2 İyun 2015 16:44
1 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Oyunları bizim üçün vacibdir. Arzu edirəm ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin, gələnlər bizdən razı getsinlər və həm də bizi təbliğ etsinlər. Eyni zamanda yarışda iştirak edəcək idmançılarımız da uğur qazansınlar, himnimizi səsləndirsinlər. Biz də buna baxıb şad olarıq. Hesab edirəm ki, yarışların keçirildiyi dövrdə dünyanın diqqəti Azərbaycanda olacaq, ölkəmiz təbliğ ediləcək, adı hər yerdə səsləndiriləcək”.

Bunu Teleqraf.com-a müsahibəsində mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bildirib. Müsahibəni təqdim edirik:

- Almurad ağa, neçə müddətdir mətbuatda görünmürsünüz, vaxtınız yoxdur, yoxsa özünüz bunda maraqlı deyilsiniz?
- Açığı, marağım yoxdur. Ancaq özümlə məşğulam, günümü keçirirəm. Mətbuatdan da narazı deyiləm, arada zəng edirlər. Sağ olsunlar, məni yaddan çıxarmırlar.

- Səhhətiniz necədir?
- Şükür Allaha, narazılığım yoxdur, babatam. Ancaq mən artıq yaşlı insanam. 83 yaşım var. Bu sizə zarafat gəlməsin. Özümü ancaq dolandırıram.
Səhhətimdən xüsusi narazılığım yoxdur. Həm də, neçə illərdir namaz qılıram. Namaz qılmaq həm də idman kimi bir şeydir, insana çox xeyri var.

- Bəs, nə ilə məşğul olursunuz?
- Xüsusi bir işlə məşğul olmuram. Mütaliə edirəm, televizora baxıram, arada şəhərdə gəzirəm.

- Kimlərlə dostluq edirsiniz?
- Zəng edənlər var, amma haradasa toplaşmaq yoxdur. Elə insanlar var ki, 30-40 ildir münasibətimiz mövcuddur, arada zəng edib kef-halımı soruşur, maraqlanırlar. Belə adamlar çoxdur. Bu barədə gileylənməyim ədalətsizlik olardı. Kefimi soruşur, nə lazım olduğu haqda suallar verirlər. Çox sağ olsunlar.

- Ordubada, Kələkiyə gedirsiniz?
- Yox. Əslində, belə mövsümlərdə getmək istəyirəm, ancaq alınmır. Bir də görürsən işlər çıxır, imkan olmur. Ancaq yağı, pendiri, çox şeyləri Kələkidən göndərirlər. Təəssüflər olsun ki, işlərim düz gəlmir deyə Kələkiyə gedə bilmirəm. Ancaq getməyi çox istəyirəm. Nəzərə alın ki, 4 ildir Kələkiyə getmirəm. Bu, böyük dövrdür. Ürəyim çox istəyir. Getmək istəyəndə bir də görürsən oğlanlarımın nəsə problemi olur və bu səbəbdən də baş tutmur.

- Sizin yaşam tərziniz, dolanışığınız necədir?
- Çox yaxşıdır. Narazılığım yoxdur. Düzdür, işləmirəm. Amma təqaüdümü verirlər və bu da mənə bəs edir. Mən də heç nə ilə məşğul olmuram, yaşım da o həddə deyil. Allah hökumətə ömür versin, Prezident İlham Əliyevin canını sağ eləsin. Mənə təqaüd ayırıb, bu da məni görür. Ayda üç min manat pensiya alıram. İki-üç ildir ki, bununla dolanırıq. Bu, mənim öz təqaüdümdür. Əbülfəz bəyin ailəsinə eks-prezidentin ailəsi olaraq pensiya verilir. Əlbəttə, bunun üçün mən də müəyyən fəaliyyətdə oldum və indi onlar bu təqaüdü alırlar. Mənim təqaüdüm isə ayrıdır. Vaxtilə mən də meydanlarda olmuşam. Düzdür, məni həbs etməyiblər, rəhmətlik Əbülfəz bəyi həbs etmişdilər. Mən də ortalıqda idim. O dövr çətin idi.

- Bu yaxınlarda xəbər çıxdı ki, kimsə sizin torpağa əl qoymaq istəyib, problem yaranıb. Bu xəbər doğrudur?
- Hələ bunu dəqiq araşdırmamışam. Bu haqda mətbuatda kimsə yazıb. Dəqiq biləndən sonra bu haqda danışa bilərəm. Ancaq zənn eləmirəm ki, kimsə belə hərəkət eləsin.

- Qarşıdan parlament seçkiləri gəlir, bu haqda nə düşünürsünüz?
- Mənim yaşım keçib, seçkidə namizəd olan da deyiləm. Parlament seçkiləri normal keçsin, pis iş olmasın, salamatlıq olsun, hər zaman yaxşı olsun. Millətimiz və xalqımız da ancaq yaxşılıqları yaşasın. Mən nə müxalifətçiyəm, nə də iqtidaryönlüyəm. Hamısı bizim insanlarımızdır.

- Siz niyə indiyə qədər namizədliyinizi irəli sürmədiniz və deputat olmaq istəmədiniz?
- Bir vaxtlar mənə təklif gəldi. Mən də istəmədim. Bildim ki, gücüm çatan iş deyil. Bilirsiniz, bəzən elə iş edə bilərsən ki, bununla qardaşının adını ləkə gələr. Bu da bizə yaraşmaz. Allah canlarına dəyməsin, mən bunu istəmirəm. Mən bu yaşda deputat olmaram və qardaşımın da xatirinə heç nə etmərəm.

- Seçkilərdə kimi dəstəkləyəcəksiniz?
- Mənim üçün hamısı birdir. Əlbəttə, bəziləri mənə də zəng edirlər. Allah canlarını sağ eləsin. Hələlik məndən dəstək istəyən yoxdur. İstəyən olsa deyərəm.

- Sizin oğlunuz da namizəd olmuşdu. Yenidən namizəd olacaqmı?
- Bəli, namizəd oldu. Amma bundan sonra namizəd olub-olmayacağını deyə bilmərəm. Seçkiyə hələ çox var. Vəziyyətə baxacağıq.

- Əbülfəz bəyin ailəsi hazırda Bakıdadır, yoxsa Türkiyədə?
- Bəyin qızı ailəsi ilə birlikdə Türkiyədə yaşayır. Aqil də arada gəlib-gedir. Amma bəyin oğlu və həyat yoldaşı Bakıda yaşayır, Türkiyəyə getmədilər. Bəyin oğlu da hazırda Bakıda işləyir, yaşayışları da normaldır.

- Siz boş vaxtlarınızı necə keçirirsiniz?
- Arada nərd oynayıram, bəzən harasa gedirəm. Mənlə rəhmətlik qardaşım Əbülfəz bəy bir-birimizə çox oxşayırıq. Məni görən kimi tanıyırlar. Əbülfəz bəy həyatda olanda bizi çox dəyişik salıblar. Məsələn, o zaman yol polisində işləyən bir sürücü var idi. Gecə vaxtı bir yerdən gəlirdim və məni görmüşdü, özü də birtəhər baxırdı. Həmin sürücü Əbülfəz bəyi yaxından tanıyırdı. Bir gün bəyi görəndə demişdi ki, Əbülfəz bəy, gecə vaxtı şəhərdə gəzəndə sizi gördüm. Bəy də, demişdi ki, mən olmamışam, yəqin qardaşım olub. Belə hadisələr çox olub.

- Əbülfəz Elçibəylə bağlı hansısa narahatlığınız varmı?
- Narahatlıq yoxdur. Hamısı mənimlə yaxşı münasibətdədir. Hökumət də, müxalifət də, bitərəflər də. Narazılığım da yoxdur, yalandan bir söz deyə bilmərəm. Bakı meri Hacıbala Abutalıbovla da yaxşı münasibətim var. Onun başı çox qarışıq olur. Hərdənbir zəngləşirik.

- Məndə olan məlumata görə, bir zamanlar siz bizneslə məşğul olmaq istəmisiniz, ancaq alınmayıb. Səbəbi nə idi?
- Rəhmətlik Əbülfəz bəyin vaxtında yaxşı uşaqlar var idi. Dedilər gedək Qazaxıstana iş görək. Bəy qoymadı, dedi olmaz. Ondan sonrakı dövrdə də müəyyən ideyalar oldu. Lakin Əbülfəz bəy “sən belə işlərə qarışma” dediyi üçün məsələ bitdi və mən də qarışmadım. Ancaq özüm istəyirdim. İndi isə bu işlərə marağım yoxdur. Mən yaşca bəydən böyük olsam da, sözünü eşidirdim. Biz qardaş idik. Daha sən prezidentsən, mən də sadəcə qardaşam məsələsi yox idi. Biz bir evdən çıxan səmimi qardaşlar idik. Rəhmətlik də məni çox istəyərdi. Mən ömrüm boyu bir dəfə ona demədim ki, filan şəxsi işə qoy, ona yaxşı iş ver. Desəydim, eləyərdi. Düzdür, fərqli adam idi və bərkə düşsəm sözümü eşidərdi. Amma belə işə əl qoymadım. Heç onun dövründə nazir və digər vəzifəli şəxslərə də xahiş etmədim. O zaman düşünürdüm ki, birini işə qoydursam, kimisə işdən çıxaracaqlar. Bəlkə işdən çıxarılan insanın vəziyyəti daha pisdir, ya o daha savadlıdır. Odur ki, belə şeylərin xahişini heç vaxt etmədim. Düşünürəm ki, çox düz iş görmüşəm. İndi də yay gəlir. Birtəhər yay mövsümünü yola verəcəyəm. İmkan olsa, şərait yaransa, bəlkə, Ordubada getdim.

- Bakıda bağınız var?
- Yoxdur. Əslində, mən bağı xoşlamıram. Bəyin ailəsinin bağı var. Mən heç ora da getmirəm. Buranın bağını xoşlamıram. Kəndin bağı-baxçası tam fərqlidir.

- Bir neçə gündən sonra Bakıda I Avropa Oyunları keçiriləcək. Bu məsələyə münasibətiniz necədir?
- Çox müsbətdir. Yaxşı haldır ki, Azərbaycanda belə beynəlxalq idman tədbirləri keçirilir. Minlərlə idmançı, turist Bakıya gələcək. Bu məqsədlə şəhərdə çoxlu sayda idman kompleksləri tikilib, təmir işləri aparılıb, abadlıq məsələlərinə diqqət edilib. Düzdür, mən idmanla xüsusi maraqlanmıram. Amma belə beynəlxalq tədbirlərin ölkəmizdə olmasına sevinirəm. Gələcəklər, ölkəmizlə tanış olacaqlar, qonaqpərvərliyimizi görəcəklər. Yəqin, gedib öz ölkələrində də bizim necə gözəl bir xalq olduğumuzu danışacaqlar. Bundan yaxşı nə ola bilər ki? Bu mənada Avropa Oyunları bizim üçün vacibdir. Arzu edirəm ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin, gələnlər bizdən razı getsinlər və həm də bizi təbliğ etsinlər. Eyni zamanda yarışda iştirak edəcək idmançılarımız da uğur qazansınlar, himnimizi səsləndirsinlər. Biz də buna baxıb şad olarıq. Hesab edirəm ki, yarışların keçirildiyi dövrdə dünyanın diqqəti Azərbaycanda olacaq, ölkəmiz təbliğ ediləcək, adı hər yerdə səsləndiriləcək. Azərbaycanı mümkün qədər dünyaya tanıtdırmaq lazımdır. Bu vacib məsələdir. Qoy hər kəs Azərbaycanı tanısın, onun problemlərdən xəbər tutsun. Bu bizim xeyrimizə işləyən məqamdır. Odur ki, belə fürsətlərdən maksimum istifadə etməliyik. Mən bunu dəstəkləyirəm.

Nemət


Müəllif:

Oxşar xəbərlər