2 İyun 2015 12:51
3 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən 1 İyun Beynəlxalq Uşaq Gününü qeyd etdik. Adətən, bu günü milli kinematoqrafiyamızda, teatr səhnəmizdə, ədəbiyyatımızda, musiqimizdə uşaqlara həsr olunan sənət əsərlərini yada salıb, bu aspektdəki problemləri araşdırırıq. Ötən ay kinematoqrafiyamızda uşaqlardan bəhs edən, uşaqlar üçün çəkilən və baş qəhrəmanları uşaq olan "Dərs" adlı film təqdim olundu ki, bu, həm uşaqları, həm də uşağına milli film göstərmək istəyən valideynləri sevindirdi. "Dəyərli adlar" işçi adı ilə istehsalata buraxılan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.

Filmdə rol alan 24 uşaq Bakının 200-dək məktəbində 6,7 və 8-ci sinif şagirdləri arasından seçilib. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, rejissorları Rafiq Əliyev, Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsəri uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs edir. Filmdə indiki uşaqların keçmişdə yaşıdlarının yaşadıqları həyat tərzi, onların münasibətləri göstərilir.

Filmin əsas qəhrəmanlar Solmaz, Çinarə, Xalid və Asifdir. Bu obrazları da Bakının müxtəlif məktəblərini təmsil edən Tamerlan Musayev (Xalid), Rəşid Əliyev (Asif), Ayna Zərbəliyeva (Solmaz), Aliyə Əliyeva (Çinarə) canlandırır. Filmin qəhrəmanları ilk çəkiliş təəssüratlarını Teleqraf.com-la bölüşüb, başlarına gələn maraqlı hadisələrdən və gələcəkdə görmək istədikləri işlərdən danışıblar.

- Hər birinizi təbrik edirəm. Aynadan fərqli olaraq üçünüz ilk dəfə idi ki, filmə çəkilirdiniz. Təəssüratlarınız necədir?
Rəşid Əliyev: Bu filmə təsdiq olunanda çox həyəcan keçirirdim. Çünki fikirləşirdim ki, rolun öhdəsindən gələ bilmərəm.

- Bəs sonra qorxunu necə aşdın?
- Rolumu oynaya-oynana qorxunu aşdım.
Aliyə Əliyeva: Filmə çəkilmək o qədər xoşuma gəlmişdi ki, hərdən həyatda da filmdəki obrazımı canlandırmağa başlayırdım.

- Tamerlan, eşitdiyimə görə, sənin filmdə çəkilməyinin maraqlı tarixçəsi var. Bu barədə bizə danışa bilərsənmi?
Tamerlan Musayev: Yaradıcı heyət məktəbimizə gələndə əvvəlcə çox qorxduq. Elə bildik ki, məktəbə komissiya gəlib. Sonra bildik ki, gələnlər "Azərbaycanfilm" kinostudiyasındandır. Onlar uşaqların fotolarını çəkirdilər. Amma mənim fotomu çəkmədilər. Çıxıb getmək istəyəndə mən səsimi çıxardım və "Rafiq müəllim, mənim də şəklimi çəkin" dedim. Çəkdilər və bir ay sonra zəng vurub məni çağırdılar. Gəldim və bir neçə mərhələdən keçəndən sonra rol üçün təsdiqləndim. Birinci kastinqdə həyəcanlamağa başladım. Çəkiliş zamanı biz hamımız bir ailə olduq. Duyğularım çox gözəldir. Filmdə mən Rəşidin oynadığı rolla - Asiflə qarşı qütblərik. Mən daim ona oxşamağa çalışıram.

- Filmdə bir az köksən. Rejissorların istəyi idi, yoxsa?
- Filmə çəkiləndə indiyə nisbətdə daha artıqçəkili idim. Amma indi arıqlamışam. Ümumiyyətlə, arıqlamağa çalışıram.

- Ayna, sənə gələk. Sən yoldaşlarına nisbətən çəkiliş meydançasında böyümüsəm.
Ayna Zərbəliyeva: Bəli. Televiziyada uzun müddət iki veriliş aparmışam. Biri Azərbaycan Televiziyasının istehsalı olan "Çoxbilmişlərdənsinizmi?" verilişidir, digəri şəxsi şirkətimizin layihəsi ola "Dünyanın aynası" proqramıdır. İkisində də aparıcı olmuşam.

- Bir də "Niyyət" filmin var. O zaman neçə yaşın var idi?
A.Z: Onda dördüncü sinifdə oxuyurdum. Onlar məni verilişdə görüb bəyənmişdilər. Nə yaxşı belə bir uğurlu layihədən sonra məni filmlərə dəvət etməyə başladılar. "Dərs" də onlardan biri idi.

- "Niyyət"dəki təcrübən burada işə yaradı?
- Bəli. Orada epizodik rol olsa da, özümü filmin bir hissəsi kimi hiss etmək çox gözəl duyğu idi. "Niyyət" filmi dərin mənalı filmdir və ona baxmağı xoşlayıram. Ümumiyyətlə, kino çəkilişi çox maraqlı prosesdir.

- Bu filmdə dostlarını satırsan. Həyatda belə bir vəziyyətə düşməmisən ki?
- Dostlarımı satmağı xoşlamıram. Mənə elə gəlir ki, daxildən, yəni naturaca məndə elə bir hiss yoxdur. Bu, yaxşı hərəkət deyil.

- Ən çətin səhnələriniz hansılar idi?
R.Ə: Ən çətin məndə idi. Çünki bir neçə dəfə dava-dalaşa düşürəm. Rolum gərəyi müxtəlif hadisələrlə qarşılaşıram.
T.M: Mənim ən çətin səhnəm itlə olan səhnəm idi. İt sözümə baxmırdı, onu idarə etmək bəzən çox çətinləşirdi. Ona görə o kadrlar çətin çəkildi. Amma ən gülməli hadisəm Çinarə ilə görüşə hazırlaşdığım səhnədə başıma gələnlər idi. Görüş üçün kostyum seçirəm, özümə əl gəzdirirəm. Birdən dolabın içindəki paltarlar aşır. Mən şkafa, şkaf mənə baxır, bilmirəm neyləyim? Arxaya dönə bilmirəm, çünki bütün çəkiliş heyəti ordadır. Pərt olmaq istəmirdim. Di gəl ki, başqa çarəm də yox idi. Məni gülmək tutmuşdu, axırda döndüm və bütün çəkiliş heyətinin güldüyünü gördüm. Hamısı da fotomu çəkirdi.
A.Z: Doğrudur, mən də orda idim. Çox gülməli vəziyyət alınmışdı. Hamı gülürdü. Filmlərdə hər zaman aktyorların çətin vəziyyətə düşdükləri durumlar olur. Çəkiliş müddətində bizə yaxşı şərait yaratmışdılar, amma istər-istəməz yorğunluq olurdu. Filmin yorğunluğundan bir səhnəni çəkərkən ürəyim getmişdi. Kadraxrası bizə işarələr verən oğlan məni görən kimi kadrdan çıxardı, maşına apardı və ordan birbaşa xəstəxanaya getdik. Ondan sonra bütün çəkiliş günlərində meydançanın yanında tibbi yardım maşını var idi.
A.Ə: Bir neçə dəfə belə hadisələr baş vermişdi.

- Filmin premyerası oldu, günlərlə kinoteatrda da nümayiş olundu. Siz artıq ulduz oldunuz. Ulduz olmaq necə bir hissdir?
A.Z: Məni tanıyırlar, maraqlanırlar. Küçədə görəndə elə baxırlar ki... Doğrudur, kiminsə sizə elə baxması bir az narahatlıq yaradır. Hərdən baxmaqla da qalmayıb, "Mən bu qızı tanıyıram, o, filmdə çəkilir" də deyirlər.
R.Ə: Qəribə hissdir. Mən filmə çəkiləndə sinif yoldaşlarım, dostlarımın bundan xəbəri var idi. Gəlib onlara çəkilişdə baş verənləri danışanda hamısı deyirdi ki, gələn dəfə bizi də özünlə apar.

- Aranızda kim aktyor, aktrisa olmaq istəyir?
A.Ə: Uşaqlıqda aktrisa olmaq istəyirdim, indi fikirlərim bir az dolaşıqdır. 7-ci sinifdə oxuyuram, artıq kim olacağım barədə qərar verməliyəm. Amma hələ ki, bu qərarı verməmişəm.
T.M: Mənə çəkiliş prosesi, obrazı yaratmağın özü çox maraqlı gəldi. Amma mən də tam qərara gəlməmişəm. Daha çox kompüter, internetlə maraqlanıram. Ola bilsin, təhsilimi də bu sahə üzrə alım. Amma bir şey də deyim, gələcəkdə filmdə çəkilmək istəyərəm.
A.Z: Bizim ailəmizdə jurnalist, aktyor və aktrisa var. İçimdən bir səs də deyir ki, aşpaz olum. Təsəvvür edirsiniz, üç fərqli sahə: jurnalistika, aktyor, kulinariya. Çox çətin qərar olacaq, amma mənə elə gəlir ki, öhdəsindən gələcəm.

- Ailən aktrisa olmağına qarşıdır, yoxsa ?..
- Atam jurnalistdir və mənim də gələcəkdə jurnalist olmağına ümid edirdi. Amma mən seçim qarşısındayam. Aktrisalığı da çox sevirəm. Filmlərə baxıram, maraqlanıram. Ən sevimli aktrisalarımdan biri Cennifer Lopes, Kamerun Diasdır. Yerli aktrisalardan Şəfəq Əliyevanın oyun tərzini çox xoşlayıram. Mən çox vaxt Gənc Tamaşaçılar Teatrında tamaşalara baxmağa gedirəm. Çünki babam Rafiq Əliyev orda rejissor işləyir. Ora gedəndə Şəfəq Əliyevanın oynadığı tamaşalara baxıram.

- Dərslərini yaxşı oxuyursan. Olimpiada da qalib olmusan.
- "Ekologiya və ətraf mühitin qorunması" olimpiadasında birinci yerə layiq görüldüm. Amerikaya göndərməli idilər, amma göndərmədilər. Amma mənə elə gəlir ki, mən öz məktəbimə şöhrət qazandırdım, müəllimlərimi, direktorumu sevindirdim.

Nərmin Muradova

Foto: Rəşad Abbasov


Müəllif:

Oxşar xəbərlər