17 İyul 2015 18:05
5 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ilahiyyatçı Elşad Miri ilə müsahibəni təqdim edir.

- Elşad bəy, XXI əsrdə yaşayırıq. Hər gün dünya yeniləşir, inkişaf edir, bir addım da qabağa atır. Sizin fikrinizcə, dünyanın sürətlə dəyişdiyi belə bir vaxtda İslam dininin qayda-qanunları ilə insanın rahat yaşaması mümkündürmü?

- Bir şey deyim. Ortada yanlış anlaşılan bir məsələ var. İlk gündən insan nədisə indi də eynidi. O insanın hissləri nə idisə, indi də eyni hisslərlə yaşayır.

- Dəyişən heç nə yoxdu?

- Ola bilər, sadəcə, bizim istifadə elədiyimiz alətlər dəyişib. Min il əvvələ baxanda texnologiyada əlbəttə, xeyli irəliləyiş var. Telefon, diktafon və s. Amma insan hissi həmişə eyni olub. Məsələn, sevgi. Sevgi hissi heç vaxt dəyişməyib. İnsan min il əvvəl necə sevirdisə, indi də elə sevir. Mən din xadimi deyiləm. Amma əfsuslar olsun ki, dini dar olan dindarlar İslamı VII əsrə məhkum eləyirlər. İslam dinini günümüzə gətirib çıxara bilmirlər. Bu da müsəlmanların özlərinin problemidi, dinin problemi deyil.

- Quranı necə yeniləşdirmək olar ki? İslamı necə müasirləşdirib bu günlə uyğunlaşdırmaq olar?

- Məsələn, Quranın tərcümələrində çox ciddi xətalar var. Mən insan tanıyıram, Quranın tərcüməsini üç dəfə oxuyandan sonra ateist olub. Bu adamla dəfələrlə görüşdüm. Adam nəyi soruşur, deyirəm, bu, Quranda yoxdu. Bu adam mötərizələrdə olanları Quranda olmuş kimi hesab eləyir. Tərcüməçinin öz fikirlərini Allahın sözü kimi qəbul eləyir.

Məsələn, Quranın tərcüməsinin şərhində yazılır ki, macar islamşünası Qoldziyerin mülahizəsinə görə burada darvinizmin əlamətləri var. Təsəvvür eləyin, dinlərin hər biri darvinizmi tamamilə inkar edir, amma sən Qurani-Kərimə şərh yazanda belə bir şey edirsən. Bu kimi hallar çoxdu.

- Quranın müasirləşdirilməsi məsələsinə qayıdaq.

- Məsələn, Məsəd surəsini götürək. Deyir ki, Əbu Ləhəbin əlləri qurusun, qurudu da. Qiyamət günü ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı. O, alovlu atəşlər görəcəkdir. Onun odun daşıyan övrəti də həmçinin. Onun boğazında xurma lifindən hörülmüş ip olacaqdır.

- Demək istəyirsiniz ki, müasir dövrdə bunu oxuyan insan nə başa düşəcək?

- Əlbəttə, elədir. Heç nə anlamayacaq. Tutalım, mənim övladım bu surəni oxuyur. Soruşmaz ki, ata, Əbu Ləhəb kimdi? Niyə onun haqqında belə surə gəlib? Niyə orda belə şeylər yazılıb? Təbii ki, soruşacaq. Mən övladıma Əbu Ləhəbin kim olduğunu açıqlamalıyam. Amma VII əsr insanı bilirdi ki, Əbu Ləhəb kimdi və peyğəmbərə hansı zülmləri verib. Bəs günümüzün insanlarına bunu necə çatdıracaqsan? Ona görə də Quranın tərcüməsində səhvlərin olduğunu deyə bilərəm. Yazır ki, Əbu Ləhəbin əlləri qurusun. Allah niyə kiminsə əllərinin qurumağını istəsin? Allah niyə belə bir ifadə işlətsin? Əlləri qurudan kimdi? Heç Əbu Ləhəbin əlləri qurumadı. Surənin gəlişindən sonra 10 il yaşadı. Başqa bir tərəfdən, Quranda heç vaxt ad çəkilməz, ancaq ləqəblər deyilər. Bircə Zeyd adından başqa. Məsələn, Əbu Ləhəbin əsl adı Əbdul Uzzadır. Uzza adlı bütün qulu.

- Bunları yazıb tənqid eləməkdənsə niyə Quranın daha mükəmməl tərcüməsini hazırlamırsınız?

- Bu, çox uzun və ağır bir işdi. Quranı müasir dövrümüzlə əlaqələndirə bilmək üçün əlavə nə qədər şeylər oxuyuram. Elə olur ki, başqa müsəlman ölkələrində tanıdğım alimlərə zəng edirəm, onlardan məsləhətlər alıram. Elə olur ki, təyyarəyə oturub gedirəm, həmin məsələni yerində araşdırmağa çalışıram. Çalışıram və inanıram ki, gözəl bir nəticə alınacaq.

- Siz tanınmış ilahiyyatçısınız. Maraqlıdır, bəs sizə niyə kafir deyirlər?

- Bütün bu şeyləri hər dəfə xırda-xırda gündəmə gətirəndə aləm bir-birinə dəyir. Çünki bu gün islam dünyası copyalamaq üzərində qurulub. Deyirlər, keçmişdə nə cür idisə indi də elə olsun. Yeni bir fikir yoxdu, islahat yoxdu. Mən isə Qurana əsaslanaraq oradakı ifadələri günümüzlə əlaqələndirirəm. Qeyd etdiyim ifadələri isə özümdən demirəm, danışdıqlarımın hamısını Quranla əsaslandırıram. Buna görə mənə kafir deyirlər, bidət əhli adlandırırlar və s.

- Quranı müqəddəs kitab kimi qəbul eləyirsiniz?

- Xeyr. Quran müqəddəs kitab deyil.

- Niyə?

- Quran kitabının üstünə nə yazılıb?

- Qurani-Kərim.

- (Tövratı gətirir). Baxın, Tövratın üzərinə nə yazılıb?

- Müqəddəs kitab.

- Deməli, müqəddəs kitab Tövratdı, Quran deyil. Çünki müqəddəs kitab sözü kitabın adıdı.

- Bəs Qurani-Kərim...

- Kitabın adı sadəcə, Qurandır, vəssalam. Ümumiyyətlə, Allahdan başqa müqəddəs heç kim və heç nə yoxdu.

- Mən Qurani-Kərimi də müqəddəs kitab sayıram.

- Bir söz soruşum, Kəramət, sən Çin dilini bilirsən?

- Yox.

- Mən sənin Çin dilini bilmədiyini bilirəm. Və götürüb sənə Çin dilində mesajlar yazıram. Sən də oxuyursan, deyirsən, axı Elşad bilir ki, mən Çin dilini bilmirəm. Bəs bu mesajları mənə niyə yazır? Mən sənə mesaj yazıramsa, deməli, bir-birimizi başa düşmək üçün yazıram. Gəl filan saatda filan yerdə görüşək və s. Bəs necə olur ki, Allah kitab göndərsin, özü də insanların başa düşməməyi üçün? Bu, necə ola bilər? Əstəğfirullah, Allah insana ötəri yanaşır? İnsanların başa düşməməsi üçün kitab göndərir? Təsəvvür elə ki, yol hərəkət qaydaları qoyurlar, amma o qaydaları başa düşmək üçün heç bir kitab yoxdu. Bilmirsən ox işarəsi nədi-filan. Necə ola bilər bu? Qurani-Kərimin 11-ci surəsinin 1-ci ayəsində deyilir ki, Allah bütün bunları müfəssəl izah edilmiş bir kitabda yazır. Yəni Allah bu kitabı müfəssəl izah eləyib. Bəs sən nə axtarırsan? Sadəcə, bunları gözəl bilmək lazımdır ki, bir-biri ilə əlaqələndirib gözəl anlıyasan. Məsələ bundadı.

- O günü saytlar yazmışdı ki, ev yandı, amma Quran yanmadı. İnsanlar deyir, Quran müqəddəsdi, ona görə yanmayıb.

- Xeyir, boş söhbətdi. İstənilən açılmayan kitabın içi yanmır. Vərəqlərin arasına oksigen girmirsə, o kitab yanmır. Amma demirsən, Quran möcüzədi? Gəl, götürüb Quranın bir səhifəsini yandıraq, görək, yanır, yoxsa, yanmır. Əlbəttə, yanacaq. Möcüzədisə yanmasın da. Axı niyə yanmasın ki? Quran kitabı da adi kağızdandı. Və yaxud Quranı ilk dəfə yandıran elə müsəlmanları özləri olub. Hətta müsəlmanlar bir-birləri ilə savaşanda əyinlərindəki dərinin üzərinə Quran ayələrini qoyurdular ki, qarşı tərəf bunları vurmasın. Hiylə işlədirdilər. Qurandan bu cür istifadə edirdilər.

- Elşad bəy, bizim insanlar Quran kitabını evdə ən təmiz yerə qoyurlar. Qızlar ailə quranda atası Quran kitabın altından keçirir. Bunlar cahillikdi?

- Qardaş, əlbəttə, cahillikdi. Bu gün Quranı qəşəng bahalı bir parçaya bağlayıb evin ən yuxarı yerinə qoyurlar. Axı Quran bu şeylər üçün gəlməyib. Quran sənin başının ucunda olan bir kitab olmalıdı ki, tez-tez oxuyasan, görəsən ki, nə yazıblar. Təsəvvür elə ki, telefonuna mesaj gəlib. Açıb o mesajı oxuyursan. Qardaş, Allah da bizə 6236 dənə sms göndərib. Açıb bu smsləri oxuyaq, görək nə yazılıb. Allah bu insanları yaradıb özbaşına buraxmayıb. Bir kitab da verib ki, oxuyun və həyatınızı düzgün istiqamətləndirin. Allah deməyib ki, bu kitabı bahalı bir parçaya bük qoy evin yuxarı bir yerinə. Yaxud da Quranı götürüb gəlinin qarnının üstünə qoyurlar ki, uşaq doğsun. Quran ginekoloji bir kitab deyil ki... Bu yaxında umrə ziyarətinə getmişdim. Gördüm, qadın qızının paltarını gətirib Kəbəyə sürtür. Soruşdum, niyə belə eləyirsən? Deyir, qızım qayıdanda doğsun. Mən başa düşmürəm, Kəbə qadın xəstəxanası-zaddı, yoxsa ginekologiya mərkəzidi? Bu, nə təfəkkürdü? Axı dinə niyə belə yanaşırsınız? Ocaqlar, pirlər, seyidlər... Biri özündən şey çıxar ki, məsələn, filankəs ağanın cəddi. Qardaş, ağanın cəddi olsaydı, əvvəlcə özünü düzəldərdi də, bəs ömür boyu niyə əyri qalırdı?

- Tərcümələrlə bağlı dediyiniz nöqsanlar aydındı. Bəs Quranın özündə sizin qəbul eləmədiyiniz hansısa cəhətlər var?

- Əstəğfirullah, mənim Quranda qəbul eləmədiyim heç bir cəhət yoxdu. Mən uzun illər ilahiyyat oxumuşam. Orta məktəbdə də, universitetdə də, magistraturada da. İlahiyyatdan universitetdə dərs də demişəm. Və çox sonralar Quranı həqiqətən sevməyə başlamışam. Başa düşdüm ki, Quran əzbərləmək üçün göndərilməyib, dərk edib yaşamaq üçün göndərilib. Mən kiməm ki, Quranı qəbul eləməyim? Dinimizə görə Quranın bir ayəsini qəbul eləməyən kafirdi.

- Ümumiyyətlə, kafir nə deməkdi?

- Kafir Allahın yaratdığı haqqın üstünü örtən deməkdi. Mən çox insanlarla görüşmüşəm. Xarici ölkələrdə də, öz ölkəmizin ateistləri ilə də. Düzü, Azərbaycanda düz-əməlli atesit yoxdu, sözüm onda deyil. Görüşdüyüm insanlar nə dəlil, nə sübut gətirməyə çalışırlarsa hamısına cavab verib izah eləyirəm. Çaşıb qalırlar ki, biz belə bilmirdik axı. Deyirlər, filankəsin kitabında niyə belə yazıblar bəs? Deyirəm, ay qardaş, axı sən niyə filan kitabı Quran ayəsindən yaxşı qəbul eləyirsən? Axı Quranda deyilən hər bir şeyin izahı da verilib.

- Elşad bəy, Quran necə yaranıb? Göydən gəlib?

- Yox, tam kitab halında göydən düşməyib.

- Bəs necə yaranıb?

- Şair şeiri necə yazır? İlham gəlir, yazır. Quran vəhydir. Vəhy Allahla peyğəmbər arasında olan ünsiyyət vasitəsidir. Vəhyin müxtəlif formaları olur. Peyğəmbərə vəhy gəlib, onun da qırxdan çox vəhy katibləri olub, həmin insanlara bu kitabı yazdırıb. Yazandan sonra təzədən peyğəmbərə oxuyublar, səhvlər varsa təzədən düzəldiblər, redaktə eləyiblər, vəssalam. Bu kitab hazır formada göydən düşməyib. Allah tərəfindən mələk vasitəsilə Peyğəmbərinə göndərilib.

- Nə qədər vaxta yazılıb?

- 23 ilə yazılıb.

- Bəs əsas mövzusu nədi?

- Quran insan həyatına həsr olunmuş bir kitabdı. Yəni insan həyatının ilk anından qocalıb ölənə kimi Quranla ünsiyyət qurub ordan nəsə öyrənə bilər. Quranda başqa əsərlər kimi sujet, kulminasiya yoxdu. Peyğəmbər vəfat eləyəndən sonra Quranı cildləyirlər, vəssalam. Qurtardı. Sonra dünyada islam ölkələri artıqca o kitabın kserokopiyasını çıxarıb bir-bir göndəriblər. İndi də dünyaının bir çox yerlərində həmin nüxsələr durur. Misrda, Konstantinopolda, Hindistanda...

- Aydındı.

- Biz bu kitabı açırıq, oxuyuruq, sonra üfürürük və bağlayırıq. Vəssalam, getdi filankəsin ruhuna. Biz Quranı ölü üçün oxunan kitab halına gətirmişik. Qardaş, biz bu kitabdan uzaqlaşmışıq.

- Yarandığı gündən bu günə kimi Qurana nə vaxt yaxın olmuşuq ki, deyirsiniz, indi də uzaqlaşmışıq.

- Məsələn, ilk dövrlərdə çox yaxın olmuşuq.

- Elşad bəy, bəs Avropa ölkələrinin ağ günə çıxması xristian dini ilə bağlıdırmı?

- Avropa insanların uydurduğu, təhrif olunmuş xristanlıqdan xilas olmağın yolunu tutdu. Xristianlıq katoliklər, prosovlar, və protestantlara ayrıldı. Protestanlığın yüzlərlə qolu vardı, heç biri də bir-birini qəbul eləmirdi, papa öz kralını təyin eləyirdi və s. Avropa bunlardan ayrıldı.

- Deyirsiniz, müsəlmanlar da bu cür etsinlər?

- Əlbəttə. Əfsuslar olsun ki, bu gün müsəlmanlar Allahın endirdiyi dini yox, insanların uydurduqları dini yaşayırlar. Biz rəvayətlərin arxasınca gedirik, ona görə də geridə qalmışıq və insanlarımızın məsələrə bədbin baxdıqlarının şahidi oluruq.

- Hələ İŞİD də var. Ölən də Allah deyir, öldürən də.

- İŞİD-in elədiklərinin heç birinin islama dəxli yoxdu. Sadəcə, islama təqdim olunan formasını İŞİD həyata keçirir. Yaxud da, müəyyən dövrlərdə islamla əlaqədar rəvayətləri tətbiq eləyirlər. İslam yeganə dindi ki, adı sülh deməkdi. Bir dinin adı əmin-amanlıq deməkdisə səndən aman istəyən insanı necə öldürə bilərsən? Yaxud da peyğəmbərin dövründə din uğrunda döyüşlərdə ölən insanların sayı 200-300-ü keçmir. Bəs birinci və ikinci dünya müharibələrində ölən insanların sayı nə qədərdi? Əlbəttə, bu say milyonlarla ölçülür. Bunudamı müsəlmanlar eləyib? Niyə biz bu ölkələrin birinə terror ölkəsi demirik? Amma müsəlman ölkələri haqqında terror imici yaradıblar. Bunlar hamısı düşünülmüş planlardı.

- Deyirsiniz, bir dinin adı əmin-amanlıq deməkdisə səndən aman istəyən insanı necə öldürə bilərsən? Bəs Quran hansı halda insan ölümünə bəraət qazandırır?

- İslam dini heç bir halda insan ölümünü istəmir. Quranda bu barədə surə də var. Deyir, bir insanı öldürmək bütün bəşəri öldürməyə bərabərdi. Bir insanı xilas eləmək bütün bəşəri xilas eləmək kimidi.

- Məsələn, biri o birinin atasını öldürür. Quran atası öldürülənə nə məsləhət görür?

- Dinimizdə intiqam yox, qisas məsələsi var. İxtiyarım çatmır ki, o, mənim atamı öldürübsə, mən də onun atasını öldürüm. Məhkəmə qurulur. Məhkəməyə bir xeyli də ara verilir ki, bəlkə mənim emosiyalarım, hirsim soyuyar. Bundan sonra şahidlərin iştirak ilə o adama ölüm hökmü verilir. Amma Allah deyir ki, bağışlasanız, sizin üçün daha yaxşıdı.

- Belə bir fikir var. Nə deyirsən, deyirlər, Quranda var. Doğrudan, hər şey Quranda yazılıb?

- Xeyir, yalan sözdü. Quranda sadəcə, lazım olanlar yazılıb. Mən necə deyə bilərəm ki, Nyutonun qanunu, Mendeleyvin cədvəli Quranda var? Bu, mümkün olan bir şey deyil.

- Tutalım, dünyanın gedişatına əhəmiyyətli dərəcədə təsir eləyən bir kəşf olanda deyirlər, Quranda həmin şeyə işarə verilib. Belə şeylərə inanaq?

- Əgər konkret Qurana istinad eləyib tapıb çıxarsalar ki, belədir, o zaman əlbəttə, inanaq. Amma belə şeylərin bir çoxlarına inanmağın tərəfdarı deyiləm.

- Hicab məsələsinə münasibətiniz necədi?

- Kim istəsə başını örtsün, istəməyən örtməsin. Başın örtülü, yaxud açıq olmasını din əxlaq norması kimi qəbul eləmir.

- Balaca qız uşaqlarının başının bağlanması necə?

- Bu, cahillikdi.

- Bəs daş-qalaq?

- Daş-qalan konkret Quranda olmayan bir şeydi. Amma təəssüf ki, daş-qalaq bu gün də tətbiq edilir. Bu, doğru deyil. Sadəcə, belə bir şey var ki, evli insanlar və yaxud da gənclər zina eləyərsə, camaatın içində ona zopa vurmaq lazımdı. Bu da ondan ötrüdür ki, heç bir cəza vermədən insanları cinayətdən necə uzaqlaşdıra biləcəksən?

- Quranda sünni-şiə məsələsi ilə bağlı nəsə var?

- Xeyir, heç bir anlayış yoxdu. Şiə sözü tərəfdar deməkdir. Sünni, şiə məhzəblərinin heç biri peyğəmbərin dövründə olmayıb.

- Maraqlıdı, insanların hamısını Allah yaradıbsa bəs niyə onlara bir neçə kitab göndərib?

- Əslində, bir neçə kitab deyil. Qurani-Kərimin özündə deyilir ki, bütün peyğəmbərlərə Allah kitab verib.

- Yüz iyirmi dörd min kitab?

- Bu rəqəm Quranda yoxdu. Qeyd olunur ki, Allah hər bir tayfaya bir peyğəmbər göndərib, hər peyğəmbərə də kitab verib. Kitab deyəndə o demək deyil ki, hər biri Qurani-Kərim kimi olsun.

- Elşad bəy, ümumiyyətlə, dinsiz yaşamaq olmaz?

- Dinsizliyin özü bir dindi.

- Məsələn, mən pis adam deyiləm. Heç kimə də pislik eləmirəm. İçim sevgi ilə doludu. İnsanları sevirəm. Hamıya yaxşılıq eləməyə çalışıram. Kifayət qədər humanist insanam. Mənim bu cür bir insan kimi yetişməyimdə dinimizin rolu olubmu?

- Kəramət bəy, oğurluq niyə pisdi? Bunu mənə sübut eləyə bilərsən?

- Axı oğurluğun pis bir şey olduğunu mənə din başa salmayıb.

- Əvvəla, hamı sənin kimi düşünmür. Tutalım, kimsə sənə aid nəyisə oğurlayıb və sən onu geri ala bilmirsən? Çünki oğurlayan güclüdü. Bəs bu gücün qarşısında nə olmalıdı?

- Yəni dünyanı tənzimləyən nəsə olmalıdı?

- Bəli. Çünki vicdan dediyimiz məsələ var. Əslində, vicdan insanın dinə dəvətidi. Vicdanın səsi insanı haqqa çatdıran bir səsdi. Və vicdan dediyimiz əslində, bizi dinə aparan yoldu.

- Elşad bəy, saytlarda da yazırlar, deyirlər ki, Ramazan ayında intim münasibət olmaz. Din bunun haqqında nəsə deyibmi, yoxsa bu da rəvayətdi, yaxud Vasim Məmmədəliyevin Qurana əlavəsidi?

- Ramazan ayında ancaq oruc tutan adamlar oruclu olduğu müddət ərzində əlaqədə ola bilməzlər. Bu hal oruc açıldıqdan sonra mümkündür. Bütün bir ay ərzində belə bir şeyin qadağan olunması məlumatı düzgün deyil. Orucunu aç, gecəni səhərə kimi arvadınla nə eləyirsən elə.

- Bayaq dediniz, tez-tez ateistlərlə ünsiyyətdə olursunuz, söhbətinizdən də aydın hiss olunur ki, xeyli dərəcədə müasir, dünyəvi təfəkkürə malik bir insansınız. Maraqlıdı, bu düşüncə ilə getdikcə Qurana daha çox yaxınlaşadığınızı hiss edirsiniz, yoxsa uzaqlaşdığınızı?

- Bəli, hiss edirəm ki, Qurana daha çox yaxınlaşıram. Amma mən Quranı yaxşı öyrənməsəydim, çox ciddi bir ateist olacaqdım.

- Bəs danışdıqca adamda niyə belə bir təssurat yaranır ki, siz dindən uzaqlaşmış bir adamsınız. Yəqin bu cəhətlərinizə görə sizə kafir deyirlər. Necə düşünürsünüz, bu bizə təbliğ olunan islama görədir ki, sizin barənizdə belə düşüncəmiz yaranır?

- Əlbəttə, elədir. Çünki artıq sizin beyninizdə bir islam anlayışı formalaşıb. Mənim danışdıqlarım isə həmin tablonu, həmin tabunu hamısını darmadağın edir. Ona görə sizdə belə bir fikir əmələ gəlir ki, bu bizim bildiyimiz islam deyil, yeni islamdır. Dinlər tarixindən dərs keçərkən tələbələrimdən biri mənə sual vermişdi ki, müəllim siz ateistsiniz? Bu yaxınlarda bir ateistlə Azadlıq Radiosunda canlı yayıma çıxmışdıq. Bizim danışdıqlarımız təxminən eyni idi. Sadəcə, o dinə mövhumat, xurafat və bidətin cəmi kimi baxırdı, mən isə xurafatın, mövhumatın nə olduğunu bilib dindən ayırmağı bacarıram. Qınamıram, onun din anlayışı ətrafında baş verən hadisələrlə bağlıdı. Çünki oxuya biləcəyi bir mənbə yoxdu. Qatı dindarlıq dinə qarşı ikrah hissi yaradı, insanları dindən soyudu, ateist olmasına gətirib çıxarır. Dində səmimilik isə əksinə, ikrah hissini öldürür. Burada insan motivi çox böyük rol oynayır.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər