Teleqraf.com “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə müsahibəni təqdim edir.
– Akif müəllim, cəmiyyətdə insanların daha çox sosial statusuna görə hörmət edirlər. Belə olan halda əlində imkanlar yoxa çıxandan kimi daha səni çox istəmirlər. Vəzifəsi ilə birgə hörmətini də itirən o qədər insanlar var ki...
– Elədir.
– Bəs siz “Şərq” qəzetinin baş redaktoru olmasanız, kim olardınız, özünüzü insanlara necə tənqid edərdiniz?
– Mən jurnalistikanın qara fəhləsi olmuşam. Vaxt olub ki, korrektor da çalışmışam. İndi də özümü sıravi jurnalist hesab edirəm. Digər tərəfdən, kresloya şərəf gətirən insandır, insanlıqdır. Sizin dediyiniz məsələ ilə yanaşı, elə adamlar var, vəzifədən getsə də, həmişə adı hörmətlə çəkilir. O ki qaldı konkret mənə, fikrimcə, “Şərq” qəzetinin redaktoru olmaq elə böyük bir vəzifə deyil. Əgər, nə vaxtsa baş redaktorludan getsəm, araşdırmalarım var, onlarla məşğul olacağam və cəmiyyət məni elə Akif Aşırılı kimi qəbul edəcək.
– İctimai-siyasi proseslərdə də qədər aktiv deyilsiniz. Nə ilə bağlıdır bu?
– Mən hesab edirəm ki, proseslərlə bağlı artıq hamı hər şeyi bilir. Bunu təkrar-təkrar yazmağın, danışmağın, əlavə tribuna axtarmağın mənası yoxdur. Bəlkə mənim yazılarımı siz oxumursuz. Son dövrlər Azərbaycan Xalq Cümhuriyyəti, mətbuat tarixi ilə bağlı silsilə yazılarım dərc olunub. Axırıncı yazım Nəsib bəy Yusifbəylinin qətli ilə bağlı araşdırmam olub. İkinci bir tərəfdən, “Şərq”-də planlaşmanı aparan mənəmsə, tezisləri ötürən mənəmsə, deməli, qəzetdə gedən yazılar həm də mənim mövqeyimdir. Əslində, o tezisləri vaxt sərf eləyib yazı halında da sala bilərəm.
– Aha...
– Sadəcə, buna ehtiyac duymuram. Hər kəs hay-küysüz öz işi ilə məşğul olsa, daha yaxşı olar, fikrimcə.
– Sözünüzə qüvvət kimi deyim, məsələn, hay-küy eləyənlər kimlərdir? Məncə, özlərinə yer tapa bilməyən adamlar. Bəs onlar nə istəyirlər? Deyirlər, mənə də yer verin, səsimi kəsim. Bəlkə, sizin yeriniz rahatdır deyə, hay-küydən xoşunuz gəlmir?
– Mənim yerim sizin düşündüyünüz qədər də rahat deyil. Bir də ki, bu gün cəmiyyətdə əsasən, gənclər aktivdir. Gənclərin aktiv olmağı da qəbul olunandır. Çünki gənclər nəyisə qəbul eləmirlər. Biz də vaxtı ilə bu cür olmuşuq. Ona görə gənclərin bəzi iddialarını normal qəbul eləyirəm. Oturuşmuş fikirlərə qarşı onların etirazı olmalıdır. Ancaq müəyyən vaxtdan sonra yəqin ki, gənclər də bizi anlayacaq.
– Hər cavabınızdan yeni sual doğulur. Məsələn, hansı gənclərə yol açılır? Yaxud, sizə elə gəlmirmi yolları hamar olanların cismi gəncdir, ruhu qoca. Məhz məsələyə yeni düşüncə tərzi ilə deyil, ənənəvi yanaşa bildikləri üçün irəli getməyə imkan verilir.
– Kəramət bəy, biz nə deyirik ki? Deyirik, gələcək gənclərin əlindədir. Və dövlət strukturlarında da gənclər təmsil olunsa yaxşı olar. Necə ki, təmsil olunur. Aydın məsələdir ki, Azərbaycanın öz şərtləri var. Bu şərtlərə uyan da var, uymayan da. Azərbaycanda bir dövlətçilik mexanizmi formalaşıb .
– Söhbət yaradıcı gənclərdən gedir.
– Hə. Yaxşı, Azərbaycanda Yazıçılar Birliyindən başqa dövlətdən maliyyələşən hansı yaradıcı təşkilat var ki? Siz də orda işləyən beş-altı nəfəri qəbul eləmir, tənqid edirsiniz. Başqa elə bir strukturumuz yoxdur. Varmı elə?
– Tək Yazıçılar Birliyindən danışmırıq. Axı yaradıcılıq təşkilatları çoxdur. Rəssamlar İttifaqı var, Elmlər Akademiyası var... Hamısı dövlətdən maliyyələşir.
– Mən elə bildim yalnız Yazıçılar Birliyindən söhbət gedir. Hə, Elmlər Akademiyasına da gedib-gələn, elmlə məşğul olan gənclər var. Fikrimcə, orda bir yaş məhdudiyyəti qoyulsa, daha yaxşı olardı. Təbii ki, digərlərində də boşluqlar var.
– Siz necə düşünürsünüz, doğrudanmı, kitabla insanı tərbiyə eləmək mümkündür, doğrudanmı, kitabla cəmiyyətin tərəqqisinə nail olmaq olar?
– Hər halda XIX əsr maarifçiləri də, XX əsrin əvvəllərində da insanları tərbiyə eləmək üçün əsas yol kitab, mədəniyyət, ümumən, sənət, teatr və s göstərilir. Başqa alternativ yol da yoxdur axı.
– Salam Sarvan bir dəfə yazmışdı ki, bu kütləni kitabla da islah mümkün deyil, artıq dövlət əlində dəyənək özü işə qarışmalıdır. Bu fikri alternativ yol kimi qəbul etmək olarmı?
– Belə olanda yazıçılar, jurnalistlər yazacaq ki, dövlət hamını eyni cür düşünməyə məcbur edir. Salam Sarvan bu fikir hansı məntiqlə deyib, bilmirəm. Belə olanda da yazıçılar deyəcək ki, azad insanların cəmiyyətdən sıxışdırılması prosesi gedir. Axı dövlət nə eləyə bilər? Müəyyən layihələr var, o layihələrdə də gənclərin iştirakı təmin olunub. Bu yaxınlarda Rəşad Məcidlə söhbət elədim, gənclərlə bağlı onun da çox maraqlı fikirləri var. Məsələn, dövlətin yaratdığı imkan hesabına hər il Yazıçılar Birliyində iyirmi gənc 200-300 manat alırsa, bunun özü müsbət hadisədir.
– Yəqin bilirsiniz, İzzət adına bir oğlan sevdiyi qızı qətlə yetirdi. Deyir, mənə qismət olmursa, torpağın olsun, vəssalam. Məsələ bundadır ki, cəmiyyətdə İzzət eyni düşüncədə milyonlarla insan var. Siz bir ziyalı kimi, İzzətləri tərbiyə eləməyin yolunu nədə görürsünüz?
– Cəmiyyətin bu cür şeylərə qarşı müqaviməti artıq qırılıb. Bunun tərbiyə yolunu ancaq təhsil sistemində görürəm. Maarifçilikdən başqa çıxış yolu yoxdur.
– Sizcə, təhsil sistemimizdə problemlər var?
– Əlbəttə, var.
– Məsələn...
– Təhsil təkcə elm, savad verməklə yox, həm də şəxsiyyət yetişdirir. Bir məktəb şəxsiyyət yetişdirə bilmirsə, mən onun məktəb olmağını şübhə altına alıram. Uşaq kimyadan bir reaksiyanı, maddənin tərkibini bilməyə bilər, ancaq cəmiyyətdə davranış qaydaları, öz ətrafına münasibəti məktəbdə formalaşır. Məsələn, Türkiyə məktəblərində görürəm ki, oradan çıxan uşaq artıq şəxsiyyətdir. Bu, bizdə yoxdur.
– Deməli, əsl günahkar İzzətin oxuduğu məktəbdir?
– Hər halda burda ailənin də, məktəbin də, İzzətin işlədiyi insanlarında günahı var. Mən belə düşünürəm.
– Siz böyük bir qəzetin baş redaktorusunuz. “Şərq” ənənəsi olan bir qəzetdir. Bu sahədə geniş təcrübəniz var. Amma indi nə qədər qəzetlər, saytlar var ki, onlar üçün ancaq oxunmaq maraqlıdır. Tutaq ki, sayta bir xəbər qoyurlar, xəbəri adı nə olsa yaxşıdır? Ata qızını zorlayandan sonra qulağını kəsdi? Qardaş bacısının bıçaqladı, bıçağın yarısı qızın içində qaldı? Və s. Bunların hamısı əslində, təbliğatdır. Medianın bu cür öz iş prinsipi sizə necə təsir edir?
– Bunların hamısı qeyri-peşəkarlığın nəticəsidir. Peşəkara dəyər vermək lazımdır və peşəkar öndə olmalıdır.
– Peşəkarlar kimlərdir?
– Mən hesab eləyirəm ki, bu gün Azərbaycan jurnalistikasında xeyli adam saymaq olar ki, öz işini layiqincə bilir.
– Məsələn...
– Məsələn, Etibar Babayev SPACE-də bir çox layihələri gözəl və peşəkarcasına verirdi. Belə şeyləri nümunə hesab edirəm.
– Vaqif Mustafayev peşəkar deyil?
– O da peşəkardır. Yaxşı rejissordur. Amma bir məsələ var ki, televiziyalar bir-biri ilə rəqabətə girişirsə, sizin dediyiniz halların sayı artacaq. Qəzetlər də belədir, saytlar da. Harada peşəkarlıq arxa plana keçir orda keyfiyyət ölür.
– Yəni rəqabət olmasın?
– Aydın məsələdir ki, pul çox yaxşı şeydir. Amma hər şeyi pulla ölçmək olmaz.
– Maraqlıdır, qəzetinizin hər nömrəsinə siz baxandan sonra çapa gedir?
– Adətən, çox vaxt özüm baxıram. Siyasi yazılara xüsusən, nəzarət eləyirəm. Olur ki, tədbirlərə gedirəm, onda etibar elədiyim adamlar diqqət yetirir
– Müəllim, ilk qonorarınız yadınıza gəlir?
– Hə, yadımdadır, ilk dəfə “Yeddi gün” qəzetindən qonorar almışam.
– Nəyə xərclədiniz, onu da yadınızda? Yoxsa...
– Nəşriyyatın dördüncü mərtəbəsində yeməkxanada xərclədim. Dostlarla yeyib-içdik. (gülür)
– Adətən, yaradıcı adamlar, xüsusən, şair və yazıçılar ipə-sapa yatmırlar. Bəzən onları başa düşməyən baş redaktorlar olur. Deyir, mənim nəyimə lazımdır, sən yazıçısan, şairsən... Bu məsələdə sizdə vəziyyət necədir?
– Son vaxtlar yazıçılıq, şairlik sanki bir dəbə minib. Ona görə də, bu gün ədəbi proseslə şou biznes prosesi arasında fərq görmürəm. Ancaq belə şeylərə rəğmən şair və yazıçılar azadlıq istəyini də, gənclərin enerjisinin aşıb-daşmasını da qəbul eləyirəm və anlayıram.
– Bəs bir yazıçının istedadlı olub-olmadığın necə müəyyən edirsiniz?
– İstedadı müəyyən eləyən cihaz ancaq oxucudur.
– Axı oxucu yoxdur. Məsələn, “Şərq”-də maliyyə gücü olmasa, qəzet özü-özünü saxlaya bilər?
– 90-cı illərin ortalarında bizim qəzetin tirajı fantastik dərəcədə yüksək olub və alınıb.
– Bu, hal-hazırda da mümkündür?
– Yox. Mətbuatın problemləri ətrafında danışsaq bu elmi-təhlili bir müsahibə olar. Bu mövzuda çox danışmışıq. Bircə onu deyim ki, hal-hazırda o biri qəzetlər kimi, bizim də qəzet maliyyə alır.
– Sizcə, bu gün qəzetçilikdən sayta tam keçilib? Yoxsa...
– Məncə, bu proses hələ davam edir. İndi bizim ciddi saytlar da var, amma əksər saytlar sosial şəbəkələr hesabına fəaliyyət göstərir.
– Akif müəllim, əvvəl işsiz adamlara məsləhət görürdülər ki, gedib fəhləlik eləsin. İndi işi olmayana deyirlər ki, get jurnalist işlə. Və qəribədir ki, həmin adamlar ayaq açıb yeriyə də bilirlər.
– Hər halda o cür adamlar jurnalist deyil. Onların ayaq açıb yeriməyi də bayaq dediyim ki, cəmiyyətdəki boşluqdan qidalanır. Elə qəzetlər olur, beş nömrə çıxıb bağlanır, biz onları Azərbaycan mətbuat tarixinə daxil eləmirik ki... Bu cür qəzetlərin də, siz deyən kimi jurnalistləri olur və onlar da gəldi-gedərdi.
– Bəs Azərbaycan mətbuat tarixində hansı qəzetlərin yerini görürsünüz?
– “İstiqlal”, “Azərbaycan”, “Açıq söz”...
– “525-ci qəzet” necə?
– “525-ci qəzet” müasir jurnalistika tariximizdə öz yeri olan, mövqeyi olan qəzetdir. İndiki bir çox qəzetlərin Azərbaycan mətbuatı tarixində yerini haqqında danışmaq fikrimcə, gələcəyin işidir. Doğrudan da, o qəzetin jurnalistikanın inkişafında rolu varsa, qərəzsiz mətbuat tarixçiləri bunu yazacaq.
– Sizcə, əsl jurnalist necə olmalıdır?
– Jurnalist ilk növbədə sözü bilməlidir. Sözlə necə işləmək lazımdır, bunu bilmək hər bir jurnalistin əsas işidir. Jurnalistikada faktı təhrif eləmədən yazmağı bacarmalısan.
– Akif müəllim, 46 yaşınız var.
– Bəli...
– Bu gün həyat sizin üçün ən çox nəyi ilə maraqlıdır?
– Ailəmlə.
– Sizi çox yormuram ki?
– Yox, yorğunluq hiss eləmirəm.
– Sizcə, vicdan əzabı çəkmək necə olur?
– Vallah, indiyə kimi elə işim olmayıb ki, ona görə vicdan əzabı çəkim.
– Ümumiyyətlə, vicdan nədir?
– Vicdanın, ləyaqətin, şərəfin tərifini vermək çox çətindir.
– Niyə?
– Çünki hər kəs vicdan məsələsinə müxtəlif yanaşa bilər.
– Necə düşünürsünüz, insanın tam azad olması mümkündür?
– Kəramət bəy, özünüz yaxşı bilirsiniz ki, cəmiyyətdə yaşamaq üçün müəyyən qanunlara əməl eləməlisən. Və bu qanunlara əməl edirsənsə, azadlığın məhdudlaşır. Ona görə də tam azadlıq ancaq dəlixanada olur.
– Axı ailədə də müəyyən qanunlar olur. Deməli, orda da tam azadlıq olmur?
– Fikrimcə, ailədə də mühafizəkarlıq mütləq olmalıdır, azadlıqlar məhdudlaşsa daha yaxşı olar.
Kəramət Böyükçöl