4 İyul 2015 12:22
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva Yunanıstandan istifadə edərək Avropa Birliyini dağıtmaq xətti aparır. Arada bizim TAP layihəmizə də ziyan gəlir. Artıq bu, açıq görünür. Nəzərə alın ki, TAP layihəsinə 400 milyona qədər investisiya qoyulub. Amma faktiki olaraq Yunanıstan vasitəsilə bu layihəni gündəmdən çıxarmaq, reallaşmasının qarşısını almaq xətti var. Hesab edirəm ki, hazırda Avropa Birliyi-Rusiya qarşıdurması davam edəcək, buna uyğun olaraq da Rusiyaya qarşı sanksiyalar bir qədər də sərtləşdiriləcək. Azərbaycan Avropaya inteqrasiyasını prioritet hesab edib. Həmçinin Avroatlantik məkana inteqrasiyanı vurğulayıb”.

Bunu Teleqraf.com-a müsahibəsində Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə bildirib. Müsahibəni təqdim edirik:

- Yusif bəy, I Avropa Oyunları başa çatdı. Oyunların nəticələrini necə qiymətləndirirsiniz?
- Oyunlar yüksək səviyyədə baş tutdu. Biz də iştirak etdik. I Avropa Oyunları Azərbaycanın tanınması baxımından mühüm hadisə oldu. Bu müddətdə Avropanın və dünyanın diqqəti Azərbaycana yönəldi. Hesab edirəm ki, bu, müsbət hadisədir.

- Bundan sonra ən mühüm tədbir hansı olacaq?
- Oyunlardan sonra ən mühüm tədbir qarşıdan gələn parlament seçkiləri olacaq. Zənnimcə, bu seçkilərdə ölkəmiz diqqət mərkəzində olacaq. Hökumət müəyyən islahatlar həyata keçirməlidir. Biz hakimiyyət-müxalifət dialoqu zamanı bəzi təkliflər irəli sürmüşük. Məncə, hüquqi, siyasi, iqtisadi islahatlar olmalıdır. Ciddi mütəxəssislərə qiymət verilməlidir. Bütün idarələrdə sinxron fəaliyyət mümkün olmalıdır. Eyni zamanda, bankların verdikləri kredit faizləri çox yüksəkdir. Bu məsələyə də diqqət edilməlidir. Azərbaycana güclü və gənc kadrlar lazımdır. Həmçinin Azərbaycanın müəyyən qədər valyuta ehtiyatı var və bunun müəyyən hissəsini ölkəyə cəlb etməklə ciddi işlər həyata keçirmək olar. Xarici siyasətlə bağlı da müəyyən addımlar atılmalıdır. Azərbaycan müstəqil dövlətdir və indiyə qədər balans siyasəti həyata keçirib. Yəni, bütün ölkələrlə eyni məsafədə dayanırıq və qarşılıqlı əməkdaşlığa söykənirik. Bizim Dağlıq Qarabağ problemimiz var və bunun da tarixi kökləri, baş vermə səbəbləri, bunda maraqlı olan ölkələr bəllidir. Biz istəyirik ki, Rusiya bu məsələdə obyektiv mövqedə olsun. Ancaq indiyə qədərki təcrübə göstərir ki, Rusiya Azərbaycanla Ermənistana olan münasibətini dəyişmir.

- Nələri nəzərdə tutursunuz?
- Bir neçə gün əvvəl Rusiya patriarxı Kiril bəyanat verdi və erməniləri ittiham etdi ki, Rusiyanın hesabına özlərinə dövlət qurublar, indi də Avropaya meyillənməklə Rusiya ilə münasibətləri sərinləşdirmək istəyirlər. Əslində, bu bəyanatda qeyd edilən “Rusiya hesabına dövlət yaratmısınız” ifadəsi o deməkdir ki, ermənilər tarixi Azərbaycan torpaqlarında özlərinə dövlət yaradıblar və bu işdə Rusiyadan dəstək alıblar. Məncə, bu məqamlara diqqət edilməlidir. Bir daha qeyd edim ki, biz bir sıra məsələlərlə bağlı təkliflərlə çıxış etmişik. Qeyd etmişik ki, siyasi partiyalarla bağlı Ombudsman institutu yaradılmalı, sahibkarlara ciddi dəstək olunmalıdır. Eləcə də, maliyyə-bank sektoruna ciddi ictimai nəzarət olmalıdır. Bu zaman kredit əldə edən sahibkarlar və biznes strukturları böyük məbləğli maliyyəni konkret işə qoymalıdır. Bunun üçün dövlət palatası da təsis etmək olar. Məqsəd ölkə iqtisadiyyatını bir qədər də inkişaf etdirməkdir. Fikrimcə, bu istiqamətdə addımlar atılmalıdır.

- Siz son illər TAP və TANAP layihələri haqqında mütəmadi çıxışlar edir, bu proyektlərin əhəmiyyətindən danışırsınız. Ancaq Yunanıstanda baş verən hadisələr konteksində bu layihələrlə bağlı narahatlıq var. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, Yunanıstanda problemlər var. Əslində, Rusiya da hazırda Avropa Birliyi ilə qarşıdurmadadır. Yunanıstan da Avropa Birliyinin üzvüdür. Fikrimcə, Moskva Yunanıstandan istifadə edərək Avropa Birliyini dağıtmaq xətti aparır. Arada bizim TAP layihəmizə də ziyan gəlir. Artıq bu, açıq görünür. Nəzərə alın ki, TAP layihəsinə 400 milyona qədər investisiya qoyulub. Amma faktiki olaraq Yunanıstan vasitəsilə bu layihəni gündəmdən çıxarmaq, reallaşmasının qarşısını almaq xətti var. Hesab edirəm ki, hazırda Avropa Birliyi-Rusiya qarşıdurması davam edəcək, buna uyğun olaraq da Rusiyaya qarşı sanksiyalar bir qədər də sərtləşdiriləcək. Azərbaycan Avropaya inteqrasiyasını prioritet hesab edib. Həmçinin Avroatlantik məkana inteqrasiyanı vurğulayıb. Məncə, Azərbaycan bütün ölkələrlə dostluq və əməkdaşlıq şəraitində olmalıdır.

- Hakimiyyət-müxalifət dialoqunun növbəti raundu gözlənilirmi?
- Bu proses davam etməlidir. İndiyə qədər üç görüş keçirilib, indi biz dördüncü görüşü gözləyirik. Bildiyiniz kimi, dialoq təşəbbüsü hakimiyyətdən gəlib. Növbəti görüşün təşkili də iqtidardan asılıdır. Biz buna müsbət proses kimi yanaşırıq. Hesab edirik ki, görüşdə konkret mövzular olmalı, müzakirə edilməli və tərəflərin mövqeləri açıqlanmalıdır. Biz təklif edirik ki, görüşdə seçkilər məsələsi müzakirə edilsin. Biz həmçinin konstitusiya islahatlarının keçirilməsini mümkün sayırıq. Azərbaycan iqtisadi baxımdan güclü dövlətdir. Bizim parlamentin 125 üzvü var, amma elə MDB ölkələri var ki, əhalisinin sayı bizdən aşağıdır, lakin parlamentləri 150 deputatdan ibarətdir. Fikrimcə, deputat yerlərini çoxalda bilərik, eləcə də, proporsional seçki sistemini tətbiq etmək də olar. Bu da, siyasi partiyalar institutunu gücləndirər.

- Yusif bəy, Ermənistanda nə baş verir?
- Ermənistan iqtisadi cəhətdən çöküb. Erməni hakimiyyəti isə hərbi avtoritar rejimdir. Erməni hakimiyyətinin idarəçilikdən başı çıxmır, xalq isə yazıq bir xalqdır. Avtoritar rejim də xalqı idarə edir. Əslində, Ermənistanda dövlətçilik ənənəsi yoxdur, ölkəni dövlət idarə etməyib. Ermənistan dünyada yeganə ölkədir ki, buranı kilsə idarə edir. Yəni kilsə dövlətdən ayrılmayıb. Ancaq burada Rusiya faktoru da var. Çünki Ermənistanda enerji sektoru rusların əlindədir. İndi baş verən aksiya yanacağın qiymətinin qalxmasına etirazdır. Əgər xatırlayırsınızsa, Yuliya Timoşenko zamanında Ukraynada da buna bənzər olay yaşanmışdı. Daha dəqiq desək, Baş nazir Timoşenko ilə Rusiya arasında qaz sövdələşməsi baş tutdu. Bu razılığa əsasən Rusiyanın Ukraynaya etdiyi qaz ixracatında qiymətlər şişirdildi və narazılıqlar da burdan baş verdi. İndi Ermənistanın müstəqil enerji siyasəti yoxdur. Əksinə, bu ölkənin enerji təhlükəsizliyinin səhmləri rusların əlindədir. Burada söhbət yalnız enerji daşıyıcılarının qiymətinin artırılmasından getmir. Bu, həm də siyasi prosesdir. Yəqin ki, erməni xalqı avtoritar-hərbi rejimdən cana doyub. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin də bu məsələdə öz payı var. Münaqişənin indiyə qədər həll edilməməsi Ermənistanda vəziyyəti bir qədər də pisləşdirir. Ermənistan hər il Dağlıq Qarabağa 1 milyard dollar ayırır. Əgər Qarabağ erməniləri Azərbaycanın nəzarətində olsaydı, daha yaxşı yaşaya bilərdilər.

- İrəvanda baş verən aksiyalar hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi?
- Ermənistan faktiki olaraq forpost ölkədir, Rusiyanın nəzarətindədir. Ermənistan həm Gömrük Birliyinə, həm də Avrasiya İttifaqına daxil olub. Mən düşünmürəm ki, orada hakimiyyət dəyişikliyi baş versin. Həm də Rusiyanın Ermənistana ciddi təsir rıçaqları var. Burada baş verənlər, proseslərin nəticəsi daha çox Rusiyanın istəyindən asılı olacaq.

- Dağlıq Qarabağdakı separatçı rejimin liderini bəzi Avropa ölkələrinə dəvət edirlər. Bu ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ATƏT, AŞPA, BMT və Avropa Birliyinin ərazi bütövlüyümüzlə bağlı qərarlarına səs veriblər. Nədən bu ölkələr separatçı rejimin liderinə qucaq açır, bu, ikili standart deyilmi?
- Bu, Avropanın müsəlman Azərbaycan və xristian Ermənistana olan münasibətinin göstəricisidir. Mən belə başa düşürəm. Həmin dövlətlərin çoxu diplomatik səviyyədə, dövlət səviyyəsində və müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər. Bununla bağlı qeyd etdiyiniz beynəlxalq qurumların qətnamələri var. Həmin sənədlərə indi saxta rejimin rəhbərini öz ölkələrinə dəvət edən dövlətlər də səs veriblər. Məncə, Azərbaycan xarici siyasətində bu məqamlara diqqət etməli, lazım gəlsə, müəyyən dəyişikliklərə getməlidir.

- AMİP-in qarşıdan gələn parlament seçkilərinə münasibəti necədir?
- AMİP 2013-cü ildə prezident seçkilərində iştirak etmədi. Həmin ərəfədə bəyan etdim ki, partiyanın əsas məqsədi 2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etməkdir. AMİP seçkilərdə iştirak edəcək, bizim daimi fəaliyyət göstərən seçki qərargahımız var. Ancaq seçkiyə partiya kimi tək və ya blok şəklində getməyimiz hələlik açıq qalır. Bizim seçkiyə getməyimiz dəqiqdir, amma blok şəklində və ya təkbaşına gedəcəyimiz dəqiq məlum deyil. Ola bilsin ki, seçkiyə blok şəklində gedək. AMİP 2010-cu il parlament seçkilərinə təkbaşına gedib və hakim partiyadan sonra ən çox namizəd irəli sürüb. Əfsuslar olsun ki, AMİP parlamentə düşmədi. Ancaq bu gün yenə də seçkiyə ciddi hazırlaşırıq və fikrimiz belədir ki, seçkidə ən ciddi namizədlərə dəstək verək. Həm də, əməkdaşlıq nümunəsini ortaya qoyuruq. Dairələr üzrə siyasi partiyaların güclü namizədlərini müdafiə edə bilərik. Eyni zamanda, bizim güclü namizədimiz olan dairələrdə digər siyasi qüvvələrin dəstəyini əldə etməyə çalışacağıq. Bu, ikitərəfli razılaşmalar şəklində ola bilər. Prinsipimiz budur. Kifayət qədər geniş platformamız var. Partiya sədri olaraq deyə bilərəm ki, AMİP bu seçkilərdə parlament partiyası olacaq.

- Neçə namizəd irəli sürəcəksiniz?
- Burada söhbət saydan getmir. Biz sayı deyil, keyfiyyəti əsas götürürük. Ən güclü namizədimizə dəstək əsasdır. Əlbəttə, bizim namizədlərimiz çoxdur. Elə yerli təşkilatımız var ki, oradan 3-4 namizədimiz ola bilər. Amma biz istəyirik ki, həmin dairədə bütün gücümüzü və dəstəyimizi ən güclü namizədimizə yönəldək.

Nemət


Müəllif:

Oxşar xəbərlər