14 May 2015 19:11
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bura gələnlər görəcəklər ki, Azərbaycan Şərqdə ilk opera yaradan, yüz il əvvəl ilk cümhuriyyət quran dövlətdir, buradakı insanlar çox mədənidir. Baxın, əgər xaricdə Azərbaycanla bağlı 4 mindən çox məlumat çap edilibsə, bunların çoxunda məmləkətimiz mənfi çalarda göstərilib. Həm də bir barışmamazlıq var. Düşünürlər, necə ola bilər ki, İslam ölkəsi olan Azərbaycan Avropa Oyunlarının keçirə bilir, bunların infrastrukturu, xidməti personalı haradandır? Biz də bilirik ki, bu Oyunların keçirilməsi üçün nə qədər quruculuq işləri həyata keçirilir. Azərbaycan ilk dəfə olaraq qısa müddətdə bu Oyunlara hazırlığı başa çatdırıb. Faktiki olaraq bu rekord göstəricidir”.

Bunu Teleqraf.com-a müsahibəsində Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib. Müsahibəni təqdim edirik:

- Tahir bəy, bir neçə gündən sonra Bakıda I Avropa Oyunlarına start veriləcək. Sizcə, bu Oyunların əhəmiyyəti nədən ibarətdir?
- Adından da göründüyü kimi bu, Avropada ilk Oyunlardır. Latın Amerikası, Afrika, Asiya ölkələrinin oyunları vardı. Amma Avropa Oyunları keçirilmirdi. Həm də, bunu keçirən Avropa Olimpiya Komitəsidir. Bu qurum 49 dövləti özündə birləşdirir və hamısı da Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştiraka razılıq veriblər. Yəni Olimpiya Komitələri müstəqil olsalar da, onun sədrləri cəmiyyətin nüfuzlu simaları, bir çox hallarda dövlət başçıları olur. Bu da, həmin ölkələrin Azərbaycana münasibətidir. Yəni birincisi, Oyunların keçirilməsinə razılıq verilməsi həmin ölkələrin Azərbaycana münasibətinin xoş olmasına mesajdır. Bundan başqa, həmin ölkələrdən Bakıya 6 mindən çox idmançı, 800-dən çox xarici jurnalist, 10 minlərlə turist gələcək. Bu insanlar Azərbaycan haqqında yaradılan mənfi obrazı dağıtmaqda böyük köməkçi olacaq. Açığını deyək ki, dünyanı idarə edən Qərb ölkələrində ermənilər və onların havadarları Azərbaycanı başqa obrazda təqdim ediblər. Hesab edirlər ki, Azərbaycan İslam ölkəsidirsə, hökmən burada İslamın ənənəvi paltarları- əmmamə, hicab üstünlük təşkil edir. Burada olmayan sadə avropalı da düşünür ki, Azərbaycan İraq və ya Suriyadır. Ancaq Azərbaycan çəkinmədən onları ölkəmizə dəvət edir, ölkəmizi onlara təqdim edir.

- Bu baxımdan xarici turistlər nələrlə qarşılaşacaqlar?
- Təbii ki, bura gələnlər görəcəklər ki, Azərbaycan Şərqdə ilk opera yaradan, yüz il əvvəl ilk cümhuriyyət quran dövlətdir, buradakı insanlar çox mədənidir. Baxın, əgər xaricdə Azərbaycanla bağlı 4 mindən çox məlumat çap edilibsə, bunların çoxunda məmləkətimiz mənfi çalarda göstərilib. Həm də bir barışmamazlıq var. Düşünürlər, necə ola bilər ki, İslam ölkəsi olan Azərbaycan Avropa Oyunlarının keçirə bilir, bunların infrastrukturu, xidməti personalı haradandır? Biz də bilirik ki, bu Oyunların keçirilməsi üçün nə qədər quruculuq işləri həyata keçirilir. Azərbaycan ilk dəfə olaraq qısa müddətdə bu Oyunlara hazırlığı başa çatdırıb. Faktiki olaraq bu rekord göstəricidir. Başqa ölkələrdə bu hazırlıqlar 5-6, bəzən 3-4 ilə başa gəlir və bundan sonra onlar belə mötəbər tədbiri keçirməyə iddia edirlər. Dövlət rəhbərliyimiz də qəti şəkildə əmin edir ki, bu dünya səviyyəsində, olimpiya standartlarına uyğun keçiriləcək tədbir olacaq. Dediyim odur ki, Azərbaycanın sosial həyatı, mətbəxi, mədəniyyəti, turizmi, xidmət sektorunun inkişafı, dünya ölkələri ilə münasibətlərinin yaxşılaşdırılması baxımından bu vacib tədbirdir. Ən başlıcası Dağlıq Qarabağ probleminin həlli üçün bizi hərbi əməliyyatdan çəkindirən ölkələr var. Məncə, bu tədbirlərdən sonra problemin sülh yolu ilə həlli müstəvisində Azərbaycanın yanında yer alacaq dövlətlərin sayının çoxalması, bu dövlətləri hazırlamaq baxımından I Avropa Oyunları çox mühümdür. Vəhdət Partiyası olaraq bu oyunlara ciddi önəm veririk. Baxın, bir şey də maraqlıdır. Bütün olimpiya oyunları zamanı məşəllər Yunanıstanda yandırılır. Avropa Oyunları zamanı isə od Suraxanıda yerləşən Atəşgahdan götürüləcək. Bu da, simvolik bir haldır. Yəni barış və sülh sayılan bu od Azərbaycandan götürüləcək.

- I Avropa Oyunlarına qarşı kampaniya da aparılır. Avropa Parlamenti mayın 12-də toplaşaraq bu istiqamətdə müzakirələr aparıb, boykot çağırışları səsləndirib. Azərbaycana bu Oyunları verən Avropa nədən sonradan buna qarşı iş aparır?
- Düşünürəm ki, bunun özündə də müsbət tendensiya var. Avropa Oyunları bizim tənqidçilərimiz də şans verir ki, fikirlərini ifadə etsinlər. Burda da Azərbaycanın önəmi qabardılır. Amma şübhəsiz ki, burada qərarların qəbulu məsələsində ikili standart var. Azərbaycanı sevməyən, bizə düşmən olanlar, Bakıda I Avropa Oyunlarının keçirilməsindən qıcıqlananlar təşviş içindədir. Təsəvvür edin ki, bu Oyunlar Azərbaycanda deyil, Ermənistanda keçirilsəydi, hansı vəziyyət yaranardı, Azərbaycan cəmiyyəti buna necə reaksiya verərdi? Bu zaman Azərbaycan diplomatik cəhətdən uduzmuş olardı. İndi yaxşı ki, bu Oyunlar bizdə keçirilir, bizim imkanlarımız var. Belə olduğu halda erməni havadarları, Azərbaycanı istəməyənlər bizi daha çox gözdən salmaq istəyir, boykot çağırışları edir. Təbii ki, bu zamanda insan haqları məsələsindən yararlanırlar. Həmin Avropa Parlamentinə Azərbaycan düşməni Ələkrəm Hümmətov dəvət olunursa, onun dili ilə Azərbaycan tənqid edilirsə, aydındır ki, bu bizə dost münasibət deyil. Əlbəttə, Prezident zaman-zaman əfv fərmanları verib, yəqin ki, bundan sonra da verəcək. Əlbəttə, insan haqları barədə danışa bilərlər və bu Helsinki sənədinə uyğundur. Ancaq biz insan haqlarından Azərbaycana qarşı dəyənək kimi istifadə edilməsinə qarşıyıq. İraqda, Suriyada, Liviyada insan haqlarından dəyənək kimi istifadə olundu və müsəlman ölkələri cəhənnəmə çevrildi, əvəzində demokratiya yaranmadı, faciələr yaşandı. Azərbaycanda da müəyyən çətinliklər var. Bundan istifadə edib Azərbaycanın sivil cəmiyyətə çevrilməsinin qarşısını almaq, “nədən bir müsəlman ölkəsi irəliyə getməlidir” düşüncəsində olmaq doğru deyil. Hesab edirəm ki, Azərbaycana qarşı belə istəklər öndədir və buna imkan vermək olmaz.

- Sizcə, bu situasiyanın axırı necə olacaq, Avropa Parlamentinin çağırışının nəticəsi ola bilər, yoxsa biz təzyiqləri müşahidə edəcəyik?
- Məsələ ondadır ki, Avropa Olimpiya Komitəsi, Avropa ölkələri bu Oyunları rəsmən qəbul edib və yarışlar keçiriləcək. Bunun boykot ehtimalı yoxdur. Amma hər bir halda bundan təzyiq vasitəsi kimi istifadə edirlər, çalışırlar ki, Azərbaycanı hər tərəfdən sıxsınlar. İndi bildiyiniz kimi Bakıda Avropa Şurası, hökumət nümayəndələri və hüquq müdafiəçilərindən ibarət İşçi Qrupu yaradılıb. Onlar daima fəaliyyət göstərir, insan hüquqları problemlərini müzakirə edirlər. Azərbaycan ona təzyiqlərin edilməsinə fikir verməməli, öz içində nə lazımdırsa onu həyata keçirməlidir. Biz təzyiq amilini nəzərə almamalı, buna ciddi fikir verməməliyik. I Avropa Oyunları böyük hadisədir. Boykot səviyyəsində heç nə gözlənilmir. Mayın 21-də cənab Prezident Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Riqaya səfər edəcək. Təbii ki, bu tədbirdə Avropa liderləri də iştirak edəcək, görüşlər keçiriləcək. İndilikdə qeyd etdiyimiz təzahürlər sadəcə ürək bulantısı, narahatlıqdır. Amma bu Azərbaycana kölgə sala bilməyəcək.

- I Avropa Oyunlarının Bakıda keçirilməsinin Qarabağ probleminə pozitiv təsiri varmı?
- Təbii ki, var. Birincisi, bu Oyunlar ərəfəsində cəbhədə döyüşlər getməyəcək. Amma erməni rəsmilər, prezident Sərkisyan Avropa Parlamentində, ATƏT və Avropa Şurasında erməni və Azərbaycan xalqının birgə yaşayışının mümkünsüzlüyünü elan edirlər. I Avropa Oyunları isə göstərəcək ki, Azərbaycanda yaşayan onlarla millət hansı tolerant mühitdə yaşayır, necə bir-birinə qardaş deyə müraciət edirlər. Həmçinin görəcəklər ki, burada ermənilər kimi digər xristian millətlər, yəhudilər yaşayır, onlara münasibət necə pozitivdir. Fikrimcə, bu zaman Azərbaycanın haqlı olduğu ortaya çıxacaq. Etiraf etmək lazımdır ki, dünyanı Qərb ölkələri idarə edir. Həmin ölkələrdə Azərbaycanın on minlərlə könüllü səfirləri olacaq. Bu insanlar Bakıdakı real durumu, millətimizin mədəniyyətini görəcək və təbliğatçımıza çevriləcək. Bu təbliğat baxımından da olduqca mühüm tədbirdir.

- Bu gün iqtidar-müxalifət dialoqu keçiriləcək. Siz bu prosesi necə qiymətləndirirsiniz?
- Mən indiyə qədər fəlsəfi baxımından kiminsə dialoqun əleyhinə çıxdığını eşitməmişəm. Ümumiyyətlə, dialoqun əleyhinə fikir səsləndirmək absurddur. Kimsə iddia edə bilməz ki, hakimiyyət-müxalifət dialoqu lazım deyil. Vəhdət Partiyası olaraq dialoqa dəvət almışıq və bu prosesdə iştirak edəcəyik. Biz düşmən dövlətlərlə də bəzən dialoqda oluruq. 1993-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu keçirildi, hətta prezident razılıq verdikdən sonra Məsləhət Şurası yaradıldı, burada ciddi problemlər müzakirə olundu. İndi Prezidentin köməkçisi Əli Həsənovla müxalifət liderlərinin görüşü həm də siyasi partiyaların koordinasiya mərkəzi statusuna qalxa bilər. Bu, çox vacib məsələdir. İndi yeganə partiya AXCP-dir ki, bu tədbirə gəlmir. Onlar dialoqa müsbət yanaşır, həm də dialoqun istədikləri kimi keçirilməsinin tərəfdarıdır. Demək istəyirlər ki, bizi təmin edən dialoq olsun. Anlamıram ki, bu nə yanaşmadır? Onda etiraf etsinlər ki, vaxtilə xarici vasitəçilərin xətti ilə dialoqda olublar. Niyə etiraf etmirlər ki, onda dialoqa gediblər, niyə o zaman belə fikirlər səsləndirməyiblər, parlamentdə əldə etdikləri yerlər haqda susublar? İndilikdə onların addımları vəziyyətə adekvat deyil və özlərinə böyük ziyan gətirəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər