26 İyun 2015 15:15
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aydın Mirzəzadə: “I Avropa Oyunlarının uğurla keçirilməsi Avropadakı bəlli mərkəzlərdə qıcıq yaradır”

“Avropa Parlamentində anti-Azərbaycan qətnaməsinə səs verən deputatlardan yalnız biri vaxtilə ölkəmizdə olub. Qalanları isə görünür ki, tapşırıqlı səs verib. Və ya bir neçə gün əvvəl Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi qətnamə yaydı. Belə təsəvvür yaranır ki, Avropada müəyyən mərkəzlərin məşğul olduğu yeganə sahə Azərbaycana qarayaxma kampaniyasıdır. Kimlərsə Azərbaycanın müasir, inkişaf etmiş ölkə olmasını arzu etmir. Onlar Azərbaycanın problemlər içərisində qalmasına cəhd edirlər”.

Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirib. Müsahibəni təqdim edirik:

- Aydın müəllim, Avropa Şurası Parlament Assambleyasının iyunun 23-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni necə qiymətləndirirsiniz?
- Qətnamədə müəyyən hissə Azərbaycanın gördüyü işə qiymət versə də, sənəddə xeyli sayda qeyri-obyektivlik var. Yəni, Azərbaycana qarşı sanki bir qərəz var. Ölkəmiz 24 ildir ki, müstəqildir. Bu müddət ərzində Azərbaycanda hüquqi demokratik dövlət quruculuğu istiqamətində çox böyük işlər həyata keçirilib. Azərbaycanda dövlətçilik möhkəmlənib, demokratik konstitusiya qəbul edilib, islahatlar həyata keçirilib. Biz qətnamədəki müəyyən məqamlarla razılaşa bilmərik.

- Konkret hansı məqamları nəzərdə tutursunuz?
- Sənəddə iddia olunur ki, Azərbaycanda insan hüquqları ilə bağlı müəyyən problemlər var. Təbii ki, bununla razılaşmaq olmur. Çünki reallıqda bu, heç bir fakta və əsasa söykənmir. Bu gün Azərbaycanda insan haqlarının qorunması istiqamətində görülən işlər nəzərə alınmır, əvəzində Azərbaycana zorla günahkar damğası vurulmağa çalışılır. Bu məsələdən Azərbaycan narazıdır və bunda da haqlıdır. Odur ki, bu istiqamətdə Azərbaycan tərəfinin mövqeyi başadüşüləndir. Eyni zamanda, qətnamədə qeyri-hökumət təşkilatları ilə bağlı yersiz ittihamlar var. Halbuki, Azərbaycanda minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Eləcə də, qeyri-hökumət təşkilatlarına dövlət xətti ilə ayrılan qrantların məbləği artırılır, bu istiqamətdə böyük işlər görülür. Bütün bunlarla yanaşı Azərbaycanda QHT sektorunun zəif olduğunu göstərmək ən azı ədalətsizlikdir. Üçüncüsü, Avropa Şurası Parlament Assambleyasının məlum qətnaməsində Dağlıq Qarabağ münaqişəsinə dair ortaya yarımçıq münasibət qoyulub. Sözügedən qətnamədə “Dağlıq Qarabağ və işğal edilən yeddi rayon” ifadəsi çıxarılıb və əvəzində “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi yer alıb. Halbuki, Azərbaycan torpaqlarının 20 faizi hazırda işğal altındadır, əhalimizin 1,2 milyonu faktiki olaraq məcburi köçkün halına salınıb. Azərbaycanın 20 faiz ərazisi üzərində suverenliyi pozulub. İnsan hüquq və azadlıqlarını rəhbər tutan beynəlxalq bir təşkilatın bütün bunları bilə-bilə münaqişəyə yarımçıq qiymət verməsi anlaşılan deyil. Hesab edirəm ki, bütün bu yarımçıq yanaşmalar heç də təsadüfi deyil.

- Təsadüfi deyilsə, məqsəd nədir?
- Əlbəttə, təsadüfi deyil. Avropada müəyyən dairələrin məqsədli şəkildə Azərbaycana qarşı apardığı anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Bu, artıq görünür.

- Avropa Şurası Parlament Assambleyası belə bir sənəd qəbul edib. Bəs, bu sənədin əhəmiyyəti, Azərbaycana təsiri nə ola bilər?
- Bu, beynəlxalq təşkilatın qəbul etdiyi qərardır. Maraqlı bir məqam var. Avropa Şurasının nizamnaməsinə görə, qərar qəbul etmək üçün əksəriyyətin səsi tələb olunmur. Avropa Şurası Parlament Assambleyasının 600-dən çox üzvü var. Onların 3 nəfərinin səs verməsi kifayətdir ki, qərar qəbul edilsin. Mən bilmirəm ki, Azərbaycanla bağlı sənədin qəbuluna neçə nəfər səs verib, amma güman etmirəm ki, onların sayı 100 nəfərdən çox olsun. Yəni, AŞPA-nın kiçik bir hissəsi bu qurum adından qərar qəbul edə bilər. Mən bu qətnaməni Avropanın tam mövqeyi hesab etmirəm. Digər tərəfdən, Azərbaycan Avropa Şurasının üzvüdür, Avropa Şurasının siyasətini müəyyənləşdirən ölkədir. Sadəcə, bu məqamda qətnamə bir qrup AŞPA üzvünün qəbul etdiyi qərardır. Əlbəttə, Azərbaycanın razılaşmadığı və açıq bildirdiyi məqamlar var. Azərbaycan Avropa Şurasına qəbul edilərkən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib. Zaman-zaman ortaya gələn yenilikləri də dəstəkləməyə hazırdır. Şübhəsiz ki, Azərbaycan bu məsələlərin üzərində işləyəcək. Əgər kimlərsə hesab edirsə ki, belə qətnamələrlə Azərbaycanı demokratiya və insan hüquqları yolundan döndərəcək, bu, mümkün olmayacaq. Heç bir anti-Azərbaycan kampaniyası və ədalətsiz qərar Azərbaycanı bu dəyərlərdən kənara çıxara bilməz.

- AŞPA-dan əvvəl Avropa Birliyi və ATƏT-in buna oxşar mövqeyi olmuşdu. Sizcə, bu beynəlxalq qurumların Azərbaycanla bağlı qərarları təsadüfən üst-üstə düşür, yoxsa burada sinxron bir fəaliyyət mövcuddur?
- Tamamilə düz buyurursunuz. Bunlar bir mərkəzdən idarə olunan məsələlərdir. Xüsusilə, Azərbaycanda beynəlxalq tədbirlər keçirilən zaman bu kampaniya daha da qızışır. Yada salım ki, “Avroviziya” mahnı müsabiqəsindən əvvəl Azərbaycanla bağlı xaricdə kampaniya aparılır, anti-Azərbaycan mərkəzlərinin ölkəmizdəki beşinci kolon üzvləri İctimai Televiziya qarşısında qeyri-qanuni aksiya keçirir, Azərbaycanla bağlı qeyri-obyektiv informasiya yayırdılar. İndi də görünür ki, I Avropa Oyunlarının uğurla keçirilməsi Avropadakı bəlli mərkəzlərdə qıcıq yaradır. Bu səbəbdən də onlar anti-Azərbaycan fəaliyyətini sinxron şəkildə həyata keçirirlər. Məsələn, Avropa Parlamentində anti-Azərbaycan qətnaməsinə səs verən deputatlardan yalnız biri vaxtilə ölkəmizdə olub. Qalanları isə görünür ki, tapşırıqlı səs verib. Və ya bir neçə gün əvvəl Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi qətnamə yaydı. Belə təsəvvür yaranır ki, Avropada müəyyən mərkəzlərin məşğul olduğu yeganə sahə Azərbaycana qarayaxma kampaniyasıdır. Kimlərsə Azərbaycanın müasir, inkişaf etmiş ölkə olmasını arzu etmir. Onlar Azərbaycanın problemlər içərisində qalmasına cəhd edirlər. İspaniyadan olan deputat Azərbaycanla bağlı müzakirələr zamanı çıxış edib və bildirib ki, siz bununla nə etmək istəyirsiniz, doğrudanmı, Azərbaycanı Liviyanın gününə salmaq istəyirsiniz? Dünənə qədər Liviyada insan hüquqlarının kobud pozulduğunu iddia edənlər nədənsə bu gün Liviyanın bir dövlət kimi mövcud olmadığına dair bəyanat vermirlər, hətta bu məsələdə özlərinin fəallığını xatırlamırlar. Belə də, isə, əgər bunlar Azərbaycanı Liviya, Suriya və ya Yəmən kimi bölmək fikirləri varsa, onlar anlamalıdır ki, bunun üçün ilk növbədə Azərbaycan vətəndaşının rəyini bilmək lazımdır. Azərbaycan vətəndaşı isə heç bir zaman ölkəsinin bu gün orta əsrlər qaydası ilə idarə olunan bir dövrə qayıtmasına razı olmaz.

- Çağırışlar var ki, əgər AŞPA və digər qurumlar Azərbaycanın Qarabağ problemində ikili yanaşma ortaya qoyurlarsa, bu qurumda təmsil olunmaq lazım deyil, oradan çıxmaq daha münasib olardı...
- Hesab edirəm ki, mövqeyinin necə olmasından asılı olmayaraq beynəlxalq təşkilatlarda qalmaq və işləmək lazımdır. Bu tribunadan uzaqlaşdıqca, burada Azərbaycanı sevməyən insanlar daha da fəallaşacaq, anti-Azərbaycan kampaniyası daha geniş vüsət alacaq. Bizim yolumuz demokratiya yoludur. Bu baxımdan biz öz həqiqətimizi bütün tribunalardan elan etməyə çalışacağıq və Azərbaycanı sevməyənlərlə onların meydanında mübarizə aparacağıq.

- Müzakirə etdiyimiz qətnamədə “İşğal edilən Dağlıq Qarabağ və yeddi rayon” ifadəsinin sənəddən çıxarılması təklifinin müəlliflərindən biri də Andreas Qrosdur. Bunu necə qiymətləndirirsiniz?
- Təbii haldır. Qross hər zaman Azərbaycana “sevgisi” ilə tanınıb. Görünür, bu “sevgi” onun xəyallarında qalır. Qrossun təşəbbüsü ilə radikal müxalifətin ölkəmizə qarşı sanksiya tələbi səsləşir. Sual ortaya çıxır: Andreas Qrosun istədiyi ilə radikal müxalifətin və erməni diaspora təşkilatlarının istədikləri nədə üst-üstə düşür? Bu, o demək deyilmi ki, bütün bunlar bir mərkəzdən idarə olunur?.

- Ermənistanda siyasi ab-hava dəyişib, iqtidarla xalq münasibətlərini küçələrdə çözməyə üstünlük verir, artıq həbs edilənlər, yaralananlar var, Sərkisyan iqtidarına kütləvi etimadsızlıq davam edir. Sizcə, Ermənistanda nə baş verir?
- Qeyd edim ki, beynəlxalq təşkilatlar bu hadisələri görməməyə çalışır. Yalnız bir təşkilat mövqe açıqlayıb və deyib ki, İrəvan polisi insanlarla çox mədəni davranıb. Mən İrəvanda baş verənləri görməsəydim, inanardım ki, İrəvan polisi mitinqə çıxanlara qərənfil bağışlayıb. Görünür, insanlar düşdüyü vəziyyətlə razılaşmır, çünki boğaza yığılıblar. Maraqlı nüans odur ki, bu prosesdə erməni müxalifəti iştirak etmir, meydanda olanlar yeni simalardır. Onlar heç hökumətin getməsini də istəmirlər. Sadəcə, elektrik enerjisinin tarifinə edilən 1,5 sent bahalaşmanı boykot edirlər. Əslində, başqa ölkələrdə qiymətlər daha bahadır, sadəcə olaraq, erməni vətəndaşı bunu ödəyə bilmir. Ermənistanda baş verən sosial partlayışdır. Təsadüfi deyil ki, Moskva da açıq şəkildə Sərkisyana müraciət etdi, nəticələri düşünməyi tövsiyə etdi. Bu gün adi artıma dözməyən erməni cəmiyyəti sabah Sərkisyanın apardığı siyasətin acı nəticələrinə daha sərt şəkildə reaksiya verəcək. Ermənistanın cəmi 3 milyard büdcəsi var. Bunun 1,4 milyardı müdafiə və təhlükəsizlik sahəsinə ayrılır. Daha 100 milyonu isə Dağlıq Qarabağdakı işğalçı rejimə verirlər. Yəni büdcənin 50 faizi işğalçılıq siyasətinin dəstəklənməsinə gedir. Ermənistanda iqtisadiyyat, infrastruktur, iş yerləri, istehsalat yoxdur. Aydındır ki, sabah küçəyə çıxan erməni cəmiyyətini çörək almaq pulu düşündürəcək. İndi baş verən sosial partlayışdır. İkincisi, Azərbaycanda xırda nöqsanı qabartmağa çalışan xaricdəki dairələr Ermənistandakı bu halı görmürlər. Gördükdə isə bunu polisin “mədəni rəftarı” kimi qiymətləndirirlər.

Nemət


Müəllif:

Oxşar xəbərlər