24 İyun 2015 12:48
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kollektiv yarışlarda uğurlarımız olmur və ya çox az olur. Bəlkə də, mentalitetimizlə bağlıdır, bizdə kollektiv idman növlərinə meyl yoxdur, güclü iştirak edə bilmirik. Amma hər halda bu istiqamətdə çalışmaq lazımdır. Xüsusilə, futbolda. Bu gün futbolda uğur qazanmayan millət normal iştirakçı ola bilmir. Futbol ən populyar idman yarışıdır. Bizdə artıq futbol klubları yaranıb, müəyyən məsafə qət edilib. Futbol ölkəsi və futbol milləti dünyada daha çox diqqət mərkəzində olur. Biz bu sahəyə diqqət verməliyik”.

Bunu qəzetimizə müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov bildirib. Müsahibəni təqdim edirik.

- Nizami müəllim, I Avropa Oyunları davam edir. Prosesi necə qiymətləndirirsiniz?
- Hər şey yüksək səviyyədədir. Oyunlar peşəkar şəkildə davam edir. Möhtəşəm bir açılış mərasimini izlədik. Azərbaycan idmançılarının nailiyyətləri çoxdur, xeyli medal qazanmışıq. Əldə olunan nəticələr idman tarixində uzun illər qalacaq.

- Yarışlarda idmançılarımızdan nə gözləyirdiniz, qazanılan uğurlar və nəticələr sizi qane edirmi?
- Şübhəsiz ki, qane edir. İndiyə qədər dünya, Avropa və Olimpiya yarışlarında hansı sahələrdə daha çox uğurlarımız olubsa, burada da həmin idman sahələri üzrə uğurlarımız yüksəkdir. Xüsusilə, əlbəyaxa döyüş növlərini qeyd edərdim. Hiss olunur ki, bu istiqamətlər üzrə Azərbaycanda ciddi bir məktəb yaranıb, idman federasiyalarının fəaliyyəti kifayət qədər peşəkardır. İdmana xüsusi diqqət var, yaxşı məşqlər aparılır, peşəkar idmançılar yetişdirilir. Yəni idman sahəsində standart qələbələr modelimiz necədirsə, I Avropa Oyunlarında da bu davam etdirilir. Elə idman sahələrimiz var ki, respublika səviyyəsində nailiyyətlər haqda danışa bilərik, amma beynəlxalq səviyyədə ciddi uğurlarımız olmayıb. Bu, həmin idman növlərinin ölkəmizdə yeni olmasından qaynaqlanır. Ən çox maraq doğuran məqam gənclərimizin, yeniyetmələrimizin uğurlar əldə etməsidir. Çünki onlar ilk dəfədir ki, beynəlxalq səviyyəli yarışlara qatılırlar. Azərbaycan qazandığı medalların sayına görə ikinci yerdədir. Bunun özü böyük göstəricidir. Düzdür, məşhur ifadə ilə desək, bizə doğma divarlar da kömək edib. Lakin unutmayaq ki, idmançılarımız medalları dünya səviyyəsində tanınan və böyük uğurları olan idmançılarla mübarizədə qazanıblar.

- Kollektiv idman yarışlarında müəyyən nəticələr olsa da, güclü deyilik. Sizcə, bu nə ilə bağlıdır?
- Təbii ki, bu belədir və həmişə də belə olub. Biz kollektiv idman növlərində idmançılarımız üzərində çox işləməliyik. Əlbəttə, bəzi kollektiv idman növləri Olimpiya siyahısına düşməyib, bəziləri isə bizdə yeni sahələr hesab edilir. Bu mənada idmanın bəzi kollektiv sahələri üzrə çətinliyimiz var. Kollektiv yarışlarda uğurlarımız olmur və ya çox az olur. Bəlkə də, mentalitetimizlə bağlıdır, bizdə kollektiv idman növlərinə meyl yoxdur, güclü iştirak edə bilmirik. Amma hər halda bu istiqamətdə çalışmaq lazımdır. Xüsusilə, futbolda. Bu gün futbolda uğur qazanmayan millət normal iştirakçı ola bilmir. Futbol ən populyar idman yarışıdır. Bizdə artıq futbol klubları yaranıb, müəyyən məsafə qət edilib. Futbol ölkəsi və futbol milləti dünyada daha çox diqqət mərkəzində olur. Biz bu sahəyə diqqət verməliyik. Bəzi idman növləri bizdə ilk dəfədir. Yəni bu növlərlə bağlı bizdə ənənə olmayıb. Əlbəttə, mən idman sahəsi üzrə mütəxəssis deyiləm. Ancaq gəncliyimiz idmanla keçib, velosiped sürmüşük, futbol oynamışıq. Bütün hallarda hansı idman növü olursa-olsun, gənclər onunla məşğul olmalıdır. Dövlət siyasəti də bundan ibarətdir. Yəni biz xüsusi olaraq bir sahəyə diqqət edək, qalan digər sahələr unudulsun kimi yanaşma yoxdur. Elə idman sahələri var ki, bizim orda ənənəvi uğurlarımız var və bunu qoruyub saxlamalıyıq. Məsələn, velosiped yarışı çox maraqlıdır. İdmançılarımız da bu prosesdə iştirak edir. Velosiped yarışları böyük bir şoudur. Bizdə velosiped yarışları təşkil edildi. Bunun idman tərəfi bir yana, həm də Bakı şəhəri dünyaya təqdim olundu. Yəni belə hallarda idmançımızın da uğur əldə etməsi vətəndaş olaraq bizlərdə fəxarət hissi yaradır. Ancaq bunun üçün çalışmaq lazımdır. Elə bir idman istiqaməti yoxdur ki, orada təmsil olunmayaq. Ancaq bu Oyunlardan sonra işlər daha yaxşı qurulacaq. Bizdə mükəmməl idman strukturu yaradılıb, dövlətin müxtəlif strukturları konkret federasiyalarla bağlı məsuliyyət daşıyır, prosesə ciddi nəzarət var. Bu mənada, güman etmədiyimiz idman növlərində uğur əldə etməyimiz üçün də şərait yaranır.


- Sizin konkret olaraq idmana marağınız varmı və daha çox hansı idman yarışlarına baxırsınız?
- Bizim regionda güləş daha çox geniş yayılmışdı. Təbii olaraq mən də güləşirdim və məşqlərə gedirdim. Hətta tələbəlik illərində güləşə yazıldım. Ondan sonra təhsilimiz peşəkar idmanla məşğul olmağımıza imkan vermədi. Orta məktəbdə 1-ci sinifdən 10-cu sinfə qədər idman dərslərində ancaq futbol oynamışıq. Bu mənada, indi mənim üçün bu sahələr daha çox maraqlıdır. Əlbəttə, voleybolu da qeyd etmək olar. İndi də birinci növbədə güləşçilərimizə baxıram. Sərbəst güləş, yunan-roma güləşi, klassik güləş, sambo, taekvondoya baxıram. Bir sözlə, təkbətək döyüş növləri mənim üçün daha maraqlıdır.

- I Avropa Oyunlarında ən çox xoşunuza gələn qarşılaşmanı deyə bilərsinizmi?
- Güləşçilərimizdən ibarət yığma komandanın məşqçisi Firdovsi Ümidovun qalibləri çiyninə alıb gəzdirməsi xoş oldu. Biz başqa sahələrdə uduza bilərik, amma güləşdə daim udmalıyıq. Mən belə düşünürəm. Ola bilsin ki, bu, ənənədən gəlir. Mənim üçün təkbətək döyüşlər, xüsusilə güləş maraqlıdır. Səmimi deyim ki, bu növlərdə idmançılarımız uduzanda mənə çox pis təsir edir. Hesab edirəm ki, biz hökmən udmalıyıq. Çünki həm ənənə var, həm də yaxşı güləşçilərimiz çoxdur. Oyunlarda güləşçilərimiz yarışlarda çox aktiv iştirak etdi, medallar qazandı.

- Siz yarışlara televiziyadan baxırsınız, yoxsa idman arenalarından izləyirsiniz?
- Ancaq velosiped yarışlarını canlı izlədim, digərlərinə evdən baxdım.

- Türkiyədə keçirilən son parlament seçkilərini sizdə müşahidə etmisiniz. Seçkidən sonra yaranan situasiyanı necə şərh edirsiniz?
- Mənə elə gəlir ki, Türkiyə müəyyən müddət gözlədikdən sonra yenidən seçkiyə gedərsə, problemi həll etmək mümkün olmayacaq. Hazırda Ədalət və İnkişaf Partiyası çalışır ki, koalisiyaya gedilsin, yeni hökumət formalaşsın. Aydındır ki, hakim partiyadan savayı daha üç partiya parlamentə düşüb və prinsipcə hansı siyasi qüvvə ilə koalisiyaya gediləcəyi də aydındır. Mən bunu nəyə əsaslanıb deyirəm? Hakim partiyanın islahatlar paketi var. Buraya prezidentlik üsul-idarəsini inkişaf etdirmək daxildir. Gələcəkdə hakim partiya ilə koalisiyaya girəcək təşkilat bununla razılaşmalıdır. AKP elan edir ki, koalisiyaya o partiya ilə gedəcək ki, islahatlar paketinə mane olmasın. Ancaq iş ondadır ki, digər partiyalar prezident üsul-idarəsinin belə sürətlə yaradılmasını və güclənməsini istəmirlər. Ən çox da Cümhuriyyət Xalq Partiyası Atatürk konstitusiyasının dəyişdirilməsinə qarşıdır. Bu, təbii ki, siyasi qüvvələr arasında danışıqların nəticəsindən asılı olacaq. Mənə elə gəlir ki, Millətçi Hərəkat Partiyası nisbətən liberal mövqe tuta bilər. Hələlik MHP sədri Baxçalı kifayət qədər sərt danışır və yeni seçkilərə getməkdə problem görmədiyini vurğulayır. Amma hakim partiyanın nə qədər güzəştə gedə biləcəyi məsələsi də əhəmiyyətlidir. Təbii ki, hakim partiya koalisiyaya girəcəyi partiyanın da maraqlarını nəzərə almalıdır. Söhbət baş nazir, onun müavinlərinin kimlər olacağından getmir. Əsasən ideoloji mövqedən və ümumi ictimai prosesdən gedir. Məsələn AKP-HDP koalisiyası real deyil. Eləcə də, MHP, CHP və HDP-nin koalisiya yaratması da real görünmür və həm də bu zaman gərginlik arta bilər. İndi AKP-MHP koalisiyası ən mümkün variantdır.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər