13 İyun 2015 12:52
1 694

"Brifinq"in qonağı "Azərbaycanfilm" kinostudiyasının rəhbəri Müşfiq Hətəmovdur. O, Azərbaycan kinosunun son illər əldə etdiyi uğurlarından, filmlərimizin Kann festivalındakı iştirakından söz açdı. Dünya kino bazarındakı vəziyyətdən danışan M.Hətəmov filmlərimizin yayıldığı və maraqla qarşılandığı arealdan da bəhs etdi.

Nərmin Muradova: Bu il də Kann festivalında Azərbaycan pavilyonu açıldı. Builki pavilyonun özəlliyi nədə idi?
- Kann festivalında marketinq və festival bölümləri var. Biz marketinq bölümündə iştirak etdik. Festival bölümündə filmlər yarışda iştirak edir, marketinq bölümündə isə dünyanın aparıcı kinoşirkətləri, distribyuterlər öz filmlərinin satışını təşkil edirlər. Nümayişdə əsasən mütəxəssislərin seçim prosesi olur. Kannda artıq bizim distribyuterimiz var. O, məşhur xanımdır və Azərbaycan filmlərinin dünyada yayımı ilə məşğuldur. Bunun üçün heç bir xərc çəkməmişdik, xanıma satışdan müəyyən faiz təqdim etdik və o, biz Kanna gedənədək pavilyonda hazırlıqlarımızı, marketinqlə bağlı görüşlərimizi təşkil etdi.

N.Muradova: Neçə filmimiz satıldı?
- Beynəlxalq arenada əsasən 2 filmimiz maraq doğurur. Bunlar Elçin Musaoğlunun "Nabat" və Asif Rüstəmovun "Axınla aşağı" filmləridir. Artıq İndoneziyadan tutmuş İsveçrəyədək bir sıra ölkələrlə müqavilələr bağlanıb. Başqa filmlərimizlə bağlı da danışıqlar gedir. Kann festivalında apardığımız iş prosesinin nəticəsi son 4 ildəki dövrdən çox fərqləndi. İlk dəfə olaraq dünyanın ən aparıcı Kann, Berlin, Venesiya, Toronto və bir çox nüfuzlu festivalların seçim turlarının rəhbərləri, Avropa Ssenaristlər Gildiyasının sədri, böyük kino industriyasının nümayəndələri ilə danışıqlara gedirik. Əgər 3 il bundan qabaq onların bizə münasibəti bir az soyuq idisə, indi artıq belə deyil. Təsəvvür edin, 2014-cü ildə Azərbaycan kinosu tarixində bir ilk yaşandı. Filmlərimiz Venesiya festivalından tutmuş Çikaqo festivalınadək nə çox, nə az, 52 beynəlxalq festivalda nümayiş olundu. Bu, Azərbaycanın təbliği üçün əvəzedilməz bir hadisə idi. Məhz bu təqdimatdan sonra bizə münasibətin dəyişməsinin şahidi olduq. Çin kinematoqrafiya komitəsinin nümayəndələri ilə görüşdük, onlarla müştərək filmlərlə bağlı müqavilə bağlamağa hazırlaşırıq. Halbuki, onlar heç zaman buna çox meyl etmirdi. Türkiyə, Estoniya, Fransa və bir çox beynəlxalq şirkətlərlə razılaşma əldə edib nəhəng layihələr həyata keçirəcəyik. 52 beynəlxalq festivalda iştirak etdik, hər festivalda 3000 filmin içərisindən 12-liyə düşmək, gürcü dostlarımızın dediyi kimi, bu, bizim qarşımıza qoyduğumuz məqsədə qismən də olsa, çatmağımız deməkdir. Bu prosesi dayandırmaq olmaz.

"2014-cü ildə Azərbaycan kinosu 52 beynəlxalq festivalda nümayiş olunub"

N.Muradova: Bəs, bu il hansısa filmi Kann festivalının proqramına təqdim etmişdiniz?
- Yox, bu il təqdim etməmişdik. Bilirsiniz ki, Kann, Venesiya festivalları A kateqoriyalı festivallardır. "Nabat"ı Venesiya festivalına çatdıra bildik, çox böyük uğur da qazandıq. Bu yaxınlarda Mirbala Səlimin hələlik başa çatmayan "Qırmızı bağ" filmi Fransa kino akademiyasının nümayəndələrinin və bir çox festivalların marağına səbəb oldu. Avropa Ssenaristlər Gildiyası ilə müzakirələrimizdə məqsədimiz böyük ssenari auditoriyası və ssenarilərin hazırlanma prosesi ilə tanışlıqdır. Onlar bizim filmləri görür, burda istedadlı gənc insanların olduğunu bilirlər. Ancaq hansı işlərin görülməli olduğu barədə məsələlərdə axsayırıq. İnanıram ki, bu məsələləri həll edəcəyik.

N.Muradova: Azərbaycan pavilyonunda "Bakı-2015" Birinci Avropa Oyunları ilə bağlı reklam işləri də aparıldı. İdman filmləri nümayiş olundumu?
- Bəli, pavilyonda I Avropa Oyunları ilə bağlı təbliğat aparıldı, bizim idman filmlərindən roliklər yayımlandı. Avropa Oyunlarını təkcə idman yarışı kimi qəbul etməməliyik. Bu, bizim cəmiyyətin müasir dövrün tələblərinə hazır olduğuna nümunədir. Azərbaycan cəmiyyətində Avropa Oyunlarına müsbət reaksiya, böyük coşğu bədxahların haqqımızda dediyi fikirlərin düzgün olmadığını göstərir. Müsəlman ölkəsi olaraq Azərbaycan dünyaya açıq ölkədir. Kimliyimizi, cəmiyyətimizin necə düşüncəyə məxsus olduğunu göstərə bildik. Bütün strukturlar işlərini Avropa Oyunlarına yönəldib, bu yarışların nəticəsindən biz düzgün istifadə etməliyik. Proses davam etməlidir. 2 il bundan qabaq deyirdim addımlar atacağıq, dövlətimiz tərəfindən bizə dəstək var. Bilirsiniz, Cənab Prezident kinonun inkişafına dair dövlət proqramı imzalayıb, bundan çıxış edərək mütəmadi olaraq işlər görəcəyik. Bu gün "Brifinq"ə konkret nəticələrlə gəlmişəm. Düzdür, "Azərbaycanfilm"in binası təmir olunmasa da, bir sıra problemlərimiz qalsa da, amma bizə verilən dəstəkdən çox gözəl istifadə etdik. Qarabağ mövzusunu heç zaman festivala yaxın qoymurdular. Ancaq bizim ən böyük uğurumuz o idi ki, Qarabağ problemini Azərbaycan qadınının simasında dünyaya çıxardıq. Ola bilər mənim də, sizin də razılaşıb-razılaşmadığımız məqamlar var. Ancaq biz buna nail olduq. Ölkəmiz Avropa Oyunlarına ev sahibliyi edir, sabah hansısa qapını döyəndə, bu yarışın əhəmiyyətini hiss edəcəyik. Bütün sahələrdə proqramlı şəkildə hərəkət etməliyik. Ola bilər, biz yaxşı film çəkək, uğur qazanaq, 7 il gözləyək. Və ya yaxşı film çəkə bilmərik. Amma bütün hallarda industriyanı qurmaq lazımdır. İndustriyanı qurmaq texnika almaq demək deyil. Bu gün iki gəncimiz "Azərbaycanfilm"in maliyyə dəstəyi ilə Türkiyədə təhsil alır, bir gəncimiz isə hörmətli nazirimiz Əbülfəs Qarayevin təşəbbüsü ilə Londonda kurs keçir. Biz artıq industriyanı idarə edə bilən kadrları yetişdirmək niyyətindəyik. Bu yaxınlarda Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda rejissorluq və operatorluq ixtisası üzrə təhsil alan tələbələrlə görüşdüm. Onlara dedim ki, buraya nə rejissorluq, nə də operator sənəti barədə fikir söyləməyə gəlmişəm. Bildirdim ki, Azərbaycan kinosunda industriya və peşəkarlıq problemi var. Cəmi 1-2 montajorumuz var, foks-puller yoxdur. Standartlara cavab verən kadrlarımız yoxdur, nə qədər iş yeri boşdur. Dedim, nə istəyirsinizsə, biz sizi dəstəkləməyə hazırıq. Film çəkmək istəyirsinizsə, operatorsan, get foks-pullerliyi öyrən, gəl "Azərbaycanfilm"də yaxşı pul və uğur qazan. Artıq tələbələr tərəfindən bizə müraciətlər başlayıb. İnstitutun rektoru Fərəh Əliyeva ilə mütəmadi olaraq danışırıq. Ətaləti tədricən dağıtmalıyıq. Bizim sertifikatlı kadrlarımız olandan sonra Azərbaycan özü kino pavilyonuna çevriləcək. İdmanla yanaşı, rəqabətə girməyi bacaran, Azərbaycanı dünyada təmsil edə bilən məkan varsa, o da kinodur.

"İdmanla yanaşı, Azərbaycanı dünyada təmsil edə bilən məkan varsa, o da kinodur”

Dilqəm Əhməd: Azərbaycan kinosunun dünyada izləyiciləri kimlərdir, areal haraları əhatə edir?

- Filmlərimizi İndoneziya, Hindistan, Tokioda nümayiş etdirmişik, ABŞ-da, Münhendə mükafat almışıq. Dünya kino akademiyasına sual verəndə başını qaldırıb Venesiya festivalını qiymətləndirir, biz o yarışda iştirak edib bir manat xərcləmədən mətbuat konfransı keçirmişik, Qarabağ haqqında danışmışıq. Festivallarda belə məsələlər maraq dairəsində olmur. Çünki maliyyə xərcləri festivalın üzərindədir. Xaricdə yaşayan istedadlarımızı "Azərbaycanfilm"ə gətirib onlarla işləməyə start vermişik. Artıq ikinci almanaxa başlamışıq. Müsabiqələr elan edirik, bəzi ssenarilərimizə hələ film çəkə bilmirik, amma çəkəcəyik, bəziləri artıq çəkilir. Türkiyə kino bazarına girəcəyik. Bu yaxınlarda Tehran festivalında iştirak edirdik, orada mükafat da aldıq, İran kinosunun ən önəmli nümayəndəsi olan cənab Yaqubi ilə görüşdük. İran kino bazarına da daxil olmaq arzusundayıq. Bizim bazarımız yoxdur, ərazimiz balacadır. Əvvəllər belə fikir vardı ki, Biləcəridən o tərəfə keçə bilmirik, ancaq indi görülən işlər göz qabağındadır (gülür).

D.Əhməd: Yeni Azərbaycan filmləri ölkə xaricində çox tanınır. Sanki ölkə daxilində bu filmlərdən heç kəsin xəbəri yoxdur.

- Bu gün qarşımıza qoyduğumuz məsələlərdən biri də filmlərin piarı düzgün təşkil etməkdir. Sentyabrın 20-dən 25-dək bütün mətbuatı "Azərbaycanfilm"ə dəvət edəcəyik. Cənab nazir Əbülfəs müəllimlə bu haqda müzakirə aparmışıq. Çəkdiyimiz yeni filmləri mətbuatın diqqətinə çatdıracağıq. "Azərbaycanfilm", Mədəniyyət və Turizm Nazirliyinin ən böyük rolu ondadır ki, şou, ucuzlaşma, informasiya axını dövründə biz peşəkar məktəbimizi qoruyub saxlayırıq. Azərbaycanda ilk dəfə kassa filmlərini mən çəkmişəm. Ancaq onları "Azərbaycanfilm"ə gətirmək olmaz. Bununla Azərbaycan kino məktəbini öldürərik. Ancaq Prodüserlər Gildiyası ilə danışırıq ki, kassa filmləri çəkməyə başlayın. Ciddi filmləri tamaşaçılara çatdırmaq üçün "Space" kanalında hər həftə bir filmimiz yayımlanırdı. Ancaq bu, çox az idi. Bəzən televiziyaların departament rəhbərlərindən narazılığımız olur. Amma sağ olsunlar, bəzi televiziya rəhbərləri bu problemləri artıq həll ediblər. Bəzi departament rəhbərlərinin isə kino səviyyəsi o qədər qənaətbəxş deyil. Cəmi 5 film tanıyırlar: "O olmasın, bu olsun", "Qaynana" və s. Məsələn, "Dolu" filmi təzə çəkiləndə deyirdik ki, yayımlayın, heç bir kanal yaxın durmurdu, düşünürdülər ki, "Azərbaycanfilm" nə çəkə bilər? Elə ki, "Xəzər" televiziyasında filmin reklamı getdi, bütün televiziyalar zəng etməyə başladılar ki, yaxşı film çəkə bildiniz. Elxan Cəfərovun "Yarımçıq xatirələr" filmi də çox gözəl filmdir. Proses gedir, ancaq yenə də deyirəm ki, ən əsas məsələ industriyanın düzgün qurulmasıdır.

Naibə Qurbanova: Əslində, yaxşı film də çəkilir, filmin təbliğatını da qurmaq olar, sevdirmək də. Televiziyalar təbliğat etmir deyə hansısa əlamətdar günlərdə, bayramlarda ancaq "O olmasın, bu olsun"a baxırıq.
- Piarın qanunları var. Filmə qoyulan vəsaitin böyük hissəsi piara xərclənir. Ola bilsin, biz bu münasibətləri bir az düzgün qurmamışıq. Amma televiziya rəhbərləri bizə çox dəstək verir. Bu dəqiqə bizim pavilyondan, geyimlərdən də istifadə olunur. Artıq bu proses başlayıb. Əvvəllər məhsulumuz yox idi, bir söz deyə bilmirdik. İndi Azərbaycan tamaşaçısının sevə biləcəyi məhsullarımız var ki, bunu sentyabr ayından təqdim etməyi nəzərdə tutmuşuq. Yay aylarında insanlar, adətən, istirahətdə olur, ona görə də yeni mövsümdə filmlər yayımlanacaq. Bu yaxınlarda ATV kanalının rəhbəri Vüqar Qaradağlı ilə söhbət elədim. Vüqar bəy mənə dedi ki, nə istəyirsinizsə, biz hazırıq. "AzTV" və "Space" telekanalından da eyni reaksiya gördük. Bu gün böyük zövq problemi var. Şou, əyləncə olmalıdır, ancaq hər bir sahədə professional məktəbi qoruyub saxlamalıyıq. Ona görə də mətbuat orqanları həmişə bu məsələni gündəmdə saxlamalıdır. Bu, hər bir KİV rəhbərinin mənəviyyat borcu olmalıdır. Bu gün İsfar Sarabskini, Elçin Musaoğlunu gündəmdə saxlamaq lazımdır. Asif Rüstəmov "Axınla aşağı" filmi ilə Avropa düşüncəsini və Azərbaycan mentallığını öz filmində təqdim edirsə, ona qiymət vermək lazımdır. Mən bütün peşəkar rejissorlarla görüşdüm və söylədim ki, bir-biriniz haqqında çıxış edin, peşəkarsınız, bilirsiniz ki, kim yaxşıdır, qoyun cəmiyyət də tanısın.

N.Qurbanova: Tez-tez aktyorlar deyirlər ki, əvvəlki rejissorlar yoxdur, rejissorlar söyləyir ki, o vaxtkı kimi istedadlı aktyorlar yoxdur. Nəticədə ortaya iş qoymaq mümkün olmur. Hətta yaxşı iş belə o qədər tənqid olunur ki...
- Bir var rejissor tənqid edir, bir də var aktyor tənqid edilir. Bayaq da dedim, industriya düzgün qurulmalıdır. Buna tədricən getməliyik. Biz qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişik. Peşəkarlar bilir ki, hansı detallar olsa, Azərbaycan kinosuna uğurlar gətirəcək. Masamın üzərində 120 sual vardı, onlardan təxminən 30-nu həll edə bilmişəm. Hamı elə düşünür ki, bunu dövlət həll etməlidir. Dövlət üzərinə düşəni edir, bəs biz nə etməliyik? Problemlər kadrların və prodüser məktəbinin zəif olmasından irəli gəlir. Bir ara kassa filmləri çəkildi, tez sıradan çıxdı, 90 faizi uğursuz oldu.

N.Muradova: Amma içərisində kifayət qədər yaxşı nəticə əldə edənləri də oldu.
- Yox, yalnız biri müəyyən dövrdən sonra nəticə əldə etdi. İstəyirdim ki, onların piarı daha da uğurlu olsun.

N.Muradova: Niyə, "My name is İntiqam", "Xoxan"a kifayət qədər reaksiya verildi, baxış sayı da yaxşı idi.
- Sonradan yumorla yox, şəxsiyyətin təhqiri ilə camaatı güldürməyə başladılar.

N.Muradova: Yeni filmlərdən hansılara baxdınız?
- "Ay brilliant" və "100 kağız"a baxdım.

N.Muradova: Onlar barədə fikirlərinizi bilmək maraqlı olar.
- Mənim fikir bildirməyim özəl sahədə nəyisə dayandırmaq deməkdir.

"Film üçün "Qaz-51" markalı avtomobil tapa bilmirik"

Nərgiz Ehlamqızı: Milli Məclisin mədəniyyət komitəsinə təqdim etdiyiniz qanun layihəsinə komitənin sədri Nizami Cəfərovun reaksiyası necə oldu? Qanun layihəsində nələri nəzərdə tutmusunuz?
- Nizami Cəfərov çox gözəl reaksiya verdi. Qanun layihəsindən sonra Nazirlər Kabinetinə normativlər verməliyik. Xaricilərin buraya gəlməsini asanlaşdırmaqdan tutmuş bir çox məsələlər nəzərdə tutulub. Kino texnologiyasına tətbiq olunan vergi şərtləri ilə bağlı da təkliflər irəli sürmüşük. Prezident tərəfindən kinonun inkişafına dair dövlət proqramı layihələri həyata keçirməkdə bizə kömək edir. Qanun layihəsi ilə bağlı bir çox nazirliklərə də müraciətlər edirik, onlar bizə rəy verməlidir, o məsələdə bir qədər çətinliklərimiz var. Milli Məclisdə hər hansı problemimiz olmadı. Bu günlərdə mədəniyyət və turizm naziri ilə görüşdə idim, xahiş etdim ki, bütün mədəniyyət müəssisəslərinə məktub yazaq, nə qədər köhnə texnika varsa, onları bizə versinlər. Təkəri, yaxud motoru olmayan maşın və ya köhnə mebellər heç kəsə lazım deyil, amma 30 ildən sonra həmin arabalar, maşınlar, geyimlər və mebellər Azərbaycan kinosuna böyük sərvətlər gətirə bilər. Biz indi "Qaz-51" markalı avtomobil tapa bilmirik. Amma gürcülər vaxtilə çox sayda alıb saxlayıblar və çəkilişlər üçün baha qiymətə satacaqlar. Dünən Əmlak Komitəsinin hüquq şöbəsinin nümayəndəsi ilə məsləhətləşdik, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi və digər strukturlar sildikləri texnikadan heç olmazsa, bizə versinlər, biz onları təmir edək və saxlayaq. Kino çox böyük və gəlirli sahədir. Ancaq kinoya 1980-90-cı illərdə böyük boşluqlar olub.

N.Muradova: Kinoteatrlarda da filmlər çox bərbad sistemlə nümayiş olunur. Məsələn, "Dərs" filmi iyunun 1-də kinoteatrlarda təqdim olundu, amma təbliğat yox idi deyə heç kəs bilmirdi ki, uşaqlar üçün belə bir film var.
- Rafiq Əliyev "Dərs" filminin kinoteatrda nümayiş olunacağını deyəndə mən filmin taleyini bilirdim. Bizə qarşı o qədər inamsızlıq yaranıb ki. Amma uğurlu işimiz ondan ibarətdir ki, filmlərimizə bir dəfə baxan tamaşaçı ikinci dəfə də gəlib baxır. "Gündəlik Teleqraf", "Publika.az" sağ olsun, bizim filmlərimizlə bağlı bütün informasiyaları dərc edirsiniz, ancaq biz işlərimizi gündəmə çevirə bilmirik. "Dərs" tək bizim yox, bütün valideynlər və uşaqlar üçün tərbiyəvi bir film idi, filmin ritmi darıxdırıcı deyildi. Kimlər filmə baxırdısa, zəng edib bəyəndiklərini söyləyirdilər. Bu gün biz öz mənəvi sərvətimizə bütün mətbuatla birlikdə qoşulmalıyıq.

N.Muradova: Mətbuatdakı təbliğatla da iş bitmir, filmə baxan adamlarla da təbliğatı aparmaq olar.
- "Dolu" filmini nümayiş etdirəndən sonra bizə böyük axın oldu. "Mahmud və Məryəm"filmini Türkiyə ilə işlədiyimizə görə Misirə qədər prokata getdi. Türkiyə adı vardı, tamaşaçıların reaksiyasını dərhal hiss etdik. Biz tamaşaçıları aldatmışıq, vaxtilə bəzi problemlər olub, tamaşaçı etimadı sınıb. Sentyabrdan sonra əlimizdə olan filmlərin piarını media ilə birgə aparacağıq. Yəqin, dostlarımız, bütün redaktorlar bizə dəstək verəcəklər.

D.Əhməd: Sosial şəbəkələrdə "Əli və Nino" filmi ilə bağlı sıravi vətəndaşların da marağını hiss elədik. Bu filmdən nə gözləyirsiniz?
- "Əli və Nino" filmindən bizim ən böyük xeyrimiz Avropada olan prodüserlərin Azərbaycana olan münasibətinin dəyişməsidir. Biz ilk mərhələdə "Azərbaycanfilm" olaraq gəlirimizi götürmüşük. Onlar Azərbaycanda film çəkməyi, kiçik hissəyə bizim qoşulmağımızı istəyirlər. İnanın, münasibət dəyişir. Müsəlman ölkələrində olan xaos, Avropada olan krizislər, Türkiyədə olan bahalaşma, İranda olan problemlər bizə ümidi artırır. Bu gün ən böyük problem kinostudiyanın yenidən qurulması problemidir. Kinostudiya yaradıcılıq atmosferini qoruyub efirdə milli dəyərlərini canlandırmalı və dünyada olduğu kimi öz xidmətini qurmalıdır. Bu gün Azərbaycana gələn xarici şirkət ikinci qrupu yoxlayır ki, xərc çəkməsin. Mütəxəssisi xaricdən gətirirsə, burada film çəkmək ona sərf eləmir. Bayaqkı fikirlərimi bir daha ümumiləşdirmək istəyirəm, biz çalışıb o kadrların hazırlamalı və industriyanın qurulma prosesini aparmalıyıq. Ki, xarici Azərbaycanda film çəkməyə gələndə ancaq rejissor və operatorunu gətirsin.

Qurban Yaquboğlu: Əvvəllər Azərbaycan auditoriyasında sənədli film əhvalı vardı, indi vəziyyət nə yerdədir?
- "Salnamə" və "Yaddaş" studiyası sənədli filmlər çəkir. "Azərbaycanfilm" nadir hallarda sənədli filmə müraciət edir.

"Özəl film çəkən rejissorların çoxu dəhşət iddialı idi"

Q.Yaquboğlu: Son vaxtlar sənədli film nümayişlərinə də az-az rast gəlinir.
- Yayım, qərəzsiz tənqid və rəqabət problemləri var. Əbülfəs Qarayev dediyiniz məsələni mütəmadi olaraq müzakirəyə çıxarır. Bu gün tarixi mövzulara da müraciət edirik. Əfsuslar olsun ki, son 30-40 ildə obyektiv və ya subyektiv səbəblərdən Azərbaycan kinosundan gedən ssenaristlər var. Ona görə də bu gün ssenari yazan mütəxəssilər azdır.

N.Ehlamqızı: Bəs, yeni seriallara baxırsınız? Onları necə qiymətləndirirsiniz?
- Baxıram. Özəl film çəkən rejissorların çoxu dəhşət iddialı idi. Film və serial elə bir təmizlənmə prosesi aparır ki, istedadlı adamların qabağa çıxmasına şərait yaradır. Artıq prosesin sonunda 2-3 serial çəkə bilən, 2-3 operator, işıqçı, səs rejissoru tanınacaq. Bu yaxınlarda Türkiyəyə gedəndə orada təhsil verdiyimiz əslən Qubadan olan gənc elə ilhamla danışırdı ki. Türkiyənin məşhur rejissoru Osman Sınavdan xahiş etdim ki, o sizdə təcrübə keçsin. Dedi ki, kursu bitirsin, 2 filmimdə təcrübə keçəcək. Artıq heç kəs dublyaj eləmir, hamı canlı səs yazır. Dünyanın heç bir festivalı canlı səs yazılmayan filmi festivala buraxmır. Azərbaycanda yüksək keyfiyyətli canlı səs yaza bilən səs rejissor yoxdur.

Q.Yaquboğlu: SSRİ dövründə kino adamları Moskvada iki illik kursda olurdular, məşhur rejissorların yanında təcrübə keçirdilər. İndi Azərbaycan kino adamlarının, mütəxəssislərin təhsil aldığı yer haradır?
- Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alırlar, təkcə Rusiyada son 4-5 ildə 7-8 gənc kurs keçdi, 2 il oxudular. Türkiyə, Almaniya, İngiltərədə, Avropanın bir çox məktəblərində kurs keçən gənclərimiz var.

N.Muradova: Qayıdıb Azərbaycana gələndə o kadrlardan istifadə edə bilirsiniz?
- Bütün gənclər bu dəqiqə işləyir. Amil adında oğlan vardı o, diplom işini "Azərbaycanfilm"də çəkdi. Aişə də kursu bitirməmiş işləməyə gəldi. Onlarla görüşdə dedim ki, gedin ssenari yazın, tammetrajlı film çəkək. Xaricdə təhsil alan gənclərimizin hamısı işlə təmin olunur. Əbülfəs müəllimin istedadların üzə çıxarılmasını istəyir.

N.Muradova: Aktrisalar gileylənir ki, yeni çəkilən filmlərdə azərbaycanlı aktrisalara demək olar ki, rol yoxdur. Elxan Cəfərov da öz filminin təqdimatında etiraf etdi ki, filmdə cəmi 2 aktrisaya rol verib və ondan da soruşurlar niyə aktrisaları filmə çəkmir. Nədən ssenarilər ancaq kişilər üzərində qurulur?
- Afaq Bəşirqızı ən çox istədiyim aktrisalardan biridir. Afaq xanımla, bəlkə, 10 dəfə görüşmüşük, amma bir ssenarinin üzərində razılaşa bilmirik.

"Çox istərdim ki, o, filmdə rol alsın"

Q.Yaquboğlu: Niyə razılaşma alınmadı? Tələblər nə idi ki?
- Mövzuları gətirib ortaya qoyduq, ikimiz də gördük ki, partlayışı edə bilməyəcəyik. Bu adamlar peşəkardırlar, hamı özünü ən məşhur ulduzun filminə kökləyəcək, filmdən istədiyini almasan tamaşaçıya da, aktrisa üçün də böyük zərbədir. Psixoloji zorlanmadan dəhşətli bir şey yoxdur. Məşhur aktrisaların hamısı ilə bir-bir görüşmüşəm, demişəm ki, mövzu deyin, görək ssenarini kimə yazdıraq. Şəfiqə xanımla müzakirələrimiz olub, çox istərdim ki, o mənim dövrümdə çəkiləcək bir filmdə rol alsın. İndi görün, Şəfiqə xanımın qarşısına qoya biləcəyimiz ssenarimiz varmı? Tək Azərbaycanda yox, dünya kinosunda ən böyük problem ssenari problemidir.


N.Muradova: "Dronqo" filmində baş rola İlqar Muradovu çəkdiniz. Rejissorun seçimi idi?
- Mən İlqar Muradovu çox istəyirəm, amma onun "Dronqo" obrazını canlandırmağının yeganə əleyhinə olan adam mən idim. Yavər Rzayev öz istəyi ilə onu çəkdi.

N.Ehlamqızı: Niyə istəmirdiniz?
-İlqar müəllimi çox istədiyimdən və ehtiyat etdiyimdən bunun uğurlu olmayacağı qənaətində idim. Ancaq sifariş Mədəniyyət və Turizm Nazirliyindən idi. Həm də dünyada rejissora təzyiq göstərmək qəbul olunmayan işdir. Çəkilişlər göstərir ki, Yavər müəllim haqlı idi. Filmi çəkməmişdən öncə böyük müzakirə olmuşdu, orada Çingiz Abdullayev də iştirak edirdi.

N.Ehlamqızı: Filmin çəkilişləri artıq bitib?
- Bəli, çəkilişlər bitib. Mütəxəssislərin rəyinə görə çox yaxşı alınıb.

Müşfiq Hətəmov "Azərbaycanfilm"in 2014-cü ildə işinə həsr olunmuş jurnalı redaksiya heyətinə təqdim etdi. Söylədi ki, bu jurnalda kinostudiyanın gördüyü işlər öz əksini tapıb. M.Hətəmov: "Bu jurnalda fəaliyyətimiz əks olunub. Bu işlər təbii ki, azdır, biz artıq birinci mərhələdəki işləri gördük. Soruşurdular ki, niyə filmlərimiz Biləcəridən o tərəfə keçmir, indi gəlmişəm deyəm ki, artıq keçdik (gülür)".

Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD


Müəllif: