu və ya digər siyasi qüvvəyə dəstək verməyə, Azərbaycan haqqında mənfi təəssürat yaratmağa çalışacaqlar. Bu, bir neçə gün əvvəl Amerikadakı NED təşkilatının Azərbaycanla bağlı ikiillik fəaliyyət proqramında açıq qeyd edilib. Bunun müxtəlif formalarından istifadə etməyə çalışırlar. Amma iş burasındadır ki, onların bu cəhdləri də uğursuz alınacaq. Çünki birincisi, Azərbaycanda onların fəaliyyəti üçün sosial zəmin yoxdur. Bu gün insanlar işlə təmin olunublar. İnsanların pensiyaları verilir və artmaqda davam edir. İnsanlar təhlükəsiz dövlətdə yaşadıqlarını daim hiss edirlər. Bu baxımdan onları dəstəkləyən cəmiyyət, kütlə, sosial baza yoxdur. Eyni zamanda onları dəstəkləyəcək gənclər, QHT sektoru, digər sosial qruplar da bu gün ortada yoxdur. Buna görə də onlar ayrı-ayrı səbatsız insanları, yaxud maddiyyata marağı olan insanları öz tərəflərinə çəkməyə cəhd edirlər və edəcəklər. Çoxdan yəqin ediblər ki, Azərbaycanda cəmiyyəti bölmək, cəmiyyəti özünün inkişaf yolundan döndərmək prosesləri alınmır. Ancaq bununla belə bu tədbirə ayrılan vəsaiti axıradək sərf etməyə və öz ağaları qarşısında hesabat verməyə çalışacaqlar. Görünür, Azərbaycanın özünün inkişafında hələ müəyyən müddət anti-Azərbaycan mərkəzlərinin bu cür hücumuna məruz qalacaq.
- Mayın 3-də qondarma “DQR”də baş tutmuş “seçkilər”ə münasibətiniz nə cürdür?
- Bu gün Dağlıq Qarabağda Ermənistanın işğalçı nümayəndəliyi var. Burada hər hansı demokratiyadan, hər hansı seçkidən danışmağa dəyməz. Faktiki olaraq orda insan qalmayıb. Vaxtaşırı orada olan jurnalistlər Xankəndidən və bir-iki rayon mərkəzindən başqa böyük bir ərazidə heç kimin yaşamadığı, ancaq Ermənistan silahlı qüvvələrinin bazalarının yerləşdiyini qeyd edirlər. Aydın məsələdir ki, bir ölkənin digər ölkənin torpağının bir hissəsini işğal edərək orada müstəqil dövlət qurmaq istəməsi və orada seçkilər keçirməsi siyasi şoudan başqa bir şey deyil. Heç də təsadüfi deyil ki, üstündən neçə illər keçməsinə baxmayaraq nəinki dünya, heç Ermənistanın özü də həmin rejimi müstəqil hakimiyyət kimi tanımır və tanıya da bilməz. Bu, mümkün olan bir məsələ deyil. Bu gün dünyanın Azərbaycanın mövqeyini müdafiə etməsi Azərbaycanın prinsipial siyasəti nəticəsində mümkün olub. Azərbaycan işğal olunmuş torpaqlarından geri çəkilməyə heç bir zaman razı olmayacaq. Aparılan siyasət bu gün güclü Azərbaycan, güclü Silahlı Qüvvələr yaradır və Ermənistanın seçkilər adlı siyasi teatr təşkil etməsi əslində özünün nüfuzdan, özünün beynəlxalq aləmdə gülünc vəziyyətə düşməsinə səbəb olub.
- Bu günlərdə dünyasını dəyişən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadəni necə xatırlayırsınız?
- Hər bir Azərbaycan vətəndaşı kimi mən də onun çıxışlarını dinləyirdim. Onun vətənpərvər mövqeyi ilə tanış idim. Onun çox səmimi, Azərbaycan üçün çalışan bir insan olduğunu bilirdim. 1997-ci ildə Prezident Administrasiyasına sektor müdiri kimi işə dəvət edildim. Qeyd edim ki, bu mənim üçün böyük şərəf idi. Həmin dövrü indiyədək böyük minnətdarlıq hissi ilə yada salıram. Bir neçə dəfə işimlə bağlı Vəfa müəllimlə görüşməli oldum. Xarici siyasət məsələləri üzrə dövlət müşaviri kimi onunla həm həmin məsələ üzrə təmasda olurduq, eyni zamanda onun daha geniş şəkildə fikirlərini bölüşməsi də mənə maraqlı gəlirdi. Onunla təmas zamanı mən onun haqqında olan fikirlərimin doğruluğuna bir daha inandım. Çox sadə, mehriban, gənclərə həmişə böyük diqqətlə yanaşan, hər bir şeydə vətənpərvərlik əsasının olmasına çalışan bir insan idi. Bundan başqa Vəfa müəllim öz dövlətinə, prezidentə kifayət qədər sədaqətli bir insan idi. Hətta, yüksək vəzifədən gedəndən sonra da o, həmişə ulu öndər Heydər Əliyevə, indiki prezident cənab İlham Əliyevə özünün yüksək hörmətini dəfələrlə vurğulayardı. Deputatlıq fəaliyyətim dövründə isə ara-sıra bu və ya digər dəyirmi masada, televiziya və ya radio verilişlərində müəyyən məsələyə dair fikir mübadiləsində də olurduq. Onun vətənpərvərliyinin, Azərbaycan sevgisinin bir daha şahidi olurduq. O, Azərbaycanı daim müstəqil görmək istəyirdi, Azərbaycanın daxili işlərinə kənardan müdaxilənin, Azərbaycanda beşinci kolonun qəti əleyhinə idi. O hər bir kəsi dövlətə, prezidentə sədaqətli görmək istəyirdi. Bu baxımdan onun dünyasını dəyişməsi mənə pis təsir etdi. Bu barədə sosial şəbəkədə fikirlərimi bölüşdüm. Onun yaxınlarına başsağlığı verirəm. Hesab edirəm ki, Vəfa Quluzadə özündən sonra bir Azərbaycan ziyalısı xatirəsi qoyub getdi.
Səxavət HƏMİD